Tel: +99 412 441 28 17
Fax: +99 412 441 28 17
web: www.mediarights.az
Rəylərinizi bu ünvana göndərin: xaled_yes@hotmail.com
Press-reliz 20 iyul 2010
Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumu ilə bağlı YARIMİLLİK HESABATını (2010) açıqlayıb. Xalid Ağaliyevin rəhbərlik etdiyi qrupun hazırladığı hesabat bu gün Media Mərkəzində ictimaiyyətə açıqlanıb.
Hesabatın qısa xülasəsi
a) məhkəmə işləri
Azərbaycan cinayət cəzası alan, həbsxana həyatı yaşayan, fiziki və psixoloji basqılara məruz qalan jurnalistlərin sayı ilə başqa ölkələrdən seçilir. Hazırda 3 jurnalist həbsxanada cəza çəkir - cəsur jurnalist, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin qurucusu Eynulla Fətullayevə, gənc bloqçular Emin Milli və Adnan Hacızadəyə qarşı irəli sürülən ittihamların hamısı şübhəlidir. 2009-cu ilin dekabrından 5 jurnalist azadlığa çıxıb. “Azadlıq” qəzetinin qurama xuliqanlıq ittihamı ilə həbs olunmuş baş redaktoru Qənimət Zahid, onun qardaşı narkotik maddə ittihamının güdazına getmiş satirik yazar Mirzə Sakit, tanınmış tənqidçi jurnalist Müşfiq Hüseynov Azərbaycan Respublikası Prezidentinin əfv etməsi və parlamentin qəbul etdiyi Amnistiya Aktı sayəsində, “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu və “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli isə cəza müddətini başa vurub azadlığa çıxıblar. Hazırda 3 jurnalist həbsxanada cəza çəkir.
Məmurlar, ictimai fiqurlar 6 ayda tənqidçi mövqeyi ilə seçilən “Azadlıq”, “Yeni Müsavat”, “Femida 007”, “Bizim Yol”, “Gündəlik Bakı”, “Xural”, “Hürriyət”, “Ölkə”, eləcə də “Yeni Qəzet” və “Dünya Kriminalı” qəzetlərinə xüsusi ittiham qaydasında daha 26 məhkəmə davası açıblar. 29 jurnalistə ağır cəza verilməsi tələb edilib. Jurnalistlərə 14 dəfə cinayət cəzası verilib.
Nüfuzun qorunması (defamasiya) adı ilə mediaya qarşı mülki qaydada 36 iddia qaldırılıb. Əksəriyyəti siyasi fuqurlar, ictimai xadimlər olan iddiaçılar mənəvi zərər əvəzi olaraq 680 000 (altı yüz səksən min) AZN-dən artıq təzminat tələb ediblər. Mülki iddiaların 30-u qismən təmin olunub. Milli məhkəmələr mediaya qarşı işlərə baxarkən heç bir halda ifadə azadlığına dürüst qiymət verən Avropa Məhkəməsinin presedent hüququna istinad etməyib.
fiziki basqılar
Medianın öz görəvini yerinə yetirə bilməsi üçün təhlükəsiz ortamın mövcudluğu təməl şərtdir. Bu təməl şərtə əməl olunduğunu demək olmaz. Peşə borcunu yerinə yetirən tənqidçi media nümayəndələri öz həyatlarından və təhlükəsizliklərindən ehtiyatlanırlar. 5 il bundan öncə, 2005-ci ildə qətlə yetirilən jurnalist Elmar Hüseynovun qatilləri hələ də tapılmayıb. Jurnalistin qatillərini axtaran qurumların, eləcə də ehtimal olunan qatillərin gizləndiyi Gürcüstan Respublikasının rəsmilərinin açıqlamaları istintaqın uğurlu sonluğuna şübhələr yaratmaqda davam edir. Jurnalistlərə qarşı zorakılıq hallarının ədalətli araşdırılmaması tendensiyası yaranıb. Əksər hallarda jurnalistlərə basqı edənlərin məhkəmə önünə çıxarılması təmin olunmur, jurnalistlərin ünvanına yönələn fiziki və psixoloji təhdidlərin təhqiqatı aparılmır. Aprel ayında mərhum jurnalist Elmar Hüseynovu qətlə yetirənlər haqqında ehtimallarını qəzet səhifələrinə daşıyan 7 jurnalist Milli Təhlükəsizlik Nazirliyinə çağırılaraq dindiriliblər.
Ötən 6 ayda əsasən tənqidçi media nümayəndələri ümumilikdə 57 dəfə fiziki basqıya məruz qalıblar. Hədələnən, döyülən jurnalistlər “Azadlıq” Radiosunun əməkdaşları Durna Səfərli, İlqar Nəsibli, Məlahət Nəsibova, Naxçıvanda çalışan jurnalistlər Vəfadar Eyvazov, Elman Abbasov, Həkimeldostu Mehdiyev, “ANS” telekanalının əməkdaşları Anar Qafarov, Polad Orucov, “Salamnews” İnformasiya Agentliyinin əməkdaşı Zülfüqar Xeyirxəbər, “Yeni Müsavat” qəzetinin əməkdaşı Leyla İlqar, “Presspost” xəbər portalının baş redaktoru Nigar Almanqızı, www.deyerler.org saytının əməkdaşı Babək Fərəcov, “P.S.Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu əməkdaşları Rasim Əliyev və Mehman Mehdiyev, “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov, “Ayna”-“Zerkalo” qəzetlərinin əməkdaşı İdrak Abbasov, jurnalist Əfqan Muxtarlı, “Azadlıq” qəzetinin əməkdaşları Natiq Ədilov, Seymur Həziyev, Ərşad İbrahimli, “Mediaforum” saytının əməkdaşı Erkin Xəlilov, “Azad Azərbaycan” televiziyasının əməkdaşları Zaur Zahidoğlu və Ramin Şahbazov olub.
c) Bilgi azadlığı və internet
18 mart 2009-cu il tarixdə Ölkə Konstitusiyasnın 32-ci (şəxsi toxunulmazlıq hüququ) maddəsinə edilmiş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz” əlavəsi mediya üçün çətinliklər doğurmaqdadır. Hökumət fevral ayında qanunvericilik aktlarının həmin əlavəyə uyğunlaşdırılması məqsədilə bəzi qanunlara heç bir ön müzakirələr keçirmədən dəyişikliklər edib. Parlamentin mediyanın, bu sahədə çalışan sivil toplum quruluşlarının rəylərini incələmədən “Kütləvi informasiya vasitələri haqqında” Qanuna etdiyi əlavələrə görə, “əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənilməsi, video və fotoçəkilişinin, səs yazısının aparılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”. KİV haqqında Qanuna edilən bu dəyişikliyə göstərilən əsaslar anlaşılan olsa da məntiqli deyil, mediyanın bilgi toplama sahəsindəki mövcud imkanlarını daha da daraldır. Jurnalistlər faktiki olaraq süzgəcdən keçmiş bilgilərin ümidinə buraxılır.
Medianın bilgi toplamasında ciddi problemlər var. “İnformasiya əldə etmək haqqında” Qanun bilgi azadlığı prinsiplərinə uyğun olsa da effektiv işləmir. İnformasiya sahibləri orta hesabla hər 5 bilgi sorğusundan 1-ni cavablandırırlar. Bilgilərin internet üzərindən əldə edilməsində də ciddi probelmlər mövcuddur. Çünki ictimai bilgi sahiblərinin internet üzərindən bilgilərin açıqlanması göstəricisi aşağıdır. Media Hüququ İnstitutunun apardığı monitorinqin nəticələrinə görə, internet saytlarında bilgilərin açıqlığı faizi 30%-in altındadır. Ötən 6 ayda bilgi əldə etmək hüququnun pozuntusundan məhkəmələrə 31 şikayət verilib. Məhkəmələr 15 iddianı icraata götürməkdən əsassız arqumentlərlə imtina ediblər. Yerdə qalan 16 iddia icraata qəbul olunub. Həmin iddialardan 9-u son nəticədə təmin olunub.
d) Teleradio düzənlənməsi
Yayım mediası hökumətin nəzarətindədir. Azərbaycanda 8 milli və 14 bölgə televiziya kanalı, 13 radio yayımlanır. İTV, AzTV və İdman Azərbaycan televiziyası dövlət büdcəsindən maliyyələşən ictimai kanallardır. İTV dövlət büdcəsindən maliyyələşir, ictimai yayım qanunu əsasında fəaliyyət göstərir. İctimai Televiziyanın fəaliyyəti təməl ictimai yayım prinsiplərindən çox uzaqdır, hökumətin təsiri altındadır. Kanalın fəaliyyətə başlamasından 5 il ötsə də onun cəmiyyətin etimadını qazandığını söyləmək olmaz. Xüsusilə ictimai sayasi müzakirələrın açılması, fərqli siyasi görüşlərin topluma çatdırılması baxımından İTV-ni hökumətin bilavasitə asılılığında olan Az TV-dən, eləcə də dolayısı nəzarətdə olan özəl telekanallardan fərqləndirən xüsusiyyətlər tapmaq çox çətindir.
Azərbaycanda yayımlanan həm milli, həm də bölgə tv və radioların sayi qonşu ölkələrə nisbətdə çox azdır. Müqayisə üçün demək olar ki, Türkiyədə təkcə ümummilli səviyyədə yayımlanan kanalların sayı 110-dur. Əhalisi və ərazisi Azərbaycandan az olan Ermənistan və Gürcüstanda belə TV və radio yayımçılarının sayı Azərbaycandakından qat-qat çoxdur. Bölgə radiokanallarının olmaması xüsusilə ciddi narahatlıq doğurur. Naxçıvan Muxtar Respublikası ərazisində yayımlanan hökumətdən asılı iki radiokanal istisna olmaqla Azərbaycanda bölgə radiokanalı yaradılmayıb.
Hazırda teleradio düzənlənməsi sahəsində son illərə xas səssizlik hökm sürür. Televiziya və radio kanalları tamamilə hökumətin nüfuz dairəsində olduğundan teleradio sahəsini göstərişlə düzənləyən Milli Televiziya və Radio Şurası fəaliyyətsiz quruma çevrilib. Şura tezlik resursları haqqında bilgiləri açıq tutmur. Qurum 2002-ci ildən bəri bir dəfə də olsun tezliklərin siyahısını açıqlamayıb. Son illərdə boş tezliklərə müsabiqələr də keçirilmir. MTRŞ faktiki olaraq ara-sıra tele-radio kanallara xəbərdarlıq edən qurum rolunu oynayır.
e) Media və seçkilər
2010-cu ilin noyabrında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilər təşviqat dövründə medianın üzərinə çox mühüm vəzifələr qoyur. Təbliğat-təşviqat dövründə medianın hüquq və vəzifələri milli qanunvericilikdə, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə aydın əksini tapıb. Media seçki kampaniyalarında namizəd və partiyalara proqramlarını təşviq etmək imkanı yaratmalı, seçicilərə namizədlər və partiyalar haqqında düzgün bilgi əldə etməkdə yardımçı olmalıdır. Teleradio quruluşları düşüncə plüralizmini nəzərə alaraq ədalətli seçkilərə xidmət göstərilməlidir. Seçkiləri ədalətli, balanslı və qərəzsiz işıqlandırmaq dövlətə məxsus yayımçıların deyil, həm də özəl telequruluşların vəzifəsidir.
f) yayım problemləri
2010-cu ilin birinci yarısında çap mediasının durumunda müsbət irəliləyişlər nəzərə çarpmayıb. Çap mediasına yatırımların qoyulması faizi də yox səviyyəsindədir. Bütün ölkədə biznes siyasətdən tam olaraq asılı durumdadır. Bu üzdən hökumətin bəyənmədiyi yazılar verən, müxalif siyasi qüvvələrə yaxın olan qəzetlər basqılar altındadır, onların reklam cəlb etmək imkanları da yoxdur. Tənqidçi çap mediası ardıcıl basqılar altındadır. Ötən altı ayda məhdud yayım infrastrukturunu daha da sıxışdıran olaylar baş verib. Səyyar satıcılara, habelə şəhərin mərkəzi hissəsindəki yayım köşklərinə heç bir qanuni əsas göstərilmədən polis qadağa qoyub. Qəzet yayımı ilə məşğul olnlar ardıcıl basqılara məruz qalıb. KİV rəhbərlərinin daxili işlər naziri ilə görüşündən sonra basqılar nisbətən səngiyib.
Hökumətə tövsiyyələr
Nüfuzun qorunması (defamasiya) haqqında təklif edilmiş qanun layihələrinin müzakirəsi və qəbul edilməsi, təmin edilməli, Avropa Məhkəməsinin Azərbaycanda İfadə azadlığının pozulduğunu müəyyən etdiyi qərarları üzrə ətraflı araşdırmalar aparılmalı, ölkə daxilində yanlış məhkəmə qərarların çıxarılmasına yol açmış faktorlar aradan qaldırılmalıdır. Ali Məhkəmə Avropa Məhkəməsinin Yaşar Ağazadə və Eynulla Fətullayev işləri üzrə çıxardığı qərarları araşdıraraq ifadə azadlığı ilə bağlı işlərə baxılarkən örnək götürüləcək Plenum Qərarı qəbul etməlidir. Jurnalistlərə fiziki basqı hallarının böyük faizinin yetərincə araşdırılmaması praktikasını aradan qaldıran tədbirlər görülməli, xüsusilə, Elmar Hüseynovun ölümü, Bahəddin Həziyevin, Üzeyir Cəfərovun, Aqil Xəlilin, Həkimeldostu Mehdiyevin, Emin Hüseynovun, Zamin Hacının, Əfqan Muxtarlının, İlqar Nəsibovun döyülməsi halları yetərincə araşdırılmalıdır. İctimai büdcədən maliyyələşən Dövlət televiziyası (AzTV) ictimai yayım xidmətinə çevirilməsi, ictimai yayım xidmətinin proqramlarının ictimai yayımın məqsədlərinə və prinsiplərinə uyğunluğu təmin olunmalı, siyasi qüvvələrə heç bir fərq qoylmadan öz görüşlərini topluma çatdırma imkanı yaradılmalıdır.
Media Hüququ İnstitutu Azərbaycanda ifadə və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianın və jurnalistlərin qorunması yönündə çalışan civil toplum qurumudur
Dostları ilə paylaş: |