Bu halda dərhal təhlükəsizlik tədbirləri görün. Əgər kənd yerindəsinizsə, pəncərə, qapı, baca, ventilyasiya dəliklərini bağlayın. Sobanı yandırmayın. Çünki yüksək temperaturlu qazların müqavimət qüvvəsi aşağı olur. Telefon ilə danışmayın: ildırım bəzən simlərin üzərinə də düşür. İldırım çaxan zaman elektrik daşıyıcılarına, ildırım keçiricilərə, damdakı novlara, antenaya yaxınlaşmayın, mümkün qədər televizor, radio və digər elektrik cihazlarını söndürün. Əgər meşədəsinizsə, meşənin alçaq ağaclıq yerinə sığının. Hündür ağacların, xüsusilə şam, palıd və qovaq ağacının yanında gizlənməyin. Su hövzəsi, yaxud onun sahilində dayanmayın. Sahildən kənarlaşın, hündür yerdən aşağı düşün. Düzənlikdə və ya daldalanmağa yer olmayan bir ərazidəsinizsə, yerə uzanmayın. Bununla bütün bədəninizi elektrik cərəyanının təsiri altında qoyursunuz. Dayaz bir yerdə, yarğanda və ya digər təbii bir dərinlikdə əyləşin, əlləriniz ilə ayaqlarınızdan tutun.
Qasırğa - isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100-150 km-ə qədər çata bilən çox şiddətli küləklər. Zəlzələdən sonra ikinci yerdədir. Küləklər necə yaranır? Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır. Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə, hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ gətirir. Qasırğalar Asiyanın cənub sahillərində və Avstraliyanın Sakit okean sahillərində Tayfun sayılır. Tropik bir siklonun qasırğa olaraq adlanıla bilməsi üçün küləyin sürətinin heç olmasa 117 km/saat olması lazımdır.
Ümumiyyətlə, qasırğalar saatda 240 km-dən çox surətə malikdirlər. Qasırğalar həm də böyük dəniz dalğalarına və dənizin qabarmasına da gətirib çıxarır. Qasırğalarla birlikdə yağış da gəlir. Tropik bir külək qurşağının orta yağış miqdarı 75-150 mm-dir. Belə yağışlar ciddi sellərin meydana gəlməsinə də səbəb olur. BMT-ninn fəlakətlərin təhlükəsini azaltma üzrə beynəlxalq strategiya çərçivəsində hazırladığı hesabata görə, 2008-ci ildə daha çox Myanmada baş verən "Nərgiz" qasırğası can alıb. Nə az, nə çox, 138 min nəfər həyatdan məhrum olub, yüz minlərlə insan evsizeşiksiz qalıb. "Nərgiz" Myanmaya 4 milyard dollar ziyan vurub.
Leysan yağışlar Leysan - qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında qəflətən düşür. İntensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. 1-2 saat müddətində olur. İldırımlarla və küləyin qısamüddətli güclənməsi ilə müşahidə olunur. Yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi qalxır və əhali üçün ciddi problemlər yaradır, su kəmərlərini yararsız hala salır, yolları dağıdır və orada nəqliyyatın hərəkətinı çətinləşdirir, körpülərə ciddi ziyan dəyir. Dünyada ən güclü Leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
İri dolu - Dolu dənələri 1 mm-dən az qalınlığa malik olmayan şəffaf buz qatlarından ibarətdir. Dolu dənələri həddən artıq soyumuş buludda təsadüfi olaraq donan ayrı-ayrı damcıların yaranması nəticəsində meydana gəlir. Sonradan bu damcılar onlarla toqquşan digər donmuş dənələr hesabına iri ölçülər almağa başlayır. Dolu dairəvi və ya qeyri-düzgün formalı buz hissəciyi olub, diametri 5-50 mm, bəzən daha böyük ölçüdə ola bilir. Ölçüləri 130 mm-dək, çəkisi isə 1 kq-a qədər olan dolu dənələrinə də rast gəlmək mümkündür. Dolu adətən ilin isti dövrlərində sıx toplanmış bulud topasından yağır. Düşən dolu qatı bəzən bir neçə santimetrə çatır. Dolunun yağma müddəti isə bir neçə dəqiqədən yarım saata qədər çəkir. Əsasən yağma müddəti 5-10 dəqiqə, bəzi hallarda isə 1 saata qədər çata bilər . Dolu yağmuru geniş ölçüdə əkinçilik sahələrinə, binalara və nəqliyyat vasitələrinə zərər verir. Dolu xüsusən kənd təsərrüfatına ciddi ziyan vurur. İnkişaf etməkdə olan əkinçilik məhsulları üzərinə düşdüyü zaman dəyən ziyanın nəticələri böyük olur. Bu ziyanın miqyası dolu dənələrinin iriliyi, sıxlığı və yağma müddəti ilə bağlıdır. Dolu hadisəsi hər yerdə və hər mövsümdə, xüsusilə yaz və yay mövsümlərində müşahidə olunur. Dolu yazda nə qədər gec yağsa, zərəri o qədər böyük olar. Dolu əkinlərin məhv olması, tərəvəz və meyvələrin yararsız vəziyyətə düşməsi ilə yanaşı - iri və xırda buynuzlu heyvanların ölümünə də səbəb ola bilir. Dolunun meydana gətirdiyi zərərlər quraqlıq, sel kimi digər meteoroloji fəlakətlərdə olduğu kimi geniş miqyaslı olmasa da, yetərincədir. Dolu bitkilərin inkişaf və böyümə mərhələsində yağdığı zaman gənc çiçək, yarpaq və meyvələri qoparır və məhv edir, ağaclara zərər vuraraq, onların gələcək illər üçün səmərəsini xeyli aşağı salır.