M ü h a z I r ə 7-landşaftin morfologiyasi və onun təSNİfati. MƏRZİN və fasiyanin nöVLƏRİ



Yüklə 27,57 Kb.
səhifə1/7
tarix01.01.2022
ölçüsü27,57 Kb.
#107288
  1   2   3   4   5   6   7
Landşaft


M Ü H A Z İ R Ə 7-LANDŞAFTIN MORFOLOGİYASI VƏ ONUN TƏSNİFATI. MƏRZİN və FASİYANIN NÖVLƏRİ.

Landşaftın morfoloji strukturunun öyrənilməsi ilə landşaftşünaslığın xüsusi şöbəsi məşğul olur ki, bu da coğrafiyada landşaftın morfologiyası adlanır. Landşaftın morfologiyası və ya landşaft daxili müxtəlifliklər barədə məlumatlar T.F.Morozovun, L.S.Berqin, S.V.Kolesnikin işlərində verilmişdir. Landşaftşünaslıq elmində morfoloji landşaft bölməsinin yaranması N.A.Solnsevin adı ilə bağlıdır.

Landşaftın morfoloji bölgülərinin mərz və fasiyadan ibarət olmasını hələ 1938-ci ildə P.T.Ramenski müəyyən etmiş, sonra isə N.A.Solnsev tərəfindən daha da dəqiqləşdirilmişdir. Eyni zamanda, bu vahidlərə bir sıra keçid vahidlər – məhəl, mürəkkəb mərz də əlavə edilmişdir. Təbii baxımdan ən kiçik bölünməz və eyni cinsli təbii ərazi kompleksi fasiyadır. Bu termin geologiyadan götürülmüş və 1945-ci ildə L.S.Berq tərəfindən landşaftşünaslıqda istifadə edilmişdir. Fasiya elə təbii ərazi kompleksidir ki, onun daxilində səth süxurlarının litoloji tərkibi, relyevi və rütubətin miqdarı, mikroiqlim, torpaq örtüyü və biosenoz dəyişmir və eynicinsli qalır. Fasiyanın müxtəlifliyi mikro və mezo relyef formalarının müxtəlifliyi ilə təyin edilir.

Fasiyanın vəziyyəti dedikdə, əsasən, yamacların səmtliyi və relyefin elementləri nəzərdə tutulur. Fasiya daxilində günəş radiasiyasının paylanması yamacların ekspazisiyasından çox asılıdır. Ərazinin nisbi yüksəkliyi yeraltı suların dərinlik şəraitini təyin edir ki, bu da öz növbəsində düzənliklərdə fasiyaların yaranmasında əsas amillərdən biridir.

Beləliklə, bir konkret ərazi daxilində bitki və heyvanat aləmi qeyri – üzvi komponentlərlə birlikdə,sadə bölünməz coğrafi kompleksi-fasiyanı əmələ gətirir. Landşaftın təbii inkişaf prosesi, insanların təsərrüfat fəaliyyətinin təsiri altında, onun tam dəyişməsi ilk növbədə, bitki örtüyünün xarakterindən görünür. Elə ona görə də N.A.Solnsev əsas yeni təbii və törəmə fasiyaların fərqləndirilməsini təklif edir. Əsas fasiyalar təbii ərazi kompleksləri,törəmə isə antropogen komplekslərdir.

Landşaftın digər morfoloji tiplərindən biri də yarımmərz – yarımuroçiş adlanır. Yarımmərz təbii ərazi kompleksi genetik və dinamik cəhətdən sıx əlaqədə olan fasiyalar qrupundan ibarətdir. Yarımuroçişin bütün fasiyaları mezo relyefin müəyyən formasında, yəni yamacda təpənin zirvəsində yerləşib, aydın tipoloji vahidə malikdir. Bu fasiyalar çox vaxt eyni və yaxud müxtəlif litoloji quruluşa malik olur. Yarımuroçişi səciyyələndirmək üçün Azərbaycanda Kür çayının sol qolu üzərində Türyançayın terrasları üstündə yayılmış bir sıra fasiyaları misal göstərə bilərik: 1. Yastı subasar terraslar üzərində torpaq, bitki örtüyünün inkişaf etmədiyi çay daşları və qum; 2. Subasarüstü terrasda çay daşı və qum çöküntüləri üstündə nazik, ibtidai çəmən torpaqlarında yayılmış söyüd – yulğun kolları; 3. Subasarüstü və qismən üçüncü terraslarda çaydaşı, qum, gil çöküntüləri üzərində yayılmış allüvial çəmən və allüvial tuqay torpaqlarında qızılağac meşə və kolluqlar.Bu misallardan aydın olur ki, 3 fasiyanın hamısı eyni ana süxurlar, eyni mezo relyef şəraitində inkişaf etməklə bir – biri ilə çox sıx qarşılıqlı əlaqədə olub, və bir – biri ilə birləşərək bir təbii yarımmərz əmələ gətirir.

Bir qədər böyük landşaft xəritələşməsi zamanı həmişə rast gələn növbəti kompleks mərzdir. Mərz yarımmərzdən və ayrı – ayrı fasiyalardan ibarət təbii ərazi kompleksidir. Mərz sadə və mürəkkəb olmaqla iki yerə bölünür və bir –birindən fərqlənir. O, bir termin kimi axırıncı 60 ildə coğrafi ədəbiyyata daxil olmuşdur. Bu termini ilk dəfə 1953-cü ildə P.T.Ramenski işlətmişdir. Onun elmdə möhkəmlənməsi və hərtərəfli əsaslandırılması isə N.A.Solnsevə məxsusdur. Mərz qabarıq və ya yüksək mezorelyef formaları ilə bağlı olan təbii ərazi kompleksi olub,genetik,dinamik və ərazi cəhətcə fasiya ilə əlaqədar yaranmış qanunauyğun sistemdir.

Landşaftın morfoloji quruluşunda əhəmiyyətinə, tutduğu əraziyə və landşaft daxilindəki roluna görə əsas (dominant) və ikinci dərəcəli (subdominat) mərzlər ayrılır. Əsas mərzlər landşaftın morfoloji strukturunu təyin edir və hər yerdə müşahidə edilir. Onlar landşaftın əsasını yaratmaqla, sahə etibarı ilə üstünlük təşkil edir. İkinci dərəcəli mərzlər seyrək olmaqla, çox kiçik sahə tutur. N.A.Solnsevə görə, sadə mərzlərə yalnız bir fasiya, mürəkkəb mərzlərə isə bütöv fasiya qruplarında əlavə yarımmərz da daxil olur. Bundan başqa, dominant, subdominat və konkret mərzlər də vardır. Səthi lösvari gillicələrdən yamacları dellüvial çöküntülərdən təşkil olunmuş mərzlər dominantdır. Təkrarolunmaz xüsusiyyətə malik təbii ərazi komplekslərinə konkret mərz deyilir. Məsələn, moren tirələr, rütubətli qobular və s.

Landşaftın daha böyük aralıq morfoloji vahidi məhəldir. Bu termini ilk dəfə Q.N.Vısotski işlətmiş və sonralar 1956-cı ildə K.İ.Qerençuk onun mərzə nisbətən daha yüksək dərəcəli təbii ərazi kompleksi olduğunu göstərmişdir. Beləliklə, məhəl termini coğrafi ədəbiyyata, danışıq dilinə daxil olmuş və hər hansı konkret yeri, sahəni göstərir. Məsələn, kənd təsərrüfatı, xalq təsərrüfatı, sənaye və s. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, landşaftın morfoloji strukturu daima yaşayır, inkişaf edir və mürəkkəbləşir.

A.Q.İsaçenko mərzin iki əsas kateqoriyasını fərqləndirməyi təklif edir:

1 – qabarıq formaları və yüksək yastı suayrıcılarla; 2 – çökək mezorelyef formaları və alçaq terraslarla əlaqədar olan mərzlər.

Burada birincilər yaxşı təbii drenaja malik olması, qrunt suların dərində yerləşməsi, rütubət hərəkətinin azalması, aşınma materiallarının aparılması və s. ilə səciyyələnirsə, ikincisi (çəkək) erozion, çökmə, karst, terras və başqa mənşəli relyefə malik olması səth və yeraltı suların hesabına əlavə rütubət alması, qrunt sularının kapilyarlarla qalxması superakval və subakval fasiyaların üstünlüyü ilə səciyyələnir.

Fasiyanın daha universal və indiyə kimi öz əhəmiyyətini saxlayan ilk təsnifatı B.B.Palınov vermişdir. Yerləşməsinə və xarakterinə görə Palınov fasiyanın üç əsas tipini müəyyən etmiş və onları elementar landşaftları adlandırmışdır. Ellüvial – superakval və subakval. Ellüvial tipli fasiyalar relyefin qabarıq formalarına və ya qrunt sularının dərində yerləşdiyi nisbətən qalxmış suayrıcı sahələr aiddir. Superakval (suüstü) fasiyaların əmələ gəlməsi, yerləşmə şəraiti ilə əlaqədar olaraq yeraltı suların səviyyəsinin səthə yaxınlığı ilə bağlıdır. Subakval (sualtı) fasiyalar su ilə dolmuş mənfi relyef formalarında əmələ gəlir. Bu landşaft kompleksləri daxilində maddə balansı həmişə müsbətdir. Yəni toplanma prosesi üstünlük təşkil edir. Buraya maddələr ellüvial və superakval landşaftlardan daxil olur.

Yuxarıda deyilənlərə baxmayaraq, M.A.Qlazovskaya (1964) və K.Q.Roman (1959), B.B.Palınovun sxeminə əlavələr etmişdir. Belə ki, Qlazovskaya keçid mövqeyi transellüvial, transakkumulyativ, akkumulyativ –ellüvial, transsubakval, transsuperakval fasiyaların ayrılmasını təklif edir. K.Q.Romanın təsnifatında yerləşmə sahələri və dördüncü dövr çöküntülərinin litoloji tərkibi nəzərə alınmışdır.




Yüklə 27,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin