DÜŞÜNCƏ DURUMU
Uyğun dövrdə şiələr əqidə baxımından üstün bir mövqeyə malik idilər. İmam Sadiq (ə) tərəfindən ciddi məzhəb proqramı hazırlanmış, hədislər əsaslı şəkildə toplanmışdı. Hədislərin düzgünlüyü imamlar tərəfindən müəyyənləşdirilirdi. Eləcə də, hədis tanıyan və şiə e’tiqadını, fiqhini başqa firqələrin qarşısında müdafiə edə bilən şagirdlər, səhabələr tərbiyə olunmuşdu.
İmamların vəzifələrindən biri də İslam və vəhy mədəniyyətinin hifz və dinin uydurma hədislərdən qorunması idi. Uyğun dövrün səciyyəvi xüsusiyyətlərindən biri bu dövrdə imam Həsən Əsgərinin (ə) düşüncələri sufiyyə, vaqifiyyə və sair yanlış baxışlardan qoruması olmuşdur. E’tiqadi və fiqhi sualların imam tərəfindən yetərli şəkildə cavablandırılması şiələri onları hədələyən büdrəmələrdən qoruyurdu.
İmam Hadi (ə) şiələrdən birinin Qur’anın məxluq olması barədə verdiyi suala belə cavab yazmışdı: «Bismillahir-Rəhmanir-Rəhim. Allah bizi və səni bu sayaq fitnələrdən qorusun. Bu halda böyük bir ne’mətə çatmış olarıq. Əks-təqdirdə fəlakətə və azğınlığa düçar olasıyıq. Bizim nəzərimizcə, Qur’anın məxluq və ya qədim olması barədə mübahisə etmək elə bir bid’ətdir ki, bu bid’ətə sual verən də, onu cavablandıran da şərikdir. Çünki belə bir sual verən ona layiq olmayan bir şeyin axtarışındadır, cavab verən isə gücündə olmayan bir mövzunu aydınlaşdırmaqdan ötrü zəhmət çəkir. Allahdan başqa xaliq yoxdur. Ondan başqa hər şey məxluqdur. Qur’an da Allahın kəlamıdır. Qur’ana özündən bir ad vermə ki, azğınlardan olarsan. Allah-təala buyurur: «Müttəqilər o kəslərdir ki, batinlərində öz Allahından qorxar və cəza günündən çəkinərlər». Allah bu buyuruğunu bizim halımıza şamil edəydi!»
İmam Həsən Əsgərinin (ə) mühüm işlərindən biri də şiələri qeyb dövrünə hazırlamaq idi. Şiələrin qeyb haqqında rəvayətlərdən bəhrələnməsi, onlara həzrət Höccətin (ə) dünyaya gəlişi barədə müjdə verilməsi, şiələrin vəkillərə müraciət edə bilməsi, bə’zi üsul və fiqh kitablarının təsdiq olunması həmin hazırlığın tərkib hissələrindən idi. Hətta Samirra şəhərində imamlar onlara ünvanlanmış suallara nümayəndələr vasitəsi ilə cavablar verirdilər. Onlar bu yolla öz şiələrini qeyb dövrünə, imamla vasitəli əlaqə saxlamağa hazırlayırdılar. On ikinci imam (ə) kiçik qeyb dövründə məhz bu üsulla fəaliyyət göstərir və öz şiələrini böyük qeyb dövrünə hazırlayırdı.
Dostları ilə paylaş: |