Fəlsəfə problemləri
Bir var insanın meditasiya sayəsində, yəni adi həyat situasiyasından, cismani münasibətlərdən ayrılması (trans vəziyyəti?) və kosmik əql dünyasına daxil olması, bir də var hansı isə güclü bir hissin təsiri altında, duyğuların qanadında bu dünyadan ayrılması!
Lakin istər hissin, istərsə də fikrin oyanması (!) xarici təsirlər sayəsində mümkündür. Əlbəttə, nəyi isə sadəcə xatırlamaq da olar. Lakin məhz nəyi? Niyə hansı isə anda biz məhz hansı isə şeyi xatırlayırıq? Burada yenə də səbəb xarici təsir deyilmi? Sadəcə olaraq aşkar təsirlə və qeyri-aşkar təsirlər vardır. Özünü büruzə verən, «gözə girən», «qulağıdeşən» təsirlərlə yanaşı, insanın özünün də bilavasitə aşkar şəkildə duya bilmədiyi təsirlər vardır.
(Freyd ancaq şüurun aşkar və qeyri-aşkar hallarından danışır. Amma xarici təsirlərin də aşkar və qeyri-aşkar formaları vardır).
***
Bizim düşüncələrimiz üçün material, «qida» mənbəyi nədən ibarətdir? Marksizmə görə idrak obyektiv gerçəkliyin inikasıdır. Yəni insan öz biliklərini hissi təcrübədən alır. Həm də hissi təcrübəni önə çəkənlər tək marksistlər deyil. Filosofların böyük əksəriyyəti bu mövqedən çıxış edirlər. Lakin canlanma təlimi baxımından yanaşdıqda, hər bir insanın maddi aləmin hadisələri üzərində təcrübəsi və öz şəxsi müşahidələri və tədqiqatları əsasında biliklər alması çox müşkül bir işdir.
Əslində hər bir insan əvvəlki nəsillərin hissi təcrübələrinin nəticələrinə istinad edir və biliklərin çoxunu hazır şəkildə mənimsəyir.
Hissi idrak aktları fərdi xarakter daşısa da, bütövlükdə idrak prosesi daha çox dərəcədə ictimai xarakter daşıyır.
…
Hər bir insanın öz şəxsi hissi təcrübəsi ilə əldə etdiyi biliklər məişət səviyyəsində adi şüurun elementləri kimi mühüm əhəmiyyətə malikdir. Lakin bu biliklərin nəzəri şüur səviyyəsinə yüksəldilməsi peşəkar fəaliyyət tələb edir. Və min illərdən bər elm adamları və filosoflar məhz bu işlə məşğul olublar.
Həyata qədəm qoyan hər bir kəs yaşayış üçün zəruri olan biliklərin bir qismini öz şəxsi təcrübəsində qazanır, digər qismini isə valideynlərdən, ətrafdakı adamlardan öyrənir. Təhsil sistemi vasitəsilə isə artıq nəzəri şüur səviyyəsində sistemləşdirilmiş elmi biliklərin əsasları kimi formalaşmış mənbələr (dərsliklər, dərs vəsaitləri və s.) öyrədilir. Bu biliklər gələcək ixtisasından asılı olmadan hamıya lazım ola biləcək nəzəri biliklərdir. Lakin təhsil sisteminin yüksək pillələrində getdikcə ixtisaslaşma prosesi gedir və məhz müəyyən bir sahədəki mütəxəssislər üçün lazım ola biləcək biliklər öyrədilir. Və nəhayət, həmin ixtisas sahələrində elmi iş görmək, alim olmaq üçün tədqiqatlara qoşulmaq və məlum elmi-nəzəri biliklər zəminində yeni biliklərin alınması prosesinə qatılmaq lazım gəlir.
Peşəkar elmi fəaliyyət və fəlsəfi yaradıcılıq isə daha çox dərəcədə məhz elmi-nəzəri biliklər və fəlsəfə tarixi üzərində qurulur. Belə ki, bu zaman şəxsi hissi təcrübənin nisbi payı çox aşağı olur. Yeni ideyaların yaranmasına təsir edən səbəblər də çox vaxt əvvəlki elmi fəaliyyətlərin nəticələrini araşdırarkən ortaya çıxır. Yəni tədqiqatçı alimlər və filosoflar üçün fikir meydanı daha çox əvvəlki nəsillərin miras qoyduğu nəzəri mənbələrdir.
Bununla belə, yaradıcılıq əzmi yeni yanaşmalar və yeni ideyalar şəxsi həyat təcrübəsi ilə də sıx surətdə bağlıdır. Fenomenologiyada maddi aləmin predmetləri ilə əlaqə, fikrin bu və ya digər obyektə yönəldilməsi, intensionallıq idrakın əsas şərti hesab olunur. Lakin fikrin predmeti heç də maddi aləmdəki predmetlər olmaya da bilər və çox vaxt belə də olur. Yəni insanın düşüncələri ona artıq nəzəri səviyyədə bəlli olan biliklər üzərində qurulur ki, bu zaman şəxsi hissi təcrübəyə heç ehtiyac da qalmır.
Bəs onda biz hansı ideyaları canlandırmış oluruq? Axı passiv ideya ilə elmi yaradıcılıq mümkün deyil. Bizə belə gəlir ki, öncə yaşamış alimlərin nə vaxtsa hissi təcrübədən aldıqları biliklər nəzəri şəkildə ötürülürsə və biz həmin bilikləri yenidən canlandırırıqsa, onların hissi təcrübələri də bizimkinin üzərinə toplanmış olur. Lakin bu, bir yanaşmadır. Digər yanaşmaya görə isə, insan düşüncəsinin predmeti bütün hallarda ideyalardır.
Nə vaxtsa başqa bir alimin canlandırmış olduğu obraz nəzəri bilik səviyyəsinə çatdırılaraq və kitablara köçürülərək cansız halda (sanki konservləşdirilmiş və ya dondurulmuş halda) yenidən tədqiqat obyektinə çevrilir; bu isə o deməkdir ki, buzlar yenidən əriyir və ideya düşüncənin işığında, hənirtisində yenidən canlanır. Biz Nyutonun, Faradeyin yaşadıqlarını yenidən yaşamasaq, konservləşdirilmiş, qablaşdırılmış bilikləri canlandırmasaq nə isə yeni bir nəticə ala biləcəyimizə də ümid bəsləməməliyik.
Beləliklə, nəsillər arasında canlı körpü atılır və nə vaxtsa başlamış tədqiqat prosesi yeni nəsillər tərəfindən davam etdirilir. Söhbət min illər ərzində davam edən bütöv bir idrak prosesindən gedir. Yəni idrak fərdi miqyaslardan kənara çıxaraq geniş miqyaslı nisbi müstəqil proses kimi davam edir. Təbii ki, arada kəsilmələr və qırılmalar da vardır…
Lakin insan düşüncəsinin obyekti ya şəxsi hissi təcrübənin məhsulu olan hissi obraz, ya da əvvəlki nəsillərin tədqiqatlarının nəticəsi kimi qalmış biliklər deyil, həm də daha mürəkkəb yollarla ortaya çıxan, amma səbəbini bilmədiyimizdən bizə kəşf kimi görünən…
Dostları ilə paylaş: |