Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


DÜNYANIN LƏZZƏTİ VƏ İMANIN ALİLİYİNİN BƏYANI



Yüklə 1,68 Mb.
səhifə78/117
tarix10.01.2022
ölçüsü1,68 Mb.
#109728
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   117

DÜNYANIN LƏZZƏTİ VƏ İMANIN ALİLİYİNİN BƏYANI


Allah övliyaları möminlərin dünya və onun ləzzətlərinə uymaması üçün müxtəlif üsullarla öz xəstəsinin sağlamlığına çalışan təbiblər kimi, onları mənəviyyatlarına zərərli olacaq şeylərdən pəhriz etməyə çağırırlar. Övliyalar həmişə səy etmişlər ki, dünyanı möminin nəzərində mənfur cilvələndirsinlər. Həmin baxışdan çıxış edərək, Həzrət (s) belə buyurur:

«Ey Əbuzər! Dünya və onun içində olan hər bir şey Allah rizasını qazanmaq üçün istifadə edilməzsə, lənətə məhkumdur».

Hədisin məzmunundan belə anlaşılır ki, dünyada olan nemətlərin lənətlənməsi heç də torpaq, ağac və göyün lənətlənməsi mənasında deyildir. Çünki Allahın razılığının ələ gətirilməsi üçün vasitə olacaq hər bir şey nəinki lənətə məhkum deyil, əksinə təqdirəlayiqdir. Deməli lənət, dünya nemətlərinin alçaq və rəzil məqsədlər uğrunda xidmətinə yönəlmişdir. Çünki dünyanın yaradılmasından məqsəd, insanın ondan məqsədyönlü faydalanıb, Allaha yaxınlaşması üçündür.

Dünya insanın ixtiyarına ona görə qoyulmuşdur ki, onun köməyi ilə Allaha çatsın. Belə olan halda, insan əgər dünyanı Allaha çatmaq üçün vasitə olaraq seçərsə, Allah rəhməti və şəfqəti daim onunla olacaqdır. Çünki o, hədəfini seçərək, həmin istiqamətdə də hərəkət edəcəkdir. Aqil insan heç vaxt hədəfindən qafil olmur, daim gözünü bu yola dikir. Əks halda, Allahın nəzəri insandan götürüləcəkdir. Çünki o, dünyanın yaradılış qayəsinə arxa çevirərək, səadət yolu əvəzinə, bədbəxtlik və peşmançılıq yolunu seçmişdir.

İmamların səhabələrindən biri qazancının və sərvətinin günü-gündən artıb genişləndiyini müşayiət edərək, narahatlıq hissi keçirməyə başlayır. İmam onunla görüşüb soruşur: «Niyə bikefsən?». Deyir: «Ağa, sərvətim getdikcə artmağa başlayır, dünyaya giriftar olmuşam». İmam soruşur: «Niyə dünya malının arxasınca düşürsən, dünya malını yığmaqda məqsədin nədir?». Səhabə cavabında deyir: «Özümün və uşaqlarımın başqasına möhtac olmaması üçün və bir də mömin qardaşlara kömək məqsədi ilə bu işi görürəm». Həzrət deyir: «Bu dünyaya bağlanmaq deyil, axirət istəməyindir, nigaran olmağına dəyməz. Sən dünya ləzzətlərinə ürək bağladığın və dünyanı dünya üçün istədiyin zaman nigaran olmalısan».

«Allah yanında heç bir şey dünya qədər mənfur deyildir. Onu yaratdı, sonra ondan üz döndərdi və rəhmət baxışlarını ondan kəsdi; qiyamətə kimi də ona nəzər yetirməyəcəkdir».

Böyük alimlər, xüsusi olaraq imam Xomeyni (r.ə.) bu kəlamın məzmununu öz əxlaq kitablarında çox açıqlamış və bu məsələni xüsusi vurğulamışdır.

Şəksiz, Allah-təala bütün yaratdıqlarını sevir. Məxluqatın hər biri ilahi adların (Əsmayi-ilahi) və ilahi sifətlərin təsirindən vücuda gəlmişdir (Məxluqatın hər biri canlı əsər olaraq, İlahi sifətlərin maddi aləmdəki təzahürünün məhsuludur).

Dünya və onun nemətləri ilahi isim və sifətlərin məzhəri olduqları üçün Allahın qiyamətə qədər onlara diqqəti və inayəti də davam edəcəkdir. Allah dünyanın Onun mülahizəsi olmadan müstəqil baxılmasına nəzər yetirmir. İndi belə bir sual qarşıya çıxır ki, bu dünyada Allahın inayəti və nəzəri hansı şeylərə aid olur? Bu nöqtənin bəyanında Həzrət (s) buyurur:

«Heç bir şey imanlı olmaq və haramdan çəkinmək qədər seviləcək deyildir».

Allah yanında ən çox sevimli olan şey ilk növbədə iman, sonra isə təqva və günahların tərk edilməsidir. Bu rəvayətdən anlamaq olur ki, günahların tərki vacib əməllərin əncamından daha mühümdür. Deyə bilərik ki, vacibata əməl edilməsi imanın dərəcələrindən sayılır, çünki iman həm qəlbi, həm də bədən üzvləri vasitəsi ilə həyata keçirilən zahiri əməllərə şamil olur.

Belə olan halda, əgər dünyada olan şeylər imana çatmaq, günahlardan uzaqlaşmaq üçün vasitə rolunu oynayarsa, həmin şeylər Allah yanında sevimli olacaqdır. Buna görə də, Allah əksər dünya işlərinə əmr etmişdir; çünki onların vasitəsilə insan təqva və iman sahibi olub, Allah dərgahına yaxınlaşır.

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:

«İbadətin onda doqquzu ticarətdə çalışmaqdadır»1 (ticarətdə və alış-verişdədir)».

Başqa bir rəvayətdə imam Sadiq (ə) buyurur:

«Evlənən şəxs dininin yarısını qorumuş olur, o biri yarısını da, təqvalı olmaqla ələ gətirməlidir»2.

Buna oxşar başqa bir hədisdə Peyğəmbər (s) buyurur:

«Heç bir (təməl) Allah yanında ailə qurmaq qədər sevimli və əziz olmamışdır»3.

Şübhəsiz ki, bütün bunlar dünya işlərinə aiddir. Lakin onlar bəndəçilik yolunda vasitə seçildiyi üçün Allah yanında əziz tutulur.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin