İNSANIN KAMALI VƏ HAQQ QARŞISINDAKI ACİZLİYİ
Deməli, insanın kamala çatması Allah qarşısında əriməsində, Allaha möhtac və bağlı olmasında, özü üçün heç bir müstəqillik görməməsindədir. İnsan özünü nə qədər möhtac və həqir görərsə, bir o qədər də Allaha yaxınlaşmış olar. Kamala çatmağın yolu budur ki, İlahi əzəməti dərk etdiyində, onda zillət və həqirlik hissi əmələ gəlsin. Bu, kamillik və bəndəçiliyin yüksək məqamının tələbində olanlar üçün ən yaxşı yoldur. Qorxu hissini xoşagəlməz hal bilən bizlərə, övliyaların bu haldan ləzzət aldıqlarını eşitmək qəribə gəlir. Övliyalar bu halı əldən verdikdə yenidən onu ələ gətirmək üçün çalışırlar. Bu qorxu və xof hissi onlar üçün o qədər ləzzətvericidir ki, heç vaxt bu hissin itməsini istəmirlər. Biz bu mərhələyə çatmadığımız üçün onu düzgün dərk edə bilmirik və insana hansı təsir bağışladığını da, sözlə söyləməkdə acizik. Lakin Allah övliyalarının həyat dastanlarını araşdırarkən, anlamaq olur ki, onlar güclü məhəbbət sahibi olub, məhbubları yolunda əzab, dərd çəkməkdən ləzzət alırmışlar. Onun fərağı üçün göz yaşı axıtmaqdan bir növ sevinc və rahatlıq hissi keçirirmişlər. Baxmayaraq ki, ağlamağın mənşəyi narahatlıq və qəmdir, lakin məhbuba xatir olduğu üçün onlara xoş gəlir. Buna görə də deyirik ki, ilahi xof Allah övliyaları üçün bəyəniləndir. Onlar ilahi əzəmət qarşısında əriməkdən, xoflanmaqdan narazı qalmırlar. Ən azı bunların sonsuz ləzzətə çatmaqda müqəddimə olduğunu bilirlər. Buna görə də, Allah övliyaları ilahi qorxu və xofa əhəmiyyət verirdilər. Çünki onu nəfsin yüyənini əldə saxlamağın ən yaxşı amili sanırdılar. Qəlblərində bu xofu gəzdirməklə, xudbinlikdən qurtarıb özlərini Allaha möhtac görürdülər. Həmçinin, bu hal onların fəna məqamına çatmasında ən yaxşı vasitə idi. Yeri gəlmişkən, bir məsələni də xatırlatmaq pis olmazdı.
Bəzi adamlar bir-iki irfani termin, məsələn «məhv məqamı», «fəna fillah» öyrənəndən sonra elə bilirlər ki, artıq arif olmuş və harasa çatmışlar! Yaxşı olardı ki, bu kimi şəxslər özlərini bir məhək daşından keçirəydilər; yoxlayıb görəydilər ki, bunların qəlbində Allah qorxusu deyilən şey var, ya yox?! Görəsən, həyatlarında bircə dəfə də olsa, gecəni sübhə qədər Allah qorxusundan yatmayıb oyaq qalıblarmı? Heç indiyə kimi ağlamaqdan gözlərində iz əmələ gəlibdirmi? Dildə demək asandır, iddia etməklə insan bir yerə çatmır. Diqqət etməliyik ki, həzrət Yəhya kimi məqam sahibinin keçirdiyi halın bir zərrəsi bizdə varmı? Onun keçirdiyi halın hansını özümüzdə görə bilərik? Bir-iki söz öyrənib iddia etməklə adam arif olmur. Bu yol, olduqca uzun və çətin bir yoldur. Rəhmətlik Şeyx Məhəmməd Təqi Amuli çox böyük alim idi; o, deyirdi: «Bu yolu başa vurmaq, gözün kiprikləri ilə dağı qazmağa bənzəyir!».
İlahi mərifətə çatmaq istəyən şəxs özünü çətinliklərə, məşəqqətlərə, yuxusuz gecələrə hazır etməlidir. Bu yolu, onun yolçuları getdiyi kimi getmək lazımdır. Baxıb görməliyik ki, həzrət Əli (ə) və həzrət Səccad (ə) bu yolu necə getmişlərsə, biz də o cür gedək.
Dostları ilə paylaş: |