Kamran NƏZİRLİ



Yüklə 0,93 Mb.
səhifə3/12
tarix24.05.2018
ölçüsü0,93 Mb.
#51244
1   2   3   4   5   6   7   8   9   ...   12

5.

Frənk səhər yuxudan duranda özünü bütün gecəni möhkəm yemiş bir adam kimi hiss etdi; əslində isə dilinə heç nə dəy­məmişdi. Gecəki romantika ona uzaq, qeyri-real göründü. Lakin onun üçün başdan ayağa qızıl bir səhər açılmışdı; yaz birdən-birə bütün çiçəkləri ilə birlikdə fəğan edirdi. Bir gecənin içində qaymaqçiçəkləri, yaxud uşaqların “zər güllər” adlan­dır­dığı çi­çək­lər bütün çəmənliyi başına götürmüşdü; pəncərədən isə alma ağac­larının ağ-çəhrayı rəngə boyanan tumurcuqlarını görmək olurdu.

Frənk otaqdan çıxıb ürkək hisslərlə aşağı düşdü; elə bil Meqanla rastlaşacağından qorxurdu. Lakin Missis Narrakombe ona səhər yeməyi gətirəndə dalağı sancdı, kefi pozuldu; qadının iti gözləri və uzun boynu bu səhər elə bil daha diriydi: görəsən qadın bir şey hiss edibmi?


  • Deməli, ötən gecə ay işığında gəzirdiniz, hə, mister Əşürst? Heç olmasa hardasa şam eləyə bildinizmi?

Frənk başını yellətdi.

  • Biz sizə yemək saxlamışdıq. Görünür, başınız nə ilə­sə qarışıb, hə?

Görəsən bu qadın onunla məzələnmir ki? Hələ ki onun səsində uelsli qadının mülayimliyi duyulur; hələ ki onun səsi qərb ölkəsinin kobud məzəmmətləri ilə korlanmayıb. Əgər o bilsəydi!.. Frənk dərhal qərara aldı: “Yox, yox! Nə qədər tezdi aradan çıxmaq lazımdı. İstəmirəm özümü axmaq bir vəziyyətə salım...”

Lakin səhər yeməyindən sonra o, Meqanı görmək istədi; bu istək hər dəqiqə şiddətlənirdi; bu istəyə bir balaca qorxu hissi qarışsa da (o, qorxurdu ki, Meqana söz desinlər, onu dan­lasınlar və bununla da hər şey korlansın) daha kəskin şəkildə ar­tırdı. Meqanın gəlib çıxmaması, hətta bir dəqiqəlik də olsa gö­rün­məməsi heç yaxşı deyildi. Dünən nahardan sonra alma ağaclarının altında elə böyük şövqlə yazdığı sevgi şerləri indi ona urvatsız və miskin kimi göründü; o, yazdığı şer kağızlarına tütün büküb papiros düzəltdi və yandırdı. Axı o, sevgi haqqında nə bilirdi? Meqan onun əlini tutmasaydı, onun əlini öpməsəydi, sevginin nə demək olduğunu heç bilərdimi? İndi isə o, hər şeyi bilir, hər şeyi... Lakin bu haqda yazmaq, bu barədə nəsə bir şey təsvir etmək dadsız görünürdü. Frənk kitab götürmək üçün öz otağına keçdi; ürəyi gubbultu ilə döyünməyə başladı; qız otaqdaydı, onun yatağını düzəldirdi. Frənk qapının kandarında dayanıb Meqanın hərəkətlərinə tamaşa etdi və birdən onun qəl­bində elə bir sevinc hissi baş qaldırdı ki, bunu sözlə demək çətin­di; o, Meqanın onun baş qoyduğu yastığına sarı əyildiyini və balışı öpdüyünü gördü. Bax bunu, qıza necə bildirsin? Necə bildirsin ki, o, Frənk, bu hərəkəti gördü! İşdi birdən qız görsə ki, Frənk xəlvəti aradan çıxır, daha pis olar! Meqan balışı götürdü, istədi bir qədər çırpsın və birdən yerə saldı; qız nə hiss etdisə, qəflətən geri döndü.



  • Meqan!

Qız yanaqlarını əlləri arasına aldı; soyuqqanlı gözlərini düz zillədi oğlnın gözlərinə. Frənk heç vaxt belə təmiz, şəffaf və nəmli gözlər görməmişdi; elə bil bu sədaqət dolu gözləri jalə ilə yumuşdular. Frənk özündə güc tapıb qıza hələ bir minnətdarlıq da etdi:

  • Təşəkkür edirəm... sizə... dünənki gecəyə görə... sağ olun... məni gözləmişdiniz...

Qız bir söz demədi, Frənkın yenə dili kəkələdi:

  • Məəəə.... mənnn... dünən qayalıqlarda... avara-la-nır-dım... Elə gözəl gecəydi ki! Mən... mən indi... elə kitab götür­mə­yə gəlmişdim...

Və birdən... qızın onun balışını necə öpməsi fikri beynini dumanlandırdı, başı gicəlləndi və o, Meqanın üstünə cumdu. Dodaqlarını qızın gözlərinə toxundurdu, beyninə qəribə bir fikir gəldi:”Hər şey qurtardı, mən bunu etdim... bitdi hər şey... dünən hər şey təsadüf idi... indi isə... mən bunu etdim...” Qız onun dodaqlarından imtina etmədi; oğlan qızın gözlərini öpə-öpə do­daq­larını yavaş-yavaş aşağı sürüşdürürdü. Və hər ikisinin do­daqları toqquşdu... Bu, əsl sevgi öpüşü idi; qeyri-adi, ecazkar, mə­sum öpüş. Görəsən bu öpüş onlardan hansının qəlbini daha çox məst edirdi?

  • Bu gecə hamı yatandan sonra iri alma ağacının altına gəl, Meqan.... söz verirsən, hə? - oğlan dedi.

  • Söz verirəm, - qız pıçıldadı.

Sonra Frənk qızın solğun bənizinə, ağarmış üzünə diqqətlə baxdı, bir anlıq hər şey, otağın içində baş verənlər onu sək­səndirdi; qız otaqdan çıxandan sonra o, aşağı endi. Bəli, indi o, qalib ola bilər, hər şey onun xeyrinədir! O, qızın sevgisinə cavab verdi və bildirdi ki, o da qızı sevir!

Frənk yaşıl oturacağa doğru getdi; bu dəfə əlində kitab yox idi. O, bu oturacaqdan uzaqlara baxırdı, ətrafa göz gəzdir­mək­dən ləzzət alırdı; o heç fermada həyatın necə qaynadığını, işlə­rin necə qızğın getdiyini görə bilmirdi; fikri-zikri təbiətdə idi.



Frənk burda nə qədər oturduğunun fərqinə varmadı və bir­dən gördü ki, Co onun arxasında durub. Görünür, oğlan çöl işlə­rini tamamlayıb qayıtmışdı. Co bərkdən fısıldayır, gah bir aya­ğını, gah da o biri ayağını qaldırırdı; batan günəş rəngində olan sifəti gərilmişdi; göy köynəyinin qollarını qatlamışdı; ərik qa­bığını xatırladan əzələləri görünürdü. Oğlanın qırmızı do­daq­ları yarımaçıq vəziyyətdəydi, kətan rəngli kiprikləri arasındakı mavi gözləri düz Frənkə tuşlanmışdı.

  • Co, sizin üçün nə edə bilərəm? Bəlkə bir şey lazımdır?- deyə Frənk istehza ilə soruşdu.

  • Həəə...

  • Nə hə? Noolub axı?

  • Çıxın gedin burdan! Siz bizə lazım deyilsiz!

Frənk Əşürstün həmişəki lovğa siması daha ötkəm ifadə aldı.

  • Sağ olun ki, mənə bunu deyirsiniz. Amma, bilirsiz, məncə bunları mənə başqaları desə yaxşıdı...

Co bir qədər də yaxına gəldi; Frənk onun işdən qızmış bədəninin qoxusunu duydu.

  • Burda niyə qalırsız?

  • Ürəyim belə istəyir...

  • Başını əzərəm, onda bilərsən burda qalmaq necədir...

  • Siz nə danışırsız? Doğurdan? Bunu nə vaxt edəcəksiz?

Co cavab vermədi və daha bərkdən fısıldamağa başladı. Onun gözləri qızmış öküz gözləri kimiydi, ordan od çıxırdı. Birdən sifəti qəzəbdən gərildi, dedi:

  • Meqan sizi istəmir...

Bu yekəpər fısıldayan tərbiyəsizə qarşı şiddətli qısqanclıq, nifrət və hiddət hissi Frənki özündən çıxartdı. O, cəld yerindən qalxdı, ayağı ilə oturacağı itələdi.

  • Cəhənnəm olun burdan!

Bu sözləri demişdi ki, Meqan əlində bapbalaca qəhvəyi küçük qapıda göründü; qız tələsik Frənkə yaxınlaşdı, dedi:

  • Bir bura baxın, heyvancığazın gömgöy gözləri var!

Co çıxıb getdi; onun peysəri pul kimi qızarmışdı. Frənk barmağını qızın qucağında büzüşən bu balaca, qəhvəyi varlığın ağzına toxundurdu. Oğlan qızın yanında özünü necə də rahat hiss edirdi!

  • Küçük artıq sizi sevir! Ahhh... Meqan, burda hamı sizi sevir!

  • Co sizə nə deyirdi, xahiş edirəm.... deyin...

  • O, mənə dedi ki, burdan gedim; çünki siz mənim burda qalmağımı istəmirsiz...

Qız ayaqlarını yerə döyəclədi, Frənkə baxdı. Bu şəfqətli və heyranedici baxışlardan oğlanın bütün damarları dondu; Frənk elə bil qanadlarını yandırmış bir kəpənək görürdü. Oğlan pı­çıl­tıyla dadı:

  • Bu gecə! Unutmayın!

  • Yaxşı! – deyə qız üzünü küçüyün bədəninə sarı əyib evə qaçdı.

Frənk yola çıxdı. Hasarın o tərəfində, çəmənlikdə inəklərin yanında durmuş axsaq çobanı gördü.

  • Gözəl hava var, Cim!-dedi.

  • Hə, elədir! Otlağa xeyirdi! Bu il palıd ağacları göy­rüş­dən tez çiçəkləyəcək... Palıd tez çiçəkləyəndə....

Frənk onun sözünü kəsdi:

  • Cim, siz o qorxunc qaraçını harda görmüsünüz?

  • Orda... o iri alma ağacının altında... ordan keçəndə gör­müşəm...

  • Siz doğrudan inanırsınız ki, onu orda görmüsüz?

Axsaq qoca dərhal cavab vermədi.

  • Necə deyim... heç özüm də bilmirəm, qaraçı ordaydı, ya yox... Mənə belə göründü... Allah bilir...

  • Sizcə, o qaraçı nə üçün peyda olub ki?

Çolaq səsini yavaşıtdı.

  • Sözdü də danışırlar.... Guya qoca Mister Narrakombe qa­raçılardan olub. Bəlkə də elə nağıldı... Hə, qaraçılar bilirsiz də, elə xalqdl ki, bir-birlərinin arxasında möhkəm dururlar. Bəlkə də onlar biliblər ki, Mister Narrakombe ölür, buna görə də onun dalınca kabus göndəriblər... Mən belə düşünürəm...

  • O qaraçı necəydi?

  • Onun bütün sifətini tük basmışdı, bax belə gedirdi, əlində də deyəsən skripka vardı... Deyirlər ki, kabus-filan ol­mur... Axı mən gördüm... və gördüm ki, mənim itimin tükləri də biz-biz qalxdı. Hələ bir az pis görürəm...

  • Ay necə, çıxmışdı o vaxt?

  • Hə, demək olar ki, bütöv idi... Ay elə təzəcə qalx­mışdı... birdən orda, ağacların dalında elə bil qızıla oxşar bir şey silkələndi...

  • Siz kabusun bədbəxtlik gətirməsinə inanırsınız?

Axsaq qoca papağını peysərinə doğru itələdi, iti baxışlarını Frənkə zillədi.

  • Biz bu barədə heç nə deyə bilmərik. Yalnız onu deyə bilərəm ki, bu kabusdan həmişə narahatçılıq olur. Elə şeylər var ki, biz onu başa düşmürük! Bax belə! Bəziləri onu görür, bə­ziləri görmür! Elə bizim Conu götürək! O, evdə heç burnunun altını görmür! Elə o biri uşaqlar da onun kimi heç nə qanmırlar! Amma bizim Meqan hər şeyi görür, anlayır; nə hardadır, necədir... hətta lazım olduğundan da artıq görür!

  • Düz deyirsiz, Meqan çox həssasdır...

  • Necə dediniz?

  • Həssasdır deyirəm, yəni ki, hər şeyi incəliyinə kimi başa düşür, duyur...

  • Həəəə, belə de... Elədir... Onun qəlbi də yumşaqdı, həlimdi... sevir...

Frənk hiss etdi ki, sifəti qızardı və pərtliyini örtmək üçün cibindən tənbəki kisəsini çıxartdı.

  • Çəkirsiz?

  • Təşəkkür edirəm, ser! Hə, deyirəm ki, Meqan kimi qız çətin tapılsın, yüzdən biri ola, ya olmaya...

  • Yəqin ki...- Frənk qısaca cavab verdi, sonra tütün kisəsinin ağzını bağlayıb uzaqlaşdı.

“Sevən qız ürəyi!..” Bəli, məhz belədir! Bəs o, nə edir? Onun niyyəti nədir, bu sevən qıza qarşı onun münasibəti ne­cədir? Bu fikir onun beynini deşirdi. O, düzəndə, sarı qay­maq­çiçəkləri arasında otlayan kürən toyuq-cücələrin gəziş­diyi sahə­də veyllənərkən bu haqda düşünürdü. Göy üzündə qaranquşlar uçurdu; bəli, bu il palıdlar göyrüş ağaclarından tez çiçək­ləyə­cək. Artıq budaqlar qızılı-qəhvəyi rəngdədi, hər ağac bir rəngə çalır. Ququ quşunun quqqultusu gəldi, bağdan minlərlə quşun civiltisi, çayın şəffaf sularının qıjıltısı eşidildi. Qədimdə insan­lar qızıl əsrə inanardılar, gecə ulduzlarına, bəxt ulduzlarına... inanardılar... Frənkin əlinə arı qondu, özü də ana arı; “əgər onu öl­dürsə, yayın axırınacan almaları oyub tökən iki min arı aza­lacaq...” Lakin belə bir gündə, qəlbin sevgiylə nəşələndiyi, aşıb-daşdığı bir gündə canlı bir varlığa kim qıyardı? Çə­mən­likdə kürən bir çöngə otlayırdı. Frənkə elə gəldi ki, bu cöngə Co­nun bir tayıdır. Heyvan yad adama fikir vermədi; elə Frənkin özü də quş­ların civiltisindən, ayaqları altında əzilən qızılı çöl gül­lə­rin­dən məst olmuşdu. Frənk çay qırağına endi; ordan daşlı-çın­qıllı qa­yalar uçalırdı; boz qayanın altından zınqrov otları göyər­mişdi, cır alma ağaclarının budaqları isə tamam çiçək­lə­mişdi.

Frənk otların üstünə uzandı. Qayanın altındakı bu yer sa­kit, kölgəsiz bir guşəydi; çöllərin açıq parıltısı, palıd ağac­larının qı­zıla çalan ləçəkləri və nəhayət, günəşin zərrin şəfəqləri fo­nunda bu yerə sığınacaq demək olmazdı. Bayaqdan eşitdiyi qu­qu quşlarının harayı və çay sularının qıjıltı səsi hələ eşidilirdi. Frənk uzun müddət beləcə uzandı; günəşin üzündəki ləkələri seyr edə-edə düşündü. Frənk çır alma ağaclarının uzun kölgəsi zəngçiçəklərinin üstünə düşənə kimi burda qaldı. Ətrafda heç kim gözə dəymirdi, yalnız arılar vızıldayırdılar. Səhərki öpüş və iri alma ağacının altında onu gözləyən bu gecəki görüş onun başını gicəllətmişdi. Görünür, qədim favnlar5 və driadalar6 elə belə bir yerdə yaşamışlar. Məhz belə bir guşədə lap alma ağacının çiçəklərinə bənzəyən bəyaz nimfalar7 gizlənmişlər; bax beləcə, sivriqulaqlar, mamır bağlamış qəhvəyi daşlar kimi yaşayan favnlar, çəmənlikdə uzanaraq onları qorumuşlar...



Frənk yatmışdı; yuxudan duranda ququ quşları hələ quq­qul­dayırdılar, çay sularının da şırıltısı gəlirdi. Günəş boz qa­ya­nın arxasına çəkilmişdi; sərin kölgə təpələri öz ağuşuna almışdı; dovşanlar çəmənlikdə qaçışırdılar. “Bu gecə...” deyə Frənk düşündü; içində nəsə titrədi, sonra həmin o “nəsə” açıldı, daha sonra isə canlandı; sanki təbiət də beləcə kiminsə gözə­gö­rün­məz əliylə cana gəldi və oyandı. Frənk ayağa qalxdı, cır alma bu­dağından qırdı. Qönçələr lap Meqan kimiydi- nadir balıq­qu­la­ğı tək çəhrayıydı, məsum və təzətər idi; onun kimi təmiz, bihuş­edici və təbii idi. Oğlan qönçəli budağı cibinə qoydu; bəx­tiyar­casına qalibanə bir nəfəs aldı və bu nəfəsdən yaz sevincinin ətri gəldi; dovşanlar hürküb qaçdılar.
6.

Təxminən saat on bir radələrində Frənk həyətə çıxıb bağa sarı yollandı. O, “Odissey”8 kitabını da götürmüşdü; oxumadı, düz bir saat əlində saxladı. Ay təpəliyin üstündən təzəcə boylanmışdı, qızıla çalırdı və sanki hökmlü səlahiyyət sahibi kimi göyrüş ağaclarının yarımçılpaq budaqları arasından bağa göz qoyurdu. Alma ağaclarının altı qaranlıq idi; Frənk dayandı, cığırı aradı, ayaqlarının altındakı otların hələ əzilmədiyini hiss etdi. Arxasında nəsə qaraltı tərpənirdi, sonra boğuq xortultu səsləri eşitdi; sonra gördü ki, üç yekə donuz çəpərin dibində ya­naşı uzanıb. Frənk diqqətlə qulaq asdı. Külək yox idi, amma çayın sakit şırıltısı astadan apaydın eşidilirdi. Hansı bir quş idi, tanıya bilmədi, cikkildədi, elə bil qışqırırdı: “Pippip!”. “Pip­pip!”. Quşun ahəngdar və fasiləsiz çikkiltisi gəlirdi; o, çoba­nal­da­dının səsini, bayquşun ulamasını uzaqdan tanıya bilirdi. Frənk bir-iki addım geri çəkildi və dayandı; başının üstündəki do­­nuq ağartını görüb heyrətləndi. Bu tutqun, tərpənməyən ağac­larda saysız-hesabsız gül ləçəklləri və gövdəciklər, zərif və açıl­mamış qönçələr ayın sehirli işığı altında xəlvəti oyanırdılar. Frənk onların canlı kimi qəribə oyanış səslərini hiss etdi; sanki mil­yonlarla ağ gecə kəpənəyi, yaxud bəyaz bir ruh uçub gəl­miş­di bura, tutqun səmayla tutqun yer arasına qonmağa – onlar Frən­kin gözləri qarşısında qanad açmağa gəlmişdilər... Bu səs­siz, ətirsiz, ani gözəllikdən vəcdə gələn oğlan az qala bağa nə üçün gəldiyini unudacaqdı. Gündüzlər yeri başına götürmüş bu səbatsız heyranlıq, indi, axşam düşəndə, yox olmamışdı, sadəcə simasını dəyişmişdi. Bu canlı, bəyazlığa bələnmiş sıx budaq və gövdələr arasınca yeriyən Frənk hələ həmin o iri alma ağacına çatmamışdı. Hə, bax, odur, həmin ağacdır, hətta qaranlıqda belə onu başqa ağacla dəyişik salmaq olmaz; o biri ağaclardan iki dəfə qalın və hündürdür, ağac başını lap çayın üzünə və ətraf­dakı çəmənliyə sallamışdı. Oğlan qalın budaqların altında da­yanıb qulaq asdı; yuxulu donuzların zəif xortultuları yenə gə­lir­di. O, əlini quru, demək olar ki, isti bir ağaca söykədi; kələ-kö­tür, nahamar, mamır bağlamış budaqdan zəif, təxminən rütubət iyi gəldi. Görəsən qız gələcəkmi? Və bu titrəşən, kölgə kimi görünən, qızılı ay şəfəqlərindən sehrlənən ağaclar arasında onun bütün canını həyəcanlı şübhələr bürüdü. Burdakı hər şey elə bil səmavi idi, yerüstü sevgililər üçün deyildi; burdakı hər şey elə bil favnlar və nimfalar üçün yaranmışdı, mələklər üçün yaradıl­mışdı. Buralar nə onun, nə də o gənc kəndli qızı üçün deyildi. Bəlkə elə qız gəlib çıxmasa onun üçün daha rahat olar? Lakin Frənkin qulaqları daim səsdəydi; yenə həmin naməlum quşun çikkiltisi eçidildi: “Pippip”, “Pippip!...” Bir-birinə sarınmış ağac budaqları arasından düşən ayın qızılı şəfəqlərinin tumar­la­dığı çayın qayğılı şırıltısı da eşidilirdi, elə bil türmə pən­cə­rəsindən işıq zolağı düşürdü. Onun üzünə, gözünə, başına lap ya­xın olan çiçəklər elə bil hər dəqiqə sirli bir bəyaz gözəllik qu­cağında canlanırdı; elə bil onlar da oğlan kimi kimisə göz­ləyirdilər. O, budaqlardan birini qırdı, onu üzünə sıxdı. Budağın üstündə üç çiçək vardı... Üç çiçək - gərək nə qədər kafir olasan ki, belə cavan çiçəklərə qıyasan - bar verən ağacın sütül, əl də­yil­məmiş, zərif çiçəkli budağını qırmaq kafirlikdir! Birdən o, doqqazdakı qapının çırıltısını eşitdi, sonra xışıltı səsi, daha son­ra isə donuzların xortultusu gəldi; o, ağacın gövdəsinə söy­kə­nərək əlini mamır basmış ağac qabığına sıxdı və nəfəsini bir anlıq dərmədi. Qız səssizcə, sanki bir ruh kimi ağacların ara­sın­dan sivişib çıxdı. Oğlan onu lap yaxından gördü. Qızın qaramtıl kölgəsi alma ağacının gövdəsi ilə birləşdi; ağ bənizi çiçəkləyən budaqlarla toqquşdu. Meqan tamam səssiz-səmirsiz durmuş, göz­lərini oğlana dikmişdi. Oğlan əlini uzadıb pıçıldadı:

  • Meqan!

Qız birbaşa oğlanın sinəsinə sığındı. Frənk qızın ürəyinin döyüntüsünü lap yaxından eşitdi; onun ehtirasları elə həmin andaca coşdu. Meqan onun zümrəsindən deyildi, elə belə sadəcə cavan, düşüncəsiz, müdafiəsiz və sevgi atəşi ilə yanan bir qız idi; Frənk bu qaranlıqda onu necə müdafiə etməsin, hə? Bu qaranlıq gecədə onun müdafiəçisi Frənk olmasın, bəs kim olsun axı? Meqan təbiətin özü kimi təbii bir varlıq idi; sadə və gözəl, bahar gecəsinin bir parçasıydı, bax bu canlı ləçəklər kimiydi; axı nə üçün Frənk qızın ona verdiyi bütün hisslərə cavab ver­məsin, nə üçün həm o, həm də qız qəlblərində baharın gəlişini bay­ram etməsinlər? Bu ikili hissin tərəddüdləri onun bütün qəlbini bürüdü; oğlan elə bu hisslərlə qızı möhkəmcə qucaqladı, onun saçlarından öpdü. Onlar bu vəziyyətdə dinib-danışmadan uzun müddət beləcə qaldılar. Çay sularının şırıltısı davam edirdi, bayquşun hələ də çığırtısı gəlirdi; ay daha yüksəklərə qalxmışdı və daha da bəyazlaşmışdı. Onların ətrafında və başlarının üstündəki çiçəklər düşüncəli, canlı bir füsunkarlıqla açırdılar; oğlan və qızın dodaqları biri-birinə toxundu. Bu an nəsə danışsaydılar, bəlkə də hər şey pozulardı. Yazın dili yox­du, yazın yalnız pıçıltısı və xışıltısı olur; yazın elə bir füsun­kar­lığı olur ki, o, bütün sözlərdən daha mənalı olur; açılan qönçələr və yarpaqlarda, tumurcuq axınlarında, zərif, yorulmaz doğuşa doğru cəhddə... nə qədər desən gözəllik var! Hərdən yaz hə­qiqətən gəlib gizli bir şahid sifətində çıxış edir, sevgililəri qucaq­layıb öz sehirli tozunu onların başına tökür; belə bir vaxtda cavan sevgililər ehtiraslı öpüşdən başqa hər şeyi unut­muşdular; qızın ürəyinin döyüntüsü daha da şiddətləndi, oğlanın dodaqlarına yapışan dodaqlar tirtədi. Frənk heç nə barədə dü­şünmürdü, yalnız göylərdə uçurdu. Bəli, tale qızı onun üçün gətir­mişdi – sevgiylə zarafat etmək olmazdı! Sevgililərin do­daq­ları gah ayrılır, gah da yeni atəşlə birləşirdi. Ehtiraslar bütün cəngavərlik hisslərini alt-üst etmişdi. Birdən Frənk nəfəsini dərib dedi:

  • Ahhh! Meqan, sən nə üçün gəldin axı?

Bu sözlər elə bil qızın xətrinə dəydi və o, təəccüblə gözlərini oğlana zilləyib dedi:

  • Ser, axı siz xahiş elədiniz məndən?!

  • Mənə “seir” demə, mənim gözəlim!

  • Bəs sizi necə çağırım?

  • Sadəcə Frənk...

  • Yox, yox... bunu edə bilmərəm...

  • Axı sən məni sevirsən, elə deyil?

  • Sizi necə sevməyim? İstəyirəm ki, yalnız sizinlə olam, vəssalam...

  • Vəssalam...

Qız lap astadan pıçıldadı:

  • Sizinlə ola bilməsəm, ölərəm...

Frənk dərindən nəfəs aldı. Dedi:

  • Onda gəl mənimlə ol...

  • Ahhh!

Qızın heyranedici və fəxarətli həyəcanını duyan Frənk yenə pıçıldadı:

  • Biz Londona gedərik. Mən sənə dünyanı göstərərəm! Meqan, söz verirəm ki, mən sənin qayğına qalacam, sənə heç vaxt kobudluq etməyəcəm...

  • Mən sadəcə sizinlə olmaq istəyirəm. Yalnız sizi görmək istəyirəm...

Oğlan qızın saçlarını sığalladı, pıçıltıyla əlavə etdi:

  • Sabah mən Torqveyə gedəcəm, pul tapacam, sənə paltar alacam ki, geyinib o birilərindən seçilməyəsən; sonra da qaçarıq burdan. Londona çatan kimi, əgər məni həqiqətən sevirsənsə, biz orda evlənərik...

Qız qəfil başını tərpədib saçlarını yellətdi, dedi:

  • Yox, yox, mən bunu edə bilmərəm... Mən yalnız sizinlə olmaq istəyirəm... Mən sizə layiq deyiləm...

Frənk öz alicənablığından özü də keflənmişdi, daha çılğın bir səslə pıçıldadı:

  • Ahhh, Meqan, elə demə! Mən sənə layiq deyiləm! Əzizim, de görüm, məni nə vaxt sevdin?

  • Yolda... Sizi birinci dəfə görəndə. Onda siz mənə baxırdınız... Elə ilk gecədə mən sizə vuruldum. Amma heç bilməzdim ki, sizə lazım olacam...

Qız dizləri üstə çökdü, oğlanın ayaqlarını öpmək istədi, Frənk dəhşətə gəldi, qızı qaldırdı, onu bağrına basdı; o qədər özünü itirdi ki, dili söz tutmadı. Qız pıçıldadı:

  • Niyə qoymursuz?

  • Yox, Meqan, gərək mən sənin ayaqlarından öpüm...

Qız elə gülümsədi ki, gözlərindən yaş gilələndi. Ayın bəyaz şəfəqləri onun üzünü yalayırdı; oğlan qızın bütün sifətini, yarımaçılı dodaqlarının çəhrayı rəngini bu işıqda apaydın görə bilirdi; bu füsunkar görünüş alma ağacının çiçəkləri fonunda daha möhtəşəm bir gözəllikdən xəbər verirdi. Birdən qızın gözləri bərəldi; o, sonsuz vahiməylə kənara boylandı və oğlanın ağuşundan qopub təşvişlə pıçıldadı:

  • Ora baxın!

Frənk çayın işıldayan sularını, ay işığının qızılı rəngə boyadığı çaqqal gavalısını, fıstıq ağaclarının nəmli parıltısını və onların arxasındakı ayın işıqlatdığı təpəliyin aydın olmayan qaraltısını gördü. Frənk qızın buza dönmüş pıçıltısını eşitdi:

  • Kabus.... Qorxunc qaraçı!

  • Hanı, hardadı?

  • Orda, daşlığın üstündə, ağacların altında...

Frənk qəzəblənərək çayı keçib ağaclara tərəf qaçdı. Qızılı Ay işığının oynamasıydı! Heç kim yox idi! Frənk qaçırdı, daşlara və çaqqal gavalısı kollarına ilişə-ilişə qaçırdı; bir balaca söyüş də söyürdü, həm də təlaş hissi keçirib söyürdü. Cəfəng bir şey! Necə də axmaqlıqdır! O, iri alma ağacının yanına qa­yıt­dı. Lakin Meqan artıq getmişdi; Frənk yalnız xışıltı, donuzların xortultusunu, qapı cırıltısını eşidə bildi. Köhnə alma ağacı isə yerindəydi! O, əli ilə ağacın gövdəsindən yapışdı. Qızın bədəni ilə müqayisədə bu, bərk idi! İndi onun gözü qarşısında mamır bağlamış kələ-kötür gövdə durmuşdu; Meqanın zərif sinəsi və boynu əvəzinə o, meşə qoxusunu, ibtidai, bir qədər də qızın saçlarının ətrinə bənzəyən bir qoxunu duydu. Frənkin başı üstündə isə alma ağaclarının çiçəkləri daha da oyanmışdı; onlar ay işığında daha aydın görünür, sanki şəfəq saçır, cana gəlirdilər.
7.

Frənk Əşürst Torqveydə qatardan düşdü; Torqvey İngil­tə­rə­nin ən yaxşı kurort şəhərlərindən biri olsa da, o, buranı ta­nı­mırdı və buna görə də nabələd adam kimi sahilboyu küçəylə ad­dımladı. Frənk əyin-başı – kostyumu barədə tamam unutmuşdu; şəhər səliqəsi ilə geyinmiş adamlar arasında onun qalın kurt­ka­sı, tozlu ayaqqabıları və nimdaş şlyapası nəzər-diqqəti çəkirdi. O, London bankının filialını axtarıb tapdı, orda ilk maneə ilə rast­laşdı. Frənkdən Torqveydə onun şəxsiyyətini təsdiq edə bi­ləcək adamın olub-olmadığını soruşdular; o, heç kəsi tanımırdı. Frənkə dedilər ki, gərək Londona, bankın baş ofisinə teleqram vursun; müsbət cavab aldıqları halda Torqveydəki filial ona xid­mət göstərməyə hazırdır. Beləliklə, soyuq işgüzar dünyanın eh­tiyatlılığı onun fərəhli arzularını bir qədər məyus etdi; bu­nun­la belə, o, Londona dərhal teleqram vurdu.



Frənk poçtun qarşısındakı mağazada çoxlu qadın geyimləri gördü və vitrindən çox qəribə bir maraqla onlara tamaşa etməyə başladı; bir kəndli gözəlçəsi üçün pal-paltar almaq onun üçün heç nə idi. O, həvəslə mağazaya daxil oldu; gənc satıcı qadın ona yaxınlaşdı. Frənk dinməzcə qadına baxdı; onun göy gözləri və bir qədər qayğılı siması vardı.

  • Buyurun ser, sizə nə lazımdır?-deyə satıcı qadın so­ruş­du.

  • Mənə cavan qız üçün paltar lazımdı...

Sa­tıcı qadın gülümsədi; Frənk bir qədər tutuldu; bu xa­hi­şi­nin yersiz olması ona dəhşətli göründü. Satıcı qadın tələsik so­ruşdu:

  • Siz hansı biçimdə istəyirsiniz? Dəbdə olan bir şey olar­mı?

  • Yox, adi...

  • Qızın boyu necədir?

  • Bilmirəm. Təxminən sizdən bir qədər balaca olar...

  • Belinin ölçüsünü deyə bilərsinizmi?

Meqanın beli....

  • Ohhh! Təxminən orta ölçüdə...

  • Oldu, ser, bu dəqiqə!

Satıcı qadın getdi; Frənk bir qədər narahat halda pəncərə qabağına düzülmüş modellərə baxdı və birdən ona elə gəldi ki, Meqan, onun Meqanı belə şeyləri geyinə bilməz; onun Me­qa­nı Frənkin fermada görməyə adət etdiyi libaslar əvəzinə - qalın yun yubka, kətan köynək və göy beret- belə şeyləri geyə bil­məz! Satıcı qadın qayıtdı; əlində bir neçə dəst don vardı və Frənk qadının donları bir-bir üstünə tutmasını izlədi. Libas­lar­dan biri onun xoşuna gəldi; daha doğrusu, donun gümüşü-boz rəngi onu cəlb etmişdi. Lakin o, Meqanı bu donda təsəvvür edə bil­mirdi. Satıcı qadın yenə çıxıb getdi, yenə də bir neçə dəst libas­la qayıtdı. Frənk lap məəttəl qalmışdı: hansını seçsin? Axı Meqana həm də şlyapa lazım idi, ayaqqabı, əlcək lazım idi... Birdən bu qiyafədə Meqan biabırçı vəziyyətdə göründü? Gözəl geyinib-keçinmık hər zaman kənd camaatını şit göstərib! Me­qan nə üçün öz geyimində gəlməsin axı? Yox! Bu, çox şübhə oya­dar! Axı o, qızı həqiqətən də aparmaq, özü də gizli surətdə apar­maq istəyir?! Frənk satıcıya baxdı. “Görəsən satıcı bildimi mən bunu nədən ötrü edirəm? Görəsən mənim haqqımda pis fikirləşmir ki?” deyə düşündü.

  • Bu boz libası ayırıb mənim üçün bir tərəfə qoya bilər­sinizmi? - deyə Frənk sıxıla-sıxıla xahiş etdi. - İndi qərara gələ bil­mirəm, bu gün günortadan sonra gələrəm...

Satıcı qadın yüngülcə “ah” çəkdi, dedi:

  • Əlbəttə, ser! Bu çox gözəl kostymdur. Məncə, bundan yaxşısını tapa bilməzsiniz...

  • Doğrudur...- Frənk onun sözünü yavaşca təsdiq etdi və mağazadan çıxdı.

Frənk sanki yenidən ətrafdakıların soyuq şübhəsindən azad oldu, rahatca nəfəsini dərdi, yenə xəyallar aləminə düşdü; onun gözləri önünə sadəlövh ilahi bir varlıq gəlirdi və o, öz həyatını məhz bu varlıqla bağlayacaqdı. Frənk təsəvvürünə gətirirdi ki, gecə xəlvəti Meqanla evdən qaçıb aradan çıxacaqdır; Frənk bir əli ilə onun belindən yapışacaq, o biri əlində isə qızın təzə do­nu­nu tutub ay işığında evdən qaçacaqlar. Dan söküləndə onlar artıq meşənin dərin qatlarında olacaqlar; burda qız rahatca pal­tarlarını dəyişəcək, sonra da sübh qatarı onları bu kiçik stan­siyadan bal ayı səyahətinə aparacaqdır; nəhayət, nəhəng London onları öz ağuşuna alıb udacaq, beləliklə də, onların məhəbbətli arzuları çin olacaq.

  • Frənk Əşürst! Hardan belə? Köhnə dost, axırıncı dəfə səninlə reqbi oyununda görüşmüşük!

Frənkin tutqun siması açıldı; o, qarşısında göygöz bir ca­van gördü; oğlanın gözlərinin altı, üzü, sinəsi gündən qaral­mışdı.

  • Fil Həllidey! Nə xoş bir təsadüf! - deyə Frənk sevindi.

  • Xeyir ola, burda nə işin var?

  • Əşşi, heçççç... Pul götürməyə gəlmişdim... Fermada ya­şa­yıram...

  • Səhər yeməyini harda edirsən? Gəl gedək bizə, birlikdə sə­hər yeməyi edərik... Mən burda, yaxında qalıram, bacılarımla birgə... Onlar qızılca çıxarmışdılar, indi sağalıblar...

Frənk dostuyla mehribancasına salamlaşandan sonra onun­la birlikdə təpəliyə qalxdı; sonra dostlar üzüaşağı endilər və şəhərdən kənara çıxdılar. Həllideyin üzündə həyat eşqi yanırdı; o, danışırdı ki, bu “kif basmış şəhərdə” üzgüçülükdən və avar çəkməkdən başqa heç nə ilə məşğul olmaq mümkün deyil. Onlar beləcə dəniz qırağında tikilmiş balaca kotteclərin yanına gəlib çıxdılar və Həllidey Frənki öz hotelinə apardı.

  • Gəl qalxaq mənim otağıma, orda yuyunarsan. Səhər ye­mə­yi də tez hazır olacaq...

Frənk güzgüyə baxdı; fermada qaldığı otaqda bir daraq və cəmi iki dəyişəcək köynəyi vardı. Burda isə şotkalar, daraqlar, dəyişək paltarlar çox idi və bütün bunlar ona qeyri-adi dərəcədə dəbdəbəli göründü. “Qəribədi” düşündü, “heç özün-özünə he­sa­bat belə vermirsən...” Lakin o, özünə nədə hesabat verməliydi axı, bunu deyə bilmədi.

O, Həllideylə birlikdə yemək otağına daxil oldu; üç alagözlü sarışın qız dərhal dönüb Frənkə baxdı. Həllidey ucadan və gur səslə Frənki bacılarına təqdim etdi:



  • Tanış olun, dostum Frənk Əşürstdür! Bunlar da mənim ki­çik bacılarımdır...

Bacılardan ikisi doğrudan da balacaydı; birinin on bir, o birinin on yaşı, üçüncünün isə on yeddi yaşı olardı; sonuncusu nisbətən ucaboyluydu, açıq rəngdə saçları vardı. Qızın nazik qaş­­ları saçlarından qara idi və yüngülcə tellərinə tərəf qalx­mış­dı; ağ-çəhrayı zərif dərisini azca gün yandırmışdı. Hər üçünün səsi qardaşlarınınkı kimi cingiltili və şaqraq idi. Hər üçü ayağa durdu və əllərini cəld Frənkə uzatdı. Onlar eyni zamanda oğlanı sınayıcı nəzərlərlə süzdülər, sonra dərhal gözlərini çəkib danış­mağa başladılar; bü gün nə edəcəklərini müzakirə edirdilər. Əsl Dianadır, rəfiqələri - nimfalarla birlikdə! Fermadakı həyatdan sonra bu qızların belə canlı, şaqraq və açıq danışıqları, özü də tam sərbəst və incə rəftarlı söhbətləri ilk baxışdan Frənkə qəribə gəldi; sonra bu söhbətlər onu o qədər məst etdi ki, dərhal hər şeyi unutdu...

Balaca qızları Səbinə və Frida çağırırdılar. Böyük bacının adı isə Stella idi.



  • Bura baxın,- deyə birdən Səbinə çığırdı, - gedək bizimlə dəniz xərçəngi tutmağa, bilirsiz necə əntiqə məşğuliyyətdi!

Bu gözlənilməz dostluq tonu Frənki çaşdırdı.

  • Heyif ki, axşama yaxın qayıtmalıyam,- deyə o, do­daq­altı mızıldadı.

  • Ohh! Nə pis oldu! Çox heyif!

  • Yubanmaq olmaz ki?- bunu da Stella dedi. Frənk qıza ba­xıb təbəssümlə başını yellətdi. Qız necə də gözəl idi!

  • Noolar, qalın da! - deyə Səbinə yalvarışla bildirdi.

Sonra söhbət üzgüçülükdən düşdü.

  • Siz uzağa üzə bilirsiz?

  • İki mil üzə bilərəm.

  • Ohhhh!

  • Nə yaxşı!

  • Doğurdan üzə bilirsiz?

Bacıların üçü də bu xəbərdən vəcdə gələrək gözlərini ona dikdi və birdən Frənk özünü onlar üçün vacib və əhəmiyyətli adam kimi hiss etdi. Bu duyğu qeyri-adi dərəcədə xoş idi.

  • Bura bax, sən bizimlə qalmalısan və çimərliyə getmə­li­sən, vəssalam... Burda da gecələyərsən, - Həllidey dedi.

  • Əlbəttə, əlbəttə! Qalın!

Lakin Frənk cavabında yalnız gülümsəyib başını tərpətdi. Ona yağış kimi suallar yağdırdılar, xüsusilə idmanda qazandığı nailiyyətləri ilə bağlı sorğu-sual çox oldu. Məlum oldu ki, Frənk Universitetdə oxuyarkən avarçəkmə yarışlarında iştirak edib, Universitetin futbol komandasında oynayıb, qaçış üzrə bir mil­lik məsafəni birinci qət edib və birinci dərəcəli mükafat alıb. Frənk yemək stolu arxasından sanki qəhrəman kimi qalxdı və bun­dan sonra balaca qızcığazlar təkid etdilər ki, Frənk onların qa­yalıqdakı mağarasına da baxsın; beləliklə, hamı ora getdi, Frənk balacalarla qabaqda, Stella isə arxada, qardaşıyla birgə gəlirdi.

Yarımqaranlıq, rütubətli mağara başqa mağaralar kimiydi, amma orda xırda bir nohur da vardı; nohurda sirli varlıqlar üzürdü ki, onları tutub şüşələrə doldurmaq olardı. Səbinə və Fri­danın biçimli və gündən yanmış ayaqlarında corab yox idi, buna görə də onlar cəld suya girdilər və Frənki dilə tutmağa çalışdılar ki, o da suya girib orda cürbəcür balıqlardan tutsun; Frənk də ayaqqabılarını və corablarını çıxartdı. Gözəlliyə aludə olanlar çox vaxt saata, vaxta belə baxmırlar; nohurun içindəki balaca qız­ların fərəhli qışqırtılarını, Dianaya bənzər o biri gözəlin isə qı­raqda durub böyük həyəcanla nohurdan tutulan balıqları al­ması mənzərəsini seyr edən Frənk vaxtın nə vaxt uçduğunu belə bilmədi. O, təsadüfən saatını cibindən çıxartdı; gördü ki, artıq dördə işləyib, əlini yellədi. Deməli, bu gün o, bankdan pul götürə bilməyəcək; banka çatınca, o bağlanacaq. Qızlar onun üz cizgilərinin dəyişdiyini görüb sevincdən qışqırdılar:



  • Urraaa! Deməli, qalmalı olacaqsız!

Frənk heç nə demədi; o, Meqanı düşündü, onun siması göz­ləri önünə gəldi; səhər yeməyi zamanı Frənk Meqana pı­çıl­dadı:

  • Əzizim, mən Torqveyə gedirəm, hər şey alacağam və ax­şama qayıdacağam. Əgər yaxşı hava olsa, elə bu gecə çıxıb gedərik. Gözlə məni!

O, Meqanın həyəcanla onu dinləməsini, onun ağzından çıxan hər sözündən asıldığını xatırladı. Bax, indi Meqan nə fikirləşəcək?! Bu vaxt Frənk hiss etdi ki, kimsə oğrun-oğrun ona baxır; nohurun qırağında Diana kimi biçimli, sarışın Stella göz­lərini ona dikmiş, sınayıcı nəzərlərlə onu süzürdü. Bu ala gözlərin sahibi kaş onun fikirlərini oxuya biləydi! Kaş o, biləydi ki, Frənk bu gecə nə etməyi planlaşdırmışdı! Xırda bir haray, ya üsyankar çağırış olsaydı, o, elə mağarada təkcə qalardı! Frənk qəribə bir xəcalət, narazılıq və bəlli olmayan pərişanlıq hissi ilə saatını gizlətdi, qırıq-qırıq cavab verdi:

  • Həəə... Bu gün gecikdim, daha çata bilmərəm...

  • Urrra!! Deməli, bizimlə çimməyə gedəcəksiz!

Bu məsum uşaq nidaları qarşısında inadkarlıq göstərmək, onların sevincinə şərik olmamaq günahdır. Hələ Stellanın təbəssümü, Həllideyin şən və şaqraq dəvəti və gülərüzlə “Əla ol­du, dostum! Bu gecə mən sənə lazım olan şeylərimdən ve­rərəm” deməsi də yerinə düşdü. Lakin necə oldusa, Frənk bərk darıxdı və vicdan əzabı çəkməyə başladı, qaşlarını çatıb dedi:

  • Mən teleqram vurmalıyam...

Nohurda balıq tutma mərasimi yaddan çıxdı; hamı hotelə qayıtdı. Frənk Missis Narrakombenin adına bir teleqram vurdu: ”Bağışlayın, bu gün gələ bilməyəcəyəm. Sabah görüşərik”. Yə­qin Meqan başa düşəcək ki, onun işləri çıxıb. Frənk bir qədər yün­gülləşdi. Bu günkü hava gözəl idi, istiydi; dəniz sakit və ma­­viydi. Frənk üzməyi xoşlayırdı. Uşaqların ona ümid bağ­laması Frənki ruhlandırmışdı; o, qızlara fərəh hissiylə baxırdı; Stellanın, Həllideyin gülümsər çöhrəsini görmək ona ləzzət verirdi. Hər şey ona bir qədər yuxu kimi, bir qədər də təbii görünürdü: sanki Meqanla birlikdə qaçıb aradan çıxmamışdan əvvəlki normal həyatına sonuncu dəfə baş vururdu.

Həllidey ona çimərlik kostymu verdi və beləliklə, hamı dənizə getdi. Kişilər qayanın arxasında soyundular, qızlar o biri qayanın dalına keçdilər. Suya birinci Frənk baş vurdu və üz­mə­yə başladı; o, yaxşı üzgüçü olduğunu sübut etməyə çalışdı. Ge­riyə baxanda sahilə doğru üzən Həllideyi, üç bacının isə da­yazda atılıb-düşdüyünü, bir-birlərinə su çilədiklərini, sonra suya baş vurduqlarını gördü. Frənk dənizdə bu cür çimən adamları heç vaxt xoşlamazdı; amma indi, bu dəqiqələrdə qızların mə­sum köməksizliyi ona ləzzət verirdi. Frənk bir qədər də qü­rur­landı: qürurlandı ki, onların arasında yeganə və əsl üzgüçü odur. Frənk onlara yaxınlaşmaq istədi, lakin dərhal da düşündü ki, belə mehribancasına suda oynaşan dəstəyə cur olmaq bəlkə də yaxşı çıxmaz; arıq, sarışın qızcığaza sarı üzmək onun üçün naqolay hərəkət sayıla bilər. Lakin Səbinə onun yaxınlaşdığını görən kimi yalvardı ki, ona da üzməyi öyrətsin; beləliklə, hər iki qızcığaz Frənkin başını o qədər qatdı ki, o, hətta Stellaya tərəf dönüb belə baxmadı, bilmədi ki, qız ondan utanır ya yox. Qəflətən Stellanın təşvişli haray səsini eşitdi, geri döndü; Stel­la­nın bədəni yarıya qədər suda idi və o, qorxmuş halda ağ zərif əllərini Frənkə uzadıb dedi:



  • Fil! Odur e, baxın, məncə, Fil boğulur... Eyyy, ora baxın...

Frənk dərhal gördü ki, doğurdan da Filin vəziyyəti yaxşı deyil; o, dərinə düşmüşdü, ordan çıxmağa çalışırdı, lakin bacar­mır­dı. Bu, sahildən təxminən yüz addım aralıda idi. Birdən Fil qışqırdı, əllərini havada yellətdi və suyun dibinə getdi. Frənk gördü ki, Stella qardaşına tərəf cumur, qışqırdı:

  • Stella, geri dön! Stella!

Frənk özü Həllideyin batdığı tərəfə sürət götürdü; o, hələ ömründə heç vaxt belə sürətlə üzməmişdi. Frənk Həllideyə ça­tanda gördü ki, o, ikinci dəfə suyun üzünə çıxdı. Görünür, Həl­li­dey qıc olmuşdu; onu sudan çıxartmaq çətin olmadı, çünki Həllidey müqavimət göstərmədi. Stella Frənkin qışqırtısından dayandı; qardaşını çıxartmaqda Frənkə kömək elədi. Həllideyi sahildə qumun üstünə uzatdılar; Stella təşviş içində Frənklə bir­gə qardaşının hərəkətsiz bədənini ovxalamağa başladı. Balaca qızlar bu mənzərəni qorxa-qorxa seyr edirdilər. Bir azdan Həl­lidey gülümsədi və zəif səslə bildirdi ki, bu hadisə onun yara­mazlığı ucbatından baş verdi. Əgər Frənk ona kömək eləsə, o, ayağa duracaq; belə də oldu, onlar qayaya tərəf, paltarlarını də­yişməyə getdilər.

Frənk Stellanın sudan və göz yaşlarından islanmış və qızarmış yanaqlarına baxdı; qızın üzündə əvvəlki həyəcandan əsər-əlamət belə qalmamaışdı. Frənk düşündü:”Mən onu sadəcə Stella çağırdım. Maraqlıdır, onun mənə acığı tutmaz ki?”

Onlar geyinəndə Həllidey yavaşdan dedi:


  • Dostum, sən məni xilas etdin!

  • Boş şeydi, canım!

Dostlar geyinib hotelə qayıtdılar, lakin narahatçılıq hələ tam ötməmişdi. Çay süfrəsinə əyləşdilər. Həllidey öz otağına ke­­çib uzandı. Səbinə çörəklə mürəbbəsini yeyib qəflətən bil­dir­di:

  • Bura baxın, siz əsl qəhrəmanlıq göstərdiniz!

  • Hə, hə də, əlbəttə!-deyə Frida təsdiq etdi.

Frənk gördü ki, Stella gözlərini aşağı dikdi; durdu və dal­ğın-dalğın pəncərəyə yaxınlaşdı; arxadan Səbinənin pıçıltılarını eşit­di: “Bilirsiz, gəlin qan ittifaqı yaradaq... Frida, sənin bıçağın hardadı?” Frənk gözünün ucuyla görürdü ki, hər üç bacı təntə­nəli surətdə barmaqlarını kəsib öz qanlarından kağız parçasının üstünə damçıladırlar. Frənk dönüb qapıya tərəf getdi, lakin onu dərhal tutub saxladılar.

  • Ay sizi, tərs adam! Qaçıb aradan çıxa bilməzsiz!

Balaca qızcığazlar onun əlindən tutub stola dartdılar. Ka­ğızın üstündə qanla hansısa fiqur çəkilmişdi və orda üç ad yazılmışdı: Stella Həllidey, Səbinə Həllidey və Frida Həllidey. Ulduza oxşar fiqurun içinə salınmış adlar qanla yazılmışdı və Səbinə şəstlə başa salmağa çalışdı:

  • Bax bu fiqur sizsiniz, biz hələ sizi öpməliyik!

  • Müüütləq!-deyə balaca Frida ciddi görkəm aldı.

Frənk ayılınca gördü ki, onun sinəsi və boynuna yaş saçlar toxundu. Kimsə onun burnundan dişlədi, kimsə sol əlini yara­la­dı, xırda dişlər yüngülcə onun yanaqlarına dəydi. Sonra onu bu­raxdılar və balaca Frida qışqırdı:

  • Hə, indi də sən, Stella!

Frənk qızardı, özünü itirdi və gözucu çaşqın qalmış və üzü allanmış Stellaya baxdı. Səbinə çımxırdı.

  • Hə, di tez elə, Stella,- deyə Frida yenə təkid etdi.- Yoxsa bizim bütün işimizi korlayarsız!

Frənkin canını qəribə bir utancaqlıq dalğası bürüdü, lakin o, demək olar ki, sakit tərzdə dilləndi:

  • Kəsin səsinizi, balaca şeytanlar!

Səbinə yenə çımxırdı:

  • Yaxşı da... əgər öpüşmək istəmirsinizsə, onda qoy Stella öz əlini öpsün, siz də onu burnunuza qoyun! Belədə də hesab olunur!

Frənkin təəccübünə səbəb olsa da, Stella öz əlini öpdü, sonra ona uzatdı; o, təntənəli surətdə bu zərif və soyuq əli tutdu və onu öz yanağına qoydu. Balaca qızcığazlar əl çaldılar.

  • İndi biz sizin həyatınızı xilas etməyə həmişə borcluyuq!

Frida əmr etdi:

- Stella, mənə bir fincan da çay ver, amma açıq olmasın a...

Hamı çay süfrəsinə qayıtdı. Frənk qanlı kağız parçasını büküb cibinə qoydu. Söhbət qızılcadan və onun müalicə üsul­la­rın­dan düşdü; bol apelsin, bal yemək, məktəbə getmə­mək... Frənk qızların söhbətlərinə sakitcə qulaq asırdı və bəzən Stella ilə baxışları dostcasına toqquşurdu. Qızın çöhrəsi yenə əvvəlki halına qayıtmışdı; aydın, bəyaz idi, yüngülcə gün yandırmış qızılı-çəhrayı rənginə çalırdı. Frənk bu mehriban ailənin onu qəbul etdiyindən son dərəcə məmnun qalmışdı və o, nəşəli-nəşəli qızların gözəl çöhrələrinə baxırdı.

Çaydan sonra balaca qızlar bitki kolleksiyası ilə məşğul olmağa başladılar. Frənk pəncərə qabağında kresloda oturan Stellaya yaxınlaşdı və onunla söhbət edə-edə qızın sulu boya ilə çəkdiyi şəkillərinə tamaşa etdi. Hər şey ona yuxu kimi gəlirdi. Zaman dayanmışdı, hər şey yaddan çıxmışdı, hər şey! Bu günə aid olmayan hər bir şey öz mənasını itirmişdi! Sabah o, Me­qanın yanına qayıdacaq və bu möhtəşəm yuxudan yalnız o qanlı kağız parçası - qızcığazların adlarının qanla həkk olun­duğu kağız parçası yadda qalacaq. O uşaqlardan!.. Bəs Stella? Stella ar­tıq uşaq deyildi - Meqanla yaşıd idi...

Qızın utancaq, təmkinli və kəsik-kəsik danışığında meh­riban dostluq tonu vardı və Frənk susanda elə bil Stella rahat danışırdı. Qızın içində sanki əxlaqlı, bakirə və soyuq, yatmış bir gözəlçə gizlənmişdi...

Dəniz suyundan xeyli udmuş Həllidey nahar yeməyinə gəl­mədi. Səbinə gözlənilmədən bildirdi:



  • Mən sizi sadəcə Frənk çağıracam...

  • Frənk... Frənk... Frənki!- deyə Frida şən səslə oxudu.

Frənk Əşürst güldü və təzim etdi.

  • Hər dəfə Stella sizə “Mister Əşürst” deyəndə cərimə verəcək! Necə də süni və axmaq nəzakətdir!

Frənk Stellaya baxdı; qızın qırmızı ənliyi üzünə yayılırdı. Səbinə şaqqanaq çəkdi, Frida isə qışqırdı:

  • Ora bax! Ona bax! Üzünə rəng tökülür! Haaaa,haaa, haaa! Üzü qızarır, elə bil yanğındı, yanğın!

Frənk sarışının saçlarından ikiəlli yapışdı, dedi:

  • Bura baxın, ay şeytanlar! Stellanı rahat buraxın! Yoxsa bax, ikinizi də bir-birinizə bağlayacam!

Frida vəcdə gələrək cingiltili səslə qışqırdı:

  • Ay-hayyy! Sənin heç qılığın yoxdu ki?!

Səbinə də az aşın dəni deyildi, dərhal tutdu:

  • Siz ki onu Stella çağırdınız!?

  • Niyə, olmaz ki? Gözəl addır!

  • Əlbəttə, buyurun! Biz sizə icazə veririk!

Frənk sarışın hörükləri buraxdı. Stella! Bu zarafatdan son­ra o, qızı belə çağıracaq! Amma Stella ona adıyla müraciət etmirdi, bir azdan, hamı yatmağa hazırlaşanda, Frənk qıza qəsdən beləcə müraciət etdi:

  • Gecən xeyrə qalsın, Stella!

  • Gecəniz xeyrə, Mist...- Gecən xeyrə, Frənk! Hər halda, halal olsun sizə... çox sağ olun!

  • Boş şeydir!

Qızın Frənkin əlini möhkəmcə sıxdı və dərhal da buraxdı.

Frənk kimsəsiz yemək otağında tənha və hərəkətsiz qaldı. Ötən gecə o, alma ağacının altında Meqanı bağrına basmışdı; göz­lərini, dodaqlarını öpürdü. Frənk oyanan xatirələr içindəcə də­rindən bir ah çəkdi. Bu gecə onun Meqanla yeni həyatı baş­lamalıydı; o Meqanla ki, yalnız Frənki istəyirdi, Frənklə olmağı arzu edirdi! İndi isə... hələ bir gün də keçəcək, bəlkə bir qədər artıq da oldu! Axı nə üçün o, bu təmiz qızlarla dostlaşdı? Axı o, öz bakirə, təmiz həyatıyla vidalaşmağa hazırlaşırdı? “Axı mən Meqanla evlənmək istəyirəm?”-deyə düşündü, - mən ona söz vermişəm...”

Frənk şam yandırdı və yataq otağına qalxdı. Həllideyin otağını ötüb keçəndə oğlan onu çağırdı:


  • Sənsən, Frənk? Bir dəqiqə gəl bura...

Həllidey çarpayısında oturmuşdu, qəlyan çəkirdi və nəsə oxuyurdu, dedi:

  • Gəl otur...

Frənk açıq pəncərənin yanındakı kresloda oturdu. Fil dedi:

  • Bilirsən, mən hələ də o hadisə barədə düşünürəm... Deyirlər, insan boğulanda, onun gözləri qarşısında bütün həyatı canlanır... Amma məndə bu baş vermədi. Görünür, mən hələ tam boğulmamışdım...

  • Bəs nə barədə düşünürdün ki?

Həllidey bir anlıq susdu, sonra təmkinlə davam etdi:

  • Çox qəribə şeylər barədə düşünürdüm... Kembricdəki bir qız yadıma düşdü, onunla evlənə bilərdim... Özün bilirsən də... Və mən şükür etdim ki, o qızın yanında vicdanım təmizdi. Hər halda, əziz dostum, bax bu gün burda olmağıma səbəb sənsən. Sənə borcluyam... Əgər boğulsaydım, nə bu yataq, nə bu qəlyan... heç bir şey olmayacaqdı. Qulaq as, gör nə deyi­rəm... Görəsən öləndən sonra nə baş verir?

  • Şam kimi sönüb qurtatırırıq, vəssalam...- Frənk mızıl­da­dı.

  • Tfuuu!

  • Ola bilsin ki, biz yavaş-yavaş sönürük, közəririk, sonra da kül olub gedirik!

  • Belə de... Bilirsən, bütün bunlar dəhşətdi, dəhşət!.. Həəə, yeri gəlmişkən, mənim bacılarım səni incitmədi ki?

  • Nə danışırsan? Onlar qeyri-adi dərəcədə mehriban idi­lər...

Həllidey qəlyanı qoyub əllərini başının arxasında qatdadı və pəncərəyə sarı döndü.

  • Hə, yaxşı qızlardı!-dedi.

Frənk dostunun şam işığında görünən gülümsər çöhrəsinə baxdı və birdən xoflandı: hə, o düz deyir, o, boğula bilərdi, də­nizin dibində qala bilərdi və o gülümsər çöhrəsi də əbədi olaraq onu tərk edə bilərdi. Onu dəniz uda bilərdi...

Və Həllideyin təbəssümü Frənkə möcüzə kimi gəldi; elə bil ona əyan oldu ki, həyatla ölümü bir-birindən nə fərqləndirir: xırda bir canlı alov! Frənk durdu və astadan dedi:



  • Hər halda, yatsan, yaxşıdı... Şamı söndürümmü?

Həllidey onun qolundan tutdu, dedi:

  • Qulaq as, dostum, bilmirəm necə ifadə edim, yəqin ölü kimi olmaq, meyit olmaq, dəhşətdi! Gecən xeyrə, əziz dost!

Frənk mütəəssir oldu və həyəcanla dostunun əlini sıxdı, son­ra yenə aşağı düşdü. Giriş qapısı hələ açıq idi; Frənk evin qa­bağındakı çəmənliyə çıxdı.Tünd göy səmada ulduzlar sayrı­şırdı və onların əlçatmaz işığında yasəmən çiçəkləri hansısa qeyri-adi, təsvirəgəlməz çalar almışdı. Frənk üzünü ətirli bu­dağa yaxınlaşdırdı və onun gözləri qarşısında əlində qəhvəyi rəng­li pişik tutmuş Meqan canlandı. O, Həllideyin sözlərini xa­tırladı: “...Mən bir qız barədə düşünürdüm... bilirsən də... və sevindim ki, ona qarşı münasibətdə mənim vicdanım tə­miz­dir...” Frənk yasəmən budağını götürüb cəmənlikdə gəzməyə başladı. Arxa tərəfdən işıq düşən boz kölgəsi də onu izləyirdi; Frənk elə bil yenidən alma ağaclarının çiçəklərinin üstünə qo­nan o canlı bəyaz gecədə oldu, çay şırıltısını eşitdi; ay işığının parıldatdığı o göy nohurun yanında oldu; yenə onun bütün canını Meqanın öpüşlərinin sehri bürüdü, qızın ona tuşlanan çöhrəsi, o çöhrədəki ehtiraslı sevgi, sədaqətli məhəbbət işartıları yenə yadına düşdü və o, yenidən həmin bütpərəst gecənin gö­zəl­­liyini və həyəcanını yaşadı.Frənk yasəmən güllərinin köl­gə­sində ayaq saxladı; burda Gecə çay sularının şırıltısıyla danışmırdı; burda Gecə dənizin güclü uğultusuyla dil açmışdı. Burda quşların çiviltisi eşidilmirdi, bayquşların çığırtısı gəl­mirdi, cırcıramaların vızıltısı, çobanaldadanın hayqırtısı yox idi. Amma hardasa uzaqda royal çalırdılar, ağ kotteclər tünd mavi səmanın rənginə bələnmişdilər. Havadan yasəmən ətri gəlirdi. Hotelin yuxarı mərtəbəsindəki pəncərələrin birindən işıq gəlirdi. Pərdə arxasından kiminsə kölgəsi o tərəf bu tərəfə gedirdi. Frənkin içində də bax belə bir qarışıqlıq, belə bir anlaşılmaz və qatışıq duyğular əmələ gəlmişdi. Sanki yeni yaşantılarla üzləşən sevgi və bahar çalışırdılar ki, onun qəlbinə yenidən yol açsınlar; onun yeni yaşantılarını tamamilə alt-üst etsinlər. Bu qız, onu Frənk çağıran qız, onun əlini elə çoşğunluqla sıxdı ki! Bu sakit və saf qəlbli qız onun dəli və qeyri-qanuni məhəbbəti haqqında bilsə nə düşünər görəsən? Frənk çəmənliyin üstündə oturdu, ayaqlarını çarpazlayıb beləcə arxası kottecə xeyli qaldı. Doğru­danmı o, şərəf və ləyaqəti, bakirəliyi oğurlamağa hazırlaşırdı? O çöl gülünün ətrini içinə çəkib.... daha sonra... bəlkə elə onu tullasın? “Kembricdəki bir qızı xatırladım... mən onunla ev­lənə... - özün bilirsən də...” Frənk çəmənliyə dirsəkləndi; çə­mən­lik hələ istiydi, bir azca nəmlik vardı; həm bərk, həm yum­şaq idi, adama xoş təsir bağışlayırdı. “Mən nə etməliyəm?”- Frənk düşündü. Yəqin Meqan indi pəncərə qabağında onu göz­ləyir; çiçəkləyən alma ağacına baxıb onun barəsində dü­şünür. Yazıq qız! Axı mən onu sevirəm! Mən onu həqiqətənmi se­vi­rəm, yoxsa sadəcə, o, məni sevdiyinə, gözəl olduğuna görə özü­nə çəkir? Nə etməli?..” Pianonun səsi gurlaşdı, ulduzlar say­rışmağa başladı; Frənk sanki heyranedici nəzərlərlə qarşısındakı qaranlıq dənizə baxdı. Ayağa duranda hiss etdi ki, bədəni ta­mam quruyub. Bütün pəncərələrdə işıqlar sönmüşdü; o, geri qayıdıb yatağına girdi.
Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin