Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ilin birinci yarısında gördüyü işlər haqqında hesabat



Yüklə 353,1 Kb.
səhifə8/15
tarix04.01.2022
ölçüsü353,1 Kb.
#57675
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
ELM VƏ TƏHSİL
Hesabat dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 192 nömrəli Qərarı ilə yaradılmış Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Məktəbinin fəaliyyətə başlaması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.

“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2013/2014-cü və növbəti üç tədris ili üçün bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişinin müəyyənləşdirilməsi məqsədilə geniş təkliflər hazırlanmış və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmişdir.

2012-ci ilin I yarımili ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı”nın icrası ilə əlaqədar müəyyən işlər görülmüşdür.

2012-ci ilin 19 yanvar tarixində Bakı şəhər 37 nömrəli Uşaq Musiqi Məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. 21 yanvar tarixində Goranboy şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə yeni tikilmiş uşaq musiqi məktəbi binasının açılışı olmuşdur. Həmin məktəb binasında Naftalan şəhərində müvəqqəti məskunlaşmış Xocalı rayon 1 nömrəli Uşaq Musiqi Məktəbi yerləşdirilmişdir.

Hazırda Bakı şəhər C.Hacıyev adına 3 nömrəli, Şamaxı rayon Nəsimi adına, Ağdam rayon Xındırıstanski adına uşaq musiqi və incəsənət məktəbləri üçün yeni binanın tikintisi, Bakı şəhər S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət, 11 nömrəli uşaq musiqi, L. və M.Rostropoviçlər adına 21, Ə.Bədəlbəyli adına 23 və G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərində təmir işləri aparılır.

“2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı”na uyğun olaraq Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin bazasında xor məktəbinin yaradılması məqsədilə məktəbdə 2012/2013-cü tədris ilindən xor şöbəsinin açılması haqqında, habelə Bakı şəhər R.Babayev adına 25 nömrəli Uşaq Musiqi Məktəbinin gələcəkdə nəfəsli və simli alətlər təmayüllü musiqi məktəbinə çevrilməsi məqsədilə məktəbdə nəfəsli və simli alətlər üzrə xüsusi siniflərin açılması və 2012-ci il 1 sentyabr tarixindən məktəbin 11 illik təhsil sisteminə keçirilməsi barədə müvafiq əmrlər imzalanmışdır.

2012-ci ilin yanvar-mart aylarında Mədəniyyət və Turizm Nazirliyi sistemində olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin pedaqoji kadrlara olan tələbatı barədə yerlərdən məlumatlar toplanılmış və 2011/2012-ci tədris ilində müvafiq ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirən məzunların təyinat bölgüsü zamanı nəzərə alınmaq məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilmişdir.

2012/2013-cü tədris ilinə respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə şagird qəbulu planları hazırlanaraq yerlərə göndərilmişdir.

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris prosesi zamanı istifadə olunan normativ sənədlərin vahid yeni formaları tərtib edilmişdir. Hesabat dövründə respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün musiqi alətləri alınmışdır.

2012-ci ilin I yarımili ərzində Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 19 kateqoriya üzrə 634 nəfər mədəniyyət işçisi ixtisasartırma kurslarına cəlb olunmuşlar. Mərkəzdə tədris olunan yeni ixtisaslar üzrə tədris proqramları hazırlanmışdır.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən uşaq musiqi və incəsənət məktəbləri üçün “Fortepiano (7 illik təhsil üzrə)”, “Fortepiano ansamblı”, “Fortepiano müşayiəti”, “Nağara (5 illik təhsil üzrə)”, “Gitara (5 illik təhsil üzrə)”, “Uşaq incəsənət məktəblərində klassik, tarixi məişət və müasir bal rəqsi fənləri”, “Uşaq incəsənət məktəblərində xalq səhnə rəqsləri - oğlanlar və qızlar üçün (5-7 illik təhsil üzrə) tədris proqramları hazırlanmışdır.

Mərkəzin mətbu orqanı olan “Müasir mədəniyyətşünaslıq” elmi-publisistik jurnalında elmi məqalələr dərc olunmuşdur.

2012-ci il 28 fevral tarixində Sumqayıt şəhərində uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün “Uşaq musiqi və incəsənət məktəblərində musiqi fənlərinin tədrisi metodikasının təkmilləşdirilməsi” mövzusunda seminar-treninqlər keçirilmiş, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundovanın ustad sinifləri təşkil edilmişdir.

2012-ci il 13 mart tarixində Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbində “Müasir Azərbaycan fortepiano ifaçılığı sənəti” mövzusunda elmi-metodiki seminar keçirilmişdir. Seminarda 160 nəfərdən çox müəllim iştirak etmiş, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Seyidovun ustad sinifləri təşkil edilmişdir.

Uşaq incəsənət məktəblərinin rəssamlıq şöbələrində təhsil alan şagirdlərin peşə səviyyəsinin yüksəldilməsi, tədrisin keyfiyyətinin artırılması məqsədilə cari ilin fevral-may aylarında Azərbaycan Milli İncəsənət, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeylərində xüsusi qrafik üzrə səyyar dərslərin keçirilməsi işi təşkil edilmişdir.

2012-ci il 19 mart tarixində dövlət səviyyəsində qeyd edilmiş Novruz şənliklərində Bakı Xoreoqrafiya Məktəbinin, Bakı şəhər uşaq incəsənət məktəblərinin rəqs kollektivləri, 28 nömrəli Uşaq Musiqi Məktəbinin nağaraçılar ansamblı iştirak etmişlər.

Respublikada xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədrisinin səviyyəsinin yüksəldilməsi, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə 2012-ci ilin aprel ayında zonalar üzrə Bakı, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində və Ağcabədi rayonunda Uşaq xor kollektivlərinin III respublika baxışı keçirilmişdir.

2012-ci il 18 aprel tarixində Bakı şəhər R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin 80 illik, 30 may tarixində Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin 30 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmiş, məktəblər Fəxri Fərmanla təltif edilmiş, qabaqcıl işçilərə pul mükafatları verilmişdir.

Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2012-ci il 26-28 aprel tarixlərində rayonun Nic qəsəbəsində keçirilmiş “Udilər dünən, bu gün və sabah” adlı Beynəlxalq elmi-praktiki konfransda Nazirliyin nümayəndəsi iştirak etmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi Məktəbinin şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov 2012-ci il 20 aprel tarixində Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin salonunda “Azərbaycan deyəndə” adlı solo konsert proqramı ilə çıxış etmiş, 3 may tarixində Şamaxı rayon Mədəniyyət evində Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin kollektivi maraqlı konsert proqramı təqdim etmişdir.

2012-ci il 7 may tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş, beynəlxalq müsabiqə qalibləri olan gənc istedadların konserti keçirilmişdir. Konsertdə Belçika, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Suriyada keçirilmiş beynəlxalq müsabiqə laureatları olan uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri çıxış etmişlər.

2012-ci ilin may ayında Moskva Dövlət Xoreoqrafiya Akademiyasının prorektoru, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, professor Lyudmila Kolençenko, İtaliyadan kontrabas ifaçısı və musiqi alətləri ustası Vladimir Ovçinnikov Bakı şəhərinə dəvət olunmuş və onların ustad sinifləri təşkil edilmişdir.

Uşaq musiqi və incəsənət məktəblərinin buraxılış siniflərində nəzəriyyə fənlərinin test üsulu ilə keçirilməsi ilə əlaqədar cari ilin may ayında zonalar üzrə Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir rayon uşaq musiqi və incəsənət məktəblərinin, Göyçay şəhərində Göyçay, Ağsu, Ağdaş, Ucar, Kürdəmir rayon uşaq musiqi və incəsənət məktəblərinin, Bərdə şəhərində Bərdə, Yevlax, Samux, Goranboy rayon uşaq musiqi və incəsənət məktəblərinin, Bakı və Sumqayıt şəhərlərində burada fəaliyyət göstərən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Xocalı, Laçın, Şuşa, Qubadlı rayon məktəblərinin müəllimlərinə metodiki köməklik məqsədilə seminar-treninqlər keçirilmişdir.

2012-ci il 14-26 may tarixində Bakı Xoreoqrafiya Məktəbinin III kurs tələbələrinin Bakı və Sumqayıt şəhər, Abşeron rayon uşaq incəsənət məktəblərində, habelə Bakı şəhərində fəaliyyət göstərən Füzuli rayon 2 nömrəli Uşaq İncəsənət Məktəbində təcrübə keçmələri təşkil edilmişdir.

2012-ci il 21-27 may tarixinin YUNESKO tərəfindən Beynəlxalq Bədii Təhsil Həftəsi kimi qeyd olunması ilə əlaqədar bu günlərdə Bakı Xoreoqrafiya Məktəbində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində konsert və sərgilər keçirilmiş, dəyirmi masalar təşkil edilmişdir.

Bakı Xoreoqrafiya Məktəbində təhsil almaq üçün respublikanın şəhər və rayonlarından istedadlı uşaqların seçilməsi məqsədilə cari ilin 1-4 iyun tarixində məktəbin müəllimləri Gəncə, Mingəçevir, Şəki şəhərlərinə ezam olunmuşlar.

Respublikamızın muzeylərində saxlanılan Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələrinin dağıdılmasının qarşısının alınması, onların konservasiyası üçün zəruri tədbirlərin görülməsi və mövcud istiqamətdə lazımi maarifləndirmə işlərinin aparılması məqsədilə 2012-ci il 4-7 iyun tarixində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi tərəfindən Qazax rayonunda açıq sərgi-seminar təşkil olunmuşdur.

Mədəniyyət müəssisələrində çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə cari ilin 5 iyun tarixindən etibarən 2 ay ərzində Saatlı, Biləsuvar rayonlarında, habelə Gəncə və Şəki şəhərlərində Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən səyyar yay kursları təşkil ediləcəkdir.

Ölkə xaricində fəaliyyət göstərən muzeylərdə saxlanılan Azərbaycan maddi-mədəni irs nümunələrinin qorunub saxlanılması üçün lazımi tədbirlərin görülməsi və bu sahədə müvafiq araşdırma işlərinin aparılması məqsədilə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşları 2012-ci il 11-14 iyun tarixində Gürcüstan Respublikasının Tbilisi şəhərində olmuşlar.

Respublikamızda həyata keçirilən mədəniyyət siyasətinin qarşısında duran vəzifələrin yerinə yetirilməsində elmin iştirakının təmin edilməsi, xarici ölkələrdə fəaliyyət göstərən müvafiq elmi qurumlar ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılması, kulturologiya elminin populyarlaşdırılması, habelə mədəniyyət sahəsinin dövlətin və cəmiyyətin inkişafında əhəmiyyətinin artırılmasına xidmət edən elmi tədqiqatların dəstəklənməsi məqsədilə cari ilin 12-13 iyun tarixində Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçirilmişdir. “Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu” mövzulu Forumda yerli mütəxəssislərlə yanaşı 10 xarici ölkədən, o cümlədən Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, Ukrayna Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistandan nümayəndələr iştirak etmişlər.

Respublikada fortepiano ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədilə 2012-ci ilin may-iyun aylarında Gənc pianoçuların II respublika müsabiqəsi keçirilmişdir. 9-17 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə keçirilən müsabiqədə respublikanın bütün bölgələrinin uşaq musiqi və incəsənət məktəblərindən 400-ə yaxın şagird iştirak etmişdir. Müsabiqənin I turu 2012-ci il 30 may - 13 iyun tarixində zonalar üzrə Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərlərində və Salyan rayonunda, II turu isə 2012-ci il 14 və 16 iyun tarixində Bakı şəhərində keçirilmişdir. Münsiflər heyətinin qərarına əsasən 16 gənc ifaçı müsabiqənin laureatı adına, müxtəlif dərəcəli diplomlara və pul mükafatına layiq görülmüşdür. Müsabiqədə uğurla çıxış edən şagirdlərə həvəsləndirici mükafat, diplom, fəxri fərman və tərifnamələr verilmişdir. Şagirdləri müsabiqənin laureatı olmuş müəllimlər Fəxri Fərmanla təltif olunmuşlar. Müsabiqə qaliblərinin yekun konserti 2012-ci il 19 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilmişdir.

Hesabat dövrü ərzində xarici ölkələrdə keçirilən tədbirlərdə də nümayəndələrimiz uğurla iştirak etmişlər.

2012-ci il 21-29 yanvar tarixində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının dəstəyi ilə Türkiyənin Konya, Nigde və Kayseri şəhərlərində Türkiyə Uşaq Simfonik Orkestrinin konsertləri təşkil edilmişdir. Orkestrin tərkibində çıxış etmək üçün TÜRKSOY təşkilatına üzv ölkələrdən istedadlı uşaqlar dəvət olunmuşlar. Sözügedən beynəlxalq layihədə Bakı şəhər Q.Qarayev adına 8, L. və M.Rostropoviçlər adına 21 və 24 nömrəli onbirillik musiqi məktəblərinin şagirdləri iştirak etmişlər.

2012-ci ilin 19-25 fevral tarixində Serbiya Respublikasının Belqrad şəhərində keçirilmiş IX Beynəlxalq Musiqi Müsabiqəsində Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə şagirdi Atabala Manafzadə öz yaş qrupunda və yuxarı yaş qrupunda iştirak etmişdir. Doqquz ölkədən (Azərbaycan, Rusiya, Avstriya, İspaniya, Slovakiya, Xorvatiya, Makedoniya, Bolqarıstan) 160 nəfər iştirakçının qatıldığı, 5 yaş qrupu üzrə keçirilən müsabiqədə Atabala Manafzadə hər iki kateqoriya üzrə ayrı-ayrılıqda baş mükafatlara – birinci dərəcəli diplomlara və müsabiqənin laureatı adına layiq görülmüşdür.

Milli mədəniyyətimizin dünyada tanıdılması və ölkəmizin lazımi beynəlxalq imicinin formalaşdırılması kimi strateji vəzifələrin icrası məqsədilə 2012-ci il 21-22 fevral tarixində Macarıstanın Budapeşt şəhərində “Azərbaycan mədəniyyətinin elmi təqdimatı” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə Nazirliyin, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun və Azərbaycan Milli Konservatoriyasının əməkdaşları iştirak etmişlər.

“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi haqqında Əməkdaşlıq Protokolu”na əsasən 2012-ci il 27 fevral – 2 mart tarixində Ankara şəhərində Azərbaycan Respublikasının müxtəlif dövlət qurumlarının nümayəndələri üçün təşkil olunmuş xüsusi təlimlərdə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov iştirak etmişdir.

Cari ilin 02-05 mart tarixində Belçikanın Namür şəhərində keçirilmiş “Bravo” Beynəlxalq Gənc Skripkaçılar Müsabiqəsində Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi, Prezident təqaüdçüsü Nərgiz Hüseynova, 11-18 mart tarixində Çexiya Respublikasının Plzen şəhərində B.Smetana adına XXX Beynəlxalq Pianoçular Müsabiqəsində Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Günay Ağalarova,18-23 mart tarixində Rusiya Federasiyasının Moskva şəhərində “Biz opera oxuyuruq” adlı V Beynəlxalq Sergey Leyferkus uşaq vokal müsabiqəsində Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Məhərrəm Hüseynli, 21-25 mart tarixində Estoniyanın Tallin və Kohtla-Yarve şəhərlərində keçirilmiş Uşaq və gənclər arasında

VII Beynəlxalq Akademik Vokal Müsabiqəsində Bakı şəhər F.Əmirov adına 6 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Eldar Tahirov, Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Mərziyyə Hüseynova və Dövlət Uşaq Filarmoniyasının solisti İbrahim Nəsrullayev, 09 aprel – 1 may tarixində TÜRKSOY Beynəlxalq Simfonik Orkestrinin tərkibində Türkiyədə və ABŞ-da təşkil edilmiş konsertlərdə Bakı Musiqi Akademiyasının tələbələri Narın Musayeva, Elvin Nəcəfov və Mustafa Mehmandarov, 18-19 aprel tarixində Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş “Detskaya Novaya Volna 2012” adlı Gənc Populyar Musiqi İfaçılarının Birinci Beynəlxalq Müsabiqəsinin yarımfinal yarışında Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi, Prezident təqaüdçüsü Yasin Həsənov, 20-24 aprel tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində keçirilmiş “Yer-bizim ümumi evimizdir” (Земля-наш общий дом”) adlı XIV Beynəlxalq Uşaq Musiqi Yaradıcılığı Festivalında Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” uşaq rəqs kollektivi, aprel-may aylarında bir sıra beynəlxalq tədbirlərdə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Nəriman Əmiraslanov, Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi, Prezident təqaüdçüsü Atabala Manafzadə, 1-8 iyun tarixində Samara vilayətinin Samara, Tolyatti və Novokuybışevsk şəhərlərində Xalq Artisti Yuri Başmetin himayəsi altında keçirilmiş MDB ölkələri İkinci Uşaq Musiqi Akademiyasında Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi, Prezident təqaüdçüsü Nərgiz Hüseynova, Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Ağarəhim Quliyev və Bakı şəhər R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Jalə Mailova uğurla iştirak etmiş, müxtəlif diplom və mükafatlara layiq görülmüşlər.

İstedadlı gənclərin xarici ölkələrin tədris müəssisələrində təhsil almaları, təcrübə keçmələri və ustad siniflərində iştirak etmələri məsələlərinə xüsusi diqqət yetirilir. Nazirliyin maliyyə dəstəyi ilə gənc rəqqas Nihad İsayev İtaliyanın DanceHaus Rəqs Akademiyasında, gənc skripkaçı, Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev İsveçrənin Sürix İncəsənət Universitetində, gənc vokalçı, Prezident təqaüdçüsü Vaqif Nağıyev P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası nəzdində Akademik Musiqi Kollecində, gənc vokalçı, “Üns” yaradıcılıq səhnəsinin solisti İlham Nəzərov İtaliyanın Ozimo D'Arte Lirica Akademiyasında, gənc dirijor Fuad İbrahimov Almaniyanın Köln Ali Musiqi Məktəbində təhsillərini davam etdirirlər.


TURİZM
2012-ci ilin birinci yarısında ölkədə turizmin inkişaf etdirilməsi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi tərəfindən 2012-ci ilin birinci yarımilliyi ərzində təsdiq olunmuş iş planı əsasında turizmin inkişafı istiqamətində ardıcıl işlər görülmüşdür.

Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiya və İqtisadi inkişaf naminə - GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) s. beynəlxalq təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi, turizm sahəsində mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli və mühüm fəaliyyətini davam etdirmişdir.

2012-ci ilin 15-22 yanvar tarixlərində İspaniyanın Madrid şəhərində keçirilmiş «FITUR» beynəlxalq turizm sərgisində və “VI Exceltur Tourism Leadership Forum”unda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir. Səfər çərçivəsində Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və İspaniya ilə Azərbaycan Respublikası arasında turizm sahəsində əməkdaşlığın müzakirə olunması və turizm sahəsi üzrə gələcək əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə bir sıra görüşlər keçirilmişdir.

2012-ci ilin 06-22 fevral tarixlərində Yaponiyanın Sapporo şəhərində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən keçirilən 2011-ci maliyyə ili üzrə “Gənc liderlər üçün təlim proqramı” çərçivəsində “Regionlarda turizmin təşviqi” adlı təlim kursunda Nazirlik təmsil olunmuşdur. Tədbirdə Nazirliyin əməkdaşı ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Duzdağ” mehmanxanasının nümayəndəsi iştirak etmişdir. Təlim kursunun həyata keçirilməsinin əsas məqsədi regionlarda turizmin təşviqi, daxili turizmin inkişafı üçün mövcud imkanlardan maksimum istifadə və bu sahədə Yaponiya təcrübəsinin öyrənilməsindən ibarət olmuşdur.

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın cari ilin 21-22 fevral tarixlərində Vyana şəhərində keçirilmiş 7-ci iclasında Nazirliyin nümayəndəsi iştirak etmiş və Azərbaycanın turizm imkanlarına dair məruzə ilə çıxış etmişdir.

2012-ci ilin 23-24 fevral tarixlərində Serbiyanın Belqrad şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm üzrə İşçi Qrupunun növbəti iclası olunmuşdur. İclas zamanı QDİƏT-yə üzv dövlətlərdə viza prosesinin asanlaşdırılması, dövlətlərin turizm sahəsində çalışan əməkdaşları, turizm şirkətləri və təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, davamlı turizmin inkişaf perspektivləri, balneologiya, dəniz, sağlamlıq, spa, yaradıcı və sair kimi turizm növlərinin Qara Dəniz regionunda inkişafı, ətraf mühitin regionda qorunması, müvafiq seminarların və treninqlərin təşkili, statistik məlumatların mübadiləsi, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq, turizm xidmət səviyyəsinin yüksəldilməsi, marketinq-təbliğat işlərinin gücləndirilməsi, QDİƏT regionunun vahid brendinin yaradılması, birgə turizm informasiya mərkəzinin yaradılması, üzv dövlətlərdə təşkil olunan turizm üzrə tədbirlərdə iştirak və digər məsələlər müzakirə olunmuşdur.

2012-ci ilin 1 mart tarixində Krım Muxtar Respublikasının Yalta (Ukrayna) şəhərində KMR-in Kurortlar və Turizm Nazirliyi tərəfindən keçirilən “Birinci Beynəlxalq Qara Dəniz Forumu”nda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Azərbaycanın turizm potensialı: Qara dəniz ölkələri arasında alternativ turizmin inkişafı” adlı məruzə ilə çıxış etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə KMR Kurortlar və Turizm Nazirliyi arasında əməkdaşlığın gücləndirilməsi, Azərbaycandan Krıma və əks istiqamətdə turist axınının çoxalması, ikitərəfli yeni layihələr, Qara dəniz ölkələri arasında alternativ turizmin inkişafı və digər məsələlər müzakirə edilmişdir.

2012-ci ilin 3 - 9 mart tarixində Almaniyanın Berlin şəhərində keçirilən “ITB” beynəlxalq turizm sərgisi zamanı BMÜTT-nin Katibliyində 2012-ci ilin aprel ayından Azərbaycan Respublikası ekspertinin fəaliyyətə başlamasına dair BMÜTT və Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi arasında Anlaşma Memorandumu imzalamışdır.

Azərbaycanın turizm imkanlarının xarici ölkələrdə təbliğ edilməsi məqsədilə Nazirlik tərəfindən 2012-ci ilin 11-18 mart tarixində İtaliyanın “Classis Association” şirkətinin, 13-31 mart tarixində “Italian Multimedia Group Sri” şirkətinin, 18-31 mart tarixlərində Cənubi Koreyanın “Educational Broadcasting System” dövlət televiziya kanalının, 16-30 mart tarixində Almaniyanın media nümayəndələrinin, 12-14 aprel

tarixində Rusiyanın “Коммерсант ФМ” radiosunun və 5-7 may tarixində “Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsi çərçivəsində Yaponiyanın kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə press-turları təşkil edilmişdir.

Cari ilin 25-30 mart tarixində London şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının növbəti illik iclasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

13 aprel tarixində Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında Turizm sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.

13 aprel tarixində İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm adlı beynəlxalq konfransa Azərbaycan Respublikasının ev sahibliyi barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (BMÜTT) arasında Saziş imzalanmışdır.

19-20 aprel tarixində Ukraynanın Kiyev şəhərində keçirilmiş GUAM-ın turizm üzrə işçi qrupunun növbəti iclasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

9-10 may tarixində Gürcüstanın Batumi şəhərində keçirilmiş BMÜTT-nin Avropa Regional Komissiyasının 54-cü iclası və “Dünyada turizm məkanlarının brendləşdirilməsi” adlı seminarda Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

7-8 iyun tarixində Belarusun Minsk şəhərində keçirilmiş MDB-yə üzv dövlətlərinin Turizm Şurasının iclasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

11-13 iyun tarixlərində İspaniya Krallığının Madrid şəhərində keçirilmiş BMÜTT-nin İcraiyyə Şurasının 93-cü sessiyasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

22 fevral tarixində “Turizm ili”nin yekunlarına həsr olunmuş geniş miqyaslı Kollegiya iclası keçirilmişdir. İclasda Kollegiya üzvləri, Milli Məclisin, Nazirlər Kabinetinin, turizm şirkətlərinin və mehmanxanaların nümayəndələri iştirak etmişlər.

Mədəni turizm marşrutlarının sertifikatlaşdırılması ilə əlaqədar ilkin işlər görülmüşdür. Avropa Mədəni Turist Marşrutları İnstitutu tərəfindən müəyyənləşdirilmiş meyarlara əsasən Aleksandr Düma mədəni turist marşrutunun sertifikatlaşdırılması işinə başlanılmışdır. Həmçinin, “Aleksandr Düma Qafqazda” Mədəni Turizm Marşrutu üzrə tədbirlər planının ilkin variantı hazırlanmışdır.

Cari ilin 17 fevral tarixində turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Milli İncəsənət Muzeyinə infotur təşkil olunmuşdur.

Azərbaycanın Milli Turizm İnkişaf Planını hazırlamaq məqsədilə 28 fevral – 3 mart tarixində Avstriyanın “Kohl Partner” şirkətinin 2 əməkdaşının ölkəmizin turizm potensiallı rayonlarına (Masallı – Lənkəran – Lerik, Şamaxı – İsmayıllı – Qəbələ – Oğuz – Şəki – Qax və Gəncə – Göygöl – Şəmkir marşrutları üzrə) səfəri təşkil təşkil edilmişdir.

“Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar cari ilin 01-10 mart tarixində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA Bakı Proqram Koordinatorluğu ilə birgə mehmanxana idarəçiliyi, qeyd-qəbul, masa xidməti və xadiməçilik mövzularında 30 mehmanxananın 120 nəfər əməkdaşı üçün təlim-tədris kursları təşkil olunmuşdur.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrasına uyğun olaraq mədəni turizm obyektlərinin reyestri hazırlanaraq təsdiq edilmişdir.

12 aprel tarixində Azərbaycan Respublikası Avropa Mədəni Turizm Marşrutları üzrə Hissəvi Sazişin rəyasət heyətinə üzv seçilmişdir.

“Misterioso Azerbaigian” (Sehrli Azərbaycan) layihəsi çərçivəsində italiyalı turistlərin ölkəmizə cəlb edilməsini təmin etmək məqsədilə cari ilin 25-29 aprel tarixində İtaliyanın “Classis” şirkətinin dörd nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

“Azərbaycan Respublikasında 2010 - 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində “Azərbaycanda palçıq vulkanları" turizm növü üzrə turların təşkili məqsədilə 2012-ci ilin 04 may tarixində Nazirliyin nümayəndəsinin, AMEA-nın Geologiya İnstitutunun əməkdaşlarının, turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Lökbatan, Daşgil və Qoturdağ ərazisində “Palçıq vulkanı” ekoturizm marşrutu keçirilmişdir. İnfotur layihəsi çərçivəsində “Palçıq vulkanları” üzrə iki müxtəlif marşrutun texniki pasportu hazırlanmışdır.

May ayının 6-dan 8-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəki rayonu ərazisindəki atüstü turizm marşrutu üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü turist yürüşü keçirilmişdir.

Mayın 12-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş və Çexiya Respublikasının Standartlar Üzrə Agentliyi tərəfindən keçirilmiş “Avropa standartlarının Azərbaycan məkanında tətbiqi” mövzusunda seminarda Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdur.

Avstriyanın ORF, Britaniyanın BBC və Qətərin Əl-cəzirə televiziya kanalları üçün müsahibə materialları hazırlanmışdır.

“Eurovision-2012” mahnı yarışması ilə əlaqədar ölkəmizə gələn turistlər üçün müxtəlif çeşidli ekskursiya proqramlarının təmin edilməsi ilə bağlı Bakı Şəhəri üzrə 3 şəhər turu proqramı və region üzrə 1 ekskursiya proqramı hazırlanmışdır. Bununla yanaşı, xarici qonaqların asudə vaxtlarının səmərəli keçirmələri və Bakı şəhəri ilə əyani tanış olmaları üçün may ayının 15-dən “Şəhər Turu” (City Tour) layihəsinə start verilmişdir.

Muzeylərin fəaliyyətinin yaxşılaşdırılması və xarici dil bilən muzey bələdçilərinin və mehmanxanalarda xarici dil bilikləri olan işçilərin sayının optimallaşdırılması üçün xüsusi təlim kurslarının təşkili ilə bağlı muzey və mehmanxana sistemində çalışan 78 nəfər üçün ingilis dili üzrə iki ay müddətində tədris kursları təşkil edilmişdir.

Ölkəyə giriş məntəqələrində – Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Bakı Dəmiryolu Vağzalında və Dəniz limanında sərnişinlərin çıxış nöqtəsində turizm informasiya mərkəzləri yaradılmışdır.

Müxtəlif xarici dillərdə Bakının xəritəsini (tədbir keçirilən yerlər xüsusi göstərilməklə) əks etdirən bukletlər hazırlanmış, bütün mehmanxanalarda və tədbirin keçirildiyi məkanda paylanmışdır.

Bununla yanaşı, ölkəmizin turizm potensialının təbliği və təşviqi baxımından Azərbaycan Sənaye Bankı tərəfindən “Eurovision”a gəlmiş qonaqlar üçün ilkin ödəmə məqsədilə “Baku Card” layihəsi həyata keçirilmişdir.

Cari ilin 23 may tarixində Masallı rayonunda turizm xidməti və xalq sənəti nümunələri istehsal edən obyektlərin iştirakı ilə təşkil olunan turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi iştirak etmişdir.

Azərbaycanın beynəlxalq mədəni turizm marşrutlarına cəlb olunması məqsədilə “Millennium Turizm, Konqres DMC” MMC ilə Malayziyada fəaliyyət göstərən “4x4 Worldexplorer” şirkəti arasında imzalanmış, uzunluğu 21000 km–dən çox olan, istiqaməti Malayziyadan başlayaraq Tailand, Laos, Çin, Qazaxıstan, Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Suriya və İordaniya dövlətlərindən keçən avto turizm marşrutu çərçivəsində yürüş iştirakçılarının 29 may - 01 iyun 2012-ci il tarixlərində Azərbaycandan keçmələri təmin olunmuşdur.

“İbtidai insanların qayaüstü rəsmləri” beynəlxalq turizm marşrutu üzrə ilkin materiallar hazırlanmış və iyun ayının 22-də Lüksemburqda keçirilmiş Avropa Mədəni Turizm Marşrutları üzrə Hissəvi Sazişin Bürosunun iclasında təqdim olunmuşdur.

Yay turizm mövsümünün başlanmasını nəzərə alaraq, turizm potensiallı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanılması, cari mövsümdə turistlərə göstəriləcək xidmətin qiymətlərinin araşdırılması və mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış yerləşdirmə obyektlərinin fəaliyyətinin öyrənilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri daxil olmaqla xüsusi komissiya yaradılmış və komissiya üzvləri qərb regionu (Gədəbəy, Gəncə, Naftalan və Mingəçevir) üzrə cari ilin 11-15 iyun, şimal-qərb regionu (Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala və Balakən) üzrə 18-25 iyun və şimal regionu (Xaçmaz, Qusar və Quba) üzrə 27-30 iyun tarixində bölgələrdə monitorinq keçirmişlər.

Yeni turizm mövsümünün başlaması ilə bağlı Azərbaycanda akkreditə olunmuş səfirlərin, mehmanxanaların, turizm şirkətləri və KİV nümayəndələrinin iştirakı ilə iyunun 13-də Azərbaycanda yay turizm mövsümünün açılışı məqsədilə “Jumeirah Bilgah” otelində tədbir keçirilmişdir.

Turizm məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə “Hotelstars Union” təşkilatı ilə danışıqlar aparılmış və onların standart və kriteriyalarının Azərbaycan mehmanxanalarında tətbiqinə razılıq əldə olunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyinin əldə etdiyi təcrübəyə, turizm sahəsindəki beynəlxalq təşkilatların tövsiyələrinə və müvafiq dövlət qurumlarının təkliflərinə əsasən hazırlanmış “Turizm haqqında” yeni Qanun layihəsi 06 fevral tarixindən 30 gün müddətində ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur. Göndərilmiş rəy və təkliflər təhlil edilmiş, yeni Qanun ingilis dilinə tərcümə olunaraq təhlil üçün Ümumdünya Turizm Təşkilatına təqdim edilmişdir.

Rusiya Federasiyasından Azərbaycana turistlərin cəlb olunması məqsədilə “Kulinariya turu” adlı həftəsonu və bir həftəlik proqram hazırlanmışdır.

“Qırxotaq Əfsanələri” adlı mədəni turizm marşrutu layihəsinin ilkin variantı hazırlanmış, təqdim olunan bu layihə əsasında Lahıc və Basqal Tarix-mədəniyyət Qoruqlarının arasındakı ərazidə “Qırxotaq Əfsanələri” və “Fit dağ Əfsanələri” adlı mədəni və ekoturizm marşrutlarının yaradılması və pasportlaşdırılmasına razılıq əldə olunmuşdur.

“Kutvan konsaltinq” şirkəti tərəfindən Xaçmaz rayonunun turizm potensialının öyrənilməsi və turizmin inkişaf planının hazırlanmasına dair daxil olmuş layihə təklifləri təhlil olunmuş və icrası üçün müvafiq müqavilə sənədləri tərtib edilmişdir.

Rusiya Federasiyasında 2013-cü ildə keçirilməsi nəzərdə tutulan “Azerbaijan Tourism Roadshow” layihəsi üzrə təhlil aparılmış və ilkin təkliflər hazırlanmışdır.

“Mehmanxanalar və digər yerləşdirmə obyektlərinin təsnifatı” standartının ilkin variantı və atçılıq turizminin inkişafı konsepsiyası və marketinq planı üzrə təkliflər hazırlanmışdır.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu və Almaniyanın Texniki Əməkdaşlıq təşkilatının dəstəyi ilə Turist Bələdçiləri Assosiasiyasının Dünya Federasiyası (TBADF) tərəfindən Azərbaycan Respublikasında fəaliyyət göstərən turist bələdçilərinə treninq kursları keçirilmişdir. Keçirilmiş treninq kurslarında 11 nəfər turist bələdçisi iştirak etmiş və kursun sonunda müvafiq sertifikatlarla təltif olunmuşlar. Cari ilin sentyabr ayında ikinci treninq kurslarının keçirilməsi nəzərdə tutulur.

Cari ilin 12-15 yanvar tarixində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien Messe 2012”, 14-22 yanvar tarixində Ştuttqart şəhərində keçirilən “CMT 2012”, 18-22 yanvar tarixində Madrid şəhərində keçirilən “FİTUR”, 27-29 yanvar tarixində ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Los Angeles Times Travel Show 2012”, 09 – 12 fevral tarixində Türkiyənin İstanbul şəhərində keçirilmiş “EMİTT 2012”,16-19 fevral tarixində İtaliyanın Milan şəhərində keçirilmiş “BİT 2012”, 02 – 04 mart tarixində Litvanın Vilnüs şəhərində keçirilən “VİVATTUR 2012”, 07 – 11 mart tarixində Almaniyanın Berlin şəhərində keçirilən “İTB-2012, 17 – 20 mart tarixində Moskva şəhərində keçirilmiş “İntourmarket 2012”, 21 – 24 mart tarixində Moskva şəhərində keçirilən “MİTT 2012”, 06 – 08 aprel tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilən “Caucasus Tourism Fair 2012”, 20-22 aprel tarixində Varşavada keçirilən “LATO Fair 2012”, 30 aprel – 03 may tarixində BƏƏ-nin Dubay şəhərində keçirilən “ATM 2012”, 07 – 10 iyun tarixində Koreyanın Seul şəhərində keçirilən “KOTFA”, 14 – 17 iyun tarixində Çinin Honq-Konq şəhərində keçirilən “İTE and MİCE” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri iştirak etmişdir.

Eyni zamanda 12-14 aprel tarixində Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə “AITF-2012” beynəlxalq turizm və səyahətlər sərgisi keçirilmişdir. Sərgiyə, həmçinin Ümumdünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilmişdir. Sərginin tərəfdaşları qismində “AZAL” şirkəti (rəsmi hava daşıyıcısı), “Hilton Baku” , “Qafqaz Point” otelləri (rəsmi mehmanxanalar) və “Greenwich Travel Club” şirkəti (rəsmi tur-operator) çıxış etmişlər.

Bütövlükdə 62 turizm istiqamətini təqdim edən “AITF-2012” sərgisində dünyanın 32 ölkəsindən 201 şirkət və təşkilat iştirak etmişdir.

Azərbaycanın turizm potensialının təbliğinin İran Körfəzi ölkələrində həyata keçirilməsi məqsədilə aprelin 28-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə “Atlantis Holidays” şirkəti arasında müqavilə imzalanmışdır. “Atlantis Holidays” şirkəti tərəfindən Azərbaycanın turizm potensialının İran Körfəzi ölkələrində təbliğ edilməsi məqsədilə ərəb-ingilis dillərində “Azerbaijan” adlı jurnal nəşr olunmuşdur.

Hesabat dövrü ərzində ingilis, rus, ərəb, çin və alman dillərində müxtəlif növ reklam-çap məhsulları hazırlanmış və iştirak olunan sərgilərdə paylanılmışdır.

Cari ildə Azərbaycanın turizm potensialını əks etdirən 45 və 60 saniyəlik reklam çarxlarının “CNN”, “Euronews” və “Travel Channel” telekanallarında nümayiş olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə adları qeyd olunan telekanallar arasında müqavilə yenilənmişdir.

“Eurosport” kanalı ilə Nazirlik arasında ölkəmizin mədəniyyət və turizm potensialının təbliği ilə bağlı müqavilə imzalanmışdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Belçikanın “Unicap Television” şirkəti arasında bağlanmış müqaviləyə əsasən həmin şirkət Azərbaycanın turizm potensialına dair 13 dəqiqəlik film çəkmişdir. Filmin iyul ayından etibarən Fransanın “TV5 MONDE” telekanalında yayımlanması nəzərdə tutulmuşdur.

Türkiyə Səfirliyinin müvafiq məktubuna əsasən, Türkiyənin “Kanaltürk” telekanalının “Dünyayı Geziyorum” proqramında Azərbaycana dair filmin yerləşdirilməsi məqsədilə 18-25 mart tarixlərində qeyd olunan telekanalın əməkdaşları Azərbaycana səfər etmişlər. Film aprel ayının 15-dən etibarən “Kanaltürk” telekanalında yayımlanmışdır.

Rusiyanın “Pervıy” televiziya kanalının “Neputyovie zametki” verilişində ölkəmizin turizm potensialı haqqında materialın efirdə yayımlanması məqsədilə 22-30 aprel 2012-ci il tarixində telekanalın əməkdaşları Azərbaycanda səfərdə olmuşlar. Çəkilmiş materiallar iyun ayında həmin kanalda yayımlanmışdır.

“BMİ Voyager”, “Business Year” jurnallarında və “MİTT” sərgisinin rəsmi kataloqunda Azərbaycanın turizm potensialına dair reklam səhifələri yerləşdirilmişdir.

Cari ilin 31 may - 05 iyun tarixində Ukraynada və 06-10 iyun tarixində Qazaxıstanda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində ölkəmizin turizm potensialını əks etdirən müxtəlif növ reklam-çap məhsulları ziyarətçilərə təqdim edilmiş və Azərbaycanı əks etdirən plakatlar sərgilənmişdir.

2012-ci ilin yanvar-iyun ayları ərzində 27 hüquqi və fiziki şəxsin təqdim edilmiş sənədlərinə baxılmış və onlara turizm fəaliyyəti ilə məşğul olmaq üçün (lisenziya) verilmişdir. Hazırda respublikada 194 turizm şirkəti fəaliyyət göstərir.

Həmin müddət ərzində 24 hüquqi və fiziki şəxsin təqdim edilmiş sənədlərinə baxılmış və onlara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir. Hazırda respublika ərazisində 335 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.

Hesabat dövründə 5 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) Nazirlik tərəfindən ləğv edilmişdir.

Eyni zamanda turizm fəaliyyəti ilə bağlı 22 hüquqi və fiziki şəxsə verilmiş lisenziyalar Nazirlik tərəfindən ləğv edilmiş, onlardan yalnız 4-nün fəaliyyəti daha sonra bərpa edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2004-cü il tarixli, 56 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş «Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası»na əsasən, 2012-ci ilin yanvar-mart ayları ərzində ekspert qrupu tərəfindən 22 obyektə baxış keçirilmiş və Azərbaycan Respublikasında dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 70-ə çatmışdır.

Vahid lisenziya reyestrinin aparılması məqsədi ilə lisenziya almış şirkətlərin və mehmanxanaların siyahısı hazırlanaraq hər ay üzrə İqtisadi İnkişaf Nazirliyinə, rüb üzrə isə Vergilər Nazirliyinə və Hesablama Palatasına təqdim edilmişdir.

Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən alınan rəsmi məlumatlar əsasında 2011-ci il ərzində Azərbaycana gələn əcnəbi vətəndaşlar və xarici turistlərlə bağlı müqayisəli təhlillər aparılaraq müvafiq arayış hazırlanmışdır.

Dövlət Statistika Komitəsi tərəfindən alınan rəsmi məlumatların əsasında 2011-ci il ərzində mehmanxanaların və turizm müəssisələrinin fəaliyyətlərinə dair əsas göstəricilər haqqında müvafiq arayış tərtib olunmuşdur.





Yüklə 353,1 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin