Yeni yaranmış formalar (karyerlər, şaxtalar, çökəkliklər, tikinti ilə əlaqədar olaraq səthdə planlaşma işləri və s.);
Akkumulyativ formalar (ovuntu, tikinti materialları, süxurlardan, şaxtalardan, karyerlərdən çıxarılan materialların səthdə yayılması, səthin planlaşdırılması və s.). Bu relyef formalarının yayıldığı rayonlarda denudasiya və yuyulma prosesləri qüvvətlənir, yeni eroziya sirkləri əmələ gəlir.
Dağ – mədən sənaye komplekslərinin inkişaf etdiyi rayonlarda landşaftların bərpası, yəni rekultivasiyası müasir dövrdə təxirəsalınmaz problemlərdən biri hesab edilir. Göstərilən zərərli halların aradan qaldırılması həmin sahələrin təbii xüsusiyyətlərinin məqsədəuyğun şəkildə bərpası, rekultivasiyası əsas problem kimi coğrafiyaçıları düşündürmüşdür.«Rekultivasiya» latın sözü olub, torpaqların təkrar becərilməsi deməkdir. Bu məfhum təsərrüfatın müxtəlif sahələrində pozulmuş təbii landşaftların bərpası üçün tətbiq edilən tədbirlər komplekslərini əks etdirir.
Şəhər landşaftları.Şəhərlər təbii landşaftlara insanın ən qüvvətli və mərkəzləşdirilmiş təsir formasını əks etdirən sahədir. Şəhərlər demək olar ki, tamamilə süni landşaftlardan ibarətdir. Lakin burada təbii landşaftların yalnız törəmə və ya ikinci dərəcəli tərkib hissələri, yəni torpaq, bitki örtüyü, yeraltı və yerüstü suları, heyvanat aləmi və s. köklü surətdə dəyişdiyi halda, əsas komponentlər isə geoloji özül, relyefin əsas əlamətləri, iqlimin zonal xüsusiyyətləri dəyişməz qalır. Ümumiyyətlə, böyük və qədim şəhərlər təbii landşaft komplekslərinin, xüsusilə, onun morfoloji vahidlərinin bütün komponentlərini bu və ya digər dərəcədə dəyişə bilir. Belə ki, atmosfer havasını çirkləndirir, mikroiqlim və canlı orqanizmlərin yaşayış şəraitini pisləşdirir, yeraltı və yerüstü suların fiziki xüsusiyyətini və kimyəvi tərkibini dəyişdirir, ana süxurların davamlılığını azaldır.
Rekreasiya landşaftları. Müasir dövrdə əhalinin kütləvi istirahəti və turizmin inkişafı, cəmiyyətin ən vacib sosial – iqtisadi amillərindən birinə çevrilmişdir. Təbii və iqtisadi amillərə əsaslanan təsərrüfatın bu yeni sahəsinin əmələgəlmə prosesi, xalqın ilbəil artan tələbatından irəli gəlir. Bir sıra xarici ölkələrin təcrübəsi göstərir ki, bu proses çox böyük iqtisadi mənfəət verir. Məsələn, ABŞ-da rekreasiya torpaqları bütün ölkə ərazisinin cəmi 5 %-ni təşkil edir, lakin ildə 40 mlrd.amerikan dolları gəlir verir. Hazırda xalqın istirahətə və turizmə qarşı artan tələbatını nəzərə alaraq, rekreasiya sahələrinə aşağıdakı kompleksləri aid etmək olar:
Dostları ilə paylaş: |