KİÇİK QEYB DÖVRÜNDƏ İCTİMAİ-SİYASİ VƏZİYYƏT VƏ DÜŞÜNCƏ DURUMU
Tarixin yetmiş illik bu dövründə hakimiyyətdə altı abbasi xəlifəsi olmuşdur:
Mö’təmid (on beşinci xəlifə; hicri 256-279)
Mö’təzəd (on altıncı xəlifə; hicri 279-289)
Müktəfi (on yeddinci xəlifə; hicri 289-295)
Müqtədir (on səkkizinci xəlifə; hicri 295-320)
Qahir (on doqquzuncu xəlifə; hicri 320-322)
Razi (iyirminci xəlifə; hicri 322-329)
Haqqında danışacağımız dövrdəki siyasət özündən əvvəlki dövrün xüsusiyyətlərinə malikdir. Mövcud vəziyyət imam Mehdinin (ə) qeybindən əvvəlki vəziyyətdən bir o qədər də fərqlənmirdi. Bu dövrdə vəzirlik, valilik, qoşun başçılığı kimi vəzifələr tutan qeyri-ərəblər İslam dünyasının siyasi vəziyyətində aparıcı rol əldə etmişdilər. Hökumət qurumunda bu elementlər artdıqca mərkəzi hakimiyyət daha da zəifləyirdi. Xəlifə zəif olduqda dövlət işlərinə istər-istəməz ətrafdakılar nəzarət etməyə başlayır. Bu dövrdə mərkəzi hökumət dövlətin idarəçiliyində, xüsusi ilə də sərhədlərə nəzarətdə öz funksiyalarını yerinə yetirə bilmirdi.
Müqtədirin dövründə dəniz sərhədləri o qədər zəifləmişdi ki, heç vəchlə düşmənin qarşısını ala bilməyən sərhəd qüvvələri Bağdada, mərkəzi hökumətə yardım üçün müraciət edir və bildirirdilər ki, əgər onlara yardım edilməsi rumlulara təslim olacaqlar. Amma onların bu sözlərinə fikir verən yox idi. Ona görə də qüvvələri məğlub olub geri döndülər.
Xilafət qurumu zəif olduğundan, eləcə də, qeyri-ərəblər xilafət aparatında kök atdığından xəlifə hakimiyyəti əlində toplaya bilmirdi. O, başqalarının əlinə keçmiş hakimiyyət vasitələrinin təzyiqindən çəkinirdi.
Bə’zən xəlifəni məcbur edirdilər ki, tə’yin olunmuş vəliəhdi, canişini bir başqası ilə əvəz etsin. Məsələn, hicri 279-cu ildə Mö’təmədi məcbur etdilər ki, öz oğlunu canişinlikdən uzaqlaşdırıb, qardaşı oğlu Mö’təzidi canişin seçsin.
Bə’zən isə türk zabitləri xəlifəni həbs edir, ona işgəncə verir, hətta xilafətdən uzaqlaşdırırdılar. Məsələn, hicri 322-ci ildə bir qrup türk zabiti abbasi xəlifəsi Qahirə qarşı çıxıb, qəsri mühasirəyə aldılar. Sərxoş olub yatmış xəlifə səs-küyə oyandı. Qiyamçılar onu həbs edib, işgəncə verdilər, sonra isə gözlərini çıxardılar.
Bə’zən Abbasilərin öz aralarındakı çəkişmələr zamanı xəlifə özünü qorumağa qadir olmurdu. Məsələn, hicri 267-ci ildə Mö’təməd və qardaşı Müvəffəq arasında dava-dalaş düşdü. Xəlifə kürsüsündə oturmuş Mö’təmədə qalib gələn qardaşı Müvəffəq onu həbs etdi. Məs’udinin yazdığına görə Müvəffəq tərəfindən həbs edilmiş Mö’təməd Mosula qaça bildi. Amma Müvəffəq vəziri Saidin vasitəsi ilə onu yenidən həbs etdi.
Bə’zən Abbasi xilafətinin sütunları o qədər zəifləyirdi ki, xəlifə kimi vəzir seçəcəyini də tə’yin edə bilmirdi. Vəzirliyi bir neçə gün çəkmiş adamlar olmuşdur. Bu barədə Məs’udi yazır: «On səkkizinci abbasi xəlifəsi Müqtədir öz vəzirlərini on altı dəfə dəyişmişdi. On doqquzuncu abbasi xəlifəsi Qahir isə bir il ərzində dörd vəzir dəyişmişdi.
Bu tələsik yerdəyişmələr bir daha göstərir ki, Abbasilər hökuməti zəifləməkdə imiş. Xəlifələr dövlət idarəçiliyində bir o qədər də rol oynamır, dövlət vəzifələrinə tə’yinatlar zamanı qadınların tə’siri altına düşürdülər. Tarixçilərin bildirdiyinə görə Müqtədirin anası Seyyidə dövlətin bütün işlərinə müdaxilə edirdi. Hicri 304-cü ildə vəzir Əli ibn Əysanı da vəzifəsindən uzaqlaşdıran bu qadın olmuşdur. Süyutinin yazdığına görə, təqvalı, iffətli bir şəxs olan vəzir ədalətə riayət edir, İslam hökmlərinə diqqət göstərirdi.
İbn-Əsir yazır: «Müqtədirin anası Səyyidənin xadiməsi Ümmü-Musa vəzirin evinə gedib xidmətçilərin xərcləri haqqında söhbət etmək istədi. Vəzir yatdığından keşikçi dedi: «Bir qədər gözlə, vəzir yuxudan oyansın». Amma Ümmü-Musa qəzəbləndi və Müqtədirin anası Səyyidənin yanına qayıdıb şikayət etdi. Vəzir yuxudan oyandıqdan sonra Ümmu-Musanın gəldiyini eşidib, təşvişə düşdü, keşikçi ilə oğlunu üzr istəmək üçün Ümmü-Musanın yanına göndərdi. Amma xəlifənin anası bu üzrü qəbul etmədi və Müqtədirə şikayətləndi. Nəticədə, abbasi xəlifəsi öz vəzirini işdən kənarlaşdırıb, bir qədər sonra isə həbs etdi».
Əbül-Abbas Xətibin vəzirlikdən uzaqlaşdırılması da Səyyidənin göstərişi ilə baş verdi. Xəlifənin işlərinə onun anasının bu səviyyədə müdaxilə etməsi xəlifənin zəifliyinin aşkar sübutudur.
Amma xəlifələr nə qədər zəif olsalar da, müsəlman xalqa qarşı öz zülmlərini günbəgün artırırdılar. Onlar öz hakimiyyətlərini qorumaq üçün heç bir cinayətdən çəkinmirdilər. Haqqında danışdığımız dövrdə xalq rejimin ciddi sıxıntısı altında yaşayırdı. Xüsusi ilə Mö’təzidin dövründə Şeyx Tusinin tə’birincə, qılınclardan qan damırdı».
Deyilən vəziyyət kiçik qeyb dövründən əvvəl də mövcud idi. İndi isə kiçik qeyb dövründə baş vermiş hadisələr haqqında danışacağıq.
Dostları ilə paylaş: |