Pedaqoji prosesin gedişi zamanı müəllimin öz psixoloji vəziyyətini tənzimləməsi aşağıdakı məsələləri əhatə edir:
müəllimin fəaliyyətində aktyorluq əlamətləri;
müəllimin fəaliyyətində rejissorluq əlamətləri;
müəllimin emosionallığının təzahür formaları və xüsusiyyətləri;
emosionallığı idarə etməyin üsulları.
Müəllimin pedaqoji keyfiyyətləri
Hər bir müəllimin pedaqoji müvəffəqiyyəti onda aşağıdakı keyfiyyətlərin inkişaf səviyyəsindən asılıdır:
peşəyə yararlılıq;
empatiya;
pedaqoji takt;
pedaqoji uzaqgörənlik;
pedaqoji optimizm;
ünsiyyət mədəniyyəti;
pedaqoji refleksiya.
Peşəyə yararlılıq– uşaqlarla işləməyə psixoloji hazırlığı, peşə maraqları və qabiliyyətlərini, pedaqoji fəaliyyətə şəxsi münasibəti, pedaqoji ünsiyyət tərzini əhatə edir.
Empatiya – başqalarının emosional vəziyyətini anlamaq, onun həyəcanlarına həssaslıqla, qayğı ilə yanaşmaqdır. Pedaqoji empatiya uşağın həyəcanlarına, mənəvi-psixoloji vəziyyətinə həssaslıqla, xeyirxahlıqla, qayğı ilə yanaşmağı əhatə edir.
Pedaqoji takt– pedaqoji təsirlər zamanı müəyyən həddi gözləməyi bacarmaq, pedaqoji prosesin “nəbzini tuta bilməkdir”. Pedaqoqun müəyyən həddi hiss etməsi – sevgini və tələbkarlığı, xeyirxahlığı və iradları, inamı və nəzarəti, zarafat və ciddiliyi düzgün əlaqələndirə bilməkdir.
Pedaqoji uzaqgörənlik– uşağın inkişafı üçün əhəmiyyətli olan məsələləri görə bilmək, perspektivləri, hər bir uşağın formalaşmasındakı dinamikanı müəyyən edə bilməkdir.
Pedaqoji optimizm – pedaqoji prosesə nikbinliklə yanaşmaq, hər bir uşağın inkişaf imkanlarına, gücünə inanmaqdır.
Pedaqoji ünsiyyət mədəniyyəti – müəllimin şagirdlərlə, valideynlərlə, həmkarları ilə, eyni zamanda uşaqların uşaqlarla qarşılıqlı münasibətlərinin düzgün qurulmasını əhatə edir.
Pedaqoji refleksiya– müəllimin görülmüş işləri, alınmış nəticələri və onların qarşıya qoyulmuş məqsədə müvafiqliyini təhlil etməsidir.