MEHDİLİK İDDİASINDA OLANLAR
Şiə e’tiqadına, bir çox sünni rəvayətlərinə əsasən son dövrdə həzrət Peyğəmbər ailəsindən olan Mehdi adlı canişin zühur edəcəkdir. İki rəvayət nəql etməklə kifayətlənirik: Həzrət Peyğəmbər (s) buyurur: «Əgər dünyanın ömründən bir gün də qalmış olsa, Allah-təala həmin gün mənim ailəmdən bu şəxsi ayağa qaldırar və yer üzünü zülm-sitəm tutduqdan sonra onu ədalətlə doldurar».9 Başqa bir rəvayətdə isə həzrət belə buyurur: «Əgər dünyanın ömründən bir gün də qalmış olsa Allah-təala həmin günü o qədər uzadar ki, mənim ailəmdən bir şəxs ayağa qalxar. Onun adı mənim adımdandır.»10
Həzrət Mehdinin (ə) zühurundan danışan rəvayətlər o qədər çoxdur ki, onları inkar etmək və ya şübhə ilə qarşılamaq mümkünsüzdür. Bu rəvayətlərin çoxluğu səbəbindən Mehdinin (ə) zühuruna e’tiqad bütün məzhəblərdə özünü göstərməkdədir.
Həzrət Mehdinin (ə) xüsusiyyətləri sadalanmış rəvayətlərə əsasən, o, imam Həsən Əsgərinin (ə) oğludur, həzrət Peyğəmbər (s) Əhli-beytindən on ikinci imamdır. Onun iki qeyb dövrü var: kiçik qeyb və böyük qeyb.
Təəssüf ki, bə’zi İslam məzhəblərində bu inancdan pis məqsədlə istifadə edilmiş və bə’ziləri zühuru gözlənilən Mehdi (ə) olduğunu iddia etmişdir. Hansı ki, rəvayətlərdə sadalanmış xüsusiyyətlər onlarda yoxdur. Məsələn, iddiaçıların heç biri imam Həsən Əsgərinin (ə) övladı deyildir.
Bə’zi fəzilətli insanlar isə özləri heç bir iddia etmədikləri halda başqaları tərəfindən Mehdi (ə) kimi qəbul olunmuşlar. Məsələn, həzrət Əlinin (ə) oğlu Məhəmməd Hənəfiyyə, Məhəmməd ibn Əbdullah ibn Həsən, imam Cə’fər Sadiq (ə), imam Kazim (ə), İsmail ibn Cə’fər, imam Baqir (ə), imam Həsən Əsgəri (ə) bə’zi cahillər tərəfindən Mehdi (ə) kimi qəbul olunmuşlar. Bə’zən isə Mehdi abbasi, Əbu Müslim Xorasani kimi qəddar insanlar Mehdi (ə) kimi tanıtdırılmışlar. Dünyapərəstlik və sair çirkin məqsədlərlə Mehdilik (ə) iddiası etmiş bə’zilərinin adını xatırlayaq: Übeydullah ibn Məhəmməd Fatimi (Übeydiyan və ya Fatimiyan silsiləsinin bünövrəsini qoymuş şəxs), hakim Beəmrillah (Misir Übeydiləri xəlifələrindən olmuşdur), Təhami (Yəmənin Təhamiyyə məntəqəsində dövlət qurmuşdu), Baba İshaq (Osmanlı Sultan Süleymanın dövründə yaşamış və Keyxosrov tərəfindən qətlə yetirilmişdir), Abbas Reyfi, Abdullah Cəbəli, Molla Ərşi Kaşani (İsfəhanda Mehdilik, hətta peyğəmbərlik iddiası etmişdir), Mirzayi Bəlxi, Şeyx Əbdül Qədir Buxarayi, Məhəmməd Zunpuri Hindi, Şeyx Şəmsəddin Məğribi, Şeyx Məğribi, Şeyx Zadeye-Kürdüstani, Əbdüllah Əcəmi, Benqali, Seneqali, Şeyx Səid Yəmani, Məhəmməd Sudani, Sumal, Əli Məhəmməd Şirazi, Mirza Qulam Əhməd.
Böyük qeyb dövründə də bə’ziləri özlərini həzrət Mehdinin (ə) səfiri kimi təqdim etdilər və axırda rüsvay oldular. Özünü həzrət Mehdinin (ə) naibi kimi təqdim edənlərə aşağıdakı şəxsləri nümunə göstərmək olar: Əbu Dəlf Məcnun, Məhəmməd ibn Sə’d, Əhməd ibn Hüseyn Razi, Hüseyn ibn Əli İsfəhani Katib, Əli ibn Məhəmməd Səcəstani, Seyyid Məhəmməd Hindi, Şeyx Məhəmməd Məşhədi, Seyyid Məhəmməd Əli Şirazi.
XÜLASƏ
Həzrət Peyğəmbər dünyasını dəyişdikdən sonra əhli-beytin haqqı uğrunda və xilafət məsələsində e’tiraz edənlərin əksəri on iki imamçı şiələr oldu.
Şiələr Raşidi xəlifələri dövründə (hicri 11-35) daim təzyiqlərə mə’ruz qaldılar. Hicri 40-130-cu illərdə Bəni-Üməyyənin hakimiyyəti zamanında şiələrin malına və canına təcavüz edildi. Hakimlər öz amansızlıqlarını dərinləşdirdikcə şiələr əqidələrində daha da möhkəmləndilər, məzlumiyyətləri onların əqidələrini daha da səmərəli etdi.
Şiələr hicri II əsrin ortalarında Abbasilərin hakimiyyətinin əvvəlində azca nəfəs dərdikdən sonra yenidən sıxıntılara mə’ruz qaldılar və hicri III əsrin axırlarınadək bu sıxıntı gücləndi.
4-cü əsrin əvvəllərindən V əsrin axırlarınadək inqilabi şiə dövlətlərinin iş başına gəlməsi ilə (ali-Buyə, Fatimilər, Həmdanilər, Ələvilər) şiələr bir qədər azadlıq əldə edib e’tiqadi mübarizələrini aşkarladılar.
Hicri VI və VII əsrlərdə monqolların İslam dünyasına hücumu və səlib yürüşlərinin davamı nəticəsində şiələr bir o qədər də çətinlik görmədilər. Bə’zi monqol xanlarının şiə əqidəsində olması İranda, Mazandaranda və Xorasanda şiə cəmiyyətini gücləndirdi və bu cəmiyyət say baxımından xeyli artdı.
Hicri IX əsrdə səfəvilər dövlətinin yaranması ilə şiə məzhəbi rəsmi olaraq tanındı və bu rəsmilik son dövrlərədək davam etdi. Beş əsr ardıcıl İran və İraq şiəlik mərkəzi kimi fəaliyyət göstərdi və bu iki ölkədə şiə fiqh mərkəzləri möhkəmləndi.
Hicri XV əsrin başlanğıcında mütərəqqi vilayəte-fəqih nəzəriyyəsi əsasında İslam hökuməti təşkil edildi. Bu hökumət hal-hazırda dünya müsəlmanlarının arzularının gerçəkləşməsində mühüm rol oynayır.
Beləcə, hicri 3-5-ci əsrlər inqilabi şiə dövlətləri dövrü, hicri 6-9-cu əsrlər şiələrin təqiyyədən aşkar fəaliyyətə keçdiyi dövr, hicri 10-15-ci əsrlər şiələrin rəsmi İslam məzhəbi kimi formalaşması dövrü adlandırıla bilər.
İslam elmlərinin tə’sisçisi şiələr olmuşdur. İslam dünyasında elmi hərəkatda ilk addım atan da onlardır. Şiələrin hədis, fiqh, kəlam, fəlsəfə və digər elm sahələrindəki inkişafı inkaredilməzdir.
Fiqh və fəqihlik ardıcıl və bəhrəli bir həyatdan faydalanmışdır. Dövrün şəraiti ilə bağlı şiə fiqhi və fəqihliyi səciyyəvi xüsusiyyətlərə malik üç dövr-hüzur, kiçik qeyb və böyük qeyb dövrlərini görmüşdür.
Zaman ötdükcə şiə məktəbindəki ifratçı və təfritçi cərəyanlar sönükmüş və kamil bir fiqh məktəbi yaranmışdır. Bütün çətin məqamlarda ilk sözü deyən şiə mərkəzləri böyük qeyb dövründə Qum, Bağdad, Nəcəf, Hillə, Cəbəle-Amil, İsfəhan, Nəcəf, Kərbəla və Qum şəhərlərində möhkəmlənmişdir.
Şiə alimlərinin siyasi fəaliyyətləri müxtəlif şəraitlərdə müxtəlif mərhələlər keçmişdir. Şiəliyin varlığının qorunmasından İslam hökumətinin qurulmasınadək əhli-beyt üsuluna əsaslanan təkamül yolu keçilmişdir. Bu fəsildə həm də Mehdilik və səfirlik iddiası etmiş fırıldaqçılar haqqında danışdıq.
Dostları ilə paylaş: |