II FƏSİL
FEİL DÜZƏLDƏN QEYRİ-MƏHSULDAR ŞƏKİLÇİLƏRİN
FUNKSİONAL XÜSUSİYYƏTLƏRİ
2.1. Adlardan feil düzəldən qeyri-məhsuldar şəkilçilər
Azərbaycan dilinin bütün tarixi mərhələləri ərzində feillər, xüsusən də kök feillər işlək olmuşdur. Keçən bu minilliklər ərzində ən az fonetik və leksik dəyişikliyə uğramış əsas nitq hissəsi məhz feillərdir. Feillər dilin orijinallığının, lüğət tərkibinin qorunub saxlanmasında da həmişə aparıcı mövqe tutmuşdur. Məhsuldarlığından asılı olmayaraq, Azərbaycan dilində feil düzəldən şəkilçilərin hamısı mənşə etibarilə millidir. Ona görə də ad düzəldən şəkilçilərdən fərqli olaraq feil düzəldən şəkilçilər haqqında daha çox və dəqiq fikir söyləmək mümükündür. Bu qrupa mənsub budaq morfemlərin böyük hissəsi ahəng qanuna tabe olur və daha çox isim və sifətlərdən yeni sözlər düzəldir. Aşağıdakıları qeyd edə bilərik:
-a,-ə. Bu şəkilçi, əsasən, adların sonuna əlavə olunmaqla təsirli və təsirsiz feillər əmələ gətirir. Qeyri-məhsuldar olsa da, Azərbaycan dilində işlənmə tarixi çox qədimdir. -a,-ə şəkilçisinin qədim türk yazılı abidələrindən başlayaraq dilin bütün inkişaf dövrlərində işləkliyi nəzərə çarpır. Feil düzəldən qeyri-məhsuldar şəkilçi kimi, -a,-ə şəkilçisi ismin yönlük hal, feilin arzu şəkli və feili bağlamanın müvafiq şəkli əlaməti ilə omonimlik münasibətindədir. Qoşulduğu sözdə daha çox hal-vəziyyət çaları yaradır. Tarixən qeyri-məhsuldar şəkilçi kimi işlənsə də, təsviri qrammatikada nisbətən məhsuldar feil düzəldən şəkilçi keyfiyyətinə malikdir. Müasir Azərbaycan ədəbi dilindəki qanamaq, boşamaq, bənzəmək, yaşamaq, diləmək, ələmək, oynamaq, gözəmək, dişəmək, sanamaq, çiləmək, tıxamaq kimi sözlər bu şəkilçi vasitəsilə əmələ gəlmişdir. Qınamaq sözündə isə şəkilçi daşlaşmışdır. -a,-ə şəkilçisi oyun, bəniz sözlərinə əlavə edildikdə söz kökünün ikinci hecasında səs düşümü hadisəsi baş verir: oyun-oy(u)namaq, bən(i)zəmək.
Qeyd etdiyimiz kimi, şəkilçi qədim türk yazılı abidələrində də işlənmişdir. -a,-ə şəkilçili sözlər qədim türk dili abidələrinin arasında daha çox “Kültigin” (yarlıka, yaşa, sığıta), “Tonyukuk” (tilə, sana), “Moyon Çor” (ata, boşa) abidələrində işlənmişdir. Ə.Rəcəbli Göytürk dilinin morfologiyasında şəkilçinin ifadə etdiyi mənaları aşağıdakı kimi qruplaşdırmışdır:
“1. Hərəkətin, vəziyyətin və prosesin adını bildirən təsirsiz fellər yaradır: yaşa «yaşa», sığıta «sıtqa».
2. Hərəkətin, prosesin əlamətini ifadə edən təsirli fellər düzəldir: boşa «boşa».
3. Hərəkətin, prosesin predmetini ifadə edən təsirli feillər əmələ gətirir: ata «adlandır», yarlıka «əmr ver».
4. Hərəkətin aləti, materialı mənasını ifadə edən təsirli fellər yaradır: tilə «dilə», sana «say»” [123, s.240]
Müqayisə üçün qeyd edək ki, A.von Qaben və B.Serebrennikov da -a,-ə şəkilçisinin göstərilən məqamda işlənməsini həm -a,-ə, həm də -ı,-i,-u,-ü şəkilçiləri ilə vermişdir. [131, s.302] M.Ergin bu şəkilçi haqqında yazır ki, bu şəkilçi türk dilində əvvəldən mövcud olmuşdur, indi də işləkdir. Lakin zaman keçdikcə şəkilçinin qeyri-məhsuldar funksiya daşıdığını, nümunələrin azaldığını da qeyd etmişdir. [160, s.172] T.Tekin də şəkilçinin Orxon abidələrində adlardan feil düzəldən şəkilçi kimi tədqiq etmişdir. [169, s.85‒86] S.Cəfərov [19, s.117] şəkilçinin qədim olduğunu göstərməklə yanaşı, onun feil düzəltmək funksiyasından da bəhs etmiş, nümunə kimi tıxamaq və eşəmək sözlərini göstərmişdir. Lakin o, tıxamaq, eşəmək sözlərindəki şəkilçini qanamaq, boşamaq, yaşamaq kimi sözlərdəki şəkilçidən fərqləndirmiş, onların eyni mənbədən olduqlarına şübhə ilə yanaşmışdır. Müqayisə üçün qeyd edək ki, tıxamaq sözünün kökü tıx “Divan”da tık (DLT1, 44) şəklində (tıxmaq, sıxmaq, doldurmaq mənasında), eşəmək sözünün kökü isə üş (DLT1, 219) şəklində (dəlgic ilə dəlmək mənasında) işlənmişdir. Üşəmək (DLT3, 238) isə “yer və buna bənzər şeyləri nəyi isə axtarmaq üçün eşmək” mənasında izah olunmuşdur. Bu məqamda üşəmək sözü eşələmək sözünün sinonimi kimi çıxış edir.
Göytürk dilinin morfoloji quruluşunda -a,-ə şəkilçisi qeyri-məhsuldar olmağına baxmayaraq, zaman keçdikcə bu şəkilçinin sözdüzəldicilik qabiliyyəti nəzərə çarpacaq dərəcədə artmışdır. Təkcə onu vurğulamaq kifayətdir ki, əsasən V‒VII əsrləri əhatə edən “Orxon‒Yenisey” abidələrindəki mətnlərin yazıya alınmasından təqribən 500 il sonra bu şəkilçi vasitəsilə düzəlmiş onlarla yeni sözə təsadüf edilir. M.Kaşğarinin “Divan”ında atadı (DLT3, 235), ötədi (DLT3, 235), aşadı (DLT3, 237), tirə (DLT3, 243), tuzadı (DLT3, 244) , közədi (DLT3, 245), küzədi (DLT3, 245), tüşədi (DLT3, 246), töşədi (DLT3, 246) kimi -a,-ə şəkilçili sözləri buna nümunə göstərmək olar.
-ala,-ələ. Bu şəkilçi Azərbaycan dilinin derivatoloji quruluşunda daha çox örtülü-qapalı və örtüsüz-qapalı heca formasında formalaşmış təsirli və təsirsiz sadə feillərdən təsirli feillər yaradır. -a,-ə+la,-lə şəkilçilərinin birləşməsindən yaranıb, qoşulduğu sözdə sürəklilik, intensivlik, hərəkətin təkrarlılığı çaları yaradır. Məsələn: qovalamaq, sevələmək, çözələmək, səpələmək, eşələmək, girələmək, didələmək, ovalamaq və s. -ala,-ələ şəkilçisi əlavə olunduğu sözdə intensivlik, hərəkəti sürətləndirmək, təkrarlamaq kimi çalarlar ifadə edir. Ə.Rəcəbli bu budaq morfemin qeyri-məhsuldar olsa da, göytürk dilinin morfoloji quruluşunda işləndiyini qeyd etmişdir. O, Moyon Çor abidəsində rast gəlinmiş “boşanala” feilini -ala morfemi ilə yaranmış söz kimi tədqiq etmişdir. “Yağıda boşana boşanaldım”. = “Düşməndən xilas olub tamamilə azad oldum.” [123, s.246]
Dilimizdəki itələmək, gəvələmək, hövkələmək kimi sözlərdə bu şəkilçi artıq çoxdan arxaikləşmişdir və kök və şəkilçiyə ayrılmır.
Qeyd edək ki, -ala,-ələ şəkilçisi Azərbaycan dilində həm feillərdən, həm də isimlərdən hərəkət bildirən yeni sözlər düzəldir. Feillərdən feil əmələ gətirən şəkilçi kimi iştirak etdikdə nisbətən məhsuldar səciyyə daşıdığı halda, isimlərdən feil düzəltdikdə isə qeyri-məhsuldar xarakterə malik olur. İcbar növdə olan feillər kimi –alə,-ələ şəkilçisi vasitəsilə feillərdən yaranmış feillər də təsirli olur. Ancaq həmin lüğəvi vahidlər qrammatik məna növü baxımından icbar növ yox, məlum növ feillər sayılır. Bu şəkilçi isimdən təsirli və təsirsiz feillər düzəldir. Məsələn, dilimizdəki qomalamaq, üstələmək kimi sözlər təsirli olduğu halda, çisələmək feili təsirsiz olur və subyekt tələb edir.
Çəkilir qasırğa, dağılır duman.
Yağış çisələyir, səngiyir tufan. (R.Məcid)
B.Serebrennikov və N.Hacıyeva şəkilçinin quruluşunu a və la elementlərinin birləşməsi modelində izah etmişdir. [131, s.304]
M.Ergin isə şəkilçini qüvvətləndirmə şəkilçisi kimi dəyərləndirmiş və türk dilində işlək olduğunu qeyd etmişdir. [160, s.205] T.Banguoğlu bu şəkilçiyə tamamilə başqa cür yanaşmış, -ala,-ələ şəkilçisini “ötələ” və “otagla” sözlərinin strukturunun analizi əsasında izah etmişdir. Onun fikrincə, şəkilçi bu sözlərin əsasında yaranmışdır. Lakin bu fikir bizə inandırıcı və məntiqli gəlmir. N.Hacıeminoğlu da T.Banguoğlunun fikirlərini qəbul etməmişdir. O, türk dilindəki “oyala” və “tepele” sözlərini -ala,-ələ şəkilçisi ilə yarandığını qeyd etmişdir. [163] S.Cəfərov isə bu şəkilçini a+la/lə modeli əsasında izah etmişdir. [19, s.118] -ala,-ələ şəkilçisi İraq‒Türkman ləhcəsində də işlənir. Azərbaycan dilində bu şəkilçinin əsas işlənmə xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, şəkilçi əsasən birhecalı sözlərə qoşulub feil əmələ gətirir.
-ıx,-ix,-ux,-üx,-ik,-ük,-k,-x. Nisbətən məhsuldarlığı ilə seçilən bu şəkilçi həm adlardan, həm feillərdən düzəltmə feil əmələ gətirir. Həm təsirli, həm təsirsiz feillərin, həm də ki adların sonuna əlavə edilməklə təsirsiz feil yaradır. Qoşulduğu sözlərdə əsasən hal-vəziyyət çaları yaradır. Məs.: Donuxmaq, sürükmək, keyikmək, görükmək, gözükmək, bezikmək, sınıxmaq, soluxmaq, buruxmaq, cumuxmaq, duruxmaq və s. Adlardan feil düzəldən şəkilçi kimi daha çox aşağıdakı sözlərdə rast gəlinir: darıxmaq, yoluxmaq, otuxmaq, gecikmək, birikmək, şirnikmək, tərsikmək (Bu söz “Divan”da tərsinmək kimi verilmişdir.), pisikmək, acıxmaq və s.
Qarıxmaq, karıxmaq, qalxmaq, qırxmaq, qorxmaq, ürkmək, hürkmək, devikmək, tıncıxmaq kimi sözlərdə şəkilçi artıq daşlaşmış vəziyyətdədir.
Bəzi qaynaqlarda -ıx,-ix,-ux,-üx şəkilçisindəki “x” samiti “h” kimi verilir. Məsələn, N.Hacıeminoğlu Azərbaycan dilində bu şəkilçinin işlənmə xüsusiyyətlərindən bəhs edərkən yazır ki, isimlərdən təsdiq bildirən təsirsiz feillər əmələ gətirir. Qədim türkcədən bəri bütün şivələrdə işləkliyini qoruyub saxlamışdır. Ancaq Azərbaycan dilində k səsi h olmuşdur. [163, s.275] Görünür, türk dilində “x” səsi olmadığı üçün və Azərbaycan dilindəki “x” səsi türk dilində müvafiq olaraq “h” səsi ilə əvəz olunduğundan N.Hacıeminoğlu belə bir yanlışlığa yol vermişdir.
Bu şəkilçi qoşulduğu sözlərdə qayıdış növ çaları yaradır. Məhz bu xüsusiyyəti nəzərə almış S.Cəfərov Dimitriyevə istinadən yazır: “-ıx,-ik,ux,-ük şəkilçisi ilə düzələn fellər doğrudan da qayıdış mənasını ifadə etdiyindən (məsələn, darıxmaq, gecikmək) belə bir fikrə gəlmək olar ki, onların əlavə edildiyi indi isim və ya sifət olaraq işlədilən söz kökləri vaxtilə, eyni zamanda fel mənasında işlənmişdir. Bu şəkilçilər də o zaman felin qayıdış növünü əmələ gətirməyə xidmət etmişdir. Lakin bizim dövrümüzə doğru söz köklərinin adlıq mənası sabitləşdiyindən şəkilçi də adlardan fel düzəldən şəkilçi kimi formalaşmışdır.” [19, s.112]
-arla,-arğala. İki müxtəlif şəkilçinin birləşməsi nəticəsində sabitləşmiş və söz yaradıcılığında zəif iştirak edir. Əmələ gətirdiyi bütün sözlər təsirli feillərdən ibarətdir. Bu da şəkilçinin adlardan və qismən də feillərdən feil düzəldən –la,-lə şəkilçisinin bir fonovariantı olması ilə əlaqədardır. Toparlamaq, budarlamaq, basmarlamaq kimi sözlərdə rast gəlinir. Məs.: Qəribə idi, başqa vaxtlar zəncirdən açılmış kənd itləri doqqazda bir qaraltı görən kimi atılıb hücuma keçir, az qalırdı, qabaqdakını süpürləyib basmarlasınlar. (İ.Şıxlı); Niftalı koxa elə yəhərin üstündən onu budarladı. (İ.Şıxlı)
Basmarlamaq və budarlamaq feillərində söz sonu a ilə bitdiyi və şəkilçi də a ilə başladığı üçün səs düşümü hadisəsi baş verir. Nəticədə -arla morfemi -rla kimi işlənir. -arğala morfeminin işlənməsi isə daha çox şivələrlə əlaqədardır. Qərb qrupu dialekt və şivələrində daha işləkdir. Bu şəkilçi vasitəsilə əmələ gəlmiş qomarğalamaq sözünə İ.Şıxlının “Ölən dünyam” romanında bir neçə dəfə təsadüf olunur: Amma onu qomarğalayıb dərənin qaşına gətirdilər. Naxırı qomarğalayıb qabağına qatırdı. Bir həftədən sonra şəhərdən tökülüşüb gəldilər. Şəmistan ağanın evini qomarğaladılar.
-ar,-ər. Bu şəkilçi omonim olub, həm leksik, həm qrammatik şəkilçi kimi işlənə bilir. Sözdüzəldici şəkilçi kimi adlardan və feillərdən feil düzəldir. Adlardan feil əmələ gətirən morfem kimi tarixən əsasən isim və sifətdəndən feil əmələ gətirmişdir. Bu hala M.Kaşğarinin “Divani-lüğat-it türk” əsərində və “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlmək mümkündür. Məsələn, bu gün müasir Azərbaycan ədəbi dilində “evləndirmək”, “ev sahibi etmək” mənasında tarixən “evərmək” sözü işlənmişdir. Məsələn: Nə görəyim, oğlı olan evərmiş, qızı olan köçürmüş… Babası aydır: Oğul, ya səni evərmaxmı gərək? Bəli, bəs ağ saqallu əziz baba. Evərmax gərək!-dedi. (KDQ, 57); Şiraz iqlimi şahıydı atası, Evərmək niyyətindəydi anası. (DƏH, 79); Uslu sanur sanınca dəlü oglung evərür. (Oğuz, 56)
“Evərmək” sözü “evləndirmək” mənasında M.Kaşğarinin lüğətində “əwlənip” şəklində verilmişdir: “Tünlə yorup kündüz səwnür, kiçikdə əwlənip ulğadhu səwnür- yolu gecə ikən gedən gündüz sevinər, çünki o, yolu görmədən getmişdir, gənc ikən evlənən adam isə yaşa dolanda sevinər, çünki uşaqları işləyərək onun ehtiyacını ödəyərlər, adam rahat olar.” [96, c.3, s.79-80] Bu söz evlənmək, ərə vermək mənasında “Orxon‒Yenisey”abidələrində (Sücü abidəsində) də “eblə” şəklində işlənmişdir.
-ar,-ər şəkilçisinin isimlərdən feil əmələ gətirməsi halına “Divani-lüğat-it türk” əsərində rast gəlinir. Məsələn, M.Kaşğari həmin lüğətində -ar,-ər şəkilçili “tozardı” , “közər” kimi sözləri vermişdir.
Müasir dilimizdə isə şəkilçinin isimlərdən feil əmələ gətirməsi halına otarmaq, közərmək, cücərmək sözlərinin tərkibində rast gəlmək mümkündür. B.Əhmədov cücərmək feilini göyərmək feilinin dəyişməsi nəticəsində yarandığı qənaətindədir. Bizə belə gəlir ki, bu söz etimoloji cəhətdən cücə, cücü, cocuq, cıqqılı, cıqqış və -cıq,-cik,-cuq,-cük morfemləri ilə eyni xətdə birləşir.
Müasir Türkiyə türkcəsində işlənən önərmək feilini də -ar,-ər şəkilçili sözlərdən hesab etmək olar. Bundan başqa, -ar,-ər budaq morfemi əlamət və rəng bildirən bəzi sifətlərdən də nəticənin və ya prosesin nəticəsini bildirən feillər yarada bilir. [118, s.214] Məsələn: yaşarmaq, bozarmaq, göyərmək, ağarmaq, sararmaq, qararmaq və s. Bu sözlərdə -ar,-ər şəkilçisi bir növ adlardan feil düzəldən -al,-əl şəkilçisinin qrammatik sinonimi kimi çıxış edir. Hər iki morfem qoşulduğu sözlərdə “olmaq” köməkçi feilinin ifadə etdiyi semantikanı verə bilir. [67, s.60‒62] Məs.: ağarmaq-ağ olmaq, göyərmək-göy olmaq, dincəlmək-dinc olmaq, çoxalmaq-çox olmaq və s. Ancaq bu hal isimlərdən əmələ gəlmiş -ar,-ər şəkilçili feillərdə özünü göstərə bilmir. Daha dəqiq desək, isimlərdən düzəlmiş feillərdə -ar,-ər morfemini “ol” feilinə transformasiya etdikdə həmin sözlərin semantikasında böyük fərq yaranır. Ona görə də otarmaq və ot olmaq, közərmək və köz olmaq ifadələrini eyniləşdirmək olmaz. Ümumiyyətlə, dilçilik ədəbiyyatında belə bir fikir var ki, -ar,-ər və -al,-əl feil düzəldən şəkilçiləri “ol” və “er” feillərindən törəmişdir.
Orta əsr yazılı abidələrinin dilinin tədqiqi göstərir ki, şəkilçi tarixən də qismən əlamət, keyfiyyət bildirən sifətlərdən hərəkət bildirən sözlər əmələ gətirmişdir. Məs.: Ər qarar, könli qararmaz. Üzüm üzümə görə qararar. Borclu ölməz, bənizi sararır. (Oğuznamə), Sünbül gögərir səbzə kimi güllərə qarşı. (Q.Təbrizi), Baş ağardı nafə tək ta qanın etdi müşkinab.(S.Təbrizi) [1, s.71‒72]
Bu nümunələrin arasında verilmiş “sararmaq” və “qararmaq” sözlərində fonetik hadisə və qanunlarla bağlı aparılmış tədqiqatların böyük əksəriyyətində dissimiliyasiya hadisəsinin olduğu və məhz səs fərqləşməsi hadisəsi nəticəsində müvafiq olaraq “saralmaq” və “qaralmaq” şəklində sabitləşdiyi qeyd olunmuşdur. Ancaq bu fakt dissimiliyasiyanın təbiətinə tam uyğun gəlmir. Müşahidələr göstərir ki, Azərbaycan dilində səs fərqləşməsi daha çox, əksəriyyət etibarilə iki hecalı sadə sözlərdə özünü göstərir. Akademik A.Axundov da müasir dil baxımından bu sözlərdə heç bir fonetik hadisə olmadığını qeyd edir. O yazır: “... sözün mənşəyi qaralmaq-qara olmaq, saralmaq-sarı olmaq şəklində izah edilərsə, burada tarixi fonetika baxımından da fərqlənmə hadisəsi tapmaq olmaz. Ağ+armaq, boz+armaq qəlibləri sözün mənşəyi məsələsinin izahını çətinləşdirir. Odur ki, fonetik ənənəni gözləyərək, qaralmaq və saralmaq sözlərini fərqləşmə hadisəsi ilə bağlayırıq.” [7, s.224] Bizə belə gəlir ki, sararmaq və qararmaq sözlərində dissimilyasiya hadisəsi sünidir və saralmaq və qaralmaq sözləri səs fərqləşməsi nəticəsində əmələ gəlməmişdir. Belə ki, “Orxon‒Yenisey” abidələrindən başlayaraq həm -ar,ər, həm də ki -al,-əl şəkilçisinin paralel şəkildə işləkliyi nəzərə çarpır. Ancaq sararmaq və qararmaq sözlərinin daha qədim olduğuna şübhə etmirik. Burada diqqət çəkən bir məqam da odur ki, əlamət bildirən sarı və qara sifəti hər iki şəkilçi ilə işləndikdə eyni semantik çaları ifadə edir. Düzdür, dilimizdə eyni sözə müxtəlif leksik şəkilçi əlavə etməklə yeni leksik vahid yaratmaq mümkündür. Bu, bəzi sözlərdə semantik fərq yarada bilir, bəzilərində isə yaratmır. Məsələn, ot isimindən otuxmaq və otlamaq feili yaransa da, onların ifadə etdikləri mənalarda müəyyən fərq özünü göstərir. Feillərdə isə fərq əsasən sözün qrammatik məna növü ilə bağlılıq təşkil edir. Məs.: deyinmək-deyişmək-deyilmək, döyülmək-döyünmək-döyüşmək, baxışmaq-baxınmaq-baxılmaq və s.
Güman ki, sararmaq, qararmaq, saralmaq və qaralmaq sözlərindəki yaxınlıq -ar,-ər, -al,-əl şəkilçilərinin etimoloji cəhətdən bağlılığı ilə əlaqədardır.
Şəkilçinin İraq-Türkman ləhcəsində də işlənməsi Azərbaycan dilində olduğu kimidir. [74, s.165] B.Serebrennikov bu suffiksi təkrar hərəkəti ifadə edən morfem kimi izah etmişdir. [131, s.306] A.N.Kononov türk dilindəki delirmək və morarmaq feillərini də -ar şəkilçili söz kimi vermişdir. [180, s.108]
Ə.Rəcəbli də bu budaq morfemi göytürk dilinin morfoloji quruluşunda qeyri-məhsuldar iştirak etdiyini və cəmi 6 sözdə işləndiyini qeyd etmişdir. [123, s.246] Abidələrin dilindəki əgər ( mühasirə etmək, təqib etmək), uluğar (yüksəltmək), kobar (çoxaltmaq) buna nümunədir. Müasir dilimizdən fərqli olaraq abidələrin dilində saylardan da feil əmələ gətirmişdir. Güman ki, bu gün -ar şəkilçili feil olan qoparmaq sözünün kökündə də çox mənasını verən “kob” sayı dayanır. Kağan olurıp yok çığay bodunığ kop kobartdım (K, c 9-10) - Xaqan oturub yoxa çıxan xalqı xeyli çoxaltdım. Məlumdur ki, türk dilləri üçün k˃q, b˃p əvəzlənməsi də tam təbii haldır. “Kob” sözü M.Kaşğarinin lüğətində də izah olunmuşdur. Abidələrin dilində “kobran” sözünün işlənməsi bununla bağlıdır. Bizə görə qədimdə kob/p sözü həm say, həm də feil kimi işlənməklə omonim olmuşdur. Həqiqətən də “qopartmaq” sözünün ifadə etdiyi semantik çalarlar arasında gizli formada olsa da, bir çoxluq anlayışı da özünü göstərir. Lakin zaman keçdikcə bu sözün semantikasında müəyyən dəyişikliklər getmiş, söz məcazilik əsasında yeni çalarlar qazanmışdır. Şəkilçinin feildən feil düzəltməsinə isə daha az rast gəlinir. Çıxmaq təsirsiz feilindən çıxarmaq təsirli feilini düzəldir. Q.Kazımov bu şəkilçini -ır şəkilçisinin açıq saitli variantı kimi izah edir. [77, s.34]
-var. Söz-şəkilçi keyfiyyətinə malik olub, müasir dilimizdə qeyri-məhsuldar budaq morfem kimi təkcə suvar təsirli feilinin tərkibində işlənir. Əslində, -var şəkilçisi müstəqil bir şəkilçi olmayıb, -ar,-ər şəkilçisinin bir fonetik variantıdır. Lakin ənənəvi dilçilikdə şəkilçi əksərən ayrılıqda müstəqil şəkilçi kimi verildiyi üçün biz də ənənəni pozmadıq. Söz kökünün son samitinin artıq kökdən tamamilə ayrılıb şəkilçi daxilində sabitləşməsi də -var şəkilçisindən müstəqil şəkilçi kimi bəhs etməyə imkan verir. Bir məsələni də qeyd edək ki, bəzi dərs vəsaitlərində “suvar” sözündəki “v” yanlış olaraq bitişdirici samit kimi götürülür. Əslində isə, müasir Azərbaycan ədəbi dilində “v” adlı bitişdirici samit yoxdur. [40, s.58‒63] Qədim yazılı abidələrdə, qaynaqlarda söz həm sub, həm suv, həm də ki suf şəklində işlənmişdir. Məsələn, “Orxon‒Yenisey” abidələrində, dəqiq desək, Orxon, Kültigin, Tonyukuk, Moyon Çor, İlbilgə, Yenisey abidələrində söz sub kimi işlənmişdir. M.Kaşğarinin “Divan”ında isə bu söz həm suf (DLT3, 373), həm də suw (DLT1, 480) formasında işlənmişdir. “Divan”da hazırda su mənasını bildirən arxaik suw sözü müxtəlif qrammatik və leksik şəkilçilərlə birlikdə 200 dəfədən artıq işlənmişdir. [97, c.4, s.480‒483] Suf sözü isə cəmi bircə dəfə işlənmişdir. Bundan başqa, suvarmaq mənasında suwar sözü ilə yanaşı, suwğar sözü də işlənmişdir: Kanınq əmdi yer suwar=qanınla indi yer suvar (DLT1, 477), Ol at suwğardı=o atı suvardı (DLT2, 200)
Bu sözə “Kutadqu Bilik”də də suvlanur (KB, 275), suv (KB, 669, 971, 973, 1735), suvsamak (KB, 2924) şəklində də rast gəlinir. Y.Məmmədov bu sözü suvaq sözü ilə müqayisədə təhlil edərək söz kökündəki son samitin artıq XI-XII əsrdən düşdüyü qənaətində olmuşdur. O, suvaq və suvar sözlərini müasir dil baxımından tərkib hissələrinə ayrılmayan quruluşca sadə sözlər kimi qəbul etmişdir. [107, s.50‒51] Lakin bu fikri suvar sözünə aid etmək olmaz.
-ı,-i,-u,-ü. Bu şəkilçi müasir Azərbaycan ədəbi dilində çoxfunksiyalı bir şəkilçi olmaqla yanaşı, eyni zamanda adların və bəzi feillərin sonuna əlavə edilməklə yeni mənalı feillər əmələ gətirir. Omonim şəkilçi keyfiyyətinə malik olan feil düzəldən -ı,-i,-u,-ü şəkilçisi adlardan feil düzəltdikdə daha çox söz kökündəki anlayışla bağlı hərəkətin meydana gəldiyi halda, feillərdən feil düzəltdikdə isə əsasən, hərəkəti təkrarərən sürətləndirir, ona dinamiklik, intensivlik qazandırır. Digər feil düzəldən qeyri-məhsuldar şəkilçilərlə müqayisədə morfoloji yolla sözyaratma prosesində nisbətən məhsuldar şəkilçi funksiyasında çıxış edir. Bu şəkilçi vasitəsilə yaranan feillər həm təsirli, həm də təsirsiz ola bilir. Məs.: bayatımaq, ayazımaq, yerimək, qazımaq, nəmimək, genimək, turşumaq, acımaq, bərkimək, dadımaq, ləngimək, təngimək, qartımaq, avazımaq, sürümək, qoxumaq, yavaşımaq, zarımaq və s. Z.Budaqova -ı,-i,-u,-ü şəkilçisi vasitəsilə yaranmış feillərin ifadə etdikləri semantik çalarları söz köklərinə müvafiq olaraq, prosesin adını bildirənlər, nəticə bildirənlər, yer, istiqamət bildirənlər olmaqla bir neçə qrupda ümumiləşdirmişdir. [118, s.214]
Qurumaq, yavımaq, üşümək, daşımaq, ləlimək, oxumaq, sarımaq, kirimək, səngimək, darımaq, zarımaq, soyumaq, ağrımaq, toxumaq, sırımaq, kürümək, qıcımaq, böyümək, uyumaq, qarımaq, yarımaq, tanımaq, bürümək kimi feillərdə şəkilçi artıq kökdən ayırılmır, köklə birlikdə sadə lüğəvi vahid keyfiyyəti qazanmış olur. [76, s.55‒68]
Bu şəkilçi rast gəlinən bütün misallarda milli və az da olsa, fars mənşəli sözlərə qoşulmuşdur. Lakin çox nadir halda feil əsasından da feil düzəldə bilir. Məsələn: köpəşimək
-ı,-i,-u,-ü şəkilçisi haqqında istər Azərbaycan, istərsə də türkoloji dilçilikdə müəyyən tədqiqatlar aparılmışdır. M.Hüseynzadə bu şəkilçini sifətdən feil düzəldən şəkilçi kimi tədqiq etmişdir. [62, s.123] S.Cəfərov isə feildən feil düzəldən şəkilçi kimi bəhs etmişdir. [19, s.112] -ı,-i,-u,-ü qeyri-məhsuldar şəkilçisini türk dillərinin materialları əsasında tədqiq edən F.Zeynalov da onu ancaq adlardan feil düzəldən şəkilçi kimi qiymətləndirmişdir. [152, s.194] Qeyd edək ki, türkologiyada -ı,-i,-u,-ü şəkilçisinin feil düzəldən -a,-ə şəkilçisinin bir forması olması haqqında müxtəlif fikirlər mövcuddur. Belə ki, A.von Qaben [155, s.48], N.Hacıyeva, B.Serebrennikov [131, s.302] şəkilçini bu aspektdən şərh etmiş, türk dillərində işlənmə xüsusiyyətlərini göstərmişlər. M.Erdal isə şəkilçini -ı,-i,-u,-ü kimi deyil, adlardan feil düzəldən -a şəkilçisi kimi qəbul etmişdir. [185, s.474] Q.Kazımov şəkilçinin -a,-ə şəkilçisi ilə kökdaş olduğunu qəbul etsə də, onun qapalı saitli variantını daha ilkin hesab edir. M.Ergin və N.Hacıeminoğu da şəkilçini daha çox qədim türk dilinin leksikası əsasında izah etmişlər.
-aqla,-qla,-klə. Əsasən iki hecalı sözlərin sonuna artırılıb təsirli və təsirsiz feillər əmələ gətirir. Söz yaradıcılığında çox passiv iştirak edir. Dilçilik ədəbiyyatında adətən -aqla,-qla,-klə şəkilçisi vasitəsilə yaranmış sözlərə nümunə kimi oynaqlamaq və sürükləmək sözləri göstərilir. Lakin bizə belə gəlir ki, oynaqlamaq sözü oynamaq feilindən deyil, oynaq sifətindən düzəlmişdir: oyun‒oy(u)n+a‒oyna+(a)q‒oynaq+la şəklində. Sürükləmək sözündə isə şəkilçi artıq daşlaşma prosesindədir. S.Cəfərov sayıqlamaq sözünü də -aqla,-qla,-klə şəkilçisi ilə düzələn söz kimi verir. [19, s.118] Bizə görə, sayıqlamaq sözünü müasir dil deyil, tarixi qrammatika baxımından etimoloji təhlil etmək mümkündür.
-rən. Müasir Azərbaycan ədəbi dilində bir variantlı qeyri-məhsuldar şəkilçi funksiyasında çıxış edən -rən şəkilçisi isimdən təsirsiz feil düzəldir. Türk dillərinin tarixi qrammatikasına nəzər saldıqda məlum olur ki, tarixən bu şəkilçi -ran,-rən şəklində olmaqla iki variantda işlənmişdir. Lakin bədii mətnlərin dilinin linqvistik tədqiqi onu göstərir ki, şəkilçinin -rən forması həmişə daha işlək olmuşdur. Hətta müasir Azərbaycan ədəbi dilində -ran formasına, ümumiyyətlə, rast gəlinmir. İstər tarixi, istərsə də təsviri qrammatikada bir şəkilçi kimi söz yaratma prosesində zəif iştirak etmişdir. Bunu qədim dövr yazılı abidələrindən başlayaraq bugünə kimi rast gəlinən misalların da eyni olması da təşkil edir. Bir faktı da qeyd edək ki, -ran, -rən şəkilçisi, əslində, -ra,-rə və qayıdış növün morfoloji əlamətlərindən biri olan -n şəkilçisinin birləşməsi əsasında əmələ gəlmişdir. Hazırda ədəbi dilimizdə iyrənmək feilinin tərkibində işlənsə də, tarixən kobranmaq, öyrənmək, çiyrənmək, çiyr(ə)inmək, tərpənmək sözlərinin yaranmasında da iştirak etmişdir. Bugün kopranmaq sözü dilimizdə, ümumiyyətlə, işlənmir, öyrənmək və tərpənmək sözlərində isə şəkilçi çoxdan daşlaşmışdır. Bundan əlavə, bu sözlərin dilimizdə həm də daşlaşmış, sabitləmiş öyrəşmək, öyrətmək, tərpəşmək, tərpətmək formaları da mövcuddur. Fikrimizi faktlar əsasında izah edək: Kob(p)ranmaq sözünün kökü “kob/p” qədim türk dilində çox deməkdir. Abidələrin dilində kob/pranmaq sözü birləşmək, çoxalmaq, toplaşmaq mənalarında işlənmişdir. Bu sözə Tonyukuk abidəsində təsadüf olunmuşdur. Tərpənmək feilinin kökü isə təp feilidir. Metateza hadisəsi nəticəsində söz kökünün son samiti ilə şəkilçinin ilk samiti yerini dəyişmişdir: təp+rə+n(mək)‒tərpənmək. M.Kaşğari “təp” sözünün mənasını qədim türk sözü kimi “təpmək”, “doymaq”, “vurmaq” şəklində izah etmişdir. “Divan”da bu sözlə bağlı yaranmış təpik (DLT1,76), təpil (DLT2, 145), təpin (DLT2,162), təpiş (DLT2, 121), təprə (DLT3, 254), təprən (DLT2, 242), təprəş (DLT2, 213) təprət (DLT2, 316) kimi leksik vahidlər də öz əksini tapmışdır. Təp sözü müasir Azərbaycan ədəbi dilində az da olsa, öz işləkliyini qoruyub saxlaya bilmişdir. Həm ayrıca təpmək feili kimi, həm də başına at təpmək frazeoloji birləşməsinin tərkibində işlənir. M.Mirzəliyeva dilimizdəki təpər ismini də təpmək feili ilə əlaqələndirmiş [114, s.172‒182], Ə.Quliyev isə bu sözlə bağlı dialekt və şivələrimizdə işlənən təpkeş, təpkec, təpkeç, təhvənc, təkbec, təpcək təkeş, təkkeç, təfkeş sözlərini də qeydə almışdır. [89, s.54]
Ö(g)yrənmək sözünün də kökü etimoloji cəhətdən omonimlik xüsusiyyəti daşıyan “ög” sinkretik sözüdür. Bu söz qədim türk dilində işlək olmuşdur. Müstəqil bir söz kimi Kültigin (K, ş 11, 23, 25, 31, şm 9) və Yenisey (Y, 28, 29, 47) abidələrində zəka, ağıl, öyüd, tövsiyə, ana mənalarını ifadə etmişdir. Söz bəzən tərpənmək sözündə olduğu kimi metateza hadisəsinə uğramış, örgənmək şəklində işlənmişdir. Ədəbi dildə öyrən forması qəbul olunsa da, danışıq dilində örgən formasından da istifadə edilir. Digər feillərdən fərqli olaraq, öyrənmək feili təsirlidir.
İyrənmək sözünün kökü də qədim türk sözüdür. Tarixən yig, ig, yik formasında işlənmişdir. Sözün mənasını M.Kaşğari də izah etmişdir. Qədim türk dilinin materialları, orta dövr Azərbaycan ədəbiyyatına aid bədii mətnlərin dili göstərir ki, söz iyrənmək, igrənmək, irgənmək şəkillərində paralel işlənmişdir.
Yuxarıda vurğuladığımız kimi, -rən şəkilçisi təsviri morfologiyada bir şəkilçi kimi verilsə də, tarixən, heç şübhəsiz ki, söz yaradıcılığında iki müxtəlif şəkilçi kimi iştirak etmişdir. B.Serebrennikov və N.Hacıyeva -ra,-rə şəkilçisini təkrar mənası bildirən affikslərin birləşməsi kimi nəzərdən keçirmişdir. Onların fikrincə, -r şəkilçisi ilkin olaraq təkrar hərəkəti ifadə etmiş və adətən başqa şəkilçilərlə birlikdə işlənmişdir. [131, s.306] M.Ergin, N.Hacıeminoğlu isə -r şəkilçisini daha çox fuziallaşmış sözlər üzərində izah etmiş, onu feildən feil düzəldən dördvariantlı -ır şəkilçisindən fərqləndirmişlər. [160, s.199; 163, s.44] M.Erdal qədim türk dilində -ra,-rə şəkilçisinin işləndiyi sözləri əsasən ikihecalı olduğunu qeyd etmiş və həmin budaq morfemin daha çox sonu “n”, “k”, “g”, “l”, “ç” samitləri ilə bitən sözlərə qoşulmasını “çıkra”, “kükra”, “tigre”, “kaldıra” kimi sözlər əsasında izah etmişdir. [185, s.469‒474] B.Çobanzadə isə -r ünsürlü feil düzəldən şəkilçini -ar,-ər şəkilçisinin izahı kontekstində vermişdir. [26, c.5, s.123] Q.Kazımov -rə şəkilçisini təsirli feil düzəldən şəkilçi kimi təqdim etmişdir. [76, s.44] B.Xəlilov da Azərbaycan dilində -ır morfemli sözlərin semantikasında “hərəkət” çalarının üstün olduğunu qeyd etmişdir. [68, s.83‒84]
Ümumiyyətlə, -r ünsürlü şəkilçilər lap ilkin dövrlərdə morfoloji yolla söz yaradıcılığında daha məhsuldar iştirak etmişdir. Bunu qədim mətnlərin və danışıq dilindən seçdiyimiz quruluşca sadə olan bir və iki hecalı sözlərin çoxluğu da təsdiq edir. Məsələn: qırmaq, qurmaq, sormaq, sarmaq, yormaq, aramaq, qarımaq, sarımaq, kövrəlmək, ağramaq, ağrımaq, varmaq, girmək, səkrəmək, sıçramaq, çiyrəmək, iyrəmək, sırımaq, dirəmək, kürümək, kirimək, kükrəmək, titrəmək, yaramaq, büdrəmək, daramaq, türəmək, törəmək, sivirmək, səyirmək, səyrəmək, doğramaq, qayırmaq, ayırmaq və s. Çox güman ki, bu proses bizim eradan əvvəl başlayıb yekunlaşmışdır. Ona görə ki, etimoloji cəhətdən kök və şəkilçiyə ayrıla bilən sözlərin böyük əksəriyyəti artıq “Orxon‒Yenisey” abidələrində və “Divan”da hazır sadə söz şəklində verilmişdir.
-ran,-rən şəkilçili sözlərə aşağıdakı mötəbər mənbələrdə də rast gəldik: kobran (T, 4), igrən (Oğuz,124), təprən (DLT2, 242; KB, 3902, 5030), ögrən (KB, 1681) və s.
Məlumat üçün qeyd edək ki, ögrənmək sözü “Kutadqu Bilik” əsərində azı on dəfə işlənmişdir (KB, 1681, 1678, 1682, 1794, 1827, 3169, 3217, 3221, 3220, 4049). Bu sözün kökü də “Kutadqu Bilik”də həm ayrıca ög (KB, 4875), həm şəkilçi ilə birgə ögsüz (KB, 1487, 1990, 2767, 2771), həm də ögey (KB, 3270) şəklində işlənmişdir.
-qır,-kir,-kur,-kür,-ır,-ir,-ur,-ür. Qeyri-məhsuldar şəkilçi kimi tədricən işləkliyini itirməkdədir. Demək olar ki, müstəqil şəkilçi kimi də işlənə bilmir. Görünür, tarixən daha məhsuldar şəkilçi olmuşdur. Bu gün daşlaşmış formada hönkürmək, hovxurmaq, hıçqırmaq, eşqirmək, püskürmək, fısqırmaq, üfürmək, böyürmək, bəyirmək, yoğurmaq, yüyürmək, sivirmək, çığırmaq, bağırmaq, çığırmaq, qanırmaq fışqırmaq, öskürmək, hayqırmaq, anqırmaq, asqırmaq, tüpürmək, çəmkirmək, fınxırmaq və s. kimi sözlərin tərkibində qalmışdır. Püskürmək sözü “Koroğlu” dastanında püfkürmək şəklində işlənmişdir: ... Çeynərəm poladı püfkürrəm göyə, Gidi Reyhan, məgər dəli olmusan? (KD, 48)
A.Ağalarov şəkilçi haqqında yazır: “Bu şəkilçi dilimizdə tarixən işlənmiş şəkilçilərdən olub. Hazırda bəzi təqlidi sözlərə qoşularaq təsirsiz fel düzəldir. Məsələn: fışqır(maq), püskür(mək), üfür(mək), hovxur(maq)” [3, s.28] Lakin buradakı üfürmək və püskürmək feilləri göstərir ki, “...təqlidi sözlərə qoşularaq təsirsiz fel düzəldir” fikri bütün nümunələr üçün eyni deyil. Bu gün kök və şəkilçiyə ayrıla bilməyən püskür(mək), üfür(mək) sözləri obyekt, xüsusilə qeyri-müəyyənlik bildirən təsirlik halda olan obyekt tələb etdiyi üçün təsirli feil hesab olunmalıdır. Məsələn: Nanəciblər fürsət tapıb kül üfürdü gözümüzə, doğma yurdum! (V.Dumanoğlu)
Dilçilik ədəbiyyatında -ır,-ir,-ur,-ür şəkilçisi -qır,-kir,-kur,-kür şəkilçisindən törəmə olduğu göstərilir. [19, s.113] Bundan başqa, -qır,-kir,-kur,-kür şəkilçisi daha çox səs təqlidi əsasında yeni sözlər yaratdığı halda, -ır,-ir,-ur,-ür şəkilçisi əsasən arxaik feil köklərindən yeni sözlər düzəldir. Lakin nümunə kimi verdiyimiz sözləri təsviri qrammatika baxımından kök və şəkilçiyə ayırmaq mümkün deyil. Çünki belə olduqda həm kök, həm də şəkilçi hissəsi asemantik xarakterə malik olur. Məhz buna görə də bu tip sözləri etimoloji cəhətdən təhlilə cəlb etmək fayda verə bilər.
-əclə. Əslində, -əclə budaq morfemi feildən isim düzəldən -ac,-əc,-c şəkilçisinin və adlardan feil düzəldən -la,-lə şəkilçisinin birləşməsi əsasında formalaşmışdır. Azərbaycan dilində döyəcləmək sözünün tərkibində işlənir. Sözün quruluşu döy+əc+lə modelində olsa da, döyəc sözü artıq müstəqil bir söz kimi işləkliyini itirmək üzrədir. Bu söz dilimizdə keçən əsrin ortalarına qədər daha işlək olmuşdur. Dilimizdə döyəc sözü ilə bağlı döyəcçi, döyəcləmə, döyəclənmək, döyəcləmək, döyəcdaşı kimi sözlər də mövcuddur. [12, s.196] Dilçiliyimizdə -əclə mürəkkəb budaq morfemi birgə qeyri-məhsuldar şəkilçi kimi təqdim olunur. “Döyəc” bir növ, çəkic, gürz mənasını verir. “Döy” feilindən əmələ gəlmiş “döyəc” sözü -lə şəkilçisi ilə işləndikdə belə söz kökündəki semantik çalar üstünlük təşkil edir. Bu mənada döyəclə sözünü döy feili ilə əvəz etdikdə böyük bir semantik fərq yaranmır. Yəni bir növ döyəcləmək feili effemistik şəkildə döymək feilinin mənasını ifadə edir.
Döyəcləmək sözü “Koroğlu” dastanında da işlənmişdir: Kənizlər ona qulaq asmayıb hey döyəcləyirdilər. (KD, 200)
-lat,-lət. Bu şəkilçi də feil düzəldən iki müxtəlif şəkilçinin birləşməsi əsasında formalaşıb. Lakin -lat,-lət şəkilçili bütün sözlərdə həmin morfemi bir müstəqil şəkilçi kimi götürmək olmaz. Məsələn, gözlətmək, başlatmaq, düzlətmək, saplatmaq, ayaqlatmaq, imzalatmaq, qollatmaq kimi feillərdə -lat,-lət iki müstəqil və müxtəlif şəkilçi kimi çıxış edir. Bu tip sözlərdə -la,-lə elementindən sonra inkarlıq və məsdərin morfoloji əlamətini işlətmək heç bir semantik fərq və ya asemantikləşməyə səbəb olmur. Belə sözlər adlardan la,-lə şəkilçisi vasitəsilə yaranmış təsirli feillərdən ibarətdir. Azərbaycan dilindəki yüngüllətmək, bahalatmaq kimi sözlərdə isə -lat,-lət birlikdə qeyri-məhsuldar hesab olunur. Şəkilçinin yaratdığı sözlər0 təsirli olmaqla yanaşı, daha çox hal-vəziyyət, hərəkət bildirir. B.Serebrennikov -lat,-lət şəkilçili sözləri kazuativ (icbar) mənalı feillər kimi nəzərdən keçirmişdir. [131, s.305] F.Zeynalov bu haqda yazır ki, bu şəkilçilər təsirli feillər yaratmaqla yanaşı, icbar növünü də formalaşdırır. [152, s.193]
-ırğa,-irgə. Yad sözündən yadırğa feilini əmələ gətirir. Əsirgəmək sözündə şəkilçi daşlaşmışdır. Bu sözü M.Kaşğari acımaq, təəssüf etmək mənasında vermişdir. (DLT1, 325) Qoşulduğu söz təsirli feilə çevrilir. Mürəkkəb struktura malikdir. S.Cəfərov isə bu şəkilçinin -qır+la modeli əsasında yarandığı fikrini irəli sürmüşdür. [19, s.113] N.Hacıeminoğlu yadırğa və əsirgə sözləri ilə yanaşı, genirgəmək (genişləndirmək), dingirgəmək (sakitləşdirmək), daşırğamaq (ayaq yalın gəzməkdən ayağı yaralamaq) sözlərini də bu şəkilçi vasitəsilə əmələ gəlmiş söz kimi vermişdir. [163, s.271] H.Mirzəyev daşırğamaq sözünü dialekt sözü kimi qəbul edir. Bu söz müasir türk dilində də işlənir. Bundan əlavə, o, qızırğamaq, qızırğalanmaq sözlərini də -ırğa,-irgə şəkilçisi ilə düzəldiyini güman etmişdir. [115, s.121]
-ürgə,-rgə. Dilçilik ədəbiyyatında bu şəkilçi -ırğa,-irgə şəkilçisinin derivatı kimi verilir. Azərbaycan dilində “üşürgələnmək” sözündə işlənir.
-ta,-tə,-da. Müasir Azərbaycan ədəbi dilində feil düzəldən şəkilçilər arasında az tədqiq olunan şəkilçilərdən hesab oluna bilər. Dilçiliyimizdə şəkilçinin -da forması daha çox təqlidi sözlərdən feil düzəldən dörd variantlı -ılda şəkilçisinin funksional xüsusiyyətləri baxımından izah olunur. Bundan başqa, -da,-də şəkilçisi türkologiyada -la,-lə şəkilçisinin bir fonetik variantı kimi qəbul olunur. -ta forması qeyri-məhsuldar olsa da, çox qədim şəkilçidir. Təsirsiz feil əmələ gətirir. Şəkilçi “Orxon‒Yenisey” abidələrində də işlənmişdir: Olurtıkıma öltəçiçə sakınığıma türk bəglər, bodun ökirip, sebinip toxtamış gözi yögəri körtü. (Bl, ş 2) = Mən taxta oturduqda öləcəklərinə kədərlənən türk bəyləri və xalqı öyünüb, sevinib, toxtamış gözləri ilə yuxarı baxdılar. Ə.Rəcəbli -ta şəkilçisinin yaratdığı semantikanı “bol” köməkçi feilinin ifadə etdiyi semantika ilə sinonim kimi qəbul edir.
Qeyd edək ki, toxtamaq sözünün kökü “Divan”da omonim söz kimi 3 müxtəlif mənada izah olunmuşdur. Həmin mənalardan biri də “tox”, “ac olmayan” şəklində izah olunmuşdur. Göründüyü kimi, söz eyni çaları saxlamaq şərti ilə, təqribən min beş yüz il sonra dilimizdə kiçik bir fonetik fərqlə işlənir.
A.von Qaben, M.Ergin, N.Hacıeminoğlu kimi dilçilər tədqiqatlarında qədim türk dilində ünta, ista, alta, alda, bağda sözlərinin də -ta,-tə,-da,-də vasitəsilə yarandığını yazmışdır. Bu sözlərin hamısı müasir Azərbaycan dilində müəyyən fonetik fərqlə bu gün də işləkdir: ünləmək/inləmək, istəmək/izləmək, alla(t)maq /alda(t)maq, bağlamaq.
Alla/alda sözü müstəqil işlənə bilməsə də, aldatmaq//allatmaq sözündə öz varlığını qoruyub saxlaya bilmişdir. Ümumiyyətlə, aldatmaq sözünü kök və şəkilçiyə ayırmaq da mümkündür. Sözün kökü al morfemi hiylə mənasında dilimizdə işlənir. Klassik ədəbiyyatımızda daha çox işlək olmuşdur:
Al ilə ala gözlərin aldadıb aldı könlümü .
Alını gör nə al edər kimsə irişməz alinə. (İ.Nəsimi)
Dilimizdə “al dili” ifadəsinin işlənməsi də bununla bağlıdır.
Nəticə kimi qeyd edək ki, Azərbaycan dilində adlardan feil yaradan qeyri-məhsuldar şəkilçilərin çoxu “Orxon‒Yenisey” abidələrində və ondan sonrakı dövrə aid mətnlərdə bu və ya digər dərəcədə işlək olmuşdur.Bu qrupa aid olan morfemlərin böyük əksəriyyəti ad və əlamət bildirən sözlərin sonuna qoşulub məlum növ feillər düzətməklə bərabər, əsasən hərəkətin intensivliyi baxımdan dinamik, lüğəvi məna baxımdan isə hərəkət bildirən feillər yaradır. Eyni zamanda əmələ gətirdiyi sözlər təsirli və təsirsiz olur. Əlavə edək ki, dissertasiyanın bu fəslində yer almış qeyri-məhsuldar budaq morfemlər və onların funksional xüsusiyyətləri ilə bağlı AAK-ın tələblərinə cavab verən müvafiq jurnallarda məqalələr çap etdirmiş və konfranslarda çıxış etmişik.
Dostları ilə paylaş: |