İctimai şüurun formaları İctimai həyatın mənəvi sahəsi çoxplanlığı və öz rəngarəngliyi ilə seçilir. Bəşəriyyət dünyanın mənəvi anlaşılmasının və mənimsənilməsinin bir sıra üsullarını – elmi, estetik, mənəvi, dini və s. işləyib hazırlaya bilmişdir. Onların hər biri reallığın yalnız hansısa bir hissəsini əhatə edir, daha dəqiq dünyanı görməyin müəyyən rakursunu verir - bu da dünyada hər hansı məna axtarmağa və insanın bu mənada iştirakını müəyyən etməyə imkan verir. Onların hamısı bir yerdə özünəməxsus sistemli vəhdət yaradır ki, burada həmdünyanın mənəvi mənimsənilməsi üsullarının əsaslı fərqi, həm də onların bir-birini qarşılıqlı tamamlaması, daxili qarşılıqlı əlaqələri açıq görünür.
İnsanın və bəşəriyyətin mənəvi həyatı - fenomendir, onun vasitəsi ilə ətraf aləmin dərk olunması, bu aləmə daha dərin və incə münasibətin işlənib hazırlanması baş verir. Məhz onun vasitəsi ilə insanın özü-özünü dərk etməsi, öz həyatının məqsəd və mənasını anlaması prosesi gedir. İnsan öz mənəvi dünyası ilə təbiətdən özü üçün lazım olanı seçir və ona ictimai xarakter verir.
Cəmiyyətin mənəvi həyatı deyərkən varlığın o sahəsi başa düşülür ki, burada obyektiv, fərddən kənar reallıq bizə predmet gerçəkliyə qarşı duran formada deyil, bizim özümüzdə olan, insan şəxsiyyətinin ayrılmaz hissəsi olan reallıq formasında verilir.
Göründüyü kimi, mənəvi həyatın müəyyən edilməsinə cəhd edən kimi ziddiyyət yaranır: sanki mənəvi ideal başlanğıc öz-özünə, insandan kənarda mövcud deyildir, lakin eyni zamanda onlar- fərddən kənar ümumi, obyektivdir, yəni elə bil insandan asılı deyildir. Həqiqət, xeyirxahlıq, gözəllik və s. kimi ideal başlanğıcların anlaşılmaz statusu “mənəvi probleminin” məzmununu təşkil edir, həmişə filosofların diqqətini özünə cəlb etmişdir.
Mənəvi – antropoloji konteksdə mənəvi anlayışı insanın daxili, subyektiv aləmini “insanın mənəvi dünyası” kimi xarakteristikasını vermək üçün istifadə olunur. Bəs bu dünyaya nə daxildir? Onun varlığı, eyni zamanda inkişafı hansı meyarla müəyyən olunur? Aydındır ki, mənəvi anlayışı əqllə, rasionallıqla, təfəkkür mədəniyyəti, biliyin səviyyəsi və keyfiyyəti ilə məhdudlaşmır. Eyni zamanda mənəvi sırf təhsil vasitəsi ilə də formalaşmır. Şübhəsiz ki, sadaladıqlarımızdan kənarda da mənəvi mümkün deyildir, lakin birtərəfli rasionalizm mənəvi haqqında tam təsəvvür əldə etməyə imkan vermir. Mənəvinin sahəsi öz həcminə və məzmununun zənginliyinə görə rasionalizmə aid olanların hamısından genişdir.
Şübhəsiz ki, insanın davranışını və daxili aləmini əsaslandıran utilitar-praqmatik dəyərləri müəyyən etmək üçün mənəvi anlayışı zəruridir. Lakin insanın varlığının “əbədi sualları” sistemində hər bir adam üçün həyati əhəmiyyətli problemləri həll etmək üçün, vacib olan dəyərləri eyniləşdirmək üçün daha çox lazımdır. Onların həllinin çətinliyi ondadır ki, hamı tərəfindən qəbul olunmuş əsaslara malik olsalar da, hər dəfə, konkret tarixi zaman və məkanda hər bir adam onu özü üçün açır və yenidən həll edir, həm də özünəməxsus şəkildə həll edir.
İnsan təfəkkürü öz mahiyyətinə görə konkret fəaliyyətdir, yalnız real hiss olunan predmetlərlə deyil, onların ideal əvəzləyiciləri ilə- işarələr, simvollar, surətlər və s. vasitəsi ilə həyata keçən fəaliyyətdir. Başqa sözlə desək, fikrin bütün əməliyyatları xarici predmeti fəaliyyətin daxili ideal plana özünəməxsus şəkildə keçirilməsi nəticəsində formalaşır. Məhz bu vəziyyət subyektiv insan mənəviyyatının obyektiv əsasını təşkil edir. İnsanın praktiki fəaliyyəti obyektiv aləmin qanunauyğunluqlarından kənar qurula bilmədiyi kimi, bizim mənəvi fəaliyyətimiz də bütövlükdə bu aləmin qanunauyğunluqlarına tabe olmalıdır.