Feillərdən ad düzəldən qeyri-məhsuldar şəkilçilər
Müasir Azərbaycan ədəbi dilində ad düzəldən şəkilçilərin arasında feildən ad yaradanlar ərəb-fars və rus-Avropa mənşəli ad əmələ gətirənlərdən kəmiyyət etibarilə çoxluq təşkil edir. Adlardan ad düzəldən şəkilçilər kimi bu qrupa daxil olan morfemlər də türk mənşəli olmaqla, qədim tarixi köklərə malikdir. Üstəlik, bu şəkilçilərin hamısı postpozitiv şəkilçilər kimi təşəkkül tapmış və bu gün də əksər türk dillərində müəyyən fonetik fərqlərlə bu və ya digər dərəcədə işləkdir. Müasir Azərbaycan ədəbi dilində feillərdən ad düzəldən qeyri-məhsuldar şəkilçilər əsasən aşağıdakılardan ibarətdir:
-ülü. Dilçilikdə -ülü şəklində verilən bu morfem dördvariantlı -ılı,-ili,-ulu,-ülü şəkilçisinin bir variantıdır. İki müxtəlif leksik şəkilçinin sintezindən ibarətdir. Bu şəkilçi ilə bağlı deyilmiş bütün fikirlər cüzi fərqləri nəzərə almasaq, bir-biri ilə eyni xətdə birləşir. Bundan başqa, şəkilçi ilə bağlı verilmiş şərhlər daha çox əksəriyyət etibarilə örtülü və küsülü sözlərinin quruluşu ilə əlaqədardır. S.Cəfərov bu şəkilçinin funksional xüsusiyyətləri haqqında yazır: “Feillərdən ad düzəldən -ı,-i,-u,-ü şəkilçisi ilə adlardan ad düzəldən -lı,-li,-lu,-lü şəkilçisinin birləşməsindən törəmişdir. Ancaq -ı,-i,-u,-ü şəkilçisindən ad düzəltmək mümkün olmayan köklərdə (məsələn, asılı) -ılı,-ili,-ulu,-ülü müstəqil şəkilçi sayılır. Belə köklərdə -lı,-li,-lu,-lü şəkilçisi də müstəqil şəkilçi kimi özünü göstərə bilmir; məsələn, asılı sözünü ası və -lı tərkib hissələrinə ayırmaq mümkün deyildir. Belə tərkib hissələrinə ayrıla bilən sözlərdə isə -ılı bir mürəkkəb şəkilçi kimi deyil, iki –ı və -lı şəkilçiləri kimi tərkib hissələrinə ayrılır; məsələn, yazılı‒yaz-ı-lı, çəkili‒çək-i-li və s. Hətta bu cür sözlərin özündə də -ı və -lı şəkilçiləri bir semantik vahid kimi çıxış edən ünsürə çevrilmək üzrədir. Dilimizdə getdikcə məhsuldarlaşan bu şəkilçi vasitəsilə sifət əmələ gətirilir; məsələn, sar-sarılı, ək-əkili, qur-qurulu və s.” [19, s.94]
S.Cəfərov şəkilçi haqqında bu fikrini sonrakı tədqiqatlarında da davam etdirmişdir: “Son zamanlar formalaşmaqda olan bu şəkilçi vasitəsilə tam atributiv adlar (sifətlər) əmələ gətirilir; məsələn, sarılı, sərili, əkili, qurulu, qoşulu, örtülü və s.” [21, s.192]
Nəsimi adına Dilçilik İnstitutunun nəşri olan “Müasir Azərbaycan dili” kitabında da örtülü sözü nümunə göstərilməklə -ülü morfemi qeyri-məhsuldar şəkilçi kimi verilmişdir. [118, s.112]
Q.Kazımov isə örtülü sözünün quruluşunu S.Cəfərovun mövqeyinə uyğun şəkildə şərh etmiş, lakin asılı, kəsili, sökülü və s. kimi sözlərin tərkibi haqqında fikir bildirməmişdir. [77, s.108] A.Ağalarov da şəkilçini qeyri-məhsuldar kimi qəbul edir və bu münasibətlə yazır: “Çox da sözyaratma imkanı geniş olmayan bu şəkilçi feillərdən sifətlər düzəldən şəkilçidir. Məsələn; sarmaq‒sarılı, biçmək‒biçili, qoşmaq‒qoşulu, örtmək‒örtülü və s.” [3, s.37]
-ılı4 şəkilçisi dildə, bir növ, zahiri cəhətdən omonimlik keyfiyyəti daşıyır, lakin işlənmə xüsusiyyətlərinə görə fərqli semantik çalarlar ifadə edir. Bu şəkilçinin işləndiyi sözlərin quruluşunu bütün hallarda eyni meyar əsasında müəyyən etmək məntiqi cəhətdən özünü doğrultmur. Məsələn, yazılı, küsülü, ütülü, ölçülü, çəkili, qorxulu və s. kimi sözlərin tərkibində çıxış edən -ılı4 şəkilçisi iki müxtəlif və müstəqil şəkilçi kontekstində izah olunmalıdır. Buradakı -ı4 feillərdən ad düzəldən, -lı4 isə adlardan sifət düzəldən sözdüzəldici şəkilçidir.
-lı4 sifət düzəldən şəkilçisi isimlərə qoşulduğu kimi feildən düzəlmiş isimlərə də qoşula bilir. Bu münasibətlə M.Hüseynzadə yazır: “Lakin belə sifətlərin kökü feil olsa da, isimdən düzələn sifət hesab olunur, çünki feil kökləri ilə sifət şəkilçiləri arasında müəyyən isim şəkilçiləri iştirak edir ki, onların vasitəsilə feillər isim halına düşdükdən sonra -lı,-li,-lu,lü şəkilçisi qəbul edib, sifət ola bilir. Əks-təqdirdə həmin şəkilçiləri fel kökünə əlavə etdikdə heç bir sifət əldə etmək mümkün deyildir: qorxulu(iş), vurğulu (heca), bilikli (tələbə), bacarıqlı(adam), döngəli (küçə), dözümlü (oğlan), kəsərli (söz), qanacaqlı (uşaq) və s.” [62, s.68]
Ancaq nümunələr göstərir ki, müasir Azərbaycan ədəbi dilində -ılı4 morfemini qəbul etmiş bütün sözlərin tərkibinə yuxarıdakı sözlərin tərkibinə yanaşıldığı meyarla yanaşmaq olmaz. Belə ki, dilimizdəki asılı, süzülü, biçili, tikili, qurulu, bükülü, sayılı, qazılı, didili, taxılı və s. kimi leksik vahidlərin quruluşu yuxarıdakılardan fərqlənir. Söz kökü, başlanğıc forma və leksik şəkilçi münasibətində daxili semantik bağlılıq mütləqdir. Bu mənada nümunə kimi təqdim etdiyimiz sifətlərə söz kökü+-ı4+-lı4 modelini tətbiq edə bilmərik. Çünki Azərbaycan dilində ası, süzü, biçi, tiki, quru (sifət və feil kimi işlənən quru sözünü fərqləndirmək lazımdır), bükü, sayı, qazı, didi, taxı və s. kimi isimlər yoxdur. Başqa sözlə desək, həmin sözlərin tərkibi örtülü, yazılı, qorxulu, küsülü, çəkili kimi sözlərin quruluşundan fərqli şəkildə təhlil olunur. Asılı, süzülü, biçili, tikili, qurulu, bükülü və s. kimi düzəltmə sözlər söz kökünə əvvəlcə məchul növün morfoloji əlaməti olan -ıl4, sonra isə məchul növ feildən sifət düzəldən -ı4 şəkilçisinin əlavəsi ilə yaranmışdır. Məs.: didmək‒didilmək‒didili (yun), tikmək‒tikilmək‒tikili (ev), asmaq‒asılmaq‒asılı (paltar), qurmaq‒qurulmaq‒qurulu (tələ), saymaq‒sayılmaq‒sayılı (gün) və s.
Demək olar ki, dilçiliyimizdə -ı4 morfeminin göstərilən funksiyada iştirakına toxunulmamışdır. Türkoloji dilçilikdə isə bu məsələyə müəyyən qədər münasibət bildirilmişdir. T.Banguoğlu da şəkilçidən -ili şəklində bəhs etmişdir. B.Serebrennikov isə bu şəkilçini türk dillərində, dəqiq desək, Azərbaycan dilindəki yaralı, türk dilindəki bükülü, qaqauz dilindəki asılı sözləri üzərində -ğlı,-ğli kimi işləndiyini və müasir türk dillərində məchul növün keçmiş zamanı olan feili sifətin mənasına uyğun olması kimi xarakterizə etmişdir. O, bu budaq morfem barəsində belə yazmışdır: “Ulu türkcədə hərəkətin nəticəsini ifadə edən -l və -ılı//-ili ilə feildən yaranan sifətlər olmuşdur; onların substantivləşməsi nəticəsində həmin affiksli (B.Serebrennikov yaralı, asılı, kəsili, bükülü kimi sözlərdə l ünsürünü nəzərdə tutur‒İ.Ə.) isimlər yaranmışdır.” [131, s.135]
-ı4 şəkilçisinin bir funksional xüsusiyyəti də odur ki, bükülü, biçili, tikili, qazılı modelində olan sözlərin tərkibində çıxış edərkən qoşulduğu sözdə müəyyən qədər də keçmiş zaman məzmunu yaradır, sanki keçmiş zaman mənalı feili sifət şəkilçisi -mış4 şəkilçisinin sərhədinə yaxınlaşır. Ona görə də dilimizdəki bükülü, biçili, tikili, qazılı, süzülü və s. kimi sifətləri asanlıqla heç bir semantik fərq yaratmadan bükülmüş, biçilmiş, tikilmiş, qazılmış, süzülmüş kimi keçmiş zaman çalarlı feili sifətlərə transformasiya etmək mümkündür. Lakin bu oxşarlığa baxmayaraq -ı4 budaq morfemi feili sifə şəkilçisinə çevrilə bilmir. Bunlar arasında aşağıdakı fərqləri də göstərə bilərik:
1. Feili sifət şəkilçili sözlər -ma,-mə inkar şəkilçisini qəbul etdiyi halda, bükülü, biçili, tikili kimi sözlərdəki -ı,-i,-u,-ü şəkilçisindən əvvəl -ma,-mə inkarlıq şəkilçisi işlənə bilmir, asemantiklik yaradır.
2. Feili sifət şəkilçilərindən əvvəl feilin qrammatik növ şəkilçiləri işlənə bildiyi halda, bükülü, tikili, süzülü modelində formalaşan sifətlərdə -ı,-i,-u,-ü şəkilçisindən əvvəl növ kateqoriyasına məxsus şəkilçi iştirak edə bilmir (məchul növü çıxmaq şərti ilə).
3. Feili sifət hibrid bir forma olsa da, onların hər birində bu və ya digər dərəcədə hərəkət anlayışı olur. Lakin bükülü, biçili, qurulu kimi sözlərdə söz kökü feil olmasına baxmayaraq, hərəkət donuq xarakterdə olub, statik səciyyə daşıyır.
4. Feili sifətlər tərkib əmələ gətirib ətrafına söz toplaya bildiyi halda, -ı,-i,-u,-ü şəkilçisi ilə məchul növ feillərdən düzələn sifətlər ən yaxşı halda ismi birləşmə və qeyri-təyini söz birləşməsinin bir komponenti mövqeyində çıxış edə bilir.
-ı,-i,-u,-ü şəkilçisi vasitəsilə məchul növ feillərdən əmələ gələn sifətlərdə diqqət çəkən məqamlardan biri də budur ki, bu tip sifətlərdə substantivləşmə hadisəsi nisbətən zəif inkişaf etmişdir. Bu da normaldır. Çünki dildəki bütün sifətlərdə substantivləşmə eyni səviyyədə olmayıb, ilkin, əsli sifətlərdə daha çox müşahidə olunur. Tikili sözü artıq tam substantivləşib.
Dil tarixinin tədqiqi də sübut edir ki, feildən sifət düzəldən -ı,-i,-u,-ü şəkilçili sözlər tarixən də dilimizdə mövcud olmuşdur. “Koroğlu” dastanında bu modeldə bir neçə sözə rast gəlmək mümkündür: Koroğlu tez daş bükülü dəsmalı götürüb açdı, naməni oxudu. Almasatan ağlaya-ağlaya, boynu bükülü, əli qoynunda gizli yolla özünü Koroğluya çatdırıb dedi...
Folklor nümunələrində də məchul növ şəkilçili feillərdən -ı,-i,-u,-ü şəkilçisi vasitəsilə əmələ gəlmiş sifətlərə də təsadüf olunur. Məsələn:
Qoyunlu evlər gördüm, Qurulu yaya bənzər. Qoyunsuz evlər gördüm, Qurumuş çaya bənzər.
Məlumdur ki, şəkilçilərin mühüm bir qrupu omonimlik xüsusiyyətinə malikdir. Lakin deyiliş və yazılışı eyni olan hər cür şəkilçini omonim kimi qəbul etmək olmaz. Məsələn, “Koroğlu” dastanında belə bir epizod var. Daha doğrusu, Koroğlunun dilindən Paşaya müraciətlə bir bənd verilmişdir:
Koroğlu der, şəndi qoşun yayılı, Məsaf günü qoç igidlər ayılı, Hər oymaqdan min igidim sayılı, Mənim yüz min fitnə fellərim var.
Bu nümunədə yayılı, ayılı, sayılı sözləri zahiri cəhətdən yuxarıda bəhs etdiyimiz yazılı, ölçülü, qorxulu, çəkili və biçili, tikili, süzülü, qazılı və s. kimi sözlərlə eyniyyət təşkil edir. Bu yaxınlıq zahiri bənzərlikdən başqa bir şey deyildir. Bənddə yayılı, ayılı, sayılı sözlərinin tərkibində işlənən -ı ünsürü leksik şəkilçi olmayıb, feilin indiki zaman formasının morfoloji əlaməti olan -ır,-ir,-ur,-ür şəkilçisinin danışıq dilində, şivə tələffüzündə işlənən bir variantıdır. Şübhəsiz ki, bu nümunələrdəki -ı4 ünsürü -ır,-ir,-ur,-ür indiki zaman şəkilçisinin şifahi nitqdə işlənən bir forması kimi temporallığın qrammatik şəkilçi ilə ifadəsinə xidmət edir. [141, s.194] Dastan leksikasının daha çox danışıq dilinə, şivə tələffüzünə uyğun olması da bu bağlılığı qaçılmaz edir. Dastanın dilində tələffüz formasına uyğun yazılan onlarla sözün işlənməsi də bunu sübut edir. Belə halları poeziya dilində şəkilçinin üslubi fəallığı kimi də dəyərləndirmək olar. [56, s.101‒102]
Bu şəkilçi haqqında nəticə kimi aşağıdakıları qeyd edə bilərik:
1.Yazılı, küsülü, ütülü, ölçülü, çəkili kimi sifətlərdə şəkilçi -ı,-i,-u,-ü + -lı,-li,-lu,-lü formasında təhlil olunmalıdır: üt-ü-lü, ölç-ü-lü, küs-ü-lü və s.
2. Süzülü, biçili, kəsili, tikili, sökülü, tökülü kimi sözlərdə şəkilçi -ıl,-il,-ul,-ül + -ı,-i,-u,-ü formasında təhlil olunmalıdır: as-ıl-ı, biç-il-i, tik-il-i, bük-ül-ü və s.
3. Çox az halda bu tip sözlər substantivlik əsasında ismə çevrilə bilir. Məs.: tikili (ev, daxma mənasında)
4. Bəzən dildə bu və ya digər bir dil vahidini başqa bir dil vahidinə transformasiya etmək zərurəti yaranır. Məsələn, yazılı, küsülü, ütülü, ölçülü, çəkili sözlərini başqa bir sözə transformasiya etdikdə əsasən III şəxsin mənsubiyyət şəkilçisi və feilin perifrastik formalarından olan indiki zaman məzmunlu -an şəkilçisi qəbul etmiş olmaq sözündən istifadə olunur. Məs.: yazılı‒yazısı olan, çəkili‒çəkisi olan, ütülü‒ütüsü olan və s. Ancaq süzülü, biçili, kəsili, tikili, sökülü kimi sözləri transformasiya etdikdə keçmiş zaman məzmunlu -mış,-miş,-muş,-müş şəkilçisindən istifadə olunur. Məs.: süzülü‒süzülmüş, biçili‒biçilmiş, kəsili‒kəsilmiş, tikili‒tikilmiş və s. Düzdür, ölçülü, qorxulu, ütülü, çəkili modelində olan sözlərin bir qrupunu da -mış,-miş,-muş,-müş şəkilçisi vasitəsilə transformasiya etmək mümkündür. Lakin bu zaman burada iki hal müşahidə olunur. Birincisi, söz indiki zaman məzmunundan çıxıb keçmiş zamana aid olur, bəzən də zamanla yanaşı semantikada da dəyişiklik olur: çəkili‒çəkili olan‒çəkilmiş, ütülü‒ütüsü olan‒ütülmüş, ölçülü‒ölçüsü olan‒ölçülmüş və s. İkincisi, həmin sözlər sifətlikdən çıxıb feili sifət statusu qazanır ki, bu da onların nitq hissəsi mənsubiyyətində fərq yaradır.
5. Qrammatika kitablarında yazıldığı kimi, -ülü qeyri-məhsuldar şəkilçi olmayıb, söz yaradıcılığında fəal və nisbətən məhsuldar iştirak edir. [49, s.70‒76]
-uşuq,-ışıq. Budaq morfem iki məhsuldar şəkilçinin (-ış4+-ıq4 ) birləşməsi nəticəsində əmələ gəlmiş qeyri-məhsuldar şəkilçidir. Sadəcə bəzi sözlərdə şəkilçi birlikdə bir müstəqil morfem funksiyasında çıxış edir. Qoşulduğu sözdə əşya, alət çaları yaradır. Məs.: ovuşuq, dolanışıq və s.
-mal. Azərbaycan dilində əsasən feildən keyfiyyət bildirən sifətlər əmələ gətirir. Sağmal, tanımal kimi sözlərdə rast gəlirik. Sağmal sözü qaqauz dilində isə saağmal formasında işləkliyini qoruyur. [168, s.115] Ş.Tektigül qazax dilində də saumal, tanımal sözlərinin işləndiyini göstərmişdir. [181] Qeyd edək ki, Muğan qrupu dialekt və şivələrində bu şəkilçinin isimdən sifət əmələ gətirən -məl fonetik variantı da qeydə alınmışdır. Ətməl sözü buna nümunədir. [11, s.95]
-iş. Dilçilikdə bu şəkilçi nəmiş və geniş sözlərinin tərkibi əsasında adlardan feil düzəldən şəkilçi kimi verilmişdir. Ancaq burada iki şəkilçi mövcuddur. Əvvəlcə, nəmimək və genimək feilləri yaranmış, daha sonra -ış4 /-ş morfeminin əlavəsi ilə qeyd olunmuş sifətlər yaranmışdır.
-tay. Azərbaycan dilində söz-şəkilçi kimi işlənə bilən qeyri-məhsuldar şəkilçidir. Bu budaq morfem türk dilinin təsiri ilə işləklik hüququ qazanmışdır. Qurultay sözündə rast gəlirik. Bakıya, Müəllimlər qurultayına gələndə Əntiqə ilə tanış olmuşdu. (DDG, 93) Qıpçaq qrupu dillərində mövcud olan -tay morfemi isə Oğuz qrupu türk dillərində işlənən -tay morfemindən fərqli olaraq, əsasən qohumluq, kiçiltmə, əzizləmə, bənzətmə, müqayisə çalarları ifadə edir. [98, s.356‒357]
-mur. Azərbaycan dilində olduqca qeyri-məhsuldar şəkilçidir. M.Ergin şəkilçinin qədim türk dilində -mur,-mür kimi işləndiyini qeyd etmişdir. [160, s.187] Cağatay türkcəsində isə göstərilən forma ilə yanaşı, -mar fonovariantına da təsadüf edilir. Çuvaş dilində -mar,-mər şəklində də işlənir. [178, s.137] Dilimizdə isə bu şəkilçiyə “Oğuznamə”də, “Kutadqu Bilik”də, “Kitabi-Dədə Qorqud” dastanında yağmur (Oğuz, 60, 144, 166, 151, 177, 178, 179, 185; KB, 5314; KDQ, 38, 40, 41, 42, 121) sözündə rast gəlirik. Bundan başqa, “Oğuznamə”də yağmur sözü yağış mənasında yağır formasında da işlənmişdir. Məs.: Yaza qarşı yağırdan saqın, qışa qarşı arıqdan saqın. (Oğuz, 178) Göründüyü kimi, -mur şəkilçisi bir növ, feildən isim düzəldən məhsuldar -ış4 şəkilçisinin sinonimi kimi çıxış edir. Qeyd edək ki, A.von Qaben, M.Erdal, E.Teres də şəkilçini -mur,-mir,-mar kimi izah etmiş və etimoloji cəhətdən kömür, almır (hirs) tamar (damar), yağmur sözlərini də bu şəkilçi ilə əlaqələndirmişlər. [172,s.305‒308]
-zik/-əzək. Şəkilçi mürəkkəb struktura malik olub, iki şəkilçinin fuziallaşması nəticəsində meydana gəlmişdir. Dilimizdəki əmzik sözündə işlənir. Çox güman ki, bu sözün yaranması əm+iz(mək)+ik=əmzik modelində formalaşmışdır. Dilçilik ədəbiyyatında bu şəkilçi bəzən -dık şəkilçisinin derivatı kimi verilir. [19, s.99] Feildən atributiv səciyyəli söz əmələ gətirir. -əzək formasına isə bu gün müasir dilimizdə əməzək leksik vahidinin tərkibində işlədirik.
-inik. Bu şəkilçi də -zik şəkilçisi kimi mürəkkəb şəkilçidir. Şəkilçinin daxilindəki -in hissəsi qayıdış növün daşlaşmış qalığından ibarətdir. -inik morfemi vasitəsilə əzinik sözü əmələ gəlmişdir. Şəkilçinin -ik hissəsi isə feildən sifət düzəldən -ıq4 şəkilçisinin bir formasıdır. Vaxtilə əzinmək sözünün işlənməsi də bu faktı daha da dolğunlaşdırır.
-y. Dolamaq təsirli feilindən yer, məkan bildirən dolay (DDG,18) sözünü əmələ gətirir: Ədalətgilin evi dərəənin o tayında, meşəyə dırmaşan dolayda, məktəbin düz qabağında idi. (M.Cəlal); Dəmirçioğlu Mustafa bəyi də götürüb dolayı yolla gəlib Çəmlibelə çıxdılar. (Koroğlu)
Qaqauz dilində də qeyri-məhsuldar şəkilçi kimi təkcə dolay sözündə işlənir. [168, s.115]
-miş. Bu şəkilçi həm Azərbaycan, həm də türkoloji dilçilikdə keçmiş zaman mənalı feili sifətlər əmələ gətirən -mış,-miş,-muş,-müş şəkilçisinin əsasında formalaşmış sözdüzəldici qeyri-məhsuldar və qrammatik omonimlik xüsusiyyəti daşıyan budaq morfemdir. M.Ergin bu şəkilçini feili sifət şəkilçisi kimi nəzərdən keçirmişdir. [160, s.189] B.Serebrennikov isə -mış şəkilçili isimləri feildən düzəlmiş sifətlərin substantivləşməsi kimi təhlil etmişdir. [131, s.137] V.Əliyev bu şəkilçinin Azərbaycan dilində 3, Q.Kazımov isə 5 müxtəlif funksiyanı yerinə yetirdiyini göstərmişdir. Şəkilçi Azərbaycan dilində bişmiş (yemək, xörək mənasında), yemiş (quru meyvələr, çərəz mənasında) və zaman mənalı keçmiş sözündə sözdüzəldici funksiyasında çıxış etmişdir. Bunlardan yemiş sözü, demək olar ki, əksər türk dillərində işlənir. A.N.Kononov yemiş sözünün quruluşuna fərqli yanaşmış, onu yem+iş şəklində vermişdir. [167]
Bişmiş sözünün təqribən 750 il bundan əvvəl, “Dastani-Əhməd Hərami” poemasının dilində işlənməsi də göstərir ki, qrammatik şəkilçidən leksik şəkilçiyə keçid prosesi daha qədimdir və erkən orta əsrlərdə artıq sabitləşmişdir. Bişmiş sözü “Oğuznamə”də pişmiş şəklində verilmişdir: Çig bişincə pişmiş həqqə irər. Yemiş (Oğuz,185) sözü də “Oğuznamə” işlənmişdir. Bundan başqa, -miş şəkilçili bişmiş sözünə M.H.Şəhriyarın “Türkün dili” şeirində, C.Məmmədquluzadənin “Sirkə” hekayəsində də rast gəldik. Bu gün bu söz daha çox canlı danışıq dilində, dialekt və şivələrdə mühafizə olunur. Keçmiş sözü isə artıq ümumişlək bir sözə çevrilmişdir. Əlavə edək ki, altmış və yetmiş sözlərindəki -mış şəkilçisini yuxarıda verdiyimiz sözlərə əlavə edilmiş -mış şəkilçisindən fərqləndirmək lazımdır. Onlar arasındakı oxşarlıq zahiri xarakterə malikdir. Altmış, yetmiş miqdar saylarının tərkibindəki -mış vaxtilə on mənasını ifadə edən söz olub.
-cı,-ci. Feil kökündən və ya əsasından əşya, alət, vasitə, şəxs, insan, təbəqə bildirən isimlər əmələ gətirir. Bir şəkilçi kimi elə də inkişaf etməmişdir. Dördvariantlı -çı şəkilçisi ilə eyni mənbədəndir. Müasir Azərbaycan ədəbi dilindəki damcı və öyrənci sözləri bu şəkilçi vasitəsilə əmələ gəlmişdir. Damcı sözündə şəkilçi numerativlik də yaradır. Məs.: Qulluqçu oğlan piyaləni alıb gördü ki, içərisində bir damcı da şərab qalmayıb.(“Koroğlu”). Öyrənci sözünün işlənmə tezliyi ana dilimizdə zəif olsa da, türkiyə türkcəsində yüksəkdir.
-la. Adlardan feil düzəldən -la şəkilçisi ilə omonim, -cı şəkilçisi ilə sinonimlik təşkil edir. İsim düzəldən şəkilçi kimi isə damcı sözünün sinonimi olan damla ismini əmələ gətirir. Qoşulduğu sözdə daha çox kiçiltmə, numerativlik məzmunu yaradır. Məs.: Ədalətin qəlbi kövrəldi, sinəsi qalxıb-endi, səflənmiş qara, daraq kirpikləri bir-birən toxunan kimi ala gözlərindən iri damlalar, yaz buludlarından axan leysan kimi töküldü. (M.Cəlal); Koroğlu tuluğu son damlasına qədər başına çəkib yerə qoydu. (“Koroğlu”)
-ırıq. Çox güman ki, bu şəkilçi məhsuldar -dır və -ıq şəkilçisinin birləşməsindən formalaşmış, müəyyən zaman keçdikdən sonra -dır morfeminin ilk samiti düşmüşdür. Basırıq sözündə işlənir. M.Fərzəliyeva basırıq sözünü dialekt və şivələrdəki basdırıq sözünün qarşılığı kimi bəhs edərək şəkilçinin -ruk,-dırık formasında qeyri-fəal qəbul edir. O, -ruk və -dırık morfeminə -q,-k derivatlı qeyri-məhsuldar şəkilçilərin ən qədim tipi kimi yanaşır. M.Fərzəliyeva bu haqda yazır: “-rık,-ruk şəkilçisi müasir Azərbaycan dilində bəzi fellərin (yum, quy, bas, qaba) tərkibində ilişib qalmışdır; yumruq, quyruq, basırıq, qabarıq.” [53, s.60] Dilçilikdə boyunduruk sözünün tərkibindəki -duruk morfemi də -dırık şəkilçisinin bir derivatı kimi verilir. [53, s.60] M.Kaşğari burunduruk sözünü də vermişdir. Biz də əvvəllər bu fikirdə olsaq da, indi -duruq morfeminin şəkilçi kimi götürülməsinin tərəfdarı deyilik. [37, s.14] Belə fikirləşirik ki, boyunduruk və burunduruq sözləri quruluşca düzəltmə deyil, mürəkkəbdir və morfemin tərkibindəki dur elementi də durmaq feili ilə əlaqədardır.
-dıq,-diq,-duq,-düq. Təbiətən feili sifət şəkilçisi olmuşdur. M.Ergin -dıq4 şəkilçisi ilə əmələ gələn sözləri substantivləşmiş hesab edir. [160, s.189] Türkologiyada şəkilçinin “-dog”, “-dig” şəkilçilərindən törəmə olması haqqında müəyyən fikirlər var. [161, s.279] Oğuz qrupu dillərində daha işləkdir. Müasir Azərbaycan ədəbi dilində isə mənsubiyyət şəkilçiləri ilə birləşib 24 cür keçmiş zaman çalarlı feili sifət şəkilçisi əmələ gətirir. Ə.Tanrıverdi bu morfemi dün və dön sözlərinin etimologiyası əsasında təhlil etmiş, əlaqələndirmişdir. [142, s.498‒499] S.Cəfərov da şəkilçinin tərkibini -dı4 şühudi keçmiş zaman və I şəxsin cəminin şəxs sonluqlarının birləşməsindən yaranmış şəkilçi kimi təhlil etmişdir. Onun fikrincə, -dıq şəkilçisinin feili sifət şəkilçisi kimi işləndiyi məqamları feildən ad düzəldən -dıq şəkilçisindən fərqləndirmək lazımdır. [19, s.99] -dıq,-dik,-duk,-dük şəkilçili sözlər “Orxon‒Yenisey” abidələri, “Oğuznamə”, “Kutadqu Bilik”, “Divan”, “Kitabi-Dədə Qorqud” dastanının dili üçün daha xarakterik olmuşdur. Tədqiqat zamanı mətnlərin dilində körmədük (Bl, şm 11), esidmədük (Bl, şm 11), kağanladuk (K, ş 7), sançduk (Moyon Çor abidəsi, s. 46), çıqmaduq (Oğuz, 87), saqındık (Oğuz, 116), tapmadıq (Oğuz, 120), toğmadıq (Oğuz, 122), qopdıq (Oğuz, 1250), köçdük (Oğuz, 151), qonduq (Oğuz, 151), yenmədik (Oğuz, 174), toğmaduk (KB, 6402) sözlərini müəyyən edə bildik. Mətnlərdə -dıq şəkilçisinin həm mənsubiyyət şəkilçili, həm də şəkilçisiz formasına rast gəlinir. Hətta müasir Azərbaycan dilində işlədilən “Ötən yurdun qədrini düşən yurdda bilərlər” atalar sözü “Oğuznamə”də azacıq fərqlə həm “Köçdük yurdun qədrini qonduq yurdda Allah bildirməsün”, həm də “Köçdüğün yurdun qədri qonduğun yurtda bilinər” şəklində öz əksini tapmışdır.
Müasir Azərbaycan dilində şəkilçiyə satdıq, çatdıq, yetdik kimi sözlərin tərkibində rast gəlinir. Bu sözlər cümlədə işlənmə məqamından asılı olaraq, bəzən qədər sözü ilə birgə də işlənir. Əlavə edək ki, S.Cəfərov -dıq-,dik,-duk,-dük şəkilçisinin bəzi sözlərdə “d” samitinin başqa samitə keçidindən, dəqiq desək, d˃l və d˃z əvəzlənməsindən danışaraq, satdıq (satlıq), əmdik (əmzik) sözlərini nümunə kimi vermişdir. Bizə belə gəlir ki, bu yanaşmaya daha ciddi fikir vermək lazımdır. Belə ki, satdıq və satlıq sözləri yaxın mənalı olsa da, fərqli struktura malikdir. Satlıq sifəti sat-ıl-ıq, əmzik sözü isə əm-iz-ik modelində əmələ gəlmişdir.
-əri,-ərgi. Zərf düzəldən -əri şəkilçisi ilə omonimlik xüsusiyyəti daşıyır. Feillərdən əlamət, keyfiyyət bildirən sifətlər əmələ gətirir. Eyni zamanda söz kökündəki anlayışın, hərəkətin, prosesin tez-tez, təkrar icra olunduğunu bildirən sözlər düzəldir. Məs.: köçəri, gedəri, düşəri, ötəri, gəzəri, ötərgi, keçərgi və s. Bu gün Azərbaycan dilində -ərgi fonovariantı daha çox dialekt və şivələrdə işləkdir. Muğan qrupu dialekt və şivələrində də ədəbi dildəki -əri şəkilçili sözlər -ərgi formasında işlənir. [11, s.96] Türkoloji dilçilikdə -əri şəkilçisi -ər+i, -ərgi şəkilçisi isə -ar,-ər +gi/gə modelində izah olunur. Azərbaycan dilində -ərgə formasına da rast gəlirik. Tarixən işlənmiş çimərgə, dönərgə və hazırda işlənən düşərgə sözü buna bir nümunədir. Hazırda ədəbi dilimizdə işlənən döngə sözü “Heydərbabaya salam” poemasında məhz dönərgə şəklində işlənmişdir:
Ondan sonra dönərgələr döndülər, Məhəbbətin çıraqları söndülər.
Həmin söz bu gün Tovuz dialektində eyni ilə öz işləkliyini saxlamışdır.
-gəc,-qac,-ğac,-ğıc,-cığ. Bu şəkilçi feildən ad düzəldən digər budaq morfemlərə nisbətən məhsuldardır. Şəkilçinin müasir türk dilində daha çox qapalı saitli variantları işlənir. Feili bağlama şəkilçisi -caq,-cək morfeminin qədim forması olan -gəc,-ğac ilə omonimlik xüsusiyyətinə malikdir. Türk dilində -kaç,-kəç,-ğac,-ğıc variantı da vardır. [166, s.79‒80] Qaqauz dilində isə -ğac,-ğıc,-kıc variantları işləkdir. [168, s.112] Bəzi türk dillərində bu morfem feildən isim düzəldən -acaq,-əcək şəkilçisinin funksiyasını yerinə yetirir. Həm söz kökünə, həm də sözün əsasına əlavə edilməklə, əşya, alət, vasitə, proses, peşə, ixtisas, sənət çalarları yaradır. Məs.: süzgəc, tutqac, dalğıc, üzgəc, sürtgəc, burğac, sayğac, başlanğıc, sallanğac, qıyğac, kısğaç (DLT1, 444) və s. -ğac şəkilçisi -qac formasında M.Cəlalın dilində işlənmişdir: Səltənət qızına sərt və qıyqacı baxdı, səsini ucaltdı.
Şəkilçinin -cığ forması danışıq dili üçün xarakterik olub, ədəbi dilimizdəki -ğıc şəkilçisinin metateza hadisəsinə uğramasından sonra yaranmışdır. Məs.: Başlancığ
-caq,-cək. Bu şəkilçi həm isim, həm də sifət düzəldən qeyri-məhsuldar omonim şəkilçidir. Feilin kökünə və əsasına artırılmaqla əlamət, keyfiyyət, xüsusiyyət, əşya, alət çalarları yaradır. Məsələn: yelləncək, tüpürcək, bürüncək, gəmircək, əmcək, utancaq, ərincək, sevincək və s. Bu sözlərdən əmcək sözü daha qədimdir, Dədə Qorqud dastanında əmcəg (KDQ, 33, 57, 126) şəklində işlənmişdir. B.Serebrennikov bu şəkilçini türk dillərində -kaç,-kəç,-ğaç,-ğəç kimi işləndiyini göstərmiş və “nəyəsə meyil ifadə edən sifətlər” düzəltdiyini qeyd etmişdir. [131, s.158] M.Fərzəliyeva bu şəkilçini -q,-k şəkilçisinin derivatı kimi nəzərdən keçirmiş və onun -çak praforması əsasında əmələ gəldiyi fikrində olmuşdur. [53, s.58‒59]
-qan,-ğan. Bu şəkilçi təsirli və təsirsiz feillərin sonuna qoşulub, əşya, alət, vasitə, yer, məkan, nisbətən də keyfiyyət bildirən atributiv səciyyəli sözlər, isimlər, sifətlər düzəldir. -qan,-ğan,-gən,-kən qeyri-məhsuldar şəkilçisinin funksional cəhətlərindən biri də budur ki, feildən isim və sifət düzəldən olduqca məhsuldar -gin4 şəkilçisindən fərqli olaraq, bu şəkilçilər bir-iki sözü çıxmaq şərtilə, örtülü-qapalı heca şəklində olan bir hecalı feillərlə işlənə bilmir. Müasir Azərbaycan ədəbi dilində əsasən alışqan, çalışqan, asılqan, vuruşqan, dalaşqan, yapışqan, suvaşqan, yarğan, yarılğan, burulğan və s. sözlərində sözdüzəldici şəkilçi kimi çıxış edir. Şəkilçini müasir türk dilinin materialları əsasında tədqiq edən M.Ergin onu indiki zaman mənalı feili sifət şəkilçisinin daha qüvvətli forması kimi qəbul edir. [160, s.180] B.Serebrennikova görə, qədim türk dilində bu morfemlər sifət düzəldən şəkilçi olmuş, müasir dövrdə yaranan ismlər isə onlardan törəmə olmuşdur. [131, s.159‒160] Z.Korkmaz isə bu budaq morfemin müasir türk dilində əsasən sonu n, l, r, və ş samitləri ilə bitən iki və daha artıq hecalı feil gövdələrinə qoşulub, alışqanlıq bildirən yeni lüğəvi vahidlər əmələ gətirdiyini qeyd etmişdir. [166, s.80] Bir cəhəti də qeyd edək ki, -an,-ən feili sifət şəkilçisini ifadə etmək üçün tarixən -qan,-ğan,-kən şəkilçilərindən istifadə olunmuşdur. Bu hal Ə.Yəsəvinin “Divani-hikmət” əsərində yalğan (DH, 120), kalğan (DH, 12), tapkan (DH, 12), korkğan (DH, 19), hürgən (DH, 19), avuşkan (DH, 33), yapuşkan (DH, 33), körüşkən (DH, 33), külüşkən (DH, 33), yalbarğan (DH, 97) və s. kimi işlənmiş sözlərdə özünü daha qabarıq göstərir. Buna görə də leksik şəkilçi funksiyasında çıxış edən -qan,-gən,-kən,-ğan şəkilçilərini bunlardan fərqləndirmək lazımdır.
-gən,-kən. Bu şəkilçi etimoloji cəhətdən məhsuldar -gin4 şəkilçisi ilə eyni yuvada birləşir. Təsirli və təsirsiz feillərdən daha çox əlamət bildirən sözlər düzəldir. -gən şəkilçisi sonu cingiltili samitlə bitən, -kən isə kar samitlə bitən sözlərə əlavə edilir. Məs.: sümürgən, döyüşkən, sürüşkən, ilişkən, yetişkən, deyingən və s. Şəkilçi dilimizdəki çəpkən, örkən, yorğan sözlərində daşlaşımış vəziyyətdədir. [54, s.83‒84]
-gə,-qa,-ğa. Feil kökünə və ya əsasına artırılıb, əlamət, xüsusiyyət, keyfiyyət, əşya, alət, yer, məkan çalarlarını ifadə edən yeni leksik vahidlər əmələ gətirir. Ə.Rəcəbli göytürk dilinin morfologiyasında bu şəkilçinin həm isim, həm də sifət düzəldən şəkilçi kimi bəhs edir. [123, s.56] S.Cəfərov bu şəkilçilərin bəzi həşərat adlarını düzəldə bildiyini qeyd etmiş, qarışqa sözünü də düzəltmə söz kimi nümunə göstərmişdir. Ancaq M.Kaşğari bu sözü “Divan” da karınca, karınçak formasında vermişdir. Bu söz müasir türk dilində də karınca kimi işlənir. Bundan başqa, S.Cəfərov yumurta, çəyitgə sözlərini də etimoloji cəhətdən -qa,-gə,-ğa şəkilçisi ilə düzəldiyini də qeyd etmişdir. [19, s.89‒90] Bu şəkilçilər əsasən sonu cingiltili samitlə bitən döngə (DDG, 104), süpürgə (DDG, 158), bölgə, bilgə (KB, 158, 203), qovurqa, sızqa və s. sözlərlə işlənir. Çox az halda əvəzlik və sayla birləşərək sifət və zərf də düzəldir. Məs.: özgə (KD, 137, 172), birgə (KD, 86,126; DDG, 97, 100) və s. M.Ergin bu şəkilçinin türk dilində də qeyri-məhsuldar olduğunu, yalnız dalğa, yonğa, bölgə, bilgə, kavurğa, süpürgə kimi sözlərdə qaldığını qeyd etmişdir. [160, s.179] Qaqauz dilində isə şəkilçi daha çox qeyri-məhsuldar funksiya daşıyır. [168, s.112] Müasir dilimizdə isə damğa, qarğa, cərgə, kölgə, öfkə sözlərində şəkilçi daşlaşmış vəziyyətdədir. Dalğa sözü də etimoloji cəhətdən dalmaq sözü ilə bağlı yaranmışdır. Onu da qeyd edək ki, danışıq dili üçün xas olan tingə sözü də -gə budaq morfemi vasitəsilə əmələ gəlmişdir. Güman edirik ki, döngə sözünün sinonimi kimi çıxış edən tingə sözünün kökü tin ismi etimoloji cəhətdən dön feili ilə eyni kökdə birləşir.
-a,-ə. Bu şəkilçi müasir Azərbaycan dilində omonim şəkilçi kimi bir neçə funksiyanı yerinə yetirir. Azərbaycan dilində olduğu kimi əksər türk dillərində də feillərdən ad düzəldən şəkilçi olaraq qeyri-məhsuldar xarakterə malikdir və daha çox təsirli feillərdən isim və sifət düzəldir. Məs.: qısa (Oğuz, 128; KDQ, 83), çevrə (KDQ, 126, 162), kəsə (KD, 76, 209; DDG, 97), kısa (KB, 348,1219,1126), kısğa (KB, 1653, 1702, 1832) Cığatay türkcəsində məhsuldar olmaqla bərabər, eyni zamanda ad və feillərlə də işlənə bilir.
-mar. Təsirsiz feildən sifət düzəldən qeyri-məhsuldar şəkilçidir. Qızmar sözü bu şəkilçi vasitəsilə yaranmışdır. K.Ramazanov bu sözün işlənməsini Bakı və Naxçıvan dialekti üçün xarakterik hal hesab edir. [11, s.96] Bundan başqa, o, ilmar (ilıq), tosmar (tosğun) sözlərini Muğan qrupu dialekt və şivələrində işlənən -mar şəkilçili leksik vahid kimi təhlil edir. Qeyd edək ki, ilmar sözü Qərb qrupu dialekt və şivələrində ilamar şəklində də işlədilir. Bu gün həmin sözləri etimoloji cəhətdən təhlilə cəlb etmək mümkündür. B.Əhmədov isə -mar şəkilçisini isidən, yandıran mənasını bildirən alınma mənşəli söz kimi tədqiq etmişdir. [34, s.166]
-ca,-cə. Qayıdış növ feillərdən isim düzəldir. Əksər türk dillərində rast gəlinir. Omonim şəkilçidir. Məs.: əyləncə, düşüncə və s. Ürəyini sıxan bu düşüncələrə gah qalxan, gah oturan, gah həyətdə cövlan edən məktəbli qız sakit ola bilmir, dərdini deməyə də müsahib axtarırdı. (M.Cəlal); Yalandan bir-birinə ilişən, bir saatlıq, beş günlük, əyləncə vasitəsi olan sevgi yalandır və puçdur. (M.Cəlal)
-alaq. Şəkilçi -a və -laq elementləri əsasında əmələ gəlmiş və -alaq söz-şəkilçisi şəklində sabitləşmişdir. Feillərdən və bəzi təqlidi sözlərdən proses, əşya çaları ifadə edən isimlər düzəldir. Məs.: yatalaq, basalaq, yapalaq, şapalaq, sapalaq və s. Azərbaycan dilindən fərqli olaraq, türk dilində iki variantda işlənir. Türkiyə türkcəsindəki yatalaq, çökələk, asalak sözləri bu şəkilçi ilə əmələ gəlmişdir. T.Banguoğlu şəkilçini -e+le+k modelində izah etmişdir. [156, s.174]
-anaq,-ənək. Bu şəkilçi an,-ən və -aq,-ək şəkilçilərinin birləşməsi nəticəsində əmələ gəlmiş nisbətən qeyri-məhsuldar şəkilçidir. Müqayisə üçün qeyd edək ki, türkoloji dilçilikdə bu şəkilçi -alaç (dutalaç, batalaç, yatalaç, tutalaç, sürteleç və s.) şəkilçisinin funksiyasını yerinə yetirən budaq morfem kimi də təhlil olunur. Feillərdən isim düzəldir. Daha çox yer, məkan, əşya, alət, proses adı bildirir. Məs.: boğanaq, tozanaq, dəyənək, sızanaq, döyənək, əkənək, biçənək, eşənək və s. Tozanaq sözü müasir Azərbaycan dilində isimdən düzələn söz kimi verilir. Əslində, qədimdə toz, tozar feili mövcud olmuşdur. M.Kaşğari “Divan”da tozu omonim kimi vermiş, izah etmişdir. Lakin bu gün dilimizdə toz feili tamamilə arxaikləşdiyi üçün sözün kökü toz ismi kimi qəbul olunmuşdur. Bu şəkilçi mənbələrdə isimdən də isim düzəldən şəkilçi kimi də verilir. [11, s.74]
-ır,-ir,-ar,-ər. Sözdəyişdirici şəkilçinin sözdüzəldici şəkilçiyə çevrilməsi nəticəsində əmələ gəlmişdir. Daha dəqiqi, indiki və qeyri-qəti gələcək zaman şəkilçilərinin inkişaf edib leksik şəkilçi funksiyası daşıması nəticəsində yaranmışdır. Leksik şəkilçi kimi keçən əsrin ortalarından daha çox işlənməyə başlamışdır. Hər ikisi Azərbaycan dilində omonimlik xüsusiyyətinə malikdir. Təsirli və təsirsiz feillərin sonuna əlavə edilib, əşya, alət, proses, şəxs, sənət məzmununu əmələ gətirir. Məs.: qısır, yatır, gəlir, kəsir, dönər, yazar, açar, kəsər, çıxar, tutar, çapar, dəyər, Yaşar, Sevər, Anar, Gülər, Yetər və s. Tarixi qrammatikada da qeyri-məhsuldar xarakterə malik olmuşdur. R.Məhərrəmova XV–XVI əsrlər Azərbaycan ədəbi dilində -ar şəkilçisinə təkcə Xətayinin dilində rast gəlindiyini qeyd etmiş və yazar, olar, qoyar kimi isimləri izah etmişdir. [102, s.77] G.Binnətova isə bu şəkilçinin müxtəlifsistemli dillərdə təzahürü formalarının müqayisəsi müstəvisində şərh etmiş, lakin çapar, yazar sözlərinin tərkibindəki -ar morfemini adlardan ad düzəldən şəkilçi kimi qəbul etmişdir. [18, s.70‒73]
-ar,-ər,-r. Bu şəkilçi isə feillərdən sifət düzəldir. B.Serebrennikov bu şəkilçilərin köməyi ilə əmələ gələn sözlərin daha çox əşyanın xüsusiyyətini və sabit əlamətlərini ifadə edən şəkilçi kimi tədqiq etmişdir. [131, s.161] Məs.: yanar, gülümsər, oxşar (DDG, 93), bənzər (KDQ, 19, 25, 39, 45, 65, 69, 70, 90, 121, 146, 151, 168), qaynar (KDQ, 67; DDG, 101), axar (DDG, 91,100) və s. V.Əliyev bu tip sözləri sifət deyil, feili sifət kimi tədqiq etmiş və qeyd etmişdir ki, -ar,-ər şəkilçisi həm feili sifət, həm qeyri-qəti gələcək zaman şəkilçisi, həm də ki feildən isim düzəldən şəkilçi kimi işlənə bilər. [36] Ə.Rəsulov və R.Rüstəmov da -ır və -ar şəkilçisindən feili sifət şəkilçisi kimi bəhs etmişlər. [127] Q.Kazımov -ar,-ər şəkilçili sözləri gah sifət, gah da ki feili sifət kimi təhlil etmişdir. [77] O, eyni zamanda -ar,-ər şəkilçisinin omonim olduğunu, gələcək zaman şəkilçisi ilə eyni mənbədən törədiyini də qeyd etmişdir. C.Cəfərov isə bu şəkilçilərin funksional xüsusiyyətlərini feillərin adyektivləşməsi müstəvisində təhlil etmişdir: “-ır,-ar şəkilçili fellər də adyektivləşmə cəhətdən vaxtilə məhsuldar olmuşdur. Hal-hazırda isə tamam qeyri-məhsuldar hala çevrilmişdir. Hər iki şəkilçili fellər adyektivləşmə prosesini bitirərək tamam sifətləşmişlər.” [22, s.50] Ə.Rəcəbli, N.Xudiyev də şəkilçini “Orxon‒Yenisey”abidələrinin dili əsasında feili sifət şəkilçisi kimi vermişlər. Tarixi qrammatikadan məlumdur ki, tarixən indiki zaman və qeyri-qəti gəlcək zamanın morfoloji əlamətləri bir-birinin yerində işlənə bilmişdir. Məsələyə tarixilik baxımından yanaşmış H.Mirzəzadə və Ə.Tanrıverdi də -ar,-ər şəkilçisini həm tarixi, həm də təsviri qrammatikamızda feili sifət şəkilçisi kimi işlənmə xüsusiyyətlərindən bəhs etmişlər. Abidələrin dilində belə bir cümlə işlənmişdir: Körür gözüm görməz təg, bilir biligüm bilməz təg boltu, özüm sakıntım. (K, şm10) (Görər gözüm görməz oldu, bilən biliyim bilməz oldu, özüm düşündüm.) Bu fikir asosiativ olaraq Dədə Qorqud dastanındakı bir fikri yada salır: Görər gözüm aydını oğul! Tutar belüm qüvvəti oğul...
M.Ergin də bu şəkilçidən feili sifət şəkilçisi kimi bəhs etmişdir. Lakin dilin inkişafı ilə bağlı olaraq bu gün budaq morfem məlum və məchul növ feillərə qoşulub sifət düzəldən şəkilçi statusu qazanmışdır. Feili sifət əmələ gətirən digər morfoloji əlamətlərdən fərqli olaraq, burada konkret zaman anlayışı ümumiləşmiş olur. Əsasən daimi keyfiyyət, əlamət, xüsusiyyət, xasiyyət bildirən sifətlər əmələ gətirir. [160, s.188] Türkiyə türkcəsindəki çalar (saat) sözü də bu model əsasında meydana gəlmişdir. Muğan qrupu dialekt və şivələrindəki doğar (qoyun) sözündə işləndiyi də məlumdur. A.Abbasova isə -ar şəkilçisinin XVII əsr Azərbaycan ədəbi dilində də işlək olduğunu qeyd etmişdir. Lakin o, V.Qəzvininin dilindəki “uçar quşdur” birləməsindəki “uçar” sözünü -ar şəkilçili isim kimi vermişdir. [1, s.45] Qeyd edək ki, bu modelə sonralar S.Vurğun yaradıcılığında rast gəlinir. Şairin “Uçarda turacdır, qaçarda ceyran” misrası buna ən gözəl nümunədir. Müqayisə üçün bildirək ki, M.Ergin həmin sözü uçarı (uç-arı) şəklində vermişdir. Bir məqamı da vurğulamaq yerinə düşər ki, dilçilik ədəbiyyatında feili sifət şəkilçisi kimi verilən -ar,-ər budaq morfemini qəbul etmiş sözlərin -ma,-mə inkarlıq şəkilçisi ilə işlənməsində də bir fərq özünü göstərir. V.Əliyev bu haqda yazır: “... Hətta -maz şəkilçili feli sifətlər, demək olar ki, təsdiq formada işlətmək mümkün olmur: tükənməz xəzinə, sönməz günəş, görünməz hadisə, ölməz qəhrəman və s. Eləcə də dilimizdə təsdiq formada işlənən yanar , uçar, axar, ağlar və s. feli sifətlər heç vaxt (?‒İ.Ə.) inkar mənada işlənmir.” [36, s.60] Araşdırmalarda inkarlıq bildirən -ma,-mə və qeyri-qəti gələcək zaman şəkilçisi -ar,-ər şəkilçisinin sintezi əsasında yaranmış ad düzəldən -maz,-məz şəkilçisi də feili sifət şəkilçisi kimi verilsə də, -maz2 dilin inkişafı ilə əlaqədar olaraq, tədricən leksik şəkilçiyə çevrilərək daimi əlamət, xasiyyət, keyfiyyət bildirən sifətlər və xüsusi isimlər əmələ gətirir. Məsələn: Qorxmaz, Solmaz, dinməz, sönməz, çıxılmaz, keçilməz, axmaz, yaramaz və s.
-ay. Bu şəkilçi dilimizə türk dilinin təsiri nəticəsində keçmişdir. Hazırda dilimizdə olmaq feilindən olay ismini düzəldir. Çox güman ki, elə türk dilindəki aday, yapay, düzey, yatay, dikey isimləri də bu budaq morfemlə əmələ gəlmişdir. Şəkilçi qədim cağatay türkcəsində də işlək olmuş, ulugay (böyümək), mungay (sıxılmaq) sözlərində işlənmişdir. [172, s.396]
-ınc,-inc,-unc,-ünc,-nc,-c. Qeyri-məhsuldar olsa da, dilimizdə azı minillik formalaşma tarixi vardır. Şəkilçi qədim yazılı abidələrdə -ınç4,-nç,-ç formasındadır. Erkən orta əsrlərdə daha məhsuldar sözdüzəldicilik qabiliyyətinə malik olmuşdur. “Orxon‒Yenisey” abidələrində bulğanç (T, 22), ötünç (T, 15), ökünç (Y, 28), inanç (Y, 32), közünç (Y, 28), “Kitabi-Dədə Qorqud” dastanında qaqınc (KDQ, 44), qaxınc (KDQ, 57, 105), sağınc (KDQ, 36), toxınç (KDQ, 57, 105), qorxunc (KDQ, 105), güvənc (KDQ, 128), sağınc (KDQ,36), “Kutadqu Bilik” əsərində sevinç (KB, 123, 359, 2148, 2135 ), avınç (KB, 123, 2135), güvənç (KB,123,1073), inanç (KB,1091), ökünc (KB,1361, 1397, 1424), kazğanç (KB,1444, 1771, 2414), korkınç (KB, 2149), umınç (KB,1364, 2163), basınç (KB, 3206), erinç (KB, 2999), sakınç, (KB, 3206) tayanç (KB, 3773, 3774), tezginç (KB, 126), “Oğuznamə”də qazanc (Oğuz, 26), ödənc (Oğuz, 85, 95, 99), gülənc (Oğuz, 136), “Divan”da korkunç (DLT2, 342; DLT3, 166), külünç (DLT3, 324), ulınç (DLT1,189; DLT3, 384), səwinç (DLT1, 62; DİV 3, 324), umunç (DLT1, 190; DLT3, 384), inanç (DLT3, 384), awınç (DLT3, 384), körünç (DLT3, 323), sakınç (DLT3, 324), ögünç (DLT3, 384), təzginç (DLT3, 335), “Koroğlu”da qaxınc (KD, 166), gülünc (KD, 185) və s. kimi onlarla sözdə rast gəlinir. Ə.Rəcəbli göytürk dilində şəkilçinin -anç,-ənç formasının da olduğunu qeyd etmişdir. [123, s.55]
R.Məhərrəmova isə şəkilçinin -c formasının orta əsr ədəbi dilində qeyri-məhsuldar işləndiyini, sığınc, güvənc, üşənc kimi bir neçə isimdə rast gəlindiyini qeyd etmişdir. [102, s.76]
-ınc,-inc,-unc,-ünc budaq morfemi -ın,-in,-un,-ün qayıdış növün şəkilçisini qəbul etmiş feillərə -c//ç morfeminin əlavə olunması ilə yaranmışdır. Lakin zaman keçdikcə -ın4 şəkilçili qayıdış növ feillərin bir hissəsində şəkilçi müstəqil işlənmək xüsusiyyətini itirmiş və nəticədə -c//ç morfemi ilə birlikdə mürəkkəb quruluşlu şəkilçiyə çevrilmişdir. Tədqiqat zamanı bədii mətnlərin dili üzərində apardığımız müşahidələrdən aydın oldu ki, -c şəkilçisi təsirli və təsirsiz feillərdən isim əmələ gətirir. Dilçilikdə məchul və şəxssiz növ feillərə -c şəkilçisinin qoşulması ilə yeni sözlər yaranması fikri də var. [19, s.102] Lakin rast gəlinən misallarda söz əsası kimi qayıdış növ feillər daha çox üstünlük təşkil edir. Bunu “Divan”dakı korkun (DLT2, 250), umın (DLT1, 250), təzgin (DLT2, 243) kimi sözlər də təsdiq edir. Örtülü-qapalı heca şəkilçili sözlərlə -ınc,-inc,-unc,-ünc, sonu saitlə bitən feillərə -nc, sonu daşlaşmış formada -ın,-in,-un,-ün,-n qayıdış növ şəkilçisi ilə bitən feillərə isə -c forması əlavə edilir. Hal-vəziyyət adlarını bildirən isimlər yaradır. Məs.: qorxunc, gülünc, girinc (DDG, 145), qaxınc, zarınc, utanc, inanc, dirənc, saxlanc, güvənc, sevinc (DDG, 98, 99), əyləc, qısqanc, gizlinc və s. Dilçilik ədəbiyyatında bu nümunələrin arasındakı sevinc sözünün quruluşu gah sev-inc, gah da sevin-c şəklində izah olunur. Məsələn, Ə.Dəmirçizadə “Kitabi-Dədə Qorqud” dastanlarının morfoloji xüsusiyyətlərini təhlil edərkən bu şəkilçi haqqında belə yazır: “P.Melioranski bu şəkilçini təkcə c hərfi ilə vermişdir, lakin göstərdiyi misallardan anlaşılır ki, Melioranski göstərdiyi “sevinc” və “qorqunc” kimi sözlərin əsl kökünün düzgün təyin etməmişdir. Çünki “sevin” feli işlənilsə də, “qorqun” feili heç bir zaman işlənməmişdir. Demək, bu sözlər “sev” və “korq” köklərindən (inc/-unc) şəkilçiləri ilə düzəlmişdir.” [28, s.54] Yuxarıda verdiyimiz nümunədən aydın olur ki, Ə.Dəmirçizadənin bu fikri ətrafında düşünməyə dəyər. Belə ki, Ə.Dəmirçizadənin qorqun kimi verdiyi söz “Divan”da korkun şəklində verilmiş və izah olunmuşdur: “ər işdın korkundı= adam işdən qorxdu və qorxusunu gizlədi.” [95, c.2, s.250]
N.K.Dimitriyev də sevinc, gülünc sözlərini sev-inç, gül-ünç kimi təhlil etmişdir. [177, s.56] M.Ergin [160, s.181] və Z.Korkmaz [166, s.76] isə şəkilçini -nç kimi verməyi qəbul etmir. Onların fikrincə, şəkilçi əslində, -ç/-c morfemidir ki, o da qayıdış növ feillərdən isim əmələ gətirir. Bu mümkün olmadıqda isə -nç formasından istifadə olunur. A.N.Kononov isə -nç şəkilçisini “çağ” sözünün çağ˃ça˃ç şəklində inkişafı kontekstində yarandığı qənaətində olmuşdur. T.Tekin isə A.N.Kononovun çağ sözündən törəmə hesab etdiyi –nç şəkilçisinə nümunə kimi verdiyi “eğlence” sözünü qəbul etməmiş, onun ilkin formasının “ilünçü” olduğunu göstərmişdir. [170] Müasir dilimizdə qılınc, dinc sözlərində şəkilçi daşlaşmış vəziyyətdədir. Qeyd edək ki, keçən əsrin 20-ci illərində dilimizdəki usanc(bezgin), qısac (məngənə), qurunc (çərçivə) sözləri də bu şəkilçi vasitəsilə əmələ gəlmişdir. [83]
-ac,-əc,-ıc,-c. Bu şəkilçi təsirli və təsirsiz feillərin sonuna əlavə olunmaqla yeni məzmunlu isimlər düzəldir. Artırıldığı sözdə daha çox alət, əşya, proses, yer, məkan çalarları bildirir. Yuxarıda qeyd etdiyimiz -c şəkilçisi ilə eyni mənbədəndir. S.Cəfərov şəkilçini -qac,-ğac,-gəc şəkilçisinin ilk samitinin itirməsi yolu ilə yarandığını yazmışdır. [19, s.102] Məs.: qaxac, tıxac, sıxac, döyəc, ayrıc və s. “Oğuznamə”də bu şəkilçi vasitəsilə düzəlmiş gəzic (Oğuz, 150) sözü də var. -c şəkilçisi müasir Azərbaycan dilində dinc (Oğuz, 59) sözündə artıq daşlaşmışdır. Müasir türk dilində şəkilçinin həm açıq, həm qapalı saitli formalarından istifadə olunur. Məs.: dögüç, çekiç, egiç və s.
-ri. Bu şəkilçiyə bu gün yumru (KDQ, 19, 30 ), əyri (KB, 804, 805, 806, 1024, 1025; Oğuz, 34, 49, 52, 63, 123; DLT1, 185; KDQ, 39; DƏH, 20; KD, 51, 62, 147, 199, 209; DDG, 140, 147) sifətlərində rast gəlirik. Dilçilikdə bu şəkilçinin əsasən əyri sözünü düzəltdiyi qeyd olunur. “Orxon‒Yenisey” abidələri, “Oğuznamə”, “Kutadqu Bilik”, “Divani-hikmət”, “Divani-lüğat-it türk”, “Kitabi-Dədə Qorqud”, “Dastani-Əhməd Hərami”, “Dəhnamə”, “Koroğlu” kimi mənbələrdə əyri sözünün işlənmə tezliyi daha intensivdir. Güman edirik ki, -ri şəkilçisi yarandığı ilkin dövrlərdə dördvariantlı və daha məhsuldar olmuşdur. Müasir Azərbaycan dilindəki yumru, körpü və əyri-büyrü//müyrü//üyrü sözünün ikinci komponenti olan bükrü sözlərini də bu şəkilçi vasitəsilə yaranmış hesab etmək olar. büyrü//müyrü//üyrü komponenti bükrü sözünün deformasiya uğramış formasıdır. Qədim abidə və mətnlərin dili üzərində aparılmış araşdırmalar göstərir ki, körpü sözü əvvəllər köprü (Oğuz, 23, 35; KDQ, 95) şəklində olmuş, sonrada rp˃pr yerdəyişməsi (yarpaq, torpaq sözlərində olduğu kimi) nəticəsində körpü formasında sabitləşmişdir. əyri-büyrü//müyrü//üyrü sözünün ikinci komponenti isə “bükmək” feili ilə bağlıdır. Məlumdur ki, k˃g əvəzlənməsinin türk dillərində, o cümlədən Azərbaycan dilində işlənməsi tam təbii haldır. K.Bəşirov da bu qoşa sözün Radlov tərəfindən bükmək feili ilə bağlı izah olunduğunu göstərmişdir. [16, s.61] Lakin Radlovdan qabaq, M.Kaşğari “Divan”da “əyilərək yerə qapanmaq”, “bezmək”, “bıqmaq”, “gözü doymaq” mənalarında “bök” (DLT4, 105), “əyri-üyrü” mənasında “bügri//bukrı” (DLT4, 118), “sinmək, gizlənmək, əyilmək, toplanmaq, bükülmək, bükmək” mənalarında isə “bük” (DLT4, 118) sözünü izah etmişdir. Qeyd edək ki, müasir dilimizdə əyri-üyrü kimi işlədilən mürəkkəb sifət “Oğuznamə”də öz əslinəuyğun əgri-bügri (Oğuz, 52) və əgri bögri (Oğuz, 180) şəklində verilmişdir: Əgri-bügri yol toğrulur. Yılan nə dənlü əgri bögri yürürsə, ini qapusına gəlicək toğrulur.
Müasir Azərbaycan ədəbi dilində yumru kimi işlənən sözə Dədə Qorqud dastanında həm yumrı (KDQ, 30), həm də yamrı-umrı (KDQ, 154) şəklində rast gəlmək mümkündür. Belə nəticəyə gəlmək olar ki, bu şəkilçi qədim dövrlərdə feildən feil düzəldən -ır,-ir,-ur,-ür və feildən ad düzəldən -ı,-i,-u,-ü şəkilçilərinin birləşib tamamilə arxaikləşməsi, cansızlaşması nəticəsində yaranmışdır. Bu baxımdan F.Cəlilov şəkilçinin yaranmasını fuziya hadisəsinin nəticəsi kimi dəyərləndirmişdir. Qədim türk dilində söz əvvəlində “r” samitinin işlənməsi də türk dilləri üçün xarakterik hal sayılmamışdır. Çox güman ki, müasir Azərbaycan ədəbi dilindəki diri (KDQ, 62), iri, doğru (KDQ, 84), sivri, arı, quru kimi sözlər etimoloji cəhətdən -rı,-ri,-ru,-rü şəkilçiləri vasitəsilə düzəlmişdir. “Divan”dakı dəyirmi mənasını verən təgrə (təg→təg+ir→təgir+ə/i→təgri‒İ.Ə.) sözünü də bura əlavə etmək olar. Burada diqqət çəkən bir məqam da ondan ibarətdir ki, bu şəkilçidə -r elementi aparıcı rola malikdir və o əksərən qapalı saitlərlə işləndikdə sifət, açıq saitlərlə işləndikdə isə feil düzəltmişdir. Bu faktı dilimizdəki titrə (KDQ, 96), kükrə (KDQ, 91), doğra, büdrə, təprə, törə, yara, sıçra, dirə kimi ikihecalı daşlaşmış sadə feillər də təsdiq edir.
-am,-əm,-ım,-m. Bir şəkilçi kimi qeyri-məhsuldar şəkilçilər arasında xüsusi rola malikdir. Şəkilçinin -ım4 variantı isə müasir dilimizdə olduğu kimi tarixən də məhsuldarlığı ilə seçilmişdir. B.Serebrennikov -am,-əm şəkilçisinə nümunə kimi altay dillərindəki bağlama mənasını verən bulam, tutacaq mənasını verən “tudam” sözlərini vermiş, şəkilçinin türk dillərində çox az işləndiyini göstərmişdir. [131, s.137] B.Serebrennikovun tudam kimi verdiyi söz “Kitabi-Dədə Qorqud” dastanında tutam (KDQ, 39, 43, 49, 92, 129, 166) şəklində bir neçə dəfə işlənmişdir. “Oğuznamə”də də ölçəm (Oğuz, 149) sözü bu morfemlə yaranmışdır. Z.İsmayıl bu şəkilçidən danışarkən onun Naxçıvan və Təbriz dialektlərində yazam, tutam, güzəm kimi sözlərdə işlək olduğunu qeyd etmişdir. [165] Bu şəkilçi də feillərdən həm isim, həm də sifət düzəldir. Qədim abidələrin dilindəki nümunələr göstərir ki, söz kökündə dodaqlanan saitlər iştirak etdikdə -am,-əm,-m şəkilçisi, dodaqlanmayan saitlər iştirak etdikdə isə -ım,-im,-um,-üm şəkilçisi əlavə edilir. Müqayisə üçün qeyd edək ki, ədəbi dildə -ım4 şəkilçili bəzi sözlər dialekt və şivələrimizdə -am,-əm morfemi ilə işləkdir. Məsələn, ədəbi dilimizdəki ölüm sözü Muğan qrupu şivələrində öləm kimi işləkdir. [11, s.74] Bu şəkilçinin yaratdığı sözlərin bir qismi neologizm keyfiyyətinə malikdir. Məs.: toplam, dönəm, yaşam, tutam, qıvrım, yarım, ayrım və s. Bu şəkilçi bəzən ad bildirən sözlərlə də işlənib çoxluq, zahiri görünüş, kəmiyyət çalarları bildirən adlar düzəldir. Məs.: toplum, üçəm, dördəm, beşəm, önəm, ortam, görkəm və s.
-maca, -məcə,-mac,-məc. Bu şəkilçi daha çox oyun, yemək, içmək, əşya, alət adlarını bildirən isimlər düzəldir. -ma2 +ca2 və -ma2 +c modeli əsasında yaranmışdır. Məs.: atmaca, bilməcə, köpməcə, tapmaca, bulmaca yanıltmac, döyməc, bulamac, bozlamac, doğramac, yaxmac, tutmac və s. Formalaşma tarixi, ehtimal edirik ki, azı V‒VII əsrə təsadüf edir. Çünki Dədə Qorqudun dilində bu şəkilçi ilə düzəlmiş dolamac (KDQ, 106), bozlamac, bulamac sözlərinə rast gəlmək mümkündür. M.Hüseynova isə avırtmac, bozdamac, omac, tutmac, döymənc, qavırmac, yaxmanc, yörkmənc yemək adları bildirən sözlərin etimologiyasını tədqiq etmiş, şəkilçini -ma,-mə+c modelində yarandığını qeyd etməklə yanaşı, onun dialekt və şivələrimizdə -maş formasının olduğunu göstərmişdir. [61, s.15] Təsadüfi deyil ki, türkologiyada şəkilçinin yaranmasını -ma,-mə budaq morfemi ilə yemək mənalı aş sözünün sintezi əsasında yaranması fikri də mövcuddur. [90, s.38‒39] “Divan”da işlənmiş həmin sözlərin bir qismi M.Kaşğari tərəfindən izah olunmuşdur. Məsələn, yörgəməc ismi sarmaq mənasını ifadə edən yörgə feilindən (DLT3, 275) əmələ gəlmişdir. Yörgəməc isə iskəmbə və bağırsağın incə doğranaraq bağırsaq içində qızardılması və bişirilməsi deməkdir. (DLT3, 54) M.Kaşğarinin qeydindən belə məlum olur ki, tutmaç sözü sadə cümlənin transformasiyası zəmnində yaranmışdır. O, bu sözü belə izah edir: “Zülqərneyn zülmətdən çıxdıqdan sonra azuqəsi azalmış, yanındakılar ona «... bizi tutma aç» , yəni bizi ac saxlama, yolumuzu aç, yurdumuza-yuvamıza qayıdaq kimi sözlər söyləmişlər. Zülqəreyn də alimlərlə məsləhətləşmiş və bu yeməyi icad etmişdir. Bu yemək bədəni qüvvətləndirir, üzə qırmızılıq verir, çətin həzm olunur. Tutmac yeyildikdən sonra suyundan da içilir. Türklər bu yeməklə tanış olanda ona «... tutmaç » demişlər. Əsli «... tutma açdır»” [96, c.3, s.442] Bundan başqa, “Divan”da koğurmaç, kawurmaç kimi sözlər də izah edilmişdir. Şəkilçiyə “Oğuznamə”də dəki tutmaç (Oğuz, 54, 64) sözündə rast gəlirik. Şəkilçinin hər iki forması Azərbaycan dili ilə müqayisədə müasir türk dilində daha məhsuldardır. -mac şəkilçili gölməc sözü türk dillərində gölbet, gölek, gölleç, gölbeç, gölbek, gölek, göllək, gölen, gölmeç şəklində də işlənir.[165] Z.Korkmaz -mac,-məc şəkilçisini -maca,-məcə şəkilçisinin qısaltması əsasında yarandığını qeyd edərək şəkilçinin müasir türk dilində termin yaradıcılığındakı işlənmə xüsusiyyətlərini göstərmişdir. F.Cəlilov isə bu şəkilçini -man şəkilçisi ilə müqayisə müstəvisində nəzərdən keçirmiş, onun fuziya hadisəsi nəticəsində yarandığını vurğulamışdır. Bundan başqa, tədqiqatçı şəkilçinin -manc fonovariantının olduğunu da göstərmişdir. [23, s.106] Həmin formant türk dilində bu gün dilmaç şəklində işlənən, Azərbaycan dilində isə artıq arxaizmə çevrilmiş dilmanc və dialekt və şivələrimizdə, xüsusən də Naxçıvan dialekt və şivələrindəki burmanc (ADDL,67) (çimdik, burulmuş, axtalanmış mənalarında) sözlərinin tərkibində öz varlığını qoruyur. [91, s.48] -mənc forması tarixən daha işlək olmuşdur. “Divan”dakı sözlər də bunu sübut edir. İ.Quliyev -mənc fonovariantının yaranmasını -ma,-mə+nc modelində izah etmiş və daha çox dialekt və şivələrimizdə, canlı danışıq dilində rast gəlindiyini qeyd etmişdir. [90, s.38]
-bac,-paç. Daha çox feil əsasından oyun adlarını bildirən isimlər düzəldir. Bu şəkilçi dilçilikdə -qac,-ğac,-ğıc şəkilçisinin bir derivatı kimi öyrənilir. Çox güman ki, şəkilçi q/ğ˃b/p əvəzlənməsi nəticəsində formalaşmışdır. Z.Korkmaz isə şəkilçini -mac,-məc budaq morfemi ilə eyniləşdirmiş, qayıdış məzmunlu feillərlə -mac,-məc şəkilçisinin -bac/ç derivatının işləndiyini göstərmişdir. Məs.: gizlənpaç, dolanbac, saxlanbac, atlanbac və s. Dolanbac sözünü sadə qəbul edən dilçilər də var. [98]
-ıca,-icə. Demək olar ki, dilçilik ədəbiyyatında bu morfemdən geniş bəhs olunmayıb. Daha çox ad və feildən nəsil, şəcərə bildirən sözlər düzəldir. Məs.: yadıca, iticə və s. Məsələyə etimoloji aspektdən yanaşmış B.Əhmədov da bu sözləri türk kökənli olmasını vurğulamışdır: “Nəvə, nəticə sözləri ərəb, nəbibə, nədidə isə fars mənşəlidir. Kötücə (əsli: kötükcə), yadıca ( yadlaşmaqda, qohumluğu itirməkdə olan), tullancı (qohumluq əlaqəsinin kəsilməsi, yəni 7 arxa dönən) türk sözüdür. Yadıca “yadlaşmaq” anlamı ilə bağlıdır.” [34, s.266] Bu şəkilçidə bir kiçiltmə çaları da var.
-cəli. Bu şəkilçi quruluşca mürəkkəbdir və etimoloji cəhətdən də Azərbaycan dilində rəng bildirən sifətlərdən toponimlər yaradan -calı2 (Qaracalı, Sarıcalı) morfemindən fərqlənir. [63, s.85] İşlənmə intensivliyi də zəif olmaqla bərabər, qədim dövr abidələrində də rast gəlinmir. Müsair dilimizdə isə öyrəncəli sözündə işlənir.
Mən Təbrizli, Naxçıvanlı, mən Gəncəliyəm,
Çox görmüşəm hasar üstə ölənləri də.
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölənləri də. (M.Araz)
Güman edirik ki, bu formant məhsuldar -əcək2+-lı4 şəkilçiləri əsasında yaranıb formalaşmışdır: öyrənəcəkli-öyrəncəkli-öyrəncəli. Bu söz dilimizdə çox vaxt substantivləşmiş formada, şəxs şəkilçilərini qəbul edərək işlənir.
-kəm. Şəkilçi qeyri-məhsuldar olsa da, XI‒XII əsrlərə aid mətnlərdən başlayaraq bu günümüzə kimi Azərbaycan dilində işlək olmuşdur. Tədqiqat aparan zaman bu şəkilçiyə yalnız ötkəm sözündə rast gəldik. İşlənmə tarixi qədimdir. Ötkəm sözü “Kutadqu Bilik” də metateza hadisəsinə uğramış və öktem (KB, 534, 672) şəklində bir neçə dəfə işlənmişdir. Zahirən -kəm şəkilçili sözə bənzəyən görkəm (KD, 28, 94) isə gör+(ü)k+əm modeli əsasında yaranmışdır. B.Əhmədov da görk sözünün quruluşunu Azərbaycan dilinin şivələrində söz yaradıcılığının tədqiqi müstəvisində izah etmiş, sözü gör+ük şəklində vermişdir. O, bu sözü təşəxxüs satmaq, acıq vermək, göstərmək mənalarında vermişdir. [33, s.50]
-an,-ən,-n. Feildən isim düzəldən qeyri-məhsuldar söz-şəkilçidir. Feili sifət, feildən isim düzəldən -an,-ən şəkilçisi ilə omonimlik keyfiyyəti daşıyır. Söz sonuna qoşularaq, əsasən əşya, alət, hadisə, proses çalarları ifadə edir. Məsələn: pozan, talan, qalxan və s.
-imli4. Budaq morfem quruluşca mürəkkəb olub, feildən isim və addan ad düzəldən iki müxtəlif və məhsuldar şəkilçinin birləşməsi əsasında yaranıb. Məsələn: dönümlü (KD,13), yeyimli (KD, 13), baxımlı, ölümlü, bilimli, qalımlı, kəsimli və s. Lakin dilimizdə sevimli, gəlimli, yatımlı, gedimli və s. kimi bir neçə söz var ki, onların tərkibində işkirak edən həmin şəkilçilər bir mürəkkəb budaq morfem kimi çıxış edir. Belə sözlər dilimizdə az olsa da, işlək və qədimdir. Hətta verdiyimiz nümunələrin arasındakı gəlimli və gedimli sözlərinə “Kitabi-Dədə Qorqud” dastanının dilində rast gəlinir. Müasir türk dilində də -imli şəkilçili sözlərə təsadüf edilir.
-ıd,-üd,-id,-ud,-d. Feildən, az halda isə isimdən isim düzəldən budaq morfem olub, hərəkət bildirən sözlərdən yeni əşya məzmunlu sözlər əmələ gətirir. Əlavə olunduğu sözlər əksərən konkret isimlərdən ibarət olur. Keçid, yaşıd, qurud, ayırd öyüd kimi lüğəvi vahidlərin tərkibində işlənmişdir. Türkoloji dilçilikdə isə bu şəkilçini yanlış olaraq -dık,-dik,-duk,-dük şəkilçisi ilə bağlayanlar da olmuşdur. [19] B.Serebrennikov yazır ki, bu şəkilçi türk dillərində hərəkətin nəticəsini bildirən isimlər düzəldir. [131, s.140] M.Ergin isə şəkilçini -t kimi xarakterizə edir, şəkilçidən əvvəl gələn qapalı saitləri isə yardımçı səslər kimi dəyərləndirir. [160, s.184] Türk dilindəki düşüt, geçit, kurut, yoğurt, yakıt, ögüt, suvat, taşıt, anıt və s. kimi sözlər də dördvariantlı -ıt şəkilçisi ilə əmələ gəlmişdir. Bu budaq morfem tarixən Azərbaycan dilində də qeyri-məhsuldar xarakterə malik olmuş və -ıt,-it,-ut,üt,-t formasında işlək olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanın dilindəki binət (KDQ, 34, 35, 67, 76, 99), öyüt (KDQ, 20, 44, 61), yüklət (KDQ, 67, 76, 99), yoğurt (KDQ, 69), içət (KDQ, 67, 76, 99), keçit (KDQ, 36, 55, 135), aşut (KDQ, 53), aşıt (KDQ, 135) kimi sözlər də bu faktı sübut edir. Ümid sözündə isə şəkilçi daşlaşmış vəziyyətdədir. Canlı danışıq dilində cavab vermək, demək, söyləmək mənasında istifadə olunan qayıtmaq sözündə də daşlaşmışdır. Bu söz arxaik “ayıt” feili əsasında əmələ gəlmişdir. Çox güman ki, qayıtmaq sözünün tərkibindəki q elementi də getmək, gəlmək sözlərindəki ge, gə, ke sinkretik kökünün qalığıdır. Azərbaycan dilindəki yuat, ölət və kəsmət sözləri də bu morfem əsasında yaranmışdır. Qeyd edək ki, kəsmət sözü Şəki dialektində kəsəmət şəklində də işlənir. Sözün bu formasına Türkiyə türkcəsində də rast gəlinir. Dədə Qorqud dastanında isə “Gəlün kəsim kəsəlim” (KDQ, 127) şəklində işlənmişdir.
-qar. Bu şəkilçi həm isim, həm də feildən müvafiq olaraq əlamət bildirən sifət (ucqar) və əşya, alət bildirən konkret isim (yonqar) əmələ gətirir. Etimal ki, şəkilçinin yaranması qır və kəs feilləri ilə bağlıdır. Yonqar sözündə bu bağlılıq özünü daha qabarıq göstərir. Ümumiyyətlə, kəs, qırp, qır, qıy feilləri sinkretik kök baxımından eyni xətdə birləşir. Təsadüfi deyil ki, Türkman dilindəki “kıymıt” sözü məhz “yonqa”, “taxta parçası”, “ağac qabığı” mənasını verir. [162]
B.Xəlilov bu feil haqqında yazır: “Qıy feli qədim türk lüğətində əymək, kəsmək, öz sözündən geri dönmək, əyri mənalarında işlənmişdir. Maraqlıdır ki, Ucar rayonunda qıy sözünün əyri mənasını qır sözü bildirir. Qır və qıy sözlərində qı ilkin kökü söz sonu -y və -q elementlərinə birikmişdir. Bu ilkin kök kəsmək felinin təşəkkül tapdığı ilkin köklə allomorfluq yaratmışdır: kə/qı” [66, s.140 ]
Dostları ilə paylaş: |