Dördüncü fəsil Kiçik qeyb dövrü astanasında şiələrin ictimai-siyasi və düşüncə durumu
Kitabın bu fəslində qeyb dövrü astanasında şiəliyin ictimai-siyasi vəziyyəti və ideoloji durumunu nəzərdən keçirəcəyik. İslamın mühüm və əsil bir qrupu olan şiəlik zalım xəlifələr və onların hakimiyyəti ilə ən barışmaz müxaliflərdən idilər.
Bu dövrdə düşüncə baxımından mə’sum imamların tərbiyəsi altında formalaşmış mübariz şagirdlər çox olmuşdur. Mə’sum imamların bu şagirdlərə tə’lim olunmuş üsulu «dörd yüzlük» kitablarda öz əksini tapmışdır. Şiəliyin e’tiqadi və fiqhi əsasları məhz bu kitablarda toplanmışdır.
Siyasi baxımdan vəziyyət son həddə böhranlı olmuşdur. Şiə imamları mühasirədə saxlanılmış, ciddi təqiyyə etmələrinə baxmayaraq, nəzarət məqsədi ilə Mədinədən Samirraya gətirilmişlər. Şiələr öz imamları ilə çox çətinliklə əlaqə yaradırdılar. Bu mərhələdə mübarizənin çətinliyi səbəbindən şiələrin məxfi vəkalət qurumu formalaşmışdır. Bu qurumun əsasları imam Sadiq (ə) tərəfindən qoyulmuşdur. Qurum imam Həsən Əsgərinin (ə) dövründə ən nüfuzlu dövrünə çatmışdır. Ciddi mütaliə və araşdırmasız məxfi vəkalət qurumunun bu dövrdəki rolunu anlamaq çətindir. İmam (ə) bu mərhələdə dəqiq və gizli təmaslarla uyğun qurumu genişləndirə bilmiş və nəticədə şiəliyin yayılmasına müvəffəq olmuşdur.
Abbasilərin hakimiyyətini sarsıtmaq məqsədi güdən bə’zi ələvi qiyamlarının imamları tərəfindən himayə olunması onların bu mərhələdə tarixi əhəmiyyətli mübarizələrindəndir.
İctimai baxımdan şiələr xəlifələrin ciddi təzyiqi altında olmuşlar. Onların var-dövlətləri müsadirə, canları ölüm təhlükəsi altında olmuşdur. Şiələr mühüm vəzifələrdən uzaqlaşdırılmış və dözülməz həddə sıxıntıya salınmışlar. Bə’zi şiələr təqiyyə (əqidəni gizləmək) yolu ilə sarayda vəzifə tuta bilmiş və bu vəzifədən məqamında istifadə etmişdir.
Bu dövrdə azad fəaliyyət göstərə bilməsə də, digər imamlar kimi xalq arasında böyük nüfuza malik olmuşlar.
Kuleyni Bust və Sistan əhalisindən olan bəni-hənifəli bir şəxsin adından belə nəql edir: «Mö’təsimin xilafətinin əvvəllərində imam Cavad (ə) həccə gedərkən mən də onunla idim. Bir gün süfrə başında əyləşdiyimiz vaxt saray adamlarından da orada vardı. Mən imama dedim: «Sənə fəda olum, bizim hakimimiz əhli-beyti sevən bir insandır. Onun divanında mənim üçün vergi tə’yin olunmuşdur. Əgər məsləhət bilsəniz, ona bir namə yazar və tapşırarsız ki, mənə yaxşılıq etsin». Əbu-Cə’fər (imam Cavad) buyurdu: «Mən onu tanımıram». Mən ərz etdim: «Sənə fəda olum, sizə dediyim kimi, o, siz əhli-beyti sevənlərdəndir. Əgər ona məktub yazsanız mənim üçün faydalı olar». İmam kağız götürüb yazdı: «Bismillahir-Rəhmanir-Rəhim. Bu naməni gətirən şəxs sənin gözəl məzhəb və məramın haqqında danışdı. Həqiqətən, yalnız xeyirli olası bir əməl sənin üçün faydalıdır. Qardaşlarına yaxşılıq et və bil ki, Allah-təala səndən bir buğda və xardal dənəsinin ağırlığında da sorğu edəsidir». Həmin şəxs sözünə belə davam edir: «Sistana varid oldum. İmamın məktub məsələsi şəhər hakimi Hüseyn ibn Əbdüllah Nişaburiyə çatdığından hələ şəhərə iki fərsəx qalmış özü məni qarşıladı. Məktubu ona verdim. Məktubu öpüb gözlərinin üstünə qoydu və mənə dedi: «İstəyin nədir?» Dedim: «Sənin divanında mənim üçün vergi nəzərdə tutulmuşdur». Göstəriş verdi ki, məni həmin vergidən azad etsinlər və dedi: «Nə qədər ki, mən hakiməm, vergi ödəməyəcəksən». Sonra ailə üzvlərimin sayı haqqında soruşdu. Mən onun sualına cavab verdim. Göstəriş verdi ki, ailə ehtiyaclarımın tə’mini üçün mənə maaş ayrılsın. Nə qədər ki, bu hakim sağ idi vergi ödəmədim və tə’yin olunmuş məbləği aldım.
Dostları ilə paylaş: |