BU MƏKTƏB NƏZƏRİYYƏSİNİN XÜLASƏSİ
«Mən»ini «bizə» çevirmiş şəxsi kamil insan hesab edən bu məktəb, öz sözlərinin həyata keçirilməsi yolunu göstərərək belə deyir: Harada əşyalar «mən»liyə deyil, «biz»ə aid olursa, bu aidiyyat insanların «biz»liyinin nəticəsidir. Siz, əşyaların insanlara aidiyyatına nəzər salsanız onun iki cür olmasının şahidi olarsınız. Hər bir cəmiyyətdə bir sıra işlər «biz»ə aid olur. Məsələn, ana dilim təkcə mənimdirmi? Xeyr! özlüyündə digər «mən» olan sənindirmi? Xeyr! Kiminsə üçüncü bir adamındırmı? Xeyr! Bu dil bir kütlənindir. Bu qism şeylər, yə᾽ni fərd və şəxsə deyil, kütlə və cəmə aid olan şeylər insanları bir-birinə birləşdirir. Bizim bir dil, vətən, mədəniyyət və s. malik olmağımız yə᾽ni dil, vətən, mədəniyyət və s.-nin «mən»ə deyil, «biz»ə aid olması bizləri bir-birimizlə birləşdirib. «Mən» deyil, «biz»ə aid olan bütün şeylər, yə᾽ni şəxsi deyil, müştərək olan şeylər insanları «biz»ləşdirir.
Digər tərəfdən də şəxs və fərdlərə aid olan xüsusi əşyalarla rastlaşırıq. Mənim evim, pulum, paltarım, xalçam, maşınım və s. buna misal ola bilər. Sadaladığımız şeylər artıq sizin və bizim deyil, mənimdir. Əşyaların insana bu cür aidiyyatı müştərək deyil, şəxsidir. Deyirlər ki, aidiyyatların şəxsi və xüsusi olması «mən»ləri yaradır. «Mən»liyi nə yaradır? Xüsusi mülkiyyət və mülkiyyətin xüsusiliyi! Bəs «biz»i nə yaradır? Ümumi mülkiyyət və ortaqlıq! Deməli insanların kamilliklərinin me᾽yarı onların «biz» olmalarıdır; insanların «biz» olmalarının me᾽yarı isə xüsusiçiliyin aradan getməsi və şəriklik, ortaqlıq və sosializmin onun yerini tutmasıdır.
Onlar iddia edirlər ki, bəşər cəmiyyəti yaradılışın əvvəllərində şərikli və ortaqlı bir cəmiyyət olub və həmin vaxtlar sahibkarlıq və mülkiyyət olmayıb. Onların fikrincə bəşəriyyətin həmin yaşayış dövründə «mənim torpağım», «sənin torpağın», «mənim sərvətim», «sənin sərvətin» və bu kimi məsələlər olmayıb. Bütün şeylər ortaq olub və insanlar cənnətdə və tam rifah içində yaşayıblar. Dinlərdə deyildiyi kimi, bizim ulu babamız əvvəl cənnətdə olub və sonra itaətdən çıxdığı üçün oradan qovularaq dünya həyatına giriftar olub. Onların fikrincə bu məsələnin başqa bir yozumu da var və o, budur ki, insan əvvəllər ortaqlıq və şəriklik hökm sürən və «mən» deyil, «biz» hakim olan cənnətdə yaşayırmış; amma bir günaha mürtəkib olaraq ortaqlıqlar cənnətindən qovulub və həmin günah xüsusiçilik, özəl sahibkarlıq və mülkiyyətin yaranmasıdır. özəl mülkiyyət yarandıqdan sonra, insan xoşbəxtlik cənnətindən qovularaq çətinliklərə düçar olub və o, indi də həmin bədbəxtliklərdə qalmaqdadır. İnsanın cənnətə qayıtması üçün etməli olduğu tövbə, xüsusiçilik və sahibkarlıq tövbəsidir. Dinlərdə deyildiyi kimi, insanın sonradan getməli olduğu cənnət, əvvəlkindən daha kamil və yaxşıdır. Bəşəriyyət bu böyük günahdan tövbə edərək sahibkarlıq əvəzinə ortaqlıqlara üz tutanda insanlıq və adamlıq məqamına çatacaq.
Onlar deyirlər ki, zülm sahibkarlıq yarandıqdan sonra yaranıb; zülm sahibkarlığın nəticəsidir. Buna görə də sahibkarlığın yaranması «istismarçı və istismar edilən»in ortaya çıxmasına səbəb olur. Bəşəriyyət istismarçı və ya istismar edilən vəziyyətdə qalıncaya qədər naqisdir. Nə qədər ki, dağ boyda şişməsi, digərinin isə qorxunc dərə dibinə düşənə kimi geriləməsi və onların arasındakı bu dərə-təpə və bərabərsizliyin olmasının şahidiyik, insan səadət və xoşbəxtliyə çatmayacaq. İnsanlar düzənlik halına düşəndə və bir-birinə nisbətdə bərabər vəziyyətdə yaşayanda xoşbəxtlik üzü görəcəklər. Bərabərlik hakim olduqdan sonra qardaşlıq yaranacaq və insan, həmin vaxt naqis deyil, kamil olacaq. Deməli bu məktəb insanın kamilliyini xüsusiçiliyin, onun istismarçı və istismar edilən nəticələrinin rədd edilməsi ilə bir hesab edir. İstismar hər iki tərəfdə minlərlə eyb və nöqsan – birində kin-küdurət, digərində isə hərislik və tamahkarlıq yaradır. Siz bütün bunların kökünü aradan götürsəniz insanın kamilliyi özünü büruzə verəcəkdir.
Dostları ilə paylaş: |