İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) SİYASİ MÜBARİZƏ ÜSULLARI
Ciddi nəzarət altında olan imamın xüsusi mübarizə üsulları vardı. İmam özünü zahirən siyasətdən uzaq göstərməklə şiələrin hökumətdə vəzifə tutmasına şərait yaradır, eləcə də, öz ardıcıllarını xəlifənin tə’qiblərindən qoruyurdu. İmamın şiələri arasında məxfi vəkillər qurumunun təşkili xüsusi əhəmiyyət kəsb edirdi. İmam Sadiq (ə) dövründə bünövrəsi qoyulmuş qurum imam Həsən Əsgəri (ə) dövründə xeyli genişlənə bilmişdi. Bu qurumun fəaliyyətləri haqqında növbəti fəsildə daha geniş danışacağıq. İndi isə təqiyyə (əqidəni gizlətmə) siyasəti və onun böyük əhəmiyyətinə ötəri bir nəzər salacağıq.
Təqiyyə haqqında qısa şəkildə bunu demək olar ki, təqiyyə gizli mübarizə yoludur. Təqiyyə gizlənmək, fəaliyyətsiz oturmaq deyil.
Şiə əqidəsi zalım qüvvələrin hakimliyi dövründə məhz təqiyyə vasitəsi ilə yaşamış və həyatını davam etdirmişdir. Şiə tarixində təqiyyənin böyük rolu olmuşdur. Təqiyyə anlamını dərk etmədən şiə imamlarının fəaliyyətlərini təhlil etmək mümkünsüzdür. Bizim təqiyyə haqqındakı mühakimlərimizdə siyasətsizlik, sadəlövhlük, zəiflik, qorxaqlıq, dünyapərəstlik kimi ittihamlar eşidilməkdədir. Gəlin təqiyyə haqqında mə’sum imamların buyuruqlarına nəzər salaq: Uyğun buyuruqlardan təqiyyənin məfhumu, zəruriliyi, məqsədləri, yönümləri, rolu və nəhayət, təqiyyə fiqhi aydın olur.
Həzrət Əli (ə) Şəqşəqiyyə xütbəsində buyurur: «Əbu-Bəkr xilafəti bir köynək kimi geyindi və ondan yapışdı. Amma yaxşı bilirdi ki, dəyirman oxu dəyirmanda necədirsə, mən də xilafətdə eləyəm. Hökumət mənsiz dolanmaz. Çünki elm mənim qəlbimdən üzü aşağı sellənir. Elm və bilik fəzasında məndən yuxarı pərvaz edə bilən yoxdur.
Mən kənara çəkildim və qərara gəldim ki, kəsili əllərlə vuruşam və ya bu kor azğınlığa səbr edəm. Bu azğınlıq böyüyün belini qırır, körpəni qocaldır. Mö’mini əzaba salır ki, Allahı ilə görüşə çatsın.
Səbr etməyin bütün bunlardan daha üstün və daha ağlabatan olduğunu gördüm. Yaşlı göz, qubarlı sinə ilə səbr etdim. Mənə çatacaq mirasın qarət edildiyini görürdüm». Bəli, Əlinin (ə) təqiyyəsi belə idi. Tənhalıq və əlin kəsildiyi bir zamanda səbr etmək, fəaliyyət üçün şərait hazırlamaq lazım gəlir.
İmam Hadi (ə) buyurur: «Əgər desəm ki, təqiyyəyə göz yuman namazı tərk etmiş adam kimidir, doğru demişəm».5 Rəvayətdən göründüyü kimi təqiyyə namaz qədər vacib bir əməldir.
İmam Həsən Əsgəri (ə) öz dostunu təqiyyəyə sövq etmiş şiələrdən birinə belə buyurdu: «Sən o insanlardansan ki, Peyğəmbər (s) həmin zümrə haqqında buyurmuşdur: «Hər kəs bir başqasını xeyir bir işə sövq etsə, özü həmin işi görmüş kimidir». Sonra imam sözünə belə davam etdi: «Allah-təala sənin dostunun təqiyyəsinə xatir ona təqiyyəyə əməl edən və etməyənlərin, bizim şiə və dostlarımızın sayı qədər əcr və savab qərar verdi. Bu əməlin ən kiçik savabı yüz illik günahların bağışlanmasıdır. Dostuna əta olunacaq savablar onu bu işə sövq etdiyin üçün sənə də aid olacaq».6 Təqiyyə müqabilində necə böyük mükafatlar nəzərdə tutulduğu rəvayətdən aydın görünür. Həzrətin dövründə təqiyyə o qədər vacib olmuşdu ki, həzrət şiələrin öz canlarını qorumaları üçün ona salam verməmələrini tələb edirdi. Hətta öz şiələrindən birinə belə buyurmuşdu: «Əgər təqiyyə etməzsənsə, öldürülərsən. Ya təqiyyə, ya da ölüm!»
Dostları ilə paylaş: |