Bu haqqesab da bizim öz ailəmizdə baş verib. Uşağlar o vaxtı gedərdilər aşağıda daş yığardılar. Bu da uşağları gözünnən uzağa qoymazzı. Deyərdi ki, sizin puluuz mənə lazım deyil. Özüm qazanıram, neynirəm sizi, gedib daş yığıb gətirirsüz. O böyük oğlan, həddən artığ nadinc idi. Nəisə, bu gəldi evə dedi, uşağlar hanı? Dedim, bilmirəm. Deyə bilmədim, daş yığmağa gediblər. Olar da o çay daşdarını yığıb satırdılar. 30 manata, 40 manata satırdılar.
Bi də gördüy 3 qardaş 3-u də gəlillər. Bu da pələddən çıxır uje az qalıb haaa. Nə deyəy, ataya nə düzəldəy ki, ata bizi döyməsin. Gəldi belə çatar-çatmaz , bu soruşdu hardasuz bu vaxta qədər, axşam olub uje. Dedilər, ata, elat bizi tutmuşdu. Bizdə də elatdar qoyunnarı gətirillər yaylağa. Elat köçə deyillər. Buna da deməy olar, bu sözü. Gəldi evə, 7 oğul istərəm kimi, hərə bir küçədən çıxdı yaba əlində, lom əlində, getdilər. Yalanın dərəcəsinə bax. Elat da olub 3-4 dəsdə. Uşağ nə desün, hansı dəstəni desün? Elşən bu elatdü, yox, o elatdu, yox. İşığlar sönüb, uje köç durur da, axşamdı. Biri qoyub xörəy bişirir özüyçün, lampa yandırıblar, çay dəmliyiblər.
Vurublar bizimkilər, oların xörəylərini aşırdıblar, lampalarını sındırıblar, ara qarışıb. Bi dənə özünnən deyən dayısı oğlannarı var idi, bular da eləmiyib tənbəlliy, götürüblər hərə bi dənə tüfəng. Atıblar elatdarın təkərrərin partdadıblar, dayi nə başuuzu ağradım, axırda gediblər yalannan deyiblər, ata bu elatdu. Onun altın çəkdilər də. Həmin oğlan öldi.
Bi də gördüm bılar qan içində gəldi.
Qorxmaz nə olub? Nə üçün belə elədiz?
Dedi:
– Elşən dedi ki, bizi elat aparırdı. Mənim uşağımı? Necə yəni aparırdı? Oları ölüsünə çırpduy, yeməylərin aşırtduy, pis günə qoyduy oları. Mənim bu hərəkətimi, bu da qınamadı. Dedi, hə, uşağı aparan adamın cəzası verilməlidu.
Bu söbət gedənnən sora uzun müdət – 15-20 ildən sora, bu söbət çıxdı ki, bu qurama söbətdi. Bunu da bi dənə dostu gəldi dedi ki, yaduzzadı, o vaxt Elşən sizə o boyda yalan danışıb. Pahhh, dedim, Qorxmaz, həmin oğlan elatın badına getdi. Deməg o dayımın oğlu bilirsüz neynədi? Biz çatduğ, mən danışıram, elatın sahibiynən. Deyirəm, sən nə cürətnən mənim uşağımı aparırdun? Olar da and içib biz eləməmişüy. Deyir, nə aparmağ, nə uşağ, hara? Deyirəm, sən indi məni dolamağ istiyirsən? Mən danışıram bunnan, bu dayıoğlum da yolun aşağısında durub orda. Birdən gördüm, kimsə Brusli kimi kimsə qulağımın dibinnən atdandı. Göydə buna bi dənə təpiy qoydu. Bu kişi yıxıldı, o biriləri qarışdı bir-birinə. Mən Allahnan heç nə eləmədim, qışqırıram, a bala, eləmiyün, vurmuyun, niyə onu vurursuz? Mən qaldım bunu deyə-deyə. Uje bizə xəbər gəldi ki, o biri elat bulara köməyə gəlir, tüfəngnən, yabeynən. Dedim, davay çıxun aradan. Buların qabların aşırtdılar, yeməylərin tökdülər yerə. Hər yeri xaraba qoydular. Biz oturduğ maşına, gedəndə, bularnan üzbəüz gəldüy. Bular hə hü eliyənə qədər, biz keşdüy, bular maşının baqajınnan atdılar. Daldan dəydi. Bakın lap böyrünnən dəydi maşına. Bir az oyan buyan olseydi, dəyərdi maşının bakına, maşını partdadardı.
Hə, indi görün bir balaca yalan nə boyda həngamə törətdi. Həyatdı da, hər şey olur.
Ə Musa, qorxmursan?
O vaxtı – elektrik olmıyan vaxtında bizim kişilər hər gecə gedərmişdər bir evə, payız gecələrində. Yığışarmışdar, noxud qaynadarmışdar, nəbilim paxla qaynadarmışdar. Quru meyvə zad yeyərmişdər.
Burda da Kərbəlayı Zəhyara olub, olar mənim babamın evilə qonşu idilər. Onun da evi bu hündürrüydə pol idi. Ora da belə sürəyya vurmuşdu. Orda otururmuşdar kişilər, bu deer, mən qorxmaram, bu deer, mən qorxmaram. Rəhmətdik Zəhyəra deer ki, ə Musa qorxmirsan? Deer ki, yox biz qorxmuruğ. Deer, gala, ona ağajdan ucu iti paya düzəldillər. Deyillər, apar basdır bunu qəbristannığda filankəsin qəbri üstünə. Balteynən vur, səhər biz də gəlib cıxardariğ. Bular da ikisi gedillər. Bulardan biri oturur yerə ki, onu vursun də qəbirin böyrünə, oturanda demə əynində də şinel var imiş. Nətəri olursa şinelin bir ucu qalır payanın altında. Bu da vurur onun üstünə. Qarannığ olduğunnan bu görmür heş nəyi. Durub gələndə, nə qədər eliyir, gedə bilmir. Elə bilir kimsə bunu tutub saxlıyıb. Elə orda da urəyi gedir. Nəisə, bax belə bir haqq-hesab gəlib buların başına.
Qanun adamı
Deyillər ki, Azərbaycanda qurulan ilk sovet dövləti Xırmandalı bolşevik respublikasıdır. Deməli, bizdə dəniz yolu olduğuna görə adətən bolşeviklər qacağ yolnan bizim kəndin ərazisindən kecib üzü Lənkərana gedirmişdər. Deyillər ki, Stalin dəfələrnən ordan kecib. Hətta bir kağız da yazıb verib ki, ilk bolşeviklər məkanı bu kənd elə özü olmuşdur və bu öz təsirini 32 kənddə biruzə verib, birdən-birə ya rayspalkom, ya hansısa başçı Xırmandalıdan olub. 30-cu illərdə ilk başçı rayon icra komitəsi artek dövründə olub. Səmərrux arvadın atası bu tarixi qeyd eliyib.
Deer, bi gün Stalini tutubmuşdar, salıbmışdar Lənkəranda həbsxanaya. Bizim kənddən də bir kişi olur bu türmədə, adı Məcid olur. Stalinin dostdarı onu qutarmağ üçün türmənin divarının birini capıllar və Stalini qacırdıllar. Qaçanda Stalin deyir:
– A kişi, gəl gedək.
Kişi deyir:
– Yox, mən qanunu poza bilmərəm.
Səhər tezdən gözətcilər, türmə işçiləri gəlillər, qapını acıb görüllər ki, türmənin bir divarı yoxdu. Soruşullar ki:
– A kişi, bəs nə baş verib?
Deer:
– A bala, gəldilər çapdılar divarı, onu apardılar. Sən demə, bu kişi heç bilmirmiş ki, söhbət Stalinnən gedir.
Deellər:
– Bəs sən niyə burdasan?
Deer:
– Bala divarın 4-nü də uçurtsaydılar, mən elə burda da qalasıydim, mən qanun adamıyam.