İxtisas: 5706. 01‒Azərbaycan dili İstiqamət: Filologiya elmləri ‒ dilçilik


Ərəb-fars mənşəli ad düzəldən qeyri-məhsuldar şəkilçilər



Yüklə 349,49 Kb.
səhifə12/21
tarix02.02.2022
ölçüsü349,49 Kb.
#114056
1   ...   8   9   10   11   12   13   14   15   ...   21
Ərəb-fars mənşəli ad düzəldən qeyri-məhsuldar şəkilçilər

Müasir Azərbaycan ədəbi dilində işlək olan istər məhsuldar, istərsə də qeyri-məhsuldar şəkilçilərin arasında ərəb-fars mənşəli olanlar öz funksional xüsusiyyətlərinə görə digərlərindən əsaslı şəkildə fərqlənir. Əslində, dilçilik ədəbiyyatında ərəb-fars mənşəli şəkilçi kimi təqdim olunan morfemlərin böyük əksəriyyəti etimon dildə müstəqil mənalı söz kimi işlənir. Bu mənada belə budaq morfemlər bizim dilimizə şəkilçi kimi deyil, məhz ayrı-ayrı sözlərin tərkibində daxil olmuş və müəyyən müddət keçdikdən sonra həmin sözlərin tərkibində iştirak edən morfemlərin böyük əksəriyyəti mənbə dildən fərqli olaraq Azərbaycan dilində öz müstəqilliyini itirmişdir. Belə olan halda ərəb-fars dilində müstəqil söz olan lüğəvi vahidlər ana dilimizdə şəkilçiləşmişdir. Düzdür, XX əsrin 50-ci illərindən etibarən Azərbaycan dilçiliyində ərəb-fars mənşəli sözlər, onların işlənmə xüsusiyyətləri sistemli şəkildə qismən öyrənilmişdir. Demək olar ki, bu istiqamətdə aparılmış bütün tədqiqatlarda eyni morfemlər linqvistik təhlil müstəvisinə gətirilmişdir. Lakin bununla belə, bu gün müasir Azərbaycan ədəbi dilində elə ərəb-fars mənşəli sözlər mövcuddur ki, onların strukturu, etimologiyası elmi mübahisə, fikir ayrılığı doğurduğundan onları yenidən nəzərdən keçirmək lazım gəlir.

Ərəb-fars mənşəli şəkilçili sözlərə klassik ədəbiyyatımızda daha çox rast gəlmək olur. Azərbaycan dilində adlardan ad düzəldən və feillərdən ad düzəldən qeyri-məhsuldar şəkilçilərlə müqayisədə ərəb-fars mənşəli şəkilçilər nisbətən sonradan təşəkkül tapmışdır. Bu qrupa daxil olan şəkilçilər yaranma tarixi baxımından milli, türk mənşəli şəkilçilərlə rus-Avropa mənşəli şəkilçilərin arasında keçid bir mövqe tutur. Qədim yazılı abidələrin, ana dilli bədii mətnlərin dilinin linqvistik təhlilinə əsaslanaraq qeyd edə bilərik ki, ərəb-fars mənşəli şəkilçilər bir neçə istisnanı çıxmaq şərtilə, təqribən XII‒XIII əsrə qədər yazılı dilimizdə geniş işlənməmiş, XIII‒XIV əsrlərdən etibarən isə daha intensiv şəkildə işləklik hüququ qazanmışdır. Bu mənada “Orxon‒Yenisey” abidələri, “Kitabi-Dədə Qorqud” dastanı, “Dastani-Əhməd Hərami”, “Divani-hikmət” poemaları, “Oğuznamə” nəinki ərəb-fars mənşəli qeyri-məhsuldar şəkilçiləri, hətta ərəb-fars mənşəli məhsuldar şəkilçiləri də öyrənmək baxımından, demək olar ki, zəngin material vermir. Həmin dövrə aid mətnlərdə rast gəlinən dünyapərəst (DH, 7), gəmnak (DH, 8), hakpərəst (DH, 33), Türkistan (DH, 24), məhşərgah (DH, 75, 78), güzərgah (DH, 49), dünyadar (DH, 49), gülistan (DH, 88), ğamgin (DH, 82), bağban (DƏH, 94), haramzadə, halalzadə (Oğuz, 89) kimi azsaylı sözlər də göstərir ki, bu şəkilçi morfemlər dilimizə keçdiyi ilkin dövrlərdə məhz mənbə dildə işləndiyi sözlərlə birgə keçmiş və istifadə olunmuşdur. Dilin inkişafı ilə əlaqədar çox sonralar ərəb-fars mənşəli şəkilçilər etimon dildəki sözlərdən əlavə, türk kökənli sözlərə də qoşulub yeni leksik vahidlər əmələ gətirmək xüsusiyyəti qazanmışdır. Bu qrupa daxil olan morfemlər mənşə cəhətdən həm ərəb, həm də fars dilinə aid olmaqla bərabər, bizim şəkilçilərdən fərqli olaraq, ön və son şəkilçi funksiyasında çıxış edir. Bundan başqa, bu şəkilçilər Azərbaycan dilində daha çox isim və sifət əmələ gətirdiyi halda, düzəltmə say, əvəzlik və feil əmələ gətirə bilmir.

Dilimizdə rast gəlinən ərəb-fars mənşəli şəkilçilər əsasən aşağıdakılardan ibarətdir:

-əcər. Bu şəkilçi ərəb mənşəli şəkilçi olub, daha çox əlamət, keyfiyyət, xüsusiyyət bildirən sifətlər düzəldir. Məs.: südəcər, dərdəcər, eybəcər və s.

-paz,-baz. Hər iki morfem fars mənşəlidir. -paz tamamilə qeyri-məhsuldar, -baz isə məhsuldar şəkilçidir. -paz şəkilçisi əsasən aşpaz sözündə işlənir. Lakin bir çox hallarda bu söz aşbaz kimi verilsə də, onun düzgün forması aşpazdır. Dilimizdəki əksər ərəb-fars mənşəli, xüsusən də fars mənşəli sözdüzəldici şəkilçilər kimi, -paz və -baz şəkilçiləri də mənbə dildə müstəqil söz keyfiyyətinə malikdir. Belə ki, -baz şəkilçisi mənbə dildə omonimlik xüsusiyyəti daşıyır. Lüğətdə -baz morfeminin 6 müxtəlif mənası göstərilmişdir. [85, s.32]

Müasir Azərbaycan ədəbi dilində isə daha çox oyun, məşğuliyyət, bu və ya digər bir şeyin vurğunu, həddindən çox həvəskarı olmaq kimi mənalarda başa düşülür. Əsasən, isimlərin sonuna əlavə edilib, peşə, sənət bildirən atributiv səciyyəli sözlər və əlamət, keyfiyyət, mənfilik anlayışını ifadə edən sifətlər düzəldir. Məs.: kəndirbaz, hoqqabaz, sehirbaz, itbaz, qumarbaz, yerlibaz, dostbaz, qohumbaz, işbaz, lağbaz və s. Lakin yemək bişirən şəxs mənasında aşbaz sözünü bu misallar arasında vermək məntiqi cəhətdən özünü doğrultmur. Sözün kökü, yəni aş (KD,153) hissəsi qədim türk dilində yemək mənasında işlənmişdir. Təsadüfi deyil ki, müasir türkiyə türkcəsindəki aşçı sözü məhz bizim dilimizdəki yemək bişirən şəxs mənasını ifadə edir. Hətta bu söz M.Kaşğarinin “Divan”ında bir neçə dəfə işlənmişdir. Sözün kökündəki aş, ümumiyyətlə, yemək, bişmiş, xörək sözlərinin sinonimi kimi çıxış edir. Hətta bu gün dilimizdə işlənən aşxana sözü də bu sözün əsasında yaranmış və yeməkxana mənasını ifadə edir. [61, s.23‒25] Bu söz “Koroğlu” dastanında işlənmiş Aşxanada, şərabxanada yeyib-içməyə heç nə qalmamışdı cümləsində də işlənmişdir. “Koroğlu” dastanının özündə də yemək bişirən şəxs mənasında həm aşbaz (KD, 90), həm də aşpaz (KD, 108, 158) sözlərinin parelel şəkildə işlənməsi halına rast gəlirik. Ümumiyyətlə, arvadbaz (KD, 90), atbaz (KD, 90), camalbaz (KD, 155), kələkbaz (KD, 37) sözlərin işlənməsi -baz şəkilçili sözlər kimi “Koroğlu”nun poetikası üçün xarakterik hal hesab oluna bilər. Həmin sözün də aşçı mənasını ifadə etməsi üçün aşbaz formasında işlətmək olmaz. Əslində, bu məqamda söz kökünə -baz deyil, -paz şəkilçisi əlavə olunmalıdır. -paz şəkilçisi də fars mənşəlidir və məhsuldarlıq baxımından -baz şəkilçisi ilə müqayisədə qeyri-məhsuldar səciyyə daşıyır. -baz şəkilçisi fars dilində oynamaq mənasını ifadə edən bazidən məsdərindən yarandığı halda, -paz şəkilçisi bişirmək mənasını ifadə edən poxtən məsdərindən törəmişdir. Bu mənada sözün dilimizdəki düzgün forması aşpazdır. Lakin bu o demək deyil ki, dilimizdə aşbaz sözü yoxdur. [44, s.184‒188] Məlumdur ki, aş sözü dilimizdə işlənmə tarixi qədim olan və omonimlik keyfiyyəti daşıyan bir lüğəvi vahid kimi ifadə etdiyi semantik çalarlardan biri də aş, plov, düyü mənasındadır. Bu məqamda aşbaz sözünün tərkibində çıxış edən -baz ünsürü fars dilindəki poxtən deyil, bazidən məsdərinin törəməsi, qalığı kimi çıxış edir. Üstəlik, söz kökündəki aş sözü də əvvəldə bəhs etdiyimiz aşpaz sözünün kökünü təşkil edən aş sözü ilə omonimlik münasibətindədir və ondan fərqlənir. Xüsusilə vurğulamaq lazımdır ki, burada aşbaz deyəndə aşı sevən, aş yeməkdən ötrü ürəyi gedən şəxs nəzərdə tutulur. [46, s.177] Aşbaz sözünün tərkibindəki -baz morfemi quşbaz, oyunbaz, itbaz, hoqqabaz və s. kimi sözlərdə ifadə etdiyi semantikaya yaxın məna ifadə edir. Ona görə də aşpaz sözü ilə yanaşı, aşbaz sözü də orfoqrafiya lüğətimizdə öz əksini tapmaldır.

-baz şəkilçisini H.Mirzəzadə, Ə.Tanrıverdi tarixi müstəvidə tədqiq etmişdir. H.Mirzəzadə -baz budaq morfemi haqqında yazır: “Müxtəlif üslub və növlərdə yazılmış əsərlərin dilində -baz vasitəsilə düzələn sözə təsadüf etmirik, yalnız XIX əsrdə yaşamış Q.B.Zakirin şeirlərində rast gəldik: sözbazlıqda çünki yedi-beyzası var. Bu deyilənlərə əsasən belə bir nəticəyə gəlirik ki, bu gün şifahi dilimizdə rast gəldiyimiz quşbaz, oyunbaz, qumarbaz, kəndirbaz, donosbaz, itbaz və s. isimlərdəki “baz” sözünün bir şəkilçi kimi formalaşması daha sonrakı dövrlərə aid bir məsələdir.” [116, s.115] İ.Quliyev də -baz morfeminin şəkilçiləşərək söz yaradıcılığında iştirakını XIX əsrə aid etmiş və ondan XX əsrin 40-cı illərindən başlayaraq daha çox mənfi çalarlı isimlər əmələ gətirən şəkilçi kimi bəhs etmişdir. [90, s.58] Yuxarıda “Koroğlu” dastanından verdiyimiz nümunələrdən də aydın olur ki, -baz şəkilçisinin formalaşması XIX əsrdən sonra deyil, XV‒XVI əsrlərdə artıq başa çatmışdır. N.Xudiyev isə dilimizin zənginləşmə yollarından danışarkən -baz morfemini həm milli, həm ərəb-fars, həm də ki rus-Avropa mənşəli sözlərə qoşulub atributiv sözlər yaradan şəkilçi kimi xarakterizə etmişdir. [71, s.66]

-deh. Ərəb mənşəli bir cür yazılan qeyri-məhsuldar sifət düzəldən son şəkilçidir. Azərbaycan dilində cavabdeh sözü bu şəkilçi vasitəsilə yaranmışdır. Məs.: Mən bu işə cavabdehəm, yazıb məlumat verəcəyəm! (M.Cəlal)

-xor. Fars dilindəki yemək mənasını verən xordən sözünün əsasında yaranmışdır. Müasir Azərbaycan ədəbi dilində əlamət, keyfiyyət, meyil, xüsusiyyət bildirən atributiv səciyyəli sözlər düzəldir. Dilimizdə -xor şəkilçisi əlavə olunduğu sözün kökündəki anlayışa uyğun olaraq, almaq, yemək, içmək, vermək kimi müxtəlif mənalar ifadə edir. Məs.: rüşvətxor, müftəxor, kəlləxor, kütxor, çayxor, nəşəxor, ziyanxor və s. Danışıq dilindəki daşaxor sözünü də -xor şəkilçili leksik vahid saymaq olar. Dilxor sözü isə müasir dil baxımından müasir dilimizdə kök və şəkilçiyə ayrıla bilmir. Bu tip sözlərin quruluşunu etimoloji cəhətdən təhlilə cəlb etmək mümkündür.

-dar,-ədar. Fars dilində yiyələnmək, malik olmaq, saxlamaq mənalarını bildirən daştən sözündəndir. Bu şəkilçi fars, ərəb və Azərbaycan mənşəli sözlərə qoşulmaqla onlarda əlamət, keyfiyyət, xüsusiyyət, peşə, ixtisas, sənət, zümrə anlayışı yaradır. -dar,-ədar şəkilçisi -çı şəkilçisinin qrammatik sinonimi kimi qəbul edilə bilər. Məsələn: evdar (DDG,134), cindar, maldar, xəzinədar (KD, 74), dindar, anbardar, əməkdar, kindar (DƏH, 93), dünyadar (DH, 49), vəfadar, cilovdar (KD,149), xəbərdar (KD,108,180; Xətayi, 164; DDG,153), dalandar, dükandar (KD, 52), hesabdar və s. Şəkilçinin -ədar formasına isə yalnız mülkədar sözündə rast gəlirik: Müəllim, əlbəttə ki, o zaman mülkədar gənclər içindən çıxan, köhnə məktəb, köhnə təhsil görən müəllim kəndlilərlə ayrı cür danışırdı. (M.Cəlal)

-co. Dilimizdəki comərd (KDQ, 21, 110) sözünü bu şəkilçi vasitəsilə əmələ gəlmiş söz hesab etmək olar. Bu əsnada Mustafa bəy comərdlik edib mənim yadıma saldı. (KD,176)

-bi,-ba,-la,-na. Bu şəkilçilərin hər biri Azərbaycan dilində atributiv xarakterə malik sözlər düzəldən və nisbətən məhsuldarlığı ilə seçilən ön şəkilçilərdir. -bi,-la,-na ön şəkilçiləri əsasən milli mənşəli -sız4 şəkilçisinin, -ba isə -lı4 şəkilçisinin qrammatik sinonimi kimi çıxış edir. Bu ön şəkilçilərin işlənməsini tarixi dil faktları üzərində təhlil etmiş H.Mirzəzadə yazır: “Yazılı abidələrindən aydın olur ki, müəyyən sözlərin əvvəlinə əlavə edilmiş bi- tərkib daxilində əşyaların əlamətini bildirən bir sözə çevrilir. Tərkib xarici də isə bi- şəkilçili sözlər substantivləşərək, adlara çevrilir, mübtəda, xəbər və s. yerində işlənir.” [116, s.140] O, -na şəkilçisinin dilimizdə zəif inkişaf etdiyini qeyd edərək onun dilimizdə bir şəkilçi kimi sabitləşmədiyi qənaətinə gəlmişdir. A.Aslanov isə morfoloji yolla termin yaradıcılığında həmin şəkilçiləri müstəqil şəkilçi kimi qəbul etməmişdir. “Çünki Azərbaycan dilində həmin şəkilçilər vasitəsi ilə (sovet dövründə) yeni söz və ya termin yaradılmamışdır. Dilimizdə inkarlıq‒yoxluq mənasını bildirən söz yaratmaq üçün -sız,-siz,-suz,-süz şəkilçisi olduğu halda, ba, na fars şəkilçilərini işlətməyə ehtiyac yoxdur.[9, s.85] Ə.Tanrıverdi də bu şəkilçiləri arxaikləşmiş şəkilçi kimi tədqiq etmişdir. [140, s.238] Ərəb-fars mənşəli sözlərə qoşulmaqla yanaşı, çox az halda nakişi, nadinc kimi milli mənşəli sözlərlə də işlənə bilir. Müasir Azərbaycan ədəbi dilində -bi,-na şəkilçiləri ilə düzələn sözlər nisbətən digərləri ilə müqayisədə üstünlük təşkil edir. Məsələn: narazı (DDG,133), nabələd (DDG, 126), natəmiz, nainsaf (DH, 31), naməlum, nadürüst, nataraz (KD,156), basəfa, baməzə, laməkan (DH, 8, 19), laqeyd, laməzhəb, biabır (DDG,138), binəhayət (Xətayi,165), bielm, bixəbər (DH, 8, 18), biqeyrət, binamus, biçarə (KD,184), bişərəf, bikef, bisavad, biqabiliyyət və s.

-mə. Bu şəkilçi də prepozitiv şəkilçi statusuna malikdir. S.Cəfərov, H.Mirzəzadə, B.Xəlilov, A.Ağalarov, N.Məmmədli kimi dilçilərimiz bu budaq morfemi mədaxil, məxaric sözlərinin strukturu əsasında ön şəkilçi kimi təqdim edirlər. Əslində, bu sözlər mənbə dildə flektivlik xüsusiyyəti daşıyır. Lakin -mə elementi Azərbaycan dilində şərti olaraq şəkilçi kimi işlənə bilir. H.Mirzəzadə məktəb və mədrəsə sözlərini də -mə şəkilçili düzəltmə sözlər hesab edir. [116, s.110] Bu sözləri mədaxil, məxaric sözlərindən fərqli olaraq, düzəltmə söz kimi qəbul eləmək olmaz.

-cat,-vat. Ərəb mənşəli cəmlik-çoxluq məzmunu bildirən -at,-ət şəkilçisinin bir fonovariantı saymaq olar. Lakin -at,-ət şəkilçisindən fərqli olaraq, müasir Azərbaycan dilində -cat və -vat morfemi söz yaradıcılığında çox az iştirak edir, türk sözləri ilə işlənmir və əsasən sonu saitlə bitən ərəb-fars sözlərinə qoşulur. Azərbaycan dilində bu şəkilçi ilə düzəlmiş sözlərə nümunə kimi havacat, mündəricat, meyvəcat, xırdavat, səbzəvat, səmavat sözlərini göstərmək olar.

-dan. Bu şəkilçi söz-şəkilçi olmaqdan əlavə, milli mənşəli -dan şəkilçisi ilə omonimlik münasibətindədir. -dan şəkilçisi Azərbaycan dilində qoşulduğu sözlərdə qab sözünə uyğun gəlir. -dan şəkilçili sözləri tərkibində qab sözü olan sözlərə transformasiya etdikdə mürəkkəb sözlər yaranır. [109, s.99] Türkiyə türkcəsində işlənməsi bizim dilimizdəki kimidir. [159, s.95] Ümumiyyətlə, bu şəkilçi fars mənşəli son şəkilçi kimi qoşulduğu sözlərdə alət, qab-qacaq, əşya, vasitə çalarları ifadə edir. Məs.: nəməkdan, qələmdan, güldan, qənddan, çaydan, şamdan və s.

-avər,-əvər. Fars dilindəki avərdən sözündən olub, azərbaycanca gətirmək mənasını bildirir. Azərbaycan dilində ərəb-fars mənşəli isimlərin sonuna artırılıb əlamət, keyfiyyət çalarlı atributiv sözlər əmələ gətirir. Məs.: ziyanəvər, bəxtəvər, dənəvər, dilavər, cəngavər (KD, 20) və s. Dilavər (DDG, 143, 148) sözü danışıq dilində və bədii əsərlərdə ürəkli, dilli mənasında işlənir. Məs.: Mən dilavər olsaydım, körpə şagirdlərimi dərsdən ayırmazdılar, qolundan tutub ər evinə göndərməzdilər. (M.Cəlal) Dialektoloji lüğətdə də dilbaz (Salyan) dilli-dilavər (ADDl,134) şəklində qeydə alınmışdır. K.Bəşirov da dilli-dilavər qoşa sözünü dilli-ağızlı qoşa sözünün qarşılığı kimi təqdim etmişdir. [16, s.48]

-şən. Bu, fars mənşəli qeyri-məhsuldar söz-şəkilçi kimi isimdən məkan, yer, topluluq bildirən gülşən (KD, 68; Xətayi, 73) ismini əmələ gətirir. -şən budaq morfemi dilimizdəki ərəb-fars mənşəli -gah, -xana, -zar və milli mənşəli -lıq4 şəkilçiləri ilə sinonimlik təşkil edir. H.Mirzəzadə şəkilçidən qoşulduğu sözdə bolluq çaları yaradan morfem kimi bəhs etmişdir. [116, s.113]

-zar. Bu şəkilçinin də -şən şəkilçisi kimi işlənmə dairəsi məhdud olub, çəmənzar, laləzar, gülzar (DH, 20) kimi bir neçə sözün tərkibində işlənə bilir. Qoşulduğu sözdə yer, məkan, çoxluq, bolluq çaları ifadə edərək -gah, -şən, -xana, və -lıq,-lik,-luq,-lük leksik şəkilçiləri ilə sinonimlik xüsusiyyəti daşıyır. H.Mirzəzadə bu morfemin söz yaradıcılığındakı qeyri-məhsuldarlığına görə onun müstəqil leksik şəkilçi kimi işlənə bilmədiyi qənaətindədir: “Tərkibində -zar şəkilçisi olan sözləri sadə isimlər kimi qəbul etmək daha münasibdir. Çünki -zar şəkilçisinin tarixi inkişafı da göstərir ki, bunda heç bir şəkilçilik xüsusiyyəti qalmamışdır, hətta sözlərin məhdudluğu da bunu sübut edir.” [116, s.111] Ancaq bizə belə gəlir ki, bu, qeyri-məhsuldar şəkilçilərinin təbiətindən irəli gəlir və dilimizdə həm alınma, həm də milli onlarla belə morfem var ki, əmələ gətirdiyi sözlərin sayı olduqca azdır. Məs.: qoltuq, cavabdeh, yağmur, sağlam, yayxan, udqun, yoxsul və s.

-keş. Ərəb-fars mənşəli şəkilçilərin böyük əksəriyyəti kimi -keş söz-şəkilçisi də etimon dildə müstəqil lüğəvi mənaya malik söz olub, azərbaycanca çəkmək mənasını ifadə edir. Azərbaycan dilində əsasən isimlərin sonuna əlavə olunmaqla əlamət, keyfiyyət, insan, şəxs, əşya, alət, meyil çalarları ifadə edən atributiv xarakterli sözlər əmələ gətirir. Təxminən -çı4 şəkilçisinin ifadə etdiyi mənaya yaxın çalar ifadə edir. Nisbətən məhsuldardır. Məs.: xəmirkeş, kürəkeş zəhmətkeş, bəlakeş, dəmkeş, azarkeş, sərinkeş, qəmkeş, cəfakeş və s. Fars mənşəli bu şəkilçi vasitəsilə dilimizdə xətkeş, malakeş kimi təsviri sənət terminləri də yaranmışdır. [72, s.136] H.Mirzəzadə də -keş morfeminin funksional xüsusiyyətlərindən danışarkən şəkilçinin söz yaratma prosesində törədici olmadığı fikrini ifadə etmişdir: “Misalların azlığı və xarakteri keş sözünün dilimizdə bir o qədər də törədici olmadığını sübut edir. Hətta XIV əsrin mahir söz ustadı Füzuli öz dövründə və daha sonralar istifadə edilən cəfakeş sözünü, bəzən cəfaçı tərzində işlətmişdir.” [116, s.115] -keş şəkilçsinin tarixi işləkliyi haqqında fikir düz olsa da, Füzulini (1494‒1556) XIV əsrin şairi kimi vermək tarixilik cəhətdən düzgün deyil.

-ban. Şəkilçi XX əsr ədəbi dilimizdə daha işlək olsa da, hazırda əsasən bağban sözünün tərkibində rast gəlinir. Ban morfemi İran dillərinə “qorumaq” mənasını ifadə edir. [98, s.363] A.Səhhətin yaradıcılığında işlənmiş və hazırda arxaikləşmiş olan nigahban, filban sözləri də bu şəkilçi vasitəsilə yaranmışdır. -çıvan və -çı4 şəkilçilərinin sinonimi kimi qoşulduğu sözdə şəxs, əşya, peşə, sənət, vəzifə məzmununu bildirən isimlər əmələ gətirir. Məs.: çıraqban, nigahban, bağban və s. Qeyd edək ki, -çıvan şəkilçisi bu gün Azərbaycan dilində tamamilə arxaikləşmiş vəziyyətdədir. A.Səhhətin dilində bağçıvan sözündə rast gəlirik. Bağçıvan sözü hazırda Azərbaycan dilində işlənməsə də, müasir türkiyə türkcəsinə işlənir. Fars mənşəli olan -ban şəkilçisi isə qeyri-məhsuldar olsa da, həm tarixi, həm də təsviri qrammatikada morfoloji yolla sözyaratma prosesində özünü göstərən bir budaq morfem kimi nəzərə çarpır. T.Yıldırım bu şəkilçinin yeni uyğur dilində mehrivan və sarayven sözlərinin tərkibi əsasında -van,-ven şəklində işləndiyi də qeyd etmişdir. A.Salahlı dastan poetikasında bu şəkilçinin -man şəkilçisinin sinonimi kimi işləndiyini qeyd etmişdir. O, bağban sözünü dastan dilində bağman şəklində də işləndiyini göstərmişdir. [130, s.53] Ümumiyyətlə, -ban şəkilçili sözlər arasında işlənmə intensivliyinə görə bağban sözü daha fəaldır. -ban budaq morfeminə (DƏH, 94; Xətayi, 77, 83, 94; KD, 130) hətta orta əsr yazılı abidələrinin dilində təsadüf olunur.

-ənin. Fars mənşəli bu şəkilçinin dilimizdə işlənmə tezliyi çox aşağıdır. Dilimizə müstəqil şəkilçi deyil, etimon dildə işlənən sözlə birlikdə daxil olmuşdur. Qeyri-məhsuldar morfem kimi nazənin sözündə rast gəlinir. -ənin şəkilçisi bir növ dilimizdəki məhsuldar sifət düzəldən -lı4 şəkilçisinin sinonimi kimi işlənir.

-bər. Addan ad düzəldən ərəb-fars mənşəli şəkilçidir. Etimon dildə müstəqil söz funksiyasında çıxış edir və qoşulduğu sözdə təxminən aparmaq məzmununu ifadə edir. Məs.: dilbər, səfərbər (DDG, 134) və s.

-gir,-agir. Ərəb-fars mənşəli isimlərə qoşularaq isim və sifət əmələ gətirir. Əlavə olunduğu sözdə əsasən, əşya, alət, şəxs, keyfiyyət, əlamət, meyil çalarlarından birini ifadə edir. Məs.: dünyagir, kəfgir, pulgir, fəndgir, cahangir (DDG, 151) və s. Bədii üslubda xalq danışıq dilində -gir şəkilçisinin -agir derivatına da təsadüf edilir. Məsələn, M.İbrahimov “Gələcək gün” əsərində ədəbi dilimizdəki pulgir sözünü pulagir formasında vermişdir: Onunla söhbətindən pulagir olduğunu anlamışdı. Qeyd edək ki, dilçiliyimizdə -gir şəkilçili sözləri düzəltmə qəbul etməyənlər də var. H.Mirzəzadə -şən şəkilçisi kimi -gir morfemini də şəkilçi kimi qəbul etmir. [116, s.113] Bundan başqa, H.Mirzəzadə və eləcə də Ə.Tanrıverdi kəfgir sözünü sadə söz kimi təqdim edirlər. Fikrimizcə, kəfgir sözünü düzəltmə söz kimi götürmək olar.

-fəşan. Bu morfem fars dilində müstəqil söz kimi işlənə bildiyi halda, hazırda Azərbaycan dilində işlənmir. Lakin klassik ədəbi dilimizdə, Nəsiminin dilində “fəşan etmək” tərkibi feilində işlənmişdir. Bu gün ərəb-fars mənşəli isimlərin sonuna qoşulub, saçan, səpələyən, parlayan mənalarını ifadə edir. Demək olar ki, dilçilikdə bu haqda geniş məlumat yoxdur. Canfəşan və atəşfəşan kimi sözlərdə rast gəlinir. Bu sözlər daha çox milli mənşəli -lıq4 şəkilçisinin əlavəsi ilə də işlənir.

-xah. Ərəb-fars mənşəli sözlərin sonuna əlavə olunub atributiv məzmunlu sözlər düzəldir. Bu şəkilçinin də əmələ gətirdiyi lekisk vahidlər müasir Azərbaycan ədəbi dilində daha çox -lıq4 şəkilçisi ilə birlikdə işlənir. Məsələn, şəkilçinin əmələ gəirdiyi bədxah, xeyirxah (DDG, 104) sözləri müstəqil işlənə bildiyi halda, azadxah və üzrxah sözləri hazırda əsasən azadxahlıq və üzrxahlıq şəklində işlənir. Əlavə edək ki, H.Mirzəzadə bu morfemi də şəkilçi kimi qəbul etmir.

-gər. Bu söz-şəkilçi müasir Azərbaycan ədəbi dilində daha çox ərəb-fars mənşəli isimlərə əlavə edilib, əlamət, keyfiyyət, əşya, şəxs, alət, hiylə ifadə edən isim və sifətlər yaradır. Məs.: misgər, zərgər cadugər, kimyagər, hiyləgər (DDG,138) və s. Çilingər və dülgər sözündə daşlaşmış vəziyyətdədir. “Koroğlu”da sövdəgər (KD, 139) sözündə işlənmişdir. Güman ki, avaragor sözü də bu şəkilçi vasitəsilə yaranmışdır. Əsasən, -çı4 şəkilçisi ilə sinonimlik keyfiyyəti daşıyır.

-an. Bu morfem söz-şəkilçi kimi omonimlik xüsusiyyətinə malikdir. Fars dilində daha çox cəmlik şəkilçisi kimi çıxış etdiyi halda, Azərbaycan dilində həm ümumi, həm də xüsusi isimlər əmələ gətirir. Məs.: Türkan, seyran, canan, sübhan, (Xətayi, 166), dövran (DH, 18; Oğuz, 52) və s.

-a,-ə. Omonim şəkilçi kimi Ərəb-fars mənşəli isimlərə əlavə olunaraq əşya, yer, xüsusiyyət, məkan, əlamət, keyfiyyət, şəxs, insan, cins bildirən sözlər düzəldir. Bu şəkilçinin yaratdığı sözləri şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

a) ümumi ad düzəldənlər: katibə, nərə, şairə, müəllimə, xadimə və s.

b) şəxs adı düzəldənlər: Vüsalə, Əzizə, Xəyalə, Zərifə, İlhamə və s.

c) əlamət bildirən sözlər düzəldənlər: xaraba, qəribə və s.

Dilçilikdə ikinci qrupa daxil olan sözlər denotatlar kimi də öyrənilir. [146, s.217]

-ab. Etimon dildə müstəqil söz kimi işlənən bu morfem Azərbaycan dilində su deməkdir. Ab morfemi Sirab, Abşeron, selab kimi sözlərdə öz mənasına uyğun şəkildə işlənir. Ancaq dilimizdəki çirkab sözü bu cəhətdən fərqlənir. Belə ki, çirkab sözü dilin inkişafı ilə əlaqədar olaraq, tədricən kir, kirli, çirkli, tozlu-torpaqlı mənalarını da verir. Bundan başqa, dilimizdə çirkab maye I növ təyini söz birləşməsinin işlənməsi də onu göstərir ki, su məzmunlu ab morfemi yeni məna qazanmışdır. Dil inkişaf etdikcə çirkab sözü hətta zahiri görkəmlə əlaqədar müəyyən rəng çalarını da ifadə edə bilir.

-ran. Bu element də fars mənşəli qeyri-məhsuldar omonim şəkilçidir. Rast gəlinən bütün nünunələrin kökü də alınmadır. Azərbaycan dilində ərəb-fars mənşəli hökmran, Kamran kimi sözlərdə işlənir.

-nişin. Olduqca qeyri-məhsuldar olan bu şəkilçi sərnişin, kirayənişin, guşənişin kimi bir neçə sözün tərkibində işlənir. Tədricən işləkliyini itirir. Bu sözlərdən kök və şəkilçiyə ayrıla bilən kirayənişin sözünün işlənmə tezliyi daha çoxdur. O da canlı danışıq dilində əsasən kirayəşin kimi sabitləşmişdir. Bu şəkilçi də -çı4 ilə sinonimdir və artırıldığı sözdə şəxs məzmunu yaradır.

-zən. Fars dilindəki vurmaq, çalmaq mənalarını bildirən zədən məsdərinin törəməsidir. [109, s.99] Tar, sinə isimlərindən peşə, sənət məzmunlu tarzən və sinəzən sözlərini əmələ gətirir.

-amiz. Dilçiliyimizdə bu morfemdən, demək olar ki, şəkilçi kimi danışılmamışdır. Fars mənşəli olub, Azərbaycan dilində qarışıq mənasını ifadə edir. Dilimizdə bir morfem kimi hibrid səciyyə daşıyan sözlərdə işlənir. Belə ki, ərəb mənşəli isimlərlə işlənib, əlamət, keyfiyyət, xüsusiyyət çaları ifadə edir. Az da olsa, -lı4 şəkilçisinin ifadə etdiyi mənaya yaxın məzmun yarada bilir. Məs.: ibrətamiz, nəsihətamiz, təhqiramiz və s.

-gün,-gin. Dilimizə fars mənşəli sözlərin tərkibində keçmişdir. Müasir Azərbaycan dilində təkcə fars sözləri ilə işlənən qeyri-məhsuldar omonim söz-şəkilçidir. Qoşulduğu sözlərdə əsasən, əlamət, keyfiyyət, zahiri görkəm çalarları yaradır. Məs.: laləgün, gülgün, qəmgin

-nüma. Dilimizdə işlənən mövcud ərəb-fars mənşəli qeyri-məhsuldar şəkilçilərin əksəriyyəti kimi -nüma morfemi də fars dilində müstəqil söz kimi işlənir. Dilimizdə bildirən, göstərən mənalarını bildirir. -nüma budaq morfemi vaxtilə dilimizdə işlənmiş rahnüma sözündə öz müstəqil mənasında çıxış etmişdir. -nüma morfemi daşlaşmış formada olsa da, nümayiş sözündə varlığını bu gün də qoruya bilmişdir. Müasir Azərbaycan dilindəki qiblənüma, bədənnüma kimi leksik vahidlərdə rast gəlinir.

-zadə,-zad. Bu şəkilçi də mənbə dildə müstəqil söz olub, doğan, törəyən mənasını bildirən zaidən sözünün əsasında əmələ gəlmişdir. Bu gün məhsuldar şəkildə daha çox soyad düzəldən şəkilçi kimi istifadə edilir. -zad elementi də -zadə formantının əsasında yaranmışdır. -zad fonovariantı dilimizdə az işlənir və əksərən ərəb-fars mənşəli sözlərə qoşulur. Məsələn: Əlizadə, Vəlizadə, Əsgərzadə, Abdullazadə, haramzadə, halalzadə, pərizad, Şirzad və s. Qeyd edək ki, morfemin soyad düzəltmək xüsusiyyəti əsasən XIX əsrdən başlamışdır. Ancaq şəkilçi kimi işlənmə tarixi qədimdir. H.Mirzəzadə bu şəkilçiyə ilk dəfə M.Füzulinin “Hədiqətüs süəda” əsərində rast gəlindiyini, Ə.Tanrıverdi isə “Kitabi-Dədə Qorqud” dastanında işləndiyini qeyd etmişdir. Biz isə şəkilçiyə göstərilən əsərlərdən əlavə, “Oğuznamə”dəki haramzadə, halalzadə (Oğuz, 89) və “Dastani-Əhməd Hərami” poemasındakı haramzadə (DƏH, 92) sözlərində rast gəldik. Bir faktı da əlavə edək ki, tarixən zadə müstəqil mənalı söz kimi də işlənmişdir. Bunları fərqləndirmək lazımdır. Məsələn, “Dastani-Əhməd Hərami”də məlikzadə sözü (DƏH, 77) belə sözlərdəndir.

Qeyd edək ki, Azərbaycan dilində ərəb-fars mənşəli sözlərin funksional xüsusiyyətləri haqqında müəyyən materiallar təlimata uyğun müvafiq dövri-elmi nəşrlərdə çap olunub. Eyni zamanda bu qrupa daxil olan şəkilçilər haqqında pandemiya dövründə Macarıstanda onlayn formada keçirilmiş Beynəlxalq konfransda çıxış etmişik. [184]





Yüklə 349,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin