Pəhləvİ rejİmİnİn assİmİlyasİya sİyasətİ və ona müqavİmət Bakı- 2013 I hİssə Türklüyün məzlum millətə çevrilməsi



Yüklə 415,48 Kb.
səhifə1/4
tarix16.05.2020
ölçüsü415,48 Kb.
#102606
  1   2   3   4

Nəsib Nəsibli

Pəhləvİ rejİmİnİn assİmİlyasİya sİyasətİ və ona müqavİmət

Bakı- 2013

I hİssə
Türklüyün məzlum millətə çevrilməsi
İllərlə İranın dağılmasının qarşısını almağa, onu mərkəzləşdirməyə və modern dövlətə çevirməyə çağıran irqçi-modernist dairələr artıq gələcəyə ümidlə baxa bilərdilər. Onların ideyalarını və həyəcanını dəstəkləyən Rza Şah, hakimiyyəti əlində cəmləşdirmiş, İranda bir modern millət-dövlət quracağı vədini verirdi. Rzanın şah elan edildiyi 1925-ci ildə yuxarıda adı çəkilmiş Ayənde dərgisinin sahibi Mahmud Əfşar-Yəzdi “İran tarixinə, Fars dili və Şiəliyə” dəyər verənləri inandırmaq istəyirdi ki, vətəndaşlar özlərini öncə Türk, Ərəb, Kürd, Bəxtiyari, ya Türkmən saysalar İran dövləti dağılacaq. Ona görə də bu “azlıqların” dilini, bölgəçilik, tayfaya sədaqət hisslərini məhv etmək, “müasir İranın fərqli sakinlərini vahid millətə çevirmək lazımdır.”[1] Həmin Mahmud Əfşar başqa bir məqaləsində İranın bütöv, mütəşəkkil bir dövlətə çevrilməsində Şiəliyin yetərli olmadığı, Türk “sarı təhlükəsi” və Ərəb “yaşıl təhlükəsi” qarşısında qaldığı perspektivini əsaslandırır, hökuməti ayrı-ayrı toplumlar arasında mədəni, iqtisadi və coğrafi əlaqələri artırmağa çağırırdı. Bunun üçün Fars dili və İran tarix şüurunu ölkənin bütün bölgələrinə yaymaq, ölkə miqyaslı dəmiryol şəbəkəsi çəkmək, qeyri-Fars coğrafi adları ləğv etmək, Türk və Ərəb tayfalarını sərhəd bölgələrindən ölkənin mərkəzinə köçürmək, mərkəzi hakimiyyətin səmərəliliyini artırmaq təklif olunurdu[2].

Tehranda hakimiyyətin mərkəzləşdirilməsi prosesi 1920-ci illərdə əyalətlərdəki milli-demokratik hərəkatların basdırılması ilə başlamışdı. Azərbaycan, Gilan və Xorasandakı hərəkatların boğulmasından sonra ölkənin müxtəlif yerlərində mərkəzi hakimiyyəti formal olaraq tanıyan tayfaların silahlı gücünün ləğv edilməsi gəldi. Azərbaycanda Şahsevən tayfalarının bir sıra başçıları fiziki cəhətdən məhv edildi, onların torpaqlarının bir hissəsi dövlət mülkiyyətinə keçdi. Ölkənin başqa yerlərinə köçürülmüş Şahsevən tayfalarının bəzi torpaqlarında köçəri Kürd tayfaları (Cəlalilər) yerləşdirildi. 1924-cü ildə uzun illər mövcud olmuş yarımmüstəqil Makı xanlığı ləğv edildi.

Ölkənin mərkəzləşdirilməsi ayrı-ayrı silahlı qüvvələrin birləşdirilməsi ilə başladı. (Bu, 1919-cu il Britaniya-İran müqaviləsində də nəzərdə tutulmuşdu). Kazak diviziyası ilə jandarmeriya qüvvələrini birləşdirdikdən sonra hərbi nazir Rza Xan, tabeliyində 40 minlik ordu əldə etdi. Dövlət torpaqlarının və dolaylı vergilərin gəlirlərini nəzarəti altına almış Rza Xan, ordunun sayca sürətli artımına nail oldu. 1926-41-ci illər arasında hərbi büdcə beş dəfə artdı, 1941-ci ildə ordunun şəxsi heyəti 127 min nəfərə çatdırıldı.[3] O özünə yaxın hərbçiləri dövlət idarələrinə yerləşdirdi, bu zümrənin (hərbçilərin) dövlət idarəçiliyində çəkisi durmadan artdı. Mülki bürokratiya aparatı da yenidən quruldu. 90 minlik dövlət mülki məmuru vasitəsilə mərkəzi hökumət ilk dəfə olaraq ucqarlara nəzarət etmək imkanı əldə edirdi. Şah sarayının ölkənin idarəsində iştirakı görünməmiş şəkildə artdı. Rza Xanın mərkəzləşdirmə siyasəti 30-cu illərdə onun şəxsi hakimiyyətinin möhkəmlənməsi, diktaturasının formalaşması, Pəhləvilərin İranın ən varlı ailəsinə çevrilməsi ilə nəticələndi. Səfəvilərdən sonra ilk dəfə olaraq dövlət genişləndirilmiş idarəçilik, tənzimləmə, zor mexanizmlərilə toplumu tam nəzarəti altına ala bildi.

1920-30-cu illərdə sosial sahədə aparılmış islahatlar sırasında təhsil sisteminin modernləşməsi diqqəti çəkir. Bu istiqamətdə böyük addım atıldı. Ruhanilərin nəzarəti altında olan məktəbxanalardan fərqli təhsil nazirliyinə bağlı dünyəvi məktəblər şəbəkəsi yarandı.1922-ci ildə bu ibtidai məktəblərin sayı 440 idisə, 1942-ci ildə artıq 2401 dünyəvi ibtidai məktəb var idi. Uyğun olaraq şagirdlərin sayı da 43 mindən 244 minə çatmışdı.[4] Tehranda universitet, başqa yerlərdə başqa ali təhsil müəssisələri yaradıldı, onların da tələbələrinin sayı sürətlə artmaqda idi. 1929-cu ildən hökumət hər il Avropada oxumaq istəyən 100 tələbənin təhsil xərcini ödəməyə başladı.

1920-30-cu illər İran tarixində həm də fəal millət quruculuğu dövrüdür. Rza Pəhləvi hakimiyyətinin bu siyasəti çoxmillətli (polietnik), çoxkültürlü imperiyanı bir millət, bir dil, bir kültür, bir siyasi hakimiyyətdən ibarət unitar dövlətə çevirmək kimi iddialı məqsəd daşıyırdı. Fars irqçiliyi rəsmi dövlət siyasətinin əsasını təşkil etdi. Fars dili yeganə rəsmi dövlət dili elan edildi, qalanlarının təhsil sistemində, mətbuatda və dövlət idarəçilik sistemində istifadəsi qadağan olundu. 1933-cü ildə reklam lövhələrinin xarici dildən Farscaya tərcümə edilməsi haqqında bütün dükan və mağaza sahiblərinə göstəriş verildi. Xarici dildə olan xüsusi isimlər isə kiçik hərflərlə yazılmalı idi. Hətta Ərəb dilinin tədrisi ibtidai məktəb proqramlarından çıxarıldı. Dərs kitablarının hamısı Farsca idi və Tehranda çap edilirdi. Fars dilinin xarici dillərdən alınma sözlərdən təmizlənməsi, ümumiyyətlə dil sahəsində islahatlar üçün dil cəmiyyəti (Fərhəngistan) quruldu. Bu məsələni araşdırmış R. Qalunov 1936-cı ildə yazırdı ki, nisbətən az miqdarda Türk və Avropa sözlərindən indiki Farscanı təmizləmək vəzifəsini yerinə yetirmək mümkün görünür. Amma Fars dilinin leksikasının 50%-ni təşkil edən Ərəb sözlərindən onu təmizləmək ağlabatan deyil [5]. Hərbi nazirlikdə isə hərbi terminologiyanı Türkcə sözlərdən təmizləmək üçün xüsusi komissiya yaradıldı. Polisin senzura idarəsinə yazılı materiallarda Fars dilinin “təmizliyinə” nəzarət etməsi görəvi verildi. Peyman (redaktoru Əhməd Kəsrəvi) dərgisi və Şəfəqe Sorx qəzeti “təmiz Farsca” hərəkatının öncülləri idilər. Rəsmi yerlərdə və tədbirlərdə ənənəvi geyimlərdən istifadə olunması qadağan edildi, bütün kişilərin “Pəhləvi papağı” qoymaları əmr edildi. Qadınların ictimai yerlərdə ənənəvi çadradan istifadə etmələri qadağan olundu. 1938-ci ildə yeni nəslin “vətənə xidmət” üçün tərbiyə edilməsi vəzifəsini daşıyan Sazemane Pərvəreşe Əfkar (Fikirlərin Yayılması Təşkilatı) adlı dövlət idarəsi yaradıldı.

Məşrutə dövründən qalma rəsmi “İran milləti” anlayışına yeni çalarlar qatıldı. Əski İran tarixinin, xüsusilə Sasani dövrünün ideallaşdırılması rəsmi tarixçiliyin mahiyyətinə çevrildi. Məktəblərdə tədris olunan və mətbuatda təbliğ edilən “Ariya irsi” bəşəriyyətin ən qiymətli tarixi dəyəri kimi təqdim edilirdi. 1933-cü ildə Əhəməni padşahı Daryuşun böyüklüyü və Persopolis (Təxte-Cəmşid) sarayının önəmi haqqında ən yaxşı şeir üçün müsabiqə elan edildi.[6] Mümkün olduğu qədər Ərəb terminləri və sözləri əski İran terminləri ilə dəyişdirildi. Ərəb sözü “vətən” əski “mihən”lə əvəzləndi, silahlı qüvvələrin baş komandanı artıq Sasani dövrünün “ərteşbod” termini ilə adlandı, əyalətlər ostanlara, vilayətlər şəhristanlara, bölüklər bəxşlərə çevrildi. Əski Ariya irsinin təbliği Faşist Almaniyası ilə 1930-cu illərin ikinci yarısında yaxınlaşmadan sonra daha da gücləndi. “Şimal Ariyalıları ilə Zərdüşdün xalqı” arasında mənəvi birlik hər vasitə ilə təbliğ edilirdi. 1936-cı ildə Hitler Reyxinin xüsusi dekreti ilə İranlılar “təmiz Ariyalılar” elan edildilər.[7]

Rəsmi “İran milləti” anlayışı bu ölkədə Farsdilli İranlılardan başqa bir millətin olduğunu inkar edirdi (Müsəlman olmayan azlıqlar istisnadır). Hökumət fərqli baxışın olmasına belə dözümsüzlük göstərirdi.[8] İran mətbuatının Millətlər Liqası araşdırma komissiyasının 1933-cü ildə İran əhalisinin etnik tərkibi haqqında məruzəsinə acıqlı münasibəti səciyyəvidir. Setare qəzeti 1933-cü il 28 may sayında yazırdı: “Görünür, məruzənin müəllifinin etnoqrafiyadan xəbəri yoxdur, Kürdlər və Lurların ən təmiz İranlı olduqlarını bilmir. İran Türklərinə gəldikdə isə, onlar irq baxımından Farslardan heç fərqlənmirlər.”[9]

Yeni Pəhləvi sülaləsinin hakimiyyətinin təsbiti irqçı-modernistlər tərəfindən İranın yad hakimiyyətdən (Qacar sülaləsindən) qurtulması, hakimiyyətin “təbii sahibinə” keçməsi kimi alqılandı. Uyğun olaraq, Türkəsilli, amma xeyli dərəcədə farslaşmış Qacarların hakimiyyətdən getməsi ümumilikdə Türklük üzərinə legitim hücum üçün stimul oldu.

Rza Şah hökumətinin irqçi siyasətinin əsas hədəflərindən biri İranda Türk dilinin işlənmə arealını məhdudlaşdırmaq, mümkün olsa, onu unutdurmaq idi. Azərbaycanda yeni yaradılmış dövlət məktəblərində Türkcə dərslərin qoyulmasının yasaqlanması bir yana, məktəblərdə şifahi söhbətlərdə Türkcədən istifadə, ana dilindən başqa bir dil bilməyən uşaqlara dərslərin Türkcə izah edilməsi belə qadağan olundu. Tehrandan göndərilmiş maarif müdirləri bu sahədə xüsusi fəallıq göstərirdilər. Onların arasında A. Mövsümi və Q.Zövqi xüsusilə fərqləndilər. Bunlardan birincisinin “Türkcə danışanların boynuna noxta keçirib axura bağlayın” ifadəsi, Zövqinin Azərbaycanda ibtidai məktəblərdə tənəffüs zamanı Türkcə danışanları cəzalandırmaq üçün “cərimə sandıqları” qoymaq haqqında göstərişi uzun illər yerli əhalinin yaddaşından silinmədi.[10]

1920-30-cu illərdə Azərbaycan təhsilindəki durumu göstərən ən inandırıcı qaynaqlardan biri görkəmli mədəniyyət xadimi Məhəmməd Əli Fərzanənin xatirələridir. Dr. Fərzanə oxuduğu Təbriz ibtidai məktəblərinin birindəki Türk dilinə qarşı dövlətin düşmən münasibətini təsvir edir. O yazır ki, bu məktəbin müdiri əski özəl məktəbin sahibi idi, bu məktəbin dövlət məktəbinə çevrilməsindən sonra o, məktəbə müdir təyin olunmuş, həm də dərslərin əksəriyyətini tədris edirmiş. “Cənab müdir uşaqların dini və əqidəti tərbiyələrinə çox əhəmiyyət verər, Quranı doğru-dürüst oxumaqda və ehkami-şəri’əni yaxşı başa salmaqda can yandırardı.” Həmin müdir-müəllim “Fars ədəbiyyatına da çox varid imiş.” Sədinin Gülistanını, Hafizi, Ruminin Məsnəvisini əzbərdən bilər, şagirdlərinə buradakı mətləbləri gözəl anladarmış. “Amma onun tozihatı [izahı] həmişə Türkcə olurdu. O kağazdan oxumasa Farsı danışa bilməzdi. İki kəlmə danışcaq dili topuq vurar və sözləri qarışdırardı.” Farsca yaxşı danışa bilməyən bu müdir-müəllimin problemi məktəbə müfəttişin gəlişindən sonra başlayır. Dərs zamanı içəri girən heyət üzvlərindən biri müdirin qarışıq “xoş aməd”indən (xoş gəldiniz) başa düşür ki, bu müəllim Farsca yaxşı danışa bilmir və deyir: “Bu müdir ki, özü Farsca danışa bilmir, uşaqlara necə dərs deyə bilər? Niyə bir savadlı müdir seçmirdiniz?” Qonaqların getməsindən sonra müdirin və sinifdəki şagirdlərin vəziyyətini Dr. Fərzanə belə xatırlayır: “Biçarə müdirin rəngi sap-sarı saralmışdı. O, əlləri ilə mizi tutmasaydı yıxılacaqdı. Heyətlər gəldikləri kimi də çıxıb getdilər. Uşaqlardan biri qaçıb livanda su gətirdi. Müdir bir qurtum içib, səndəliyə oturdu. O, mizin üstündə yumruqlarını biri-birinə söykəyib alnını onlara dayadı. Uşaqlar çox pozulmuşdular, onların içində ağlayanlar da var idi.”[11]

Ana dili mədəniyyətin digər sahələrindən də vurulub çıxarıldı. Ana dilində kitab və qəzet nəşri, tamaşalar göstərmək, hətta yas və təziyyə məclislərində Türk dilindən istifadənin qarşısı alınmağa çalışılırdı. Bir zamanlar Təbrizdə teatr tamaşaları insanların ilgisini çəkdiyi halda, onun bundan sonra Farsca olması teatr salonlarının boş qalmasına nədən oldu.[12]

Azərbaycanda Türklüyün izlərini itirmək üçün buradakı Türk köklü əski yer adlarının dəyişdirilməsi başlandı. Urmu şəhərinin adı monarxın şəninə “Rezaiyyə” qoyuldu. Acıçay tərcümə edilərək Təlxrud, Qaraçəmən – Siyahçəmən oldu, Qaracadağ rəsmən Arasbaran adlandı.

1937-38-ci illərdə ölkənin inzibati-ərazi quruluşunda dəyişiklik oldu. Bu dəyişikliyin məqsədlərindən biri qeyri-Farsların ölkə daxilində ərazi birliyini mümkün qədər pozmaq idi. Bu dəyişikliklə eyni zamanda əski yer adlarını da yaddaşlardan silmək düşünülürdü. Yeni inzibati-ərazi bölgüsünə görə, Azərbaycan əyaləti iki hissəyə ayrıldı. Bununla yanaşı əyalətin tarixi-coğrafi adı ləğv edildi və sadəcə nömrələrlə əvəz olundu. Əyalətin əsas hissəsi üçüncü (mərkəzi Təbriz şəhəri) və dördüncü (mərkəzi Rezaiyyə, əvvəlki Urmu) ostanların tərkibinə qatıldı. Zəncan vilayəti və Türk etnik zonasının başqa bölgələri bu ostanların tərkibinə daxil edilmədi, onlara müstəqil inzibati status (ostan) da verilmədi. Daha sonralar 3-cü ostan Şərqi Azərbaycan, 4-cü ostan isə Qərbi Azərbaycan adlandırıldı.

1920-30-cu illər Azərbaycandakı dövlət idarələrinə mərkəzdən göndərilən məmurların sayının artması ilə diqqəti çəkir. Ayr-ayrı məmurlar əvvəllər də paytaxtdan göndərilirdi. Rza Şah dövründə bu, kütləvi hal almağa başladı. Bu məmurların yerli dili bilmələri zəruri sayılmırdı. Əksinə, onların qarşısına Türk dilinin və mədəniyyətinin aşağılanması, beləliklə Azərbaycan Türklərində aşağılıq kompleksi yaradaraq assimilyasiyaya meylləndirmək vəzifəsi qoyulurdu. Azərbaycana vali göndərilmiş Abdulla Mustofi sonralar çap etdirdiyi xatərələrində Azərbaycan əhalisi haqqında yazırdı: “Azərbaycan əhalisinin Türkcə qırıldatmağına (“bolqur kərdən”) baxmayaraq, ölkəmizin heç yerində onlarda olan İranlılıq ruhu yoxdur.”[13] Bu ostandar Türk dilinin yas yerlərində işlədilməsini belə qadağan etmişdi, çünki “Daryuş və Kambizin xələfləri Əfrasiyab və Çingizin dilində danışa bilməzdilər.”[14]

Türkcənin yazı dili kimi qadağan olunduğu, şifahi dilin işlədilmə sahəsinin məhdudlaşdırıldığı bir şəraitdə milli ədəbiyyatın inkişafını gözləmək doğru olmazdı. Dövlət mexanizminin oxumuş kəsim arasında aşağılıq kompleksi yaydığı bir mühitdə ana dilində yeni ədəbi nümunələrin ortaya çıxması mümkün deyildi. Belə bir şəraitdə Mirzə Əli Möcüz (1873-1934) yaradıcılığının ortaya çıxması sıradan bir hadisə deyildi. Şəbüstərdə anadan olmuş Möcüzün şəxsiyyət kimi formalaşması gənc yaşlarından 16 il İstanbulda yaşaması mühüm təsir qoymuşdur. Müxtəlif mövzularda ana dilində əsasən satirik şeirlər yazmış Möcüz, milli şair Sabirin Güneydə davamçısı sayılmaqdadır.[15] Öz əli ilə yazdığı özkeçmişində Möcüz göstərmişdir: “Atam Şəbüstərin tacirlərindən imiş. Mən on altı yaşında ikən o vəfat etmişdir. Həmin ildə İstanbula getdim, orada on altı il qaldıqdan sonra qayıtdım və Vətənimin ağlar halını görüb, növhəxanlığa başladım. Mənim bu növhəxanlığım axundların xoşuna gəlmədi, mənə müharibə elan etdilər. 26 il bir-birimizlə vuruşduq. Xeyrat verdilər – çağırmadılar, toy oldu – mən iştirak etmədim. Bununla belə axıradək vuruşdum, mən yazdım, özü də ana dilində yazdım... Fars dilini çox da yaxşı bilmirəm və bu dildə çox az yazmışam. Həm də mən belə mülahizə etdim ki, Azərbaycanlılar Fars dilindən bir o qədər də xoşlanmazlar.”[16]

Dövlətin iqtisadiyyat sahəsində siyasəti də ayrı-seçkilik xarakterində idi. 1930-cu illərdə hökumət infrastruktur və istehsal sahələrinə böyük kapital qoydu. Trans-İran dəmiryolu və şosse yolları çəkildi. Yeyinti, toxuculuq, kimya, dağ-mədən, tikinti və başqa sahələr üzrə dövlət 83 iri müəssisə tikdi. Bunlardan yalnız biri – Miyandoab (İkiçayarası) şəkər zavodu – Azərbaycanın payına düşürdü. Yeni tikilən dövlət müəssisələrinin əksəriyyəti İsfahan, Tehran və Mazandaranda yerləşirdi. Məhz 30-cu illər Azərbaycandan özəl kapitalın İsfahan, Tehran və İranın başqa Fars bölgələrinə axını baş verdi.[17]

Yuxarıdakıları yekunlaşdırmış olsaq, göstərə bilərik ki, XIX yüzilin sonlarından başlayaraq Azərbaycan Türkünün ölkə siyasətində addım-addım mövqeləri təhvil verməsi 20-30-cu illərdə onu məzlum millət durumuna gətirib çıxartdı. Rza Şahın diktatura rejiminin timsalında dövlət Türk varlığını modernləşən İranın bütövlüyü üçün əsas təhlükə gördü, Türk kültürünü hədəf alaraq ona ciddi zərbə vurdu. Pan-İranizm ideologiyası Rza Şah hökumətinin rəsmi siyasətinin əsasını təşkil etdi. Fars etnosu arasında isə etnik konsolidasiya prosesi müqayisəedilməyəcək sürətlə getdi. Türklər arasında oxumuş kəsim, xüsusilə məmur təbəqəsi arasında İrançılığa bağlılığın artmasına baxmayaraq, Türk əhalisinin əksəriyyəti arasında İran dövləti-Türk milləti münasibətlərinə aydınlıq gəldi. Türk əhalisinin bu hissəsində “İran dövləti” anlayışından qopma baş verdi.

21 Azər: Millət olmaq əzmi
Sovet İttifaqının İranın quzeyini, İngiltərənin isə güneyini işğal etməsi ölkədəki siyasi durumu dəyişdirdi. Sovetlər işğal aktını Rza Pəhləvinin faşist Almaniyası ilə fəal əməkdaşlıq etməsi ilə əsaslandıraraq, 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı maddəsini rəhbər tutaraq bir neçə xəbərdarlıq notasından sonra 1941-ci ilin avqustunda Sovet ordu hissələrini bu ölkəyə yeritdi. İran ordusu doğru-dürüst müqavimət belə göstərə bilməyib, pərən-pərən düşdü. Bu, Rza Şah diktaturasının da çökməsinə nədən oldu. Sentyabr ayında İngilislərin təzyiqi ilə Rza Şah, oğlu Məhəmməd Rzanın xeyrinə hakimiyyətdən imtina etməyə məcbur oldu.

İranda nisbi liberal siyasi mühit yarandı. Siyasi məhbuslar həbsxanalardan azad edildilər. Ölkədə antifaşist hərəkat başlandı. Yeni siyasi partiyalar ortaya çıxdı.

Azərbaycanda da ictimai-siyasi həyat canlandı. 20 illik anti-Türk, anti-Azərbaycan rejiminin buradakı Fars məmurları xalqın intiqamından ehtiyat edərək Tehrana qaçdılar. Türkcə danışıq dili və Türk mədəniyyəti üzərinə qoyulmuş yasaqlar aradan qalxdı. Milli ruhlu aydınlar yeni yaranmış imkanları dəyərləndirib hərəkətə keçdilər. Oktyabr ayında Təbrizdə “Azərbaycan Cəmiyyəti” adlı bir qurum yarandı. Bu cəmiyyətin qurucuları Mirzə Əli Şəbüstəri, İsmayıl Şəms, Əli Maşınçı, Cəfər Əkbəri, M. M. Çavuşi, Hilal Nasiri və başqaları idi. Cəmiyyət noyabr ayının 1-dən Fars və Türk dillərində Azərbaycan qəzetininin çapına başladı. Qəzetdə yeni yaranmış cəmiyyətin məqsədi barədə yazılar dərc edilirdi. Bu qəzetin materialları Azərbaycan Cəmiyyətinin tələbləri haqqında təsəvvür yaradır. Milli və ictimai azadlıq uğrunda mübarizə aparan bu cəmiyyət siyasi sahədə demokratik konstitusiya və məşrutə idarə üsulunun əməldə həyata keçirilməsini, əyalət və vilayət əncümənlərinin təşkilini, Milli Məclisə nümayəndələrin xalq tərəfindən seçməsini, hakim sinif və təbəqələrin mənafeyini müdafiə edən qanunlara yenidən baxılmasını, Azərbaycanın qanuni haqlarının müdafiə edilməsini, Azərbaycanda dövlətin sənaye obyektləri tikməsini, işsizliyin aradan qaldırılmasını, dil azadlığının təmin edilməsini, ana dilində bütün səviyyələrdə təhsil və kitab nəşrini tələb edirdi.[18] Maraqlıdır ki, Azərbaycan qəzeti hakim və rəsmi “İran milləti” anlayışından fərqli millət konsepti ortaya qoyurdu. Qəzetin səhifələrində tez-tez “Azərbaycan milləti” anlayışına rast gəlmək mümkündür. Bu millət, qəzetə görə, “...hiss, dil, adət-ənənə və ərazi birliyinə malik xalqdır.”[19] Millətyaradan elementlər arasında dilə böyük önəm verilir, o, millətin əsas əlaməti sayılırdı.[20] Azərbaycan Cəmiyyəti və onun mətbu orqanına görə, İranda vahid dil olmadığından vahid “İran milləti” də yoxdur, çoxmillətli İran cəmiyyətini (“İran milliyyəti”ni) birləşdirən əsas şərt “məqsəd və ideal birliyi” ola bilər.[21]

Azərbaycan Türklərinin (“Azərbaycanlılar”, “Azərbaycan xalqı”) ayrıca millət olduğunu əsaslandırmaq üçün qəzetdə milli dilin önəmi vurğulanır, onun (Türkcənin) başqa dillərlə (ilk növbədə Farsca ilə) bərabərliyi üzərində israr edilirdi. Dil məsələsi Azərbaycan Cəmiyyəti üçün vaz keçilməyəcək “qırmızı xət” hesab edilməkdə idi. Qəzet 1941-ci ilin 15 dekabr sayında qətiyyətlə yazırdı: “Kim ki, bizim dilimizə, ənənələrimizə, sərvətlərimizə qəsd etmək istəsə, biz onu öz düşmənimiz sanacaq və son nəfəsimizə qədər onları məhv etməyə çalışacağıq.” Azərbaycan qəzeti Fars dilinin Azərbaycanda yayılmadığı, Azərbaycanın dilinin Türk dilləri sistemində müstəqilliyini, Azərbaycan əhalisinin dili ilə İranın başqa əyalətlərinin dili arasında hələ VII yüzildən heç bir oxşarlığın olmadığını, İranda Moğolların hökmranlığı ilə Azərbaycanın Türkləşməsi arasında heç bir əlaqənin olmadığını qeyd edərək, Azərbaycanda indiki dilin işlənməsi dövrü haqqında elmi məlumatlar verirdi.[22] Bununla “İran milləti” haqqında rəsmi ideologiyanın Azərbaycanla bağlı əsas ideyaları təkzib edilir, milli varlığın sübutu üçün nəzəri əsaslar ortaya qoyulurdu.

Azərbaycan, eləcə də Şahin (Təbrizdə Farsca çıxırdı) qəzetlərinin ən çox üstündə durduğu mövzulardan birisi də Rza Şah diktatorluğu zamanı Azərbaycana münasibətdə uyğulanan milli zülm siyasəti idi. Bu qəzetlərdə çap edilmiş məqalələrdə ictimai həyatın ayrı-ayrı sahələrində, özəlliklə dil məsələsində, milli ayrı-seçkilik siayasəti pislənilir, bu siyasətin məzlum Azərbaycanı iqtisadi və mədəni cəhətdən geridə qoyduğu vurğulanırdı.

Azərbaycan Cəmiyyəti yeni şəraitdə rəsmi Tehranın Azərbaycan siyasətinin dəyişməsinin zəruri olduğu fikrini irəli sürürdü. Azərbaycan qəzeti 1942-ci ilin 2 fevral sayında bu cəmiyyətin məqsədi haqqında yazırdı: “Bizim qəzeti Tehranda qadağan etmişlər, guya biz Azərbaycanın İrandan ayrılmasını istəyirik. Bizim əsas məqsədimiz xalqın ana dilindən istifadə haqqında demokratik haqqını müdafiə etməkdir. Hökumət artıq başa düşməlidir ki, Azərbaycanlılar Farca danışan xalq deyillər və heç vaxt da olmamışlar. Bizim rəsmi və ana dilimiz Azərbaycan dilidir. Biz ana dilimizin məktəblərdə və hökumət idarələrində işlədilməsi üçün əlimizdən gələni edəcəyik. Bizim dilimizi pozmağa çalışanlar bu işdən əl çəkməlidirlər.” Azərbaycan valisi Xəlil Fəhmi də Şahin qəzetinə yazdığı məktubda yerli əhalinin öz dilinə sahib çıxmasına pan-İranistlərin düşmən münasibət bəsləməsinə etiraz edirdi. O bildirirdi ki, Azərbaycan əhalisinin öz dilində danışmağa çalışması heç də onun mərkəzi hökumətə və ölkənin bütövlüyünə qarşı qalxdığını göstərmir.[23]

Bu arada özünü “Türkiyə, İraq və başqa ölkələrdə olan 37 minlik İran Türkləri mültəci və mühacirlərinin nümayəndəsi” kimi tanıtdıran Sənan Azər adlı yazar İstanbulda “İran Türkləri” adlı son dərəcə maraqlı bir kitabça çap etdirdi.[24] İlk dəfə olaraq bu kitabçada Türklərin İran tarixində rolu haqqında ümumiləşdirici məlumat verilmiş, onların indiki durumu araşdırılmışdır. Əsərin ilk cümləsində deyilir: “Talihsiz bir insan zümresi olarak İran sınırları içinde yaşamağa mahkum bulunan biz İran Türkleri asırlardanberi İran varlığını koruduk. Kanımızı İran istiklalı için akıttık. Hatta kendi ırkdaşlarımız olan Anadolu Türkleriyle İran uğrunda savaştık. Malımızı İran davası için sarfettik.” Əsərin sonrakı bölümlərində bu tezisin sübutu üçün yazar, çeşidli qaynaqlardan istifadə edərək tarixi keçmişi analiz etmişdir. O göstərir ki, “Ərəb istilasından İran istiqlalını qurtaran, şərqdən, qərbdən, şimaldan İrana saldıran qüvvətlərə qarşı köksünü gərərək qılıclarıyla İranı qoruyan..., fars dilini və ədəbiyyatını bir dövlət dili və Şərq kültürü şəklinə soxan və Hindistana qədər bu dili yayan və himayə edən yenə Türk sultanları və xaqanları olmuşlar.” Klassik Fars ədəbiyyatının ölməz əsərlərinin məhz Türk hökmdarları dövründə yaranmasını da qeyd edən yazar, onların Fars əyalətlərinə toxunmadığını bildirir. Daha sonra Sənan Azər pan-İranistlərin “Türklər Farsları assimilyasiya etdilər” tezisini “əsassız, insafsız, elmə, tarixə, həqiqətə uyğun olmayan iddialar” hesab edir. Bu iddiaların “sırf İrandakı milyonlarca Türkün varlığını təkzib edib və onları boğmaq, məhv etmək məqsədilə uydurulduğunu” göstərir.[25]

Daha sonra yazar İrandakı Türklərin demoqrafik və etnoqrafik durumunu təsvir edir. İranda əhali sayımının olmaması buradakı Türklərin dəqiq miqdarını göstərməyi mümkünsüz edir. Yazarın təxmini hesablamalarına görə, İranda o dövrdə 10 milyon əhali yaşayırdısa, onun 5 milyonu Türk olmalı idi. Onlardan 3 milyonu əski Azərbaycan əyalətində, qalanları isə çeşidli bölgələrdə məskun idilər.[26]

Sənan Azərə görə, İran qarşısında “vəzifələri olan, amma haqları və alacaqları” olmayan Türklərə İran dövləti çeşidli metodlarla zülm etməkdədir. Bu metodlar sırasında “İrandakı Türklərin mövcudiyyətinin təkzib və tarixinin tahrif edilməsi” (1), “Türkcə coğrafi adların, dağların, dərələrin, çayların, təpələrin, kənd adlarının, şəhər adlarının, heyvan adlarının, soy adlarının, çocuq adlarının, tarixi Türk adlarının, Türklərdən qalma tarixi asar və abidələrin adları həp rəsmi və sistematik bir surətdə Farslaşdırılması” (2), “çocuqlara Türk adı qoymaq və Türkcə soyadı almağın şiddətlə yasaqlanması” (3), məktəblərdə dərslərin ancaq Farsca olması (4), yeni nəslə öz millətindən nifrət etdirmək təbliğatının aparıldığı (5), “mən İranlıyan, fəqət Türkəm” deyənlərin fiziki cəhətdən yox edilməsi (6), Azərbaycandakı sənaye müəssisələrinin Fars bölgələrinə köçürülməsi (7), xaricdən vətəninə dönmüş şəxslərin Azərbaycanda yaşamalarına icazə verilməməsi (8), Türkcə məktəb açmaq, kitab basdırmaq, qəzet nəşr etməyin yasaq olması (9), əski Türkcə kitabların, Təbriz şairlərinin daş basması əsərlərinin toplanıb məhv edilməsi (10), Türksoylu və Türkcə danışanların Rza Şahın əmrinə uyğun olaraq dövlət idarələrində məsul vəzifələrə təyin edilməməsi, mövcud olanların da müxtəlif bəhanələrlə buradan uzaqlaşdırılması (11), Rza Şahın Türk elitini fiziki cəhətdən məhv etdiyi (12) əsərdə faktlar və dəlillərlə təsvir edilir.[27]

Yazar vətəndaşlarını xarici müdaxilədən (özəlliklə Sovetlərin işğalından) qoruya bilmədiyi üçün İran dövlətini lənətləyir. Yazara görə, Farslar döyüşməyə heç zaman hazır olmamışlar: “Fars metodunda “madafaa” maddesi yoktur. Kapılar açıktır. Gelenler gelsin ve keyfi hareketlerini icra etsinler. Sade[ce]: İran yaşasın (!).”[28] Yazar bu dözülməz durumun düzəlməsi üçün soydaşlarını mübarizəyə dəvət edir, “haqq istəmək zamanının gəldiyini” bildirir.

Müttəfiqlərin İranı işğalından və Rza Pəhləvinin istefasından sonra özünü itirmiş hakim rejim bir müddət sonra demokratik hərəkatların qarşısını almaq, özünün siyasi- ideoloji mövqelərini bərpa etmək üçün toparlanıb hərəkətə keçə bildi. Salamulla Cavid xatərlələrində yazırdı ki, milli məsələyə, bu sıradan Azərbaycan məsələsinə münasibət yenidən sərtləşməyə başladı, hətta vəziyyət Rza Pəhləvinin haklimiyyət başında olduğu dövrdən daha pis olmuşdu. O izah edir: “Dörd illik zəhmətdən sonra Fars dilində hazırladığım “Nümunəhaye folklore Azərbaycan”[Azərbaycan folklor nümunələri] kitabının 2-ci cildini mətbəədə ona görə müsadirə etdilər ki, üzərində Azərbaycan sözü var. Gəncəli Səbahinin “Qartal” kitabının nəşrinə mane oldular. Həsən Məcidzadənin “Apardı sellər Saranı” kitabının Farscaya çevrilməsinə baxmayaraq, çapına yol vermədilər.”[29] Bununla belə Azərbaycanda yayılan yeni fikirlərin və dərinləşən hərəkatın qarşısını almaq üçün hakim rejim ideoloji fəaliyyətini genişləndirdi. Hüseynqulu Katibinin “Azərbaycan və İranın milli vəhdəti” adlı kitabçasının[30] tələm-tələsik çap edilməsi bunun göstəricisi sayıla bilər. Bu kitabça Seyid Əhməd Kəsrəvinin məlum kitabından (Azəri, ya zəbane bastane Azərbayqan) sonra pan-İranizmin İranda Azərbaycan/Türk məsələsinə həsr edilmiş ən önəmli məhsulu hesab edilməlidir. Müəllif kitabın meydana çıxmasının əsas səbəbləri sırasında “Şəhrivər hadisələri”ndən sonra (1941-ci ilin avqust hadisələrindən) Azərbaycanda baş verən proseslərin “Azərbaycanın ruhuna” uyğun olmadığını bildirir. Katibi Azərbaycan Cəmiyyətinin fəaliyyətindən, “Azərbaycanın milliyyəti, dili və təmayülləri” haqqında mətbuatda çıxan məqalə və əsərlərin “tamamilə səthi, bilgisiz və təəssübkeşliyindən” narahat olduğunu bildirir.[31] Kitabçanın da adından göründüyü kimi, bu əsərin vəzifəsi İranın milli birliyini, bu “birlik”də Azərbaycanın özəl mövqeyinin sübut etməkdir. Müəllif “İran milləti”ni yaradan doqquz komponenti göstərir: ərazi, tarix, irq, dil, məzhəb, qanunlar, adət-ənənə, ədəbiyyat və ictimai fikir, hisslər və milli iradə. Bu komponentləri/əlamətləri Azərbaycan mövzusuna tətbiq edərkən müəllif qərəzli mövqe tutur və bu qərəzliliyi də gizlətmir. O yazır: “İranda neçə-neçə ləhcə və dilin olmasının, bir neçə tayfanın [tireye əğvam] yaşamasının, neçə cür məslək və məzhəbin mövcud olmasının nə əhəmiyyəti var? Onların heç bir əhəmiyyəti yoxdur, belə ki, İran, millət və vətən anlayışları bütün bunlardan yüksəkdə durur, onların [İranlıların] milli və ictimai amalları birdir.” Daha sonra Katibi daha açıq şəkildə hökm verir: Azərbaycanın “İranın başqa bölgələri ilə amal birliyindən başqa heç bir birliyi olmasa belə, yenə də deyə və bütün dünyaya bildirə bilərik ki, Azərbaycan öz mövcudluğu ilə İranın bir hissəsidir: Keçmişdə belə olub, indi də belədir və gələcəkdə də əgər heç nə olmasa, belə olacaq. Dilinin Türk dili olmasına baxmayaraq, ruhən İranlı olduğunu deyən o pak və qeyrətli Azərbaycan əhli haqlıdır.”[32]

Hüseynqulu Katibinin kitabında tez-tez Azərbaycanın gələcəyi ilə bağlı rahatsızlığını ifadə etməsi həm də buradakı Sovet qoşunlarının himayəsində Sovet Azərbaycanı nümayəndələrinin geniş təbliğat işləri ilə əlaqədar idi. 1941-ci ilin sentyabrın ikinci yarısından etibarən Təbrizdə və Azərbaycanın başqa şəhərlərində Azərbaycan K(b)P MK-sının üçüncü katibi Əziz Əliyevin başçılığı ilə çoxsaylı tərkibə malik qrup fəaliyyətə başlamışdı. 2-3 ay ərzində “Əziz Əliyev missiyası”ndakı şəxslərin sayını 2-3 min nəfərə çatdırmaq haqqında Moskvanın razılığı alınmışdı.[33] Bu qrup Sovetlərin xeyrinə geniş siyasi təbliğat işləri aparır, eyni zamanda Azərbaycanda yerli əhalinin milli şüurunun inkişafına yönəlmiş mühüm tədbirlər həyata keçirirdi. Bu məqsədlə Təbrizdə iki gündən bir çıxan 4000 tirajlı “Vətən yolunda”, Urmuda isə “Qızıl əsgər” qəzeti çap edilir, Bakıdan göndərilmiş opera qrupu burada Türkcə tamaşalar verir, müxtəlif musiqi kollektivlərinin Azərbaycan şəhərlərində konsertləri təşkil edilir, yerli ziyalılar ana dilində yaradıcılığa təşviq edilirdi. İran hökuməti Sovet Azərbaycanı nümayəndələrinin fəaliyyətindən narazılıqlarını Sovet tərəfinə bildirirdillər. Eyni zamanda Tehran Azərbaycanda proseslərə nəzarət etmək üçün yerli idarəçilik orqanlarını gücləndirməkdə idi. 1942-ci ilin yazında Tehran mətbuatının Azərbaycan Cəmiyyətinə qarşı təbliğatından və ictimai fikri hazırladıqdan sonra hökumət bu cəmiyyətin fəaliyyətinin qadağan edilməsi, onun mətbu orqanının işinin dayandırılması haqqında qərar verdi. Moskva, Almanlarla cəbhədə vəziyyətin mürəkkəbliyini nəzərə alıb, özü üçün yeni problemlər yaratmamaq üçün 1942-ci ilin martında “Əziz Əliyev missiyası”nın geriyə çağırılması haqqında qərar verdi. Həmin ilin ortalarında bu qrupdan cəmi 84 nəfər qalmışdı.[34] Eyni tipli qrupun yenidən İrana göndərilməsi üçün 1944-cü ilədək gözləmək lazım gələcəkdi.

1944-cü ildə Sovet İttifaqının cəbhələrdə vəziyyəti köklü surətdə dəyişdi, Alman qoşunları Sovet sərhədlərindən geriyə atıldı. Sovet hökuməti artıq fəal şəkildə “İran məsələsi” ilə məşğul ola bilərdi. Moskva İranın enerji mənbələrinə çıxmağı İran siyasətinin mərkəzinə gətirdi. Bu zaman Sovet kəşfiyyatı ABŞ neft şirkətlərinin İrandan neft konsessiyaları almaq uğrunda fəal iş apardığını aşkar etdi. Sovet Azərbaycanından göndərilən mütəxəssislər İranın quzeyində, bu sıradan Güney Azərbaycanda zəngin energi yataqlarının olmasını müəyyən etdilər. Mart ayında Sovet hökuməti Güney Azərbaycanda fəaliyyətin genişləndirilməsi, o cümlədən burada ana dilində orta məktəbin açılması, Bakıdan mədəniyyət işçilərinin qastrollarının təşkili, “Vətən yolunda” qəzetinin çapının bərpası, mətbəənin təşkili haqqında qərar verdi. Güneydə bu işləri təşkil etmək və Sovetlərin xeyrinə təbliğat işini aparmaq üçün 1944-cü ilin yaz və yayında 620 nəfərdən çox müxtəlif işçi Sovet Azərbaycanından ezam edildi.[35]

Sentyabrda Tehrana göndərilən Sovet heyəti İran hökumətindən neft konsessiyaları almaq məqsədinə nail olmadıqda Moskva, istəyindən vaz keçmədən başqa təzyiq vasitələrinə əl atdı. Digər tərəfdən, faşist Almaniyasının təslim olmasından sonra İran hökuməti Müttəfiq dövlətlərə silahlı qüvvələrini ölkədən çıxartmaq haqqında davamlı müraciətlər etməyə başladı. ABŞ və Britaniya hökumətləri Tehranın bu diplomatik addımlarını müdafiə edir, İranın zəifləməsinin Sovet İttifaqını gücləndirəcəyinə inanırdı. İkinci dünya savaşından qalib çıxmış Müttəfiq dövlətlər arasında ziddiyyətlərin yarandığı bir şəraitdə, 1945-ci ilin iyul ayının 6-da Sovet hökuməti Güney Azərbaycanın gələcəyinə birbaşa təsir edəcək mühüm bir qərar verdi. Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu “Güney Azərbaycanda və İranın digər vilayətlərində separatçı hərəkatın təşkili üzrə tədbirlər haqqında” tam məxfi bir sənəd qəbul etdi. Bu sənəddə İran daxilində Azərbaycan əyalətlərinə geniş milli muxtariyyət əldə edilməsinə hazırlıq işlərinə başlanmasının əsas istiqamətləri müəyyən edilirdi.[36]



Əslində Kommunist partiyasının bu sənədi Azərbaycandakı “separatçı hərəkat”ın geniş planı rolunu oynadı. Sonrakı hadisələr aşağı-yuxarı bu sənəddə cızılmış xətlər üzrə inkişaf etdi. 1945-ci ilin sentyabrın 3-də sol Tüdə partiyasının Azərbaycan əyalət təşkilatının bazası əsasında Azərbaycan Demokrat Partiyasının yaranması haqqında xalqa müəraciət edildi; oktyabrın 2-də bu partiyanın ilk qurultayı özünün məramnamə və nizamnaməsini qəbul etdi, mərkəzi orqanlarını seçdi; noyabrın 20-də yerlərdən seçilmiş 700-dən çox nümayəndənin iştirakı ilə Təbrizdə Azərbaycan Xalq Konqresi işə başladı və özünü Müəssislər Məclisi elan etdi; Xalq Konqresi “İranın daxilində və İranın ərazi bütövlüyünə, istiqlaliyyətinə xələl gətirmədən özünün Milli hökumətini vücuda gətirməsi” haqqında qərar verdi; Azərbaycan əyaləti üzrə seçkilər keçirilərək 1945-ci ilin dekabrın 12-də (1324-cü ilin azər ayının 12-də) Milli Məclisin ilk iclası açıldı; burada Milli Məclisin rəhbərliyi ilə yanaşı onun qarşısında məsuliyyət daşıyan Milli Hökumətin tərkibi (baş nazir Seyid Cəfər Pişəvəri) və iş proqramı təsdiq edildi; Milli Hökumət bir il ərzində muxtar Azərbaycanda əsas hakimiyyət orqanı oldu. Bu hadisələrin ayrıntılarını ortaya qoyan onlarla əsər var.[37] Odur ki mövzumuz üçün gərəkli olduğundan Güney Azərbaycanda 21 Azər hərəkatı kimi tanınan bu tarixi olayın mahiyyətini ortaya qoymağa çalışaq.

İran rəsmi tarixçiliyi, Qərbdə bir sıra araşdırıcılar 21 Azər hərəkatına “separatçı” hərəkat kimi yanaşmışlar, başqa sözlə bu hərəkatın məqsədinin İrandan ayrılmaq olduğunu iddia etmişlər. Hətta Stalin zamanında Sovet siyasəti 21 Azər hərəkatına separatist mahiyyət verməyə çalışmışdır. Halbuki 1945-46-cı illərdə Güney Azərbaycandakı siyasi prosesdə qəbul edilmiş sənədlər də göstərir ki, hərəkatın başlıca məqsədi İranın ərazi bütövlüyü çərçivəsində Azərbaycana həqiqi muxtariyyətin alınması olmuşdur. Milli Hökumətin tərkibində xarici işlər və müdafiə nazirliklərinin olmaması, İranın rəsmi valyutasından istifadə, İranın dövlət atributlarına hörmət və s. məhz məqsədin ayrılmaq deyil, ölkə daxilində muxtar idarəçiliyin yaradılması olduğunun göstəricisidir. Yuxarıda adı çıkilmiş Azərbaycan Xalq Konqresinin (1945-ci ilin noyabrın 20-i) qərarında yazılmışdı: “Azərbaycan xalqı özünün daxili işlərini idarə etmək və milli muxtariyyətini təmin etmək üçün əyalət əncüməni təşkilini bir qədər genişləndirib, ona Milli Məclis (MM) şəkli verir. İranın daxilində və İranın ərazi bütövlüyünə, istiqlaliyyətinə heç yolla xələl gətirmədən özünün Milli hökumətini vücuda gətirir.”[38] 1946-cı ilin 28 yanvar tarixində Azərbaycan Milli Hökumətinin BMT Baş Assambleyasına göndərdiyi müraciətdə son onillərdə Azərbaycana münasibətdə İran hökumətinin milli zülm siyasəti yeritdiyi izah edilir, bu hərəkatın Səttar Xan, Bağır Xan və Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi milli hərəkatların davamı olduğu bildirildi.[39] 1946-cı ilin iyunun 13-də Təbriz nümayəndələri ilə Tehranın rəsmi şəxsləri arasında imzalanmış müqaviləyə görə, mövcud İran konstutusiyasına uyğun olaraq Azərbaycan Milli Məclisi Azərbaycan Əyalət Əncüməni, Azərbaycan Milli Hökuməti isə Azərbaycan ostandarlığına çevrildi. 21 Azər hərəkatının lideri Seyid Cəfər Pişəvəri Azərbaycan Demokrat Firqəsinin (ADF) yaranmasından az sonra çap etdirdiyi məqaləsində hərəkatın əsas məqsədi – İranın bütövlüyündə Azərbaycanın muxtariyyəti haqqında yazırdı: “Biz İranın istiqlalına əlaqəmənd [bağlı] olduğumuz ilə bərabər Azərbaycan xalqının fərhəngi [mədəni] ixtiyaratı və öz müqəddəratını öz gücü ilə təmin etməsini arzu edirik. .”[40] Başqa bir məqaləsində ADF-in əsas sənədlərindən bəhs edərkən muxtariyyət məsələsinə aydınlıq gətirir: “Müraciətnaməmizdə olduğu kimi məramnaməmizin də əsasını məşrutə və qanuni-əsasinin ehyası [qorunması], Azərbaycan xalqının öz daxili işlərini idarə etməkdə muxtar olmasını təmin etmək üçün tezliklə əyalət və vilayət əncümənlərinin intixabı [seçilməsi] ilə bərabər ana dilimizdə yazıb-oxuyub dövlət idarələrindən istifadə etmək məsələsi təşkil edir.”[41] Hərəkatın liderləri 21 Azərin başqa bir məqsədinin isə Azərbaycandakı muxtariyyətin İranı demokratikləşdirməsi olduğunu dəfələrlə vurğulamışlar. Pişəvəri, məsələn, yazırdı: “Azərbaycan xalqı öz azadlığını almaqla bütün İran xalqlarını da əsarətdən xilas edəcəkdir... Biz Azərbaycan xalqının səadətini və İranın səfalət və fəlakətdən xilasını istəyirik...Əgər bizim məhəlli muxtariyyət şüarımız İranın hər bir əyalət və vilayətində əməli olursa milyonlar ilə şərafətli insanlar dövlətin poştibanı [müdafiəçisi] olmağa yol tapar, bu vasitə ilə qüdrətli bir hökumət meydana çıxıb məmləkətin [İranın] dərdlərinə əlac etməyə müvəffəq olar. Həqiqi mərkəziyyət isə [İranda] bu vasitə ilə vücuda gəlməyə başlar.”[42] Hərəkat liderlərinin “Azərbaycana muxtariyyət, İrana demokratiya!” xətti onları himayə edən Sovetlər arasında anlaşmazlığın yaranmasına səbəb olurdu. Bir sıra qaynağın təsdiq etdiyi kimi, məhz bu anlaşmazlıq Mir Cəfər Pişəvərinin 1947-ci ilin martında Sovet Azərbaycanında qətlinə səbəb olmuşdu.[43]
[1] Ayənde, 1925, I il, s. 5-6.

[2] Yenə orada, 1926, II il, s. 559-569.

[3] Ervand Abrahamian, İran Between Two Revolutions, p. 136.

[4] Touraj Atabaki, Azerbaijan. Ethnicity and Autonomy in Twentieth-century Iran, p. 58.

[5] Р. Галунов, Реформа языка в Иране, Материалы по национально-колониальным проблемам, N 34, 1936, c. 246.

[6] А. Востров, Племена Ирана и племенная политика иранского правительства, Материалы по национально-колониальным проблемам, N 34, 1936, c. 191.

[7] George Lenczowski, Russia and the West in Iran 1918-1948, New York: Cornell University Press, 1949, p. 160.

[8] Əslində, 1920-30-cu illərdə ölkədə Farsdilli “İran milləti” konseptindən fərqli, əsaslandırılmış başqa konsept ortaya qoyulmadı. İran Kommunist Partiyasının ikinci Urmu qurultayında İran əhalisinin çoxmillətli tərkibə malik olması, Fars olmayanların öz müqəddaratını təyinetmə haqqının olması bəyan edilsə də, partiya öz fəaliyyətində bu bəyanatdan irəli getmədi. Bu zaman İran kommunistərinin lideri sayıla biləcək Dr. Tağı Ərani azlıqlar məsələsində hökumətin rəsmi strategiyasını vəsf edirdi. O, sürətli modernizasiya xəttini müdafiə edir, eyni zamanda Fars dilinin xarici sözlərdən təmizlənməsini, Zərdüştlük ideyalarına yenidən həyat verilməsini, Sasani İmperiyası dövründə mövcud olmuş mərkəzləşdirilmiş idarəçiliyin bərpasını təbliğ edirdi. “Azərbaycan: İranın ölüm-dirim məsələsi” adlı məqalədə isə Türkcənin Azərbaycanda kökünün kəsilməsini, Azərbaycana Farsdilli məktəblərin yaradılmasını, Farsca kitabların, dərgi və qəzetlərin göndərilməsini təklif edirdi. Baxın: Ervand Abrahamian, Communism and Communalism in İran: The Tudah and the Firqah-i Dimukrat, İnternational Journal of Middle East Studies, vol. 1, 1970, no 4, p. 297-298.

[9] Alıntı: А. Востров, Племена Ирана и племенная политика иранского правительства, c. 192.

[10] Şövkət Tağıyeva, Əkrəm Rəhimli (Bije), Səməd Bayramzadə, Güney Azərbaycan, Bakı: Orxan, 2000, s. 203.

[11] M.Ə.Fərzanə, Ana dilimiz və milli varlığımız uğrunda xatirələr (3), Varlıq, V il sayı 5 və 6 (ardıcıl sayı 51 və 52), avqust-sentyabr 1983, s. 47-48.

[12] Şövkət Tağıyeva, Əkrəm Rəhimli (Bije), Səməd Bayramzadə, Güney Azərbaycan, s. 203.

[13] Abdulla Mustofi, Şərhe zendegiye mən ya tarixe ectemai və edariye doureye Qacariyye, III cild, II hissə, Tehran, 1326, s. 178.

[14] Dədə Qorqud, N 2, 1980, s. 24.

[15] Möcüzü ana dilində satirik şeirlərinə görə şərti olaraq Güneyin Sabiri saymaq olar. O, Sabirdən fərqli olaraq Türk millətçisi olmamışdır. Vətənini İran saymış, şeirlərində tez-tez əski İran tarixi hadisələrinə və miflərinə müraciət etmişdir. 1920-ci illərin başlarında “Sərdar-Sepəhə” çevrilən və ali hakimiyyəti sürətlə ələ keçirməkdə olan Rza Xanı öyən şeirlər yazmış, sonralar xanın quldurluğunu görüb, onu “Sərxil” (at sürüsünün başçısı) adlandırmışdı. (Şəbüstərli Mirzə Əli Möcüzün əsərləri, toplayan Məhəmməd Tağı Zehtabi, Birinici cild, Şəbüstər: [...],1389, s. 114-16). Əlirza Nabdil sonralar yazacaqdı ki, Möcüzün Türkcə yazması onun millətçiliyindən deyil, xalqçılığından irəli gəlirdi. Ana dilində yazmasaydı Şəbüstərdə onun yazdıqlarını heç kəs oxumazdı. (Əlireza Nabdel, Azərbaycan və məsəleyi melli,s.16.)

[16] Şəbüstərli Mirzə Əli Möcüzün əsərləri, toplayan Məhəmməd Tağı Zehtabi, Birinici cild, s. 12; Şəbüstərli Mirzə Əli Möcüz, Şeirləri, tərtib edəni Kamil Vəli Nərimanoğlu, Bakı: Oskar, 2007, s. 3-4.

[17]Baxın:Машаллах Рабизаде, Развитие капиталистического предпринимательства в промышленности Ирана в 30-х годах ХХ века, Баку: Элм, 1970, с.76, 85.

[18] Vidadi Mustafayev, Cənubi Azərbaycan. Milli şüur (XX əsrin I yarısı), s.110-111.

[19] Azərbaycan (Təbriz), 18 dekabr 1941.

[20] Yenə orada, 12 noyabr 1941.

[21] Yenə orada, 5 yanvar 1942.

[22] Vidadi Mustafayev, Cənubi Azərbaycan. Milli şüur (XX əsrin I yarısı), s. 113.

[23] Yenə orada, s. 112.

[24] Sanan Azer, İran Türkleri, İstanbul: Cumhuriyet matbaası, 1942. 22 səhifə.

[25] Yenə orada, s. 10.

[26] Yenə orada, s. 12-13.

[27] Yenə orada, s.17-18.

[28] Yenə orada, s.14.

[29] Salamulla Cavid, O günün həsrəti ilə.Xatirələr, Bakı:Yurd, 2003, s. 57.

[30] Hoseynqoli Katebi, Azərbaycan və məsəleyi melliye İran, Təbriz, 1942. Qəribədir ki, bu şəxs sonralar milli-mədəni qrupların fəaliyyətində iştirak etmiş, Təbrizli Əli kimi milli şəxsiyyətlərlə əməkdaşlıq etmişdir. Baxın: Təbrizli Əli, Ədəbiyyat və milliyyət, s.115.

[31] Hoseynqoli Katebi, Azərbaycan və məsəleyi melliye İran, s.4.

[32] Yenə orada, s. 16.

[33] Cəmil Həsənli, Güney Azərbaycanda Sovet-Amerika-İngiltərə qarşıdurması (1941-1946), Bakı: Azərbaycan nəşriyyatı, 2001, s. 13-14.

[34] Yenə orada, s. 36.

[35] Yenə orada, s. 40-64.

[36] Yenə orada, s. 96-98.

[37] Məsələn, baxın: Ə. Quliyev, Cənubi Azərbaycan milli-azadlıq və demokratik hərəkat tarixindən (1941-1945), Tarix və Fəlsəfə İnstitutunun əsərləri, I buraxılış, Bakı, 1951; M. Çeşmazər, Azərbaycan Demokrat partiyasının yaranması və fəaliyyəti, Bakı, 1986; Şövkət Tağıyeva, Əkrəm Rəhimli (Bije), Səməd Bayramzadə, Güney Azərbaycan. Məlumat kitabı, Bakı, 2000; Əkrəm Rəhimli (Bije), Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946), Bakı: Meqa, 2003; М. Ибрагимов, О демократическом движении в Южном Азербайджане в 1945-1946 гг., Баку, 1948; Правда об Иранском Азербайджане, Баку, 1949; К. Мамедов, О нацонально-освободительном движении в Иранском Аэербайджане в 1945-1946 гг., Ученые записки Азерабджанского Государственного Университета. Гуманитарная серия, N1, 1959; Nəcəfqoli Pesyan, Mərg bud baz gəşt, həm bud. Tarixçeye Ferqeye Demokrate Azərbaycan və Hezbe Komeleye Kordestan əz soqute padeqanhaye Azərbaycan to esteqrare niru, İsfahan, 1948; Əhməd Rezvani, Macəraye Azərbaycan əs şəhrivəre 1320 ta azəre 1325, Ərak, [ilsiz]; George Lenczowski, Russia and the West in Iran, 1918-1948. A Study in Big-Power Rivalry, Ithaca, New York: Cornell University Press, 1949; Robert Rossow, The Battle of Azerbaijan, 1946, The Middle East Journal, Vol. 10, No 1, Winter 1956, pp. 17-32;Ervand Abrahamian, Communism and Communalism in Iran: The Tudah and the Firqah-i Dimukrat, International Journal of Middle East Studies, vol 1, no 4, July 1970, pp. 291-316; David B. Nissman, The Soviet Union and Iranian Azerbaijan. The Use of Nationalism for Political Penetration, Boulder and London: Westview Press, 1987; Louise L’Estrange Fawcett, Iran and the Cold War. The Azerbaijan Crisis of 1946, Cambridge: Cambridge University Press, 1992; Touraj Atabaki, Azerbaijan. Ethnicity and Autonomy in Twentieth-century Iran, London and New York: British Academic Press, 1993; Jamil Hasanli, At the Dawn of the Cold War. The Soviet-American Crisis over Iranian Azerbaijan, 1941-1946, London etc: Rowman, 2006.

[38] Şövkət Tağıyeva, Əkrəm Rəhimli (Bije), Səməd Bayramzadə, Güney Azərbaycan. Məlumat kitabı,s. 219.

[39] Yenə orada, s. 236.

[40] Azərbaycan (Təbriz), 5 sentyabr 1945; Mir Cəfər Pişəvəri, Seçilmiş əsərləri, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1984, s. 274-275.

[41] Azərbaycan (Təbriz), 25 sentyabr 1945. Mir Cəfər Pişəvəri, Seçilmiş əsərləri, s. 297.

[42] Mir Cəfər Pişəvəri, Seçilmiş əsərləri, s.276, 298, 321.

[43] Toplantıların birində Mir Cəfər Bağırovun 21 Azər hərəkatının məğlub olmasının əsas səbəbinin və ADF-in əsas səhvlərindən birinin Sovet Azərbaycanı ilə kifayət qədər sıx əlaqənin qurulmaması, “ona söykənməməsi” fikri qarşısında Pişəvəri deyibmiş: “Yoldaş Bağırovun fikrinin əksinə olaraq mən bu əqidədəyəm ki, bizim ən böyük səhvimiz və hərəkatımızın məğlubiyyət səbəbi ondadır ki, lazım olan səviyyədə İran Azərbaycanı ilə İran arasındakı sarsılmaz vəhdətə və Azərbaycanın İrandan ayrılmazlığına söykənmədik.” Şövkət Tağıyeva, Əkrəm Rəhimli (Bije), Səməd Bayramzadə, Güney Azərbaycan, s.267.
Prof. Nəsib Nəsibli


Yüklə 415,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin