SİYASİ VƏZİYYƏT
1. Mərkəzin Bağdaddan Samirraya köçürülməsi.
Samirra şəhəri («Surrə mən rəa») hicri 220-ci ildə abbasi xəlifəsi Mö’təsim tərəfindən paytaxt seçildi və hicri 221-ci ildə onun göstərişi ilə abad edildi. Elə həmin il də paytaxt bu şəhərə köçürüldü.
Bəs bu şəhərin salınmasında məqsəd nə idi? Mö’təsim hakimiyyətə gəldikdə anası Mardə türk kənizi olduğundan və Mö’təsim türklərin köməyi ilə hakimiyyətə gəldiyindən türklərə qarşı xüsusi bir münasibət bəsləyirdi. Mö’təsim türk qulamları almağa maraqlı idi. Onun bu marağı nəticəsində Bağdadda dörd min türk vardı. Onlar xəlifənin göstərişi ilə fərqli libaslar geyinir və öz görkəmləri ilə başqa döyüşçülərdən seçilirdilər. Xəlifə onlara Bağdad küçələrində süvari hərəkət etməyə icazə vermişdi.
Bağdad əhalisi türklər tərəfindən incidilirdi. Onlar şəhər əhli ilə olduqca kobud rəftar edirdilər. Camaat bə’zən türk döyüşçülərinə hücum edib onları öldürürdü. Canı boğaza yığılmış Bağdad əhli Mö’təsimə müraciət edərək dedi: «Əgər türk qoşununu bizdən uzaqlaşdırmasan, səninlə savaşa qalxacağıq». Mö’təsim təəccüblə soruşdu: «Necə savaşacaqsınız?» Dedilər: «Sübhün oxları ilə!» Mö’təsim soruşdu: «Bu sözdə məqsədiniz nədir?» Cavab verdilər: «Sənə lə’nət yağdıracağıq!»
Məşhur tarixçi İbn-Əsir bildirir ki, Mö’təsimin paytaxtı Bağdaddan Samirraya köçürməsinin əsas səbəbi onun öz qoşununa inanmaması idi. İbn-Əsir yazır: «Hicri 220-ci ildə Mö’təsim Samirra məhəllinə gələrək, burada şəhər salmaq qərarını verdi. O, açıq-aşkar bildirirdi ki, öz qoşunundan qorxur. Deyirdi ki, əgər qoşun bir dəfə ayağa qalxsa, onun bütün qulamlarını qətlə yetirər. Mö’təsim elə bir yer seçmək istəyirdi ki, bir hadisə baş verdiyi təqdirdə səhra vasitəsi ilə qiyamçılara hücum edə bilsin.
Elə həmin vaxtdan da Abbasilər xilafətinin mərkəzi əlli doqquz il müddətində Samirraya köçürüldü. Samirra xilafətin mərkəzi olduğu vaxt çox inkişaf etdi. Samirra tarixində yazıldığına görə şəhərdəki binanın uzunluğu səkkiz fərsəxdən uzun idi. Amma xilafət mərkəzi Bağdada qaytarıldıqdan sonra Samirra sür’ətlə xarabaya çevrilməyə başladı. Samirrada qalan imam Hadi (ə) və imam Həsən Əsgərinin (ə) qəbirləri və imam Mehdinin (ə) qeyb məkanı oldu. Hicri VII əsrin əvvəllərində dünyasını dəyişmiş Yaqut Həməvi Samirra xarabalıqlarını belə təsvir edir: «Həzrət Mehdinin (ə) sərdabəsi və Kərx məhəlləsindən savay bütün Samirra xarabaya dönmüşdür. Şəhəri seyr edən insanı dəhşət bürüyür. Hansı ki, yer üzündə belə bir gözəl və geniş şəhər olmamışdı.
Samirra Abbasilər xilafətinin mərkəzi olduğu vaxt hakimiyyətdə yeddi xəlifə oldu: Mö’təsim (hicri 218-227), Vasiq (hicri 227-232), Mütəvəkkil (hicri 232-247), Müntəsir (hicri 247-248), Müstəin (hicri 248-252), Muəttəz (hicri 252-255), Möhtədi (hicri 255-256), Mö’təməd (hicri 254-279).
Hicri 279-cu ildə Mö’təməddən sonra Mö’təzəd hakimiyyətə gəldi. Onun hakimiyyəti dövründə xilafətin mərkəzi yenidən Bağdada köçürüldü.
Dostları ilə paylaş: |