İxtilaflara necə yanaşaq?
Gənc ailənin diqqət yetirməli olduğu məsələlərdən biri də ortaya çıxan ixtilafların həllidir. Xüsusi ilə ailə həyatının ilk illərində tərəflər zəruri təcrübəyə malik olmadığından əhəmiyyətsiz məsələlərlə bağlı ixtilaflarla üzləşirlər. İlk günlərdəki eşq-məhəbbət gənclərdə belə bir təsəvvür yaradır ki, onların arasında heç bir ziddiyyət yoxdur. Amma vaxt ötdükcə gənc ailə müxtəlif məsələlərlə bağlı fikir ayrılığına düçar olur. Bu problemlər agahlıqla həll olunmadıqda ərlə arvad arasındakı rabitələr soyuyur. Gənc ailələr çalışmalıdırlar ki, mövcud problemləri özləri həll etsinlər. Problem iki nəfərin arasından çıxanadək asan həll olur. Problem ictimailəşdikdə onu həll etmək də çətinləşir. Bə`zən gənc ailə öz problemini yaxın qohumlarla həll etmək istəyir. Təcrübə göstərir ki, məsələyə qatılan ətrafdakılar ədalət prinsipini gözləyə bilmir, hərə öz tərəfinə bəraət qazandırır. Xüsusi ilə analar öz analıq hisslərinin kölgəsində məsələyə birtərəfli yanaşıb onun həllini çətinləşdirirlər. Ata-anaların yersiz müdaxilələri ilə bağlı məsələlər çoxdur.
Övladın kiminləsə bağlı problemində ata-ananın ədalət prinsipinə riayət etməsi çox çətindir. Atalıq və analıq hissləri, adətən, qalib gəlir. Həzrət Əli (ə) buyurmuşdur: “Bir şeyi sevmək insanı kor və kar edir.”1 Bu səbəbdən də gənc ailə, xüsusi ilə gənc xanımlar ailə problemlərini müstəqil şəkildə həll etməyə çalışmalıdır. Onlar bu işdə güzəşt və fədakarlıq yolunu tutmalıdırlar.
Aradakı ixtilafın məntiqi söhbətlə yoluna qoyulması zövcələrin düşüncə nişanəsidir.
Hər halda gənc ailə bilməlidir ki, problemlərin həlli üçün güzəşt lazımdır. Əgər hər tərəf özünü haqlı bilsə, günahı qarşı tərəfin boynuna atsa məsələnin həlli çətinləşər. Ümumiyyətlə, əksər ailələrdəki problemlər güzəşt və fədakarlıq yolu ilə həllini tapır. Tərəflərdən hansı daha tez bağışlama yolunu tutarsa, böyük ilahi savabı da o əldə edər. Problem ailə çərçivəsində həll olunmadıqda zövcələr məsləhət vermək ləyaqəti olan fərdə üz tutmalıdır. Təəssüf ki, bə`ziləri problemin həlli üçün e`tibarlı bir fərddən məsləhət almağı əskiklik sayır. İxtilaf dərinləşdikdə və iş boşanmaya gəlib çıxdıqda tərəflərdən hər biri öz ailəsindən agah və e`tibarlı bir şəxs seçməli və problem müzakirələrlə öz həllini tapmalıdır.2
Dostları ilə paylaş: |