GÜNAHLARIN BAĞIŞLANMASI ALLAHDAN QORXMANIN SƏMƏRƏSİDİR
Peyğəmbər (s) Allahdan qorxunun səmərəsi barəsində buyurur:
«Ey Əbuzər! Qiyamət günü mömin bəndənin günahları onun qarşısına qoyular. (Mömin bəndə) deyər: «Mən öz işimin aqibətinə görə həmişə qorxu içində idim». Nəticədə günahları bağışlanar».
Bura qədər Allahdan qorxmanın əhəmiyyəti ilə tanış olduq. Onun Allaha qovuşduran yolda insana etdi köməyin rolu böyükdür. Hədisin bu bəndində Rəsuləllah (s) Allahdan qorxmağın bəzi faydalarına işarə edərək, bizdə həmin hissi oyatmağa və ya gücləndirməyə çalışır:
«Allahdan qorxmağın faydalarından biri, günahların bağışlanılmasıdır». Ümumi olaraq hər hansı bir fərd günah etdiyi an iki hala malik ola bilər:
1. Günah anında onun aqibətindən qorxmayıb, yüksək əhval-ruhiyyə ilə və heç bir nigarançılıq hissi keçirmədən, həmin günahın ləzzətlərindən bəhrələnməyə çalışır. Bu hal insanın günaha sövq edilməsi, və nəticədə həmin işdə israrlı olması və sonda insanın qorxunc bir aqibətə sürüklənməsinə səbəb olur.
2. Günah anında Allah qorxusunu canında hiss edir və görəcəyi işin aqibətini düşünəndə, nigarançılıq hissi keçirir. Qəfil ölüb gedəcəyi və tövbə etməyə fürsəti qalmayacağını düşünür. Bu hiss, günah anında ondan alacağı ləzzətlərin zəifləməsi və sonda tövbə və günahlarının bağışlanmasına gətirib çıxarır.
Təbiidir ki, qiyamətdə insanların günahına baxılacaqdır və əgər bir kəs etdiyi günahı yuyub təmizləməyibdirsə, hətta tövbə belə etməyibdirsə - çünki tövbə etsə idi, bağışlanmış olardı – cəhənnəmə yollanacaqdır. Lakin Allah bəndəsi dünyada Allah qorxusu ilə yaşadığı üçün - «Pərvərdigara! Mən günah etdiyim zaman etdiyim işin nəticəsindən qorxurdum» - deyər və nəticədə günahı bağışlanar.
Deməli, insan öz günahı müqabilində Allahdan qorxub çəkinərsə, qiyamətdə bağışlanmağına ümidvar ola bilər.
Allah qorxusu günahların azalması və insanın ayılmasına səbəb olur. Bu hiss, yolunu azan insanı qəflətdən ayıldan, xəbərdar edən amillərdən biridir. Bu cəhətinə görədir ki, Allahdan qorxub-çəkinənlər Qurani-kərimdə mədh edilmiş və onlara Allahdan qorxduqları üçün mükafat vəd edilmişdir. Quran ayələrinə ümumi nəzər salmaqla bu nəticəyə gəlmək olar ki, xofun dərəcələri arasındakı fərq, insanın mərifət və kamal mərhələləri arasındakı fərqə bağlıdır; yəni yüksək kamal sahibləri ‒ məsum imamlar kimi ‒ Allahdan qorxunun yüksək zirvəsində qərar tutmuşlar. Digərləri isə mərifətlərinə uyğun olaraq daha aşağı mərtəbədə yerləşirlər. Quran qorxu və xofu iki şeyə aid edir:
1. Allah məqamından qorxmaq;
2. İlahi əzabdan qorxmaq.
İbrahim surəsinin 14-cü ayəsində buyurulur:
«Biz siz peyğəmbərləri kafirlərin həlakından sonra onların ölkəsində əmin-amanlıqla sakin edirik. Bu əmin-amanlıq, qəlbində Allah qorxusu olan və ilahi əzab vədəsindən qorxan kəslərə nəsib olur».
Bu ayədə həm Allahdan (olan) qorxu və həm də ilahi əzabdan olan qorxu qeyd edilmişdir.
Xofun ən yüksək mərhələsi Allah məqamından olan qorxudur. Əllamə Təbatəbai buyurur: «Allah qorxusu bəzən ilahi əzabdan qorxu mənasında olub, küfrə və günaha aid edilir. Bu mənada insanın ibadəti əzabdan qurtuluş kimi başa düşülür, yəni xalis Allaha görə olmur. Bu cür ibadət, verəcəyi cəzanın qorxusundan ağalarına bəndəçilik edən qulların ibadətidir. Bəziləri isə savab və mükafat tamahı ilə Allaha ibadət edirlər ki, bu növ ibadət «tacirlərin ibadəti» adını almışdır. Lakin «Rəbbin məqamı»ndan olan qorxu, ilahinin verəcəyi cəzadan olan qorxudan fərqli bir şeydir. Bu qorxu ilahinin əzəməti və böyüklüyü qarşısında zillət və kiçiklik hissinin dərkindən yaranan qorxudur.
Həqiqətdə, ibadət və bəndəçilik ilahi məqamdan qorxu səbəbi ilə olub, Allah qarşısında xalis və səmimi olmaq mənasındadır. Bu cür xalis və səmimi ibadət yalnız Allah üçündür; cəza qorxusu və mükafat tamahı ilə deyildir və həqiqi ibadət sayılır. Deməli, İlahinin məqamından qorxan şəxslər, Allah-təala qarşısında ən xalis və səmimi olan kəslərdir»1.
Dostları ilə paylaş: |