Oqtay Əfəndiyev.s.49
Qaraqoyunlular — 1375–1469-cu illərdə Azərbaycan, Ermənistan, şərqi Anadolu və şimali İraq ərazilərini idarə etmiş türkdilli şiə Baharlılar başçılığı altındakı oğuz tayfalarından ibarət tarixi tayfa ittifaqı. Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlar.
Cahan şahın ölümündən sonra Qaraqoyunlu əmirləri Maku qalasındakı Həsənəlini azad etdilər. Ancaq onun hakimiyyətinə qarşı çıxan Qara İsgəndərin oğlu Hüseynəli özünü Təbrizdə sultan elan etdi. Hüseynəlinin hakimiyyəti çox sürmədi, o, Həsənəlinin tərəfdarları tərəfindən məğlub edilərək öldürüldü. Beləliklə Həsənəli mirzə 1468-ci ildə Qaraqoyunlu taxtına oturdu.
Həsənəli tezliklə Uzun Həsənə qarşı ordu yığmağa başladı və böyük ordu toplandı. Lakin taxta keçməsində böyük rola malik olan əmirləri və qardaşlarını öldürməsi getdikcə Həsənəlini ordudakı və dövlətdəki mövqeyini zəiflədirdi. Şahmənsur, Şahsuvar bəy və Əmir İbrahimşah kimi tanınmış Qaraqoyunlu əmirləri Uzun Həsən bəyin tərəfinə keçdilər. 1468-ci ildə Xoy yaxınlığında Uzun Həsənlə Həsənəlinin ordusu qarşılaşdı. Ordusunun daha böyük olmasına baxmayaraq Həsənəli məğlub oldu və Bərdəyə qaçaraq Qaramanlı tayfasına sığındı.
1469-cu ildə Teymuri hökmdarı Əbu Səid böyük qoşunla Qaraqoyunlu səltənətinin bərpası adıyla Azərbaycana hücum etdi. Uzun Həsən sülh təklif etsə də, Əbu Səid bunu qəbul etmədi. Lakin Teymurilərin müttəfiqi Şirvanşah I Fərrux Yəsarın da Uzun Həsəni tərəfinə keçməsi Əbu Səidin vəziyyətini ağırlaşdırdı.Uzun Həsən Əbu Səidin Mahmudabaddakı düşərgəsinə hücum edərək onu darmadağın etdi, Əbu Səid döyüşdə öldürüldü. Həsənəli isə Həmədanda tutularaq öldürüldü. Həsənəlidən sonra Cahanşahın digər oğlu Əbu Yusif Fars vilayətində hakimiyyəti ələ almaq istəsə də bu baş tutmadı. O, Uğurlu Məhəmməd tərəfindən öldürüldü.
Beləliklə Azərbaycanda Qaraqoyunlu sülaləsinin hakimiyyəti sona çatdı və yerinə yeni Azərbaycan sülaləsi olan Ağqoyunlular gəldilər.
Qaraqoyunlu hakimiyyəti Azərbaycanda ləğv edilməsinə baxmayaraq Qaraqoyunlular Azərbaycanın müəyyən ərazilərində və Hindistanda hakimiyyətlərini davam etdirdilər. Qaraqoyunluların Azərbaycandakı son nümayəndəsi Sultan Hüseyn Baranlı idi. O, 20 minlik Qaraqoyunlu elatına başçılıq edir və Göyçə gölü ilə Araz çayı arasındakı torpaqlara hökm edirdi. Ağqoyunlu hökmdarı Əlvəndə tabe olan Sultan Hüseyn ona hər il sovqat göndərirdi.Lakin Sultan Hüseyn qarışıqlıqlardan istifadə edərək Qaraqoyunlu hakimiyyətini yenidən bərpa etmək istəyirdi. 1500-cü ildə Şeyx İsmayilla döyüşdə məğlub oldu, həmin il Gəncə yaxınlığında isə Əlvəndlə döyüşdə öldürülürdü.
Hindistandakı Qaraqoyunlulara gəldikdə isə onlar, 1518-ci ildə Qalkonda sultanlığının əsasını qoydular. Sultanlığa başçılıq edən Qütbşahlar sülaləsi Qara İsgəndərin nəslindən idilər. Qaraqoyunlular Hindistanda 100 ildən çox hakimiyyətdə oldular və 1687-ci ildə Qütbşahlılar sülaləsinin hakimiyyətinə Böyük Moğol İmperiyası tərəfindən son qoyuldu.
Dostları ilə paylaş: |