“Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqaviləyə qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” 1967-ci il yanvarın 27-də imzalanmış Müqaviləyə qoşulsun.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il
№ 603-IVQ
Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında
MÜQAVİLƏ
Bu Müqavilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2222 XXI nömrəli 1966-cı il 19 dekabr tarixli qətnaməsi ilə qəbul edilmişdir.
Hazırkı Müqavilənin iştirakçı Dövlətləri insanın kosmosa daxil olması nəticəsində bəşəriyyətin qarşısında açılan geniş imkanlardan ruhlanaraq,
kosmik fəzanın tədqiqatı və sülh məqsədi ilə istifadəsinin irəliləyişində bütün bəşəriyyətin ümumi marağını tanıyaraq,
kosmik fəzanın tədqiqi və istifadəsinin iqtisadi və ya elmi inkişafı dərəcəsindən asılı olmayaraq insanların xeyrinə yönəldilməli olduğuna inanaraq,
kosmik fəzanın tədqiqi və sülh məqsədi ilə istifadəsinin istər elmi, istərsə də hüquqi aspektlərində geniş beynəlxalq əməkdaşlığın inkişafına yardım göstərməsi niyyəti ilə,
bu əməkdaşlığın dövlətlər və xalqlar arasında qarşılıqlı anlayışın gücləndirilməsinə və dost münasibətlərinin möhkəmləndirilməsinə təkan verəcəyinə inanaraq,
1963-cü il 13 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş "Kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətlərinin idarə olunmasının hüquqi prinsipləri Bəyannaməsi" başlıqlı 1962 (XVIII) nömrəli qətnaməni xatırlayaraq,
dövlətləri nüvə silahı və ya hər hansı digər kütləvi qırğın silahı daşıyan istənilən obyektin Yer kürəsi ətrafında orbitə çıxarılması və belə silahların səma cismlərində quraşdırılmasından çəkinməyə çağıran 1963-cü il 17 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş 1884 (XVIII) nömrəli qətnaməni xatırlayaraq,
Sülhə qarşı yönəldilən istənilən təhlükə, sülhün pozulması, təcavüz aktlarının təşviq edilməsinə yönəldilmiş və ya ona səbəb ola bilən təbliğatı qınayan 1947-ci il 3 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 110 (II) nömrəli qətnaməni nəzərə alaraq və həmin qətnamənin kosmik fəzaya da tətbiq edildiyini hesab edərək,
Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında bu Müqavilənin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsip və məqsədlərinin həyata keçirilməsinə imkan yaradacağına əmin olaraq
Maddə 1
Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəza bərabərlik əsasında və beynəlxalq hüquqa müvafiq olaraq, hər hansı ayrı-seçkilik olmadan bütün dövlətlər tərəfindən tədqiqat və istifadə üçün açıqdır və səma cismlərinin bütün sahələrinə azad giriş mövcuddur.
Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəza elmi araşdırmalar üçün azaddır və Dövlətlər belə tədqiqatlarda beynəlxalq əməkdaşlığı dəstəkləyir və təşviq edirlər.
Maddə 2
Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəza onlar üzərində suverenlik elan etmək, istifadə, işğal və ya hər hansı digər vasitələrlə milli mənimsəmə predmeti ola bilməz.
Maddə 3
Müqavilə Tərəfləri olan Dövlətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüquqa uyğun olaraq beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi maraqlarını əsas tutaraq, kosmik fəzanın Ay və digər səma cismləri də daxil olmaqla, onların tədqiqi və istifadəsi istiqamətində fəaliyyət göstərirlər.
Maddə 4
Müqavilə Tərəfləri olan Dövlətlər nüvə silahı və ya hər hansı digər kütləvi qırğın silahı olan hər hansı obyekti Yer ətrafı orbitdə yerləşdirməmək, səma cismlərində belə silahları quraşdırmamaq və ya istənilən tərzdə kosmosda belə silahlan yerləşdirməməyi öhdələrinə götürürlər.
Ay və digər səma cismləri yalnız dinc məqsədlər üçün Müqavilə Tərəfləri olan Dövlətlər tərəfindən istifadə edilir. Səma cismlərində hərbi baza, qurğu və istehkamların yaradılması, hər hansı növ silahların sınaqdan keçirilməsi və hərbi manevrlərin həyata keçirilməsi qadağan edilir. Elmi tədqiqat və ya hər hansı digər dinc məqsədlər üçün hərbi heyətin istifadəsi qadağan edilmir. Həmçinin, Ay və digər səma cismlərinin sülh yolu ilə tədqiqi üçün hər hansı avadanlıq, zəruri təchizat və ya vasitənin istifadəsi də qadağan edilmir.
Maddə 5
Müqavilə Tərəfləri olan Dövlətlər kosmonavtları kosmik fəzada bəşəriyyətin nümayəndələri kimi qəbul edir, qəza, bədbəxt hadisə və ya Müqavilə Tərəfi olan Dövlətlərin ərazisinə və ya açıq dənizə məcburi enmə zamanı bütün mümkün köməyi göstərirlər. Belə məcburi enmə etmiş kosmonavtların təhlükəsizliyi təmin edilir və kosmik raketi qeydiyyata alan dövlətə qaytarılır.
Kosmik fəzada, o cümlədən səma cismlərində fəaliyyətdə olduqları zaman Müqavilə Tərəfi olan bir Dövlətin kosmonavtları digər Müqavilə Tərəfi olan Dövlətlərin kosmonavtlarına lazımi yardımı göstərirlər.
Müqavilə Tərəfləri olan Dövlətlər kosmik fəzada Ay və digər səma cismləri də daxil olmaqla, kosmonavtların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək onlar tərəfindən aşkar edilmiş hadisələr barədə Müqavilə Tərəfi olan digər Dövlətləri və ya Birləşmiş Millətlər Təşkilatının Baş Katibini dərhal məlumatlandırırlar.
Maddə 6
Müqavilə Tərəfi olan Dövlətlər, Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzada Milli fəaliyyətin hökumət orqanları və ya qeyri-hökumət hüquqi şəxslər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, hazırkı Müqavilənin müddəalarına uyğun olaraq Milli fəaliyyətin həyata keçirilməsinin təmin edilməsi üçün beynəlxalq məsuliyyət daşıyırlar. Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzada qeyri-hökumət hüquqi şəxslərin fəaliyyəti Müqavilə Tərəfi olan müvafiq Dövlətin icazəsi və daimi nəzarəti altında həyata keçirilir. Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzada beynəlxalq təşkilat tərəfindən həyata keçirilən fəaliyyətlər zamanı bu Müqavilənin tələblərinə riayət edilməsinə görə beynəlxalq təşkilat və eyni zamanda bu fəaliyyətdə iştirak edən Müqavilə Tərəfi olan Dövlətlər məsuliyyət daşıyırlar.
Maddə 7
Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzaya obyektin buraxılışını həyata keçirən və təşkil edən hər bir Müqavilə Tərəfi olan Dövlət, həmçinin ərazisindən və ya öz vasitələri ilə obyektin buraxılışını təmin edən hər bir Müqavilə Tərəfi olan dövlət bu obyektlərin və ya onların tərkib hissələrinin vasitəsilə yerə, hava məkanına və ya Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzaya, Müqavilə Tərəfi olan digər Dövlətə, onun fiziki və ya hüquqi şəxslərinə dəymiş zərərə görə beynəlxalq öhdəlik daşıyır.
Maddə 8
Kosmik fəzaya buraxılan obyektin reyestrinə daxil olduğu Müqavilə Tərəfi olan Dövlət bu obyekt və bu obyektin hər hansı ekipajı üzərində, onlar kosmik fəzada, eyni zamanda səma cismində olduğu müddətdə öz yurisdiksiyası və nəzarətini saxlayır. Kosmik fəzaya buraxılan, o cümlədən səma cisminə endirilən və ya orada tikilən obyektlər də daxil olmaqla, kosmik obyekt və onun tərkib hissələri üzərində mülkiyyət hüququ onların kosmik fəzada, eyni zamanda səma cismində olduğu müddətdə və ya yerə qayıtdıqdan sonra qüvvədə qalır. Reyestrinə daxil olduqları Müqavilə Tərəfi olan Dövlətin hüdudlarından kənarda aşkar edilən belə obyektlər həmin Müqavilə Tərəfi olan Dövlətə qaytarılır. Bu zaman Dövlətə tələb edilən obyekt qaytarılana qədər müəyyənləşdirici məlumatlar təqdim edilir.
Maddə 9
Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi zamanı Müqavilə Tərəfi olan Dövlətlər əməkdaşlıq və qarşılıqlı yardım prinsipinə əsaslanır və Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzada bütün fəaliyyətlərini digər Müqavilə Tərəfi olan Dövlətlərin maraqlarını nəzərə almaqla həyata keçirirlər. Müqavilə Tərəfi olan Dövlətlər Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın öyrənilməsi və tədqiqi zamanı zərərli çirklənmələrin, eləcə də yerdən kənar məsələlərin tətbiqi nəticəsində yerin ətraf mühitinə mənfi təsirlərin qarşısını alır və bu məqsədlə zəruri hallarda müvafiq tədbirlər görürlər. Əgər Müqavilə Tərəfi olan hər hansı Dövlət özü və ya vətəndaşları tərəfindən planlaşdırılan Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzada fəaliyyət və ya təcrübənin Müqavilə Tərəfi olan digər Dövlətlərin Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın sülh məqsədli tədqiqinə və istifadəsinə potensial zərərli müdaxilə etməsini ehtimal edirsə, belə fəaliyyətə və ya təcrübəyə başlamazdan əvvəl müvafiq beynəlxalq məsləhətləşmələr aparılır. Müqavilə Tərəfi olan digər Dövlətin Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzada planlaşdırdığı fəaliyyət və ya təcrübənin Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın sülh məqsədli tədqiqi və istifadəsi fəaliyyətinə potensial zərərli müdaxilə etməsini ehtimal edərsə, Müqavilə Tərəfi olan Dövlət belə fəaliyyət və təcrübə ilə bağlı məsləhət tələb edə bilər.
Maddə 10
Bu Müqavilənin məqsədlərinə uyğun Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək üçün Müqavilə Tərəfi olan Dövlətlər Müqavilə Tərəfi olan digər Dövlətlərin həmin Dövlətlər tərəfindən buraxılan kosmik obyektlərin uçuşunu müşahidə etmə imkanları ilə təmin etmək haqqında sorğularını bərabərlik əsasında nəzərdən keçirirlər.
Yuxarıda göstərilən müşahidə imkanlarının xarakteri və şərtləri maraqlı olan Dövlətlər arasında müqavilə ilə müəyyən edilir.
Maddə 11
Kosmik fəzanın tədqiqi və istifadəsi sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək üçün Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi sahəsində fəaliyyəti həyata keçirən Müqavilə Tərəfi olan Dövlətlər Birləşmiş Millətlər Təşkilatının Baş Katibini, eləcə də cəmiyyəti və beynəlxalq elmi ictimaiyyəti belə fəaliyyətin xarakteri, həyata keçirilməsi, yeri və nəticələri haqqında imkan daxilində maksimum dərəcədə məlumatlandırmağa razılıq verirlər. Yuxarıda göstərilən məlumatı aldıqdan sonra Birləşmiş Millətlər Təşkilatının Baş Katibi onun effektiv yayılmasına hazır olmalıdır.
Maddə 12
Ay və digər səma cismlərində olan bütün stansiyalar, qurğular və avadanlıqlar qarşılıqlı əsasda Müqavilə Tərəfi olan Dövlətlərin nümayəndələri üçün açıqdır. Bu nümayəndələr proqnozlaşdırılan səfər barədə müvafiq məsləhətləşmələrin aparılması, lazımi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və ziyarət olunacaq qurğunun normal əməliyyatlarına mane olmamaq üçün əvvəlcədən məlumat verirlər.
Maddə 13
Bu Müqavilənin müddəaları Müqavilə Tərəfi olan Dövlətlərin Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi sahəsində Müqavilə Tərəfi olan bir və ya bir neçə Dövlətin birlikdə, o cümlədən beynəlxalq hökumətlərarası təşkilatlar tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, bütün fəaliyyətlərə münasibətdə tətbiq edilir.
Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsinin həyata keçirilməsi ilə əlaqədar yaranan müəyyən təcrübi suallar Müqavilə Tərəfi olan Dövlətlər tərəfindən müvafiq beynəlxalq təşkilat, beynəlxalq təşkilatın üzvü və Müqavilə Tərəfi olan bir və ya bir neçə Dövlət arasında həll edilir.
Maddə 14
1. Bu Müqavilə bütün Dövlətlər tərəfindən imzalanmaq üçün açıq qalır. Bu maddənin 3-cü bəndinə uyğun olaraq, bu Müqavilə qüvvəyə minənə qədər onu imzalamamış istənilən dövlət istənilən zaman ona qoşula bilər.
2. Bu Müqavilə onu imzalamış Dövlətlər tərəfindən ratifikasiya edilməlidir. Ratifikasiya və qoşulma haqqında sənədlər depozitari qismində müəyyən edilən Sovet Sosialist Respublikaları İttifaqı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Amerika Birləşmiş Ştatlarının Hökumətlərinə saxlanca verilir.
3. Bu Müqavilə hazırkı Müqavilənin depozitari qismində müəyyən edilən Dövlətləri də daxil olmaqla, beş dövlət tərəfindən ratifikasiya sənədlərinin depozitə verilməsindən sonra qüvvəyə minir.
4. Bu Müqavilənin qüvvəyə minməsindən sonra ratifikasiya və qoşulma haqqında sənədləri mühafizəyə verilən Dövlətlər üçün hazırkı Müqavilə onların ratifikasiya və qoşulma haqqında sənədin mühafizəyə verildiyi gündən etibarən qüvvəyə minir.
5. Depozitari Hökumətləri bu Müqaviləni imzalayan və ona qoşulan bütün Dövlətlərə hər bir imzalanma tarixi, mühafizəyə verilən ratifikasiya və qoşulma tarixi və bu Müqavilənin qüvvəyə minmə tarixi, o cümlədən digər bildirişlər haqqında məlumat verirlər.
6. Bu Müqavilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq, depozitari Hökumətləri tərəfindən qeydiyyata alınır.
Maddə 15
Müqavilə Tərəfi olan hər bir Dövlət bu Müqaviləyə düzəlişlər təklif edə bilər. Düzəlişlər bu düzəlişləri qəbul edən, Müqavilə Tərəfi olan hər bir Dövlət üçün Müqavilə Tərəfi olan Dövlətlərin çoxluğu tərəfindən qəbul edildikdə və bundan sonra Müqavilə Tərəfi olan hər bir Dövlət üçün onların bu düzəlişləri qəbul etdikləri gündən qüvvəyə minir.
Maddə 16
Müqavilə Tərəfi olan hər bir Dövlət qüvvəyə minməsindən bir il sonra bu Müqavilədən çıxması barədə depozitari Dövlətlərə yazılı bildiriş göndərməklə məlumat verə bilər. Belə çıxma bu bildiriş alındıqdan bir il sonra qüvvəyə minir.
Maddə 17
Eyni qüvvəyə malik olan Çin, ingilis, fransız, rus və ispan dillərində olan mətnləri depozitari Dövlətlərin arxivində mühafizə olunmaq üçün verilir. Bu Müqavilənin lazımi qaydada təsdiq edilmiş surətləri depozitari Dövlətlər tərəfindən bu Müqaviləni imzalayan və ona qoşulan Dövlətlərin hökumətlərinə göndəriləcəkdir.
Bunun təsdiqi olaraq, lazımi qaydada səlahiyyəti olanlar bu Müqaviləni imzalamışlar.
Bu Müqavilə Moskva, Vaşinqton və London şəhərlərində üç nüsxədə 1967-ci il 27 yanvar tarixində imzalanmışdır.
Dostları ilə paylaş: |