Parlaq günəş qapısında, gözətçidir, keşikdir,
Bil ki, onun qarşısında zərrədən də kiçikdir.1
Bu, Allahın qüdrətini ifadə etmək üçün gətirilən təşbehlərdir. Allaha olan sevgi də O-nun böyüklüyü və əzəməti qarşısında pərəstiş duyğusunun sevgiyə transformasiyasıdır. Görünür, Şərqdə elmi-fəlsəfi anlayışlar hələ tam formalaşmadığından, yaxud bədii təfəkkürün amorf, sinkretik ifadə ənənəsi daha güclü olduğundan konkret təfəkkür müstəvisində fərqli olan müxtəlif mənəvi təzahürlər, hissi yaşantılar eyni bir obrazda, baxılan halda eşq metaforasında ümumiləşdirilir. Bəli, söhbət məhz müstəqim mənada eşqdən yox, daha çox mətləbləri, mənaları ehtiva edən rəmzləşmiş eşqdən gedir. Hətta Qurani-Kərimdən və ondan əvvəlki dini kitablardan məlum olan insanın əvvəl gildən düzəldilməsi, sonra isə ona ilahi ruh üfürülməsi haqqında bilgini Cəlaləddin Rumi «sonra Allah bu gilə məhəbbət nəfəsi üfürdü»2, – kimi qələmə alır. Yəni ruh da məhəbbət obrazına girir.
Şərqdə məhəbbətin universal anlamına gətirən dünyanın vəhdəti, hər şeyin vahid Allahla bağlı olması ideyası Hegel tərəfindən bir qədər başqa formada təqdim olunur: «Mütləq, elə bil ki, xeyirxahlıqla təkcələri özündən ayırır və onların öz varlığından həzz almalarına imkan verir; elə bu həzz özü də onları yenidən mütləq birliyə dəvət edir».1 Hegel Mütləqə (Allaha) aid etdiyi birləşdirmə gücünü «Mən»ə də aid edir. Əvvəlcə bir-birinə münasibəti olmayan tərəflər «Mən»in mənəvi enercisi ilə (Şərq anlamında eşqin gücü ilə) cəzb olunurlar. «Mən», elə bil ki, yanar soba, atəş olaraq bir-birinə etinasız olan müxtəlifliyi ağuşuna alır və birləşdirir».2
Şərq şairləri gözəllik qarşısında da pərəstiş etdiklərindən onların gözəllərə ithafı ilə Allaha ithaflarını fərqləndirmək çox çətindir.
İbn Ərəbinin poeziyasında şairin nə vaxt ilahi eşqdən, nə vaxt gözəl qadından bəhs etdiyini müəyyənləşdirmək xeyli dərəcədə çətin olur. O, bir tərəfdən eşqi vəcdlə müqayisə edir, insanın ilahidən yaradılışı ilə bağlayır, digər tərəfdən də, qadın gözəlliyinin təfərrüatlarına enir. «Onlar mənim qafamın içində doğulub, könlümdə batmırlarmı?»3, yaxud «Alnımızda yazılı bir nizama görə, daim artır gözəllik»4, – deyərkən, təbii ki, söhbətin insanın mahiyyəti ilə, yaradılışı ilə bağlılıq şübhə doğurmur. «Müşk qoxusundan», «ceyran gözlərdən», «gül camaldan», «qara saçlardan», «bəyaz nərgizdən» bəhs edəndə söhbətin məhz qadın gözəlliyindən getdiyi güman olunur.
H.Caviddə isə sevgi spektrinin bütün rəngləri ehtiva olunur. Burada eşq dünyasının heyvani hisslərlə yaşayan, eşq görüntüsündən sui-istifadə edən Qarataydan tutmuş, real insani eşq duyğusunu yaşamağa çalışan Afətə qədər və Afətdən özünü monastıra hazırlayan Xumara, Xumardan isə ilahi eşq zirvəsinə yüksələn Şeyx Sənana qədər bütün sakinlərinə rast gəlmək mümkündür.
H.Cavidin eşqlə bağlı irəli sürdüyü tezis əslində onun tərəfdar çıxdığı və yüksək poetik səviyyədə tərənnüm etdiyi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Bu – vahid din konsepsiyasıdır.
Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olardı cinsi-bəşər. 1
«Şeyx Sənan»da Şeyxin guya islamdan uzaqlaşdığını göstərən hadisələr əslində onun dini mərasimçilikdən, təfərrüatlardan və etiqadın özünü yox, zahiri tərəflərini təmsil edən cəhətlərdən imtina etməsidir. Dinlərin birləşməsi ən ali ideal naminə, vahid Allah ideyası naminə, dünyanın vəhdəti naminə ayırıcı təfərrüatların arxa plana keçirilməsini, dini ehkam kimi, mövhümat kimi, mərasimlər və ayinlər toplusu kimi başa düşənlərdən fərqli olaraq, onun daha yüksək bir məqamda dərk edilməsini tələb edir.
Birləşdirici amil eşqdir, gözəllikdir. Bu, əslində, Xeyrin, Haqqın-Ədalətin, Gözəlliyin, Həqiqətin eyniyyət məqamıdır. Təsadüfi deyil ki, Cavid digər əsərlərində Həqiqət tanrıçılığını da tərənnüm edir.
Cavid insanın mənəvi aləminə, iç dünyasına böyük önəm verməsinə baxmayaraq, mistik yanaşma ilə məhdudlaşmır və sanki mistika ilə rasionalizmin sintezindən çıxış edir. O, bir çox hallarda təsəvvüf fəlsəfəsinin prinsiplərindən çıxış etsə də, müəyyən məsələlərdə ictimai amilləri nəzərə almaqla daha realist mövqe tutur; qəlb dünyası ilə ictimai həyatı bir küll halında, qarşılıqlı əlaqə və vəhdətdə nəzərdən keçirir.
Caviddən çox-çox əvvəl Şərq fəlsəfi ənənələrində yer almış müddəaların ünvanını, ilk mənbəyi göstərmədən onun adına yazmaqdansa, məhz Cavidə məxsus olan, ilk dəfə onun özünün irəli sürdüyü ideyaları üzə çıxarmağa və təhlil etməyə böyük ehtiyac vardır. Birinci halda biz şairin hansı məlum fəlsəfi təlimləri, hansı prinsipləri tərənnüm etdiyini göstərmiş oluruq. Bu da vacibdir. Lakin onun bir filosof kimi təqdimatı üçün dövrün fəlsəfi fikirinə hansı şəxsi mövqe ilə müdaxilə etdiyini və hansı ideyaların bilavasitə müəllifi olduğunu aşkar etmək lazımdır. Bunun üçün isə öncə Cavid yaradıcılığının ideya mənbələri üzə çıxarılmalıdır. Belə mənbələrdən biri kimi böyük haqla İbn Ərəbinin poeziyasını və fəlsəfi təlimini götürmək olar. Məhz onun təlimində Eşq tanrıçılığı, vahid din ideyasına gətirib çıxarır:
Dostları ilə paylaş: |