BÖYÜK QEYB («ĞEYBƏTE-KÜBRA»)
İmam Mehdinin (ə) həyatının üçüncü mərhələsini böyük qeyb dövrü təşkil edir. Kiçik qeyb dövrü başa çatdıqdan sonra böyük qeyb dövrü başlamışdır və bu günədək davam edir. Həzrət imamın qəbulu, rəhbərliyi və bütün yer üzünə hakimiyyəti üçün şərtlər ödəndiyi vaxt həzrət zühur edəsidir.
Böyük qeyb dövrü insanlar üçün geniş imtahan meydanıdır. Məhz bu mərhələdə insanlar, mö’minlər və onların iman və əməlləri sınaqdan keçirilir. Böyük qeyb dövrü ərzində Allahın höccəti olan imam Mehdi (ə) bulud arxasındakı günəş tək qeyb pərdəsi arxasından bəşəriyyəti öz nurundan faydalandırır.
Qeyb özü iki mərhələyə bölündüyü kimi, naiblik də iki mərhələyə bölünür: Kiçik qeyb dövründəki xüsusi naiblik və böyük qeyb dövründəki ümumi naiblik. Xüsusi naiblik dövründə imam müəyyən şəxsləri özünə naib tə’yin edir və onların adlarını bildirir. Ümumi naiblik dövründə isə imam naibliyin şərtlərini bəyan edir və bu şərtlərə malik olan hər bir insan imamın naibi sayılır. İmamın naibi cəmiyyətin dini və dünyəvi işlərinə rəhbərlik edir.
Şeyx Tusi, Şeyx Səduq, Şeyx Təbərsi İshaq ibn Əmmarın belə dediyini nəql edirlər: «Mövlamız həzrət Mehdi (ə) şiələrin qeyb dövründəki vəzifələri haqqında belə buyurmuşdur: «Baş vermiş hadisələr zamanı bizim hədislərimizi nəql edənlərə üz tutun ki, onlar mənim höccətim sayılırlar, mən isə Allahın onlara olan höccətiyəm». Təbərsi öz «Əl-ehticac» kitabında imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: «Fəqihlərdən hər biri nəfsini qorusa, dininə nəzarətçi olsa, nəfs istəklərinə qarşı çıxsa, mövlanın əmrlərinə müt’i olsa, ona təqlid etmək vacibdir».
Bu yolla böyük qeyb dövründə müsəlmanlara rəhbərlik vəzifəsi vəliyye-fəqihin üzərinə düşmüşdür. Onun göstərişlərini yerinə yetirmək vacibdir. Fətva vermək, mühakimə etmək, hökm çıxarmaq səlahiyyətləri fəqihlərə çox-çox əvvəllər mə’sum imamlar tərəfindən verilmişdirsə də, fəqih hakimiyyəti qeyd olunan tarixdən rəsmi şəkil almışdır və həzrətin zühurunadək davam edəsidir. Həzrət Mehdinin (ə) zühurundan sonra bütün hakimiyyət Allah övliyalarının ixtiyarına veriləsidir.
XÜLASƏ
Bütün şiə və sünni tarixçilərinin və mühəddislərinin dediyinə əsasən, imam Mehdi (ə) şiələrin on ikinci imamı və peyğəmbərin son canişinidir. O hicri 255-ci (256) ildə, 15 şə’ban tarixində Samirra şəhərində cümə günü sübh erkən dünyaya göz açmışdır. Atası imam Həsən Əsgəri (ə), anası dövrünün ən pak qadınlarından sayılan Nərcis olmuşdur.
Həzrətin ən məşhur ləqəbi Mehdidir və üzüyünün qaşında onun «höccət» ləqəbi nəqş olunmuşdur.
Həzrətin əksər xüsusiyyətləri sadalandığından yalan iddialara yer qalmır. Onun həyatı bir neçə dövrə bölünmüşdür:
İxtifa dövrü-bu dövr imam Həsən Əsgərinin şəhadətinədək beş il davam etmişdir. Bu dövrdə həzrəti yalnız peyğəmbər ailəsinə yaxın insanlar görə bilmişlər;
Həzrətin həyatının ikinci dövrü yetmiş il davam etmiş kiçik qeyb dövrüdür. Bu dövr imam Həsən Əsgərinin (ə) şəhadət anından başlayaraq hicri 329-cu ilədək davam etmişdir. İmamın dörd xüsusi naibindən sonuncusu da məhz həmin ildə dünyasını dəyişmişdir.
Həmin bu dövrdə şiələr öz sualları ilə həmin dörd naib vasitəsi ilə həzrətə müraciət etmişlər. Həmin dörd şəxs böyük şiə alimlərindən olan təqvalı şəxslərdir. Osman ibn Səid, Məhəmməd ibn Osman, Hüseyn ibn Ruh Növbəxti, Əli ibn Məhəmməd Səmmuri.
Həzrətin həyatının böyük qeyb dövrü adlanan dövrü hicri 329-cu ildən başlayaraq bu günədək davam etməkdədir. Onun yer üzünə rəhbərliyi üçün şərait yarananadək bu dövr davam edəsidir. Həmin bu dövrdə imam öz naiblərinin xüsusiyyətlərini sadalamışdır. Bu xüsusiyyətləri daşıyan hər bir şəxs onun naibi sayılır. Belə bir məqam imamın özü və digər imamlar tərəfindən layiqli şəxslərə verilir.
Dostları ilə paylaş: |