Çirkin baxışlar
Qadın iffət və həya yolunu seçməli, biganə kişiləri cəzb etməməlidir. Kişi də öz həyat yoldaşına baxmaqla kifayətlənməli, biganə qadınlardan gözünü çəkməlidir.
Kişilərin çirkin baxışları qadınlarda özünü göstərmək hissini gücləndirir. Demək, qadın və kişi rabitələri birtərəfli yox, qarşılıqlıdır.
Yə`ni həm qadın özünü göstərməkdən çəkinməli, həm kişi öz gözünü qorumalıdır. Əgər hər iki tərəf sə`y göstərməsə və kişi bu məs`uliyyəti qadının çiyninə qoysa, ailə rabitələrində problem qaçılmazdır.
Öz qəlbinə və gözünə nəzarət etməyən kişilər ilkin olaraq eşq və səmimiyyət ləzzətini itirirlər.
Başqalarına nəzər salmaq kişinin qəlbini öz həyat yoldaşına qarşı soyudur, nəticədə qadının arxayınlıq hissi aradan götürülür. Bu halda qadın daim ərinin vəfasızlığından nigaran qalır.
Bə`zi rəvayətlərdə naməhrəmə baxış şeytan tərəfindən atılmış ox kimi təqdim olunur. Bu tə`bir naməhrəmə baxışın təhlükələrindən danışır. İnsan bu səhnələri nə qədər seyr etsə də, onun gözü doymur. Əlbəttə ki, nəticədə qəlb də gözün ardınca gedir.
Göz hara baxırsa–könül yanında,
Baxış bir kəmənddir könül boynunda.
Kişilər arasında bu sayaq büdrəmələrin artması pak qadınlar üçün mühitdə sıxıntı yaradır. Belə bir cəmiyyətdə qadın hara gedirsə, kişinin çirkin baxışlarını hiss edir. Pak qadınlar üçün belə bir hal çox əziyyətlidir.
Qadının öz iffət və həyasını, kişinin öz baxışlarını qoruması bir pul sikkəsinin iki üzü kimi qarşılıqlı rabitədə hakim olmalıdır.
Dostları ilə paylaş: |