Əbdüs-Səlam ibn Saleh deyir: «Də’bəl ibn Əli Xüzaidən belə dediyini eşitdim: Mövlam imam Rizaya (ə) imam Mehdi (ə) ilə bağlı bir qəsidə oxudum. İmam qəsidəni dinləyib ağlamağa başladı və sonra buyurdu: «Ey Xüzai, bu iki beyti sənin dilinə ruhul-qüds gətirib. Bilirsənmi zühuruna işarə etdiyin kəs kimdir və nə zaman zühur edəcək?» Dedim: «Xeyr, ey mənim mövlam. Yalnız onu bilirəm ki, sizlərdən bir imam zühur edib yer üzünü ədalətlə dolduracaq». Buyurdu: «Ey Xüzai, məndən sonra imam övladım Məhəmməd, sonra, onun övladı Əli, sonra Əlinin övladı Həsən, sonra Həsənin övladı imam qaimdir. O, qeybə çəkildiyi vaxt zühuru gözlənilər, zühur etdiyi vaxt ona itaət edilər. Əgər dünyanın sonundan bir gün də qalmış olsa, doğrudan da, Allah həmin günü imamın zühur edəcəyi anadək uzadar. Dünya zülmlə dolduqdan sonra o dünyada ədaləti bərpa edər. Onun nə zaman zühur edəcəyi barədə Peyğəmbərdən soruşulduqda həzrət buyurmuşdur: «Onun zühuru qiyamətin bərpası kimidir. Allah-təala bu barədə buyurmuşdur ki, onu kimsə bilməz».