Təhsilin dövlət və qeyri-dövlət formaları, pullu və ya pulsuz olması ancaq onun təşkilati fərqlərini əks etdirir. Təhsil özü maliyyə mənbəyindən asılı olmadan nisbi müstəqil ictimai hadisədir. Qarşıda duran ən başlıca vəzifə 70 il ərzində sovet təhsil sisteminin əldə etdiyi nailiyyətləri qoruyub saxlamaq, onu bir sıra bürokratik ünsürlərdən və kommunist ideologiyasının təsirindən təmizləmək, qabaqcıl xarici ölkələrin təcrübəsində yaxşı nə varsa, onları da nəzərə almaqla zənginləşdirmək, müstəqillik əldə etmiş Azərbaycan Respublikasında, məhz onun milli xüsusiyyətlərini və tarixi ənənələrini əks etdirən, milliliklə ümumbəşəriliyin vəhdətindən çıxış edən mükəmməl təhsil sistemi yaratmaqdır. Müasir tələblərə cavab verən kadrların hazırlanması prosesi onun maliyyələşmə mənbəyindən asılı olmadan eyni tələblərə cavab verməli, beynəlxalq standartlara uyğun olmalıdır. Müharibə aparan, imperiya buxovlarından yenicə azad olmuş, ilk müstəqil addımlarını atan bir ölkə üçün qısa bir dövrdə bütün nöqsanlardan azad, mükəmməl təhsil sistemi yaratmaq, əlbəttə, ağır işdir. Bu çətinliklərdən biri də maliyyələşmə problemi ilə bağlıdır. Məhz belə bir şəraitdə dövlətin həm təhsil sistemində reforma aparması, həm də hamı üçün pulsuz ali təhsili təmin etməsi çətindir və bu yükü qismən də olsa yüngülləşdirmək baxımından özəl ali məktəblərin yaradılması zəruri bir prosesdir. Həm də sovet quruluşuna xas olan mərkəzləşmiş idarəçilikdən uzaqlaşaraq azad rəqabət yolunu seçərkən təhsildə də alternativ sistemlər olmaladır hər bir vətəndaşın, əgər onun maddi vəziyyəti imkan verirsə, öz hesabına daha yüksək səviyyəli – elitar ali məktəbdə oxumaq hüququ olmalıdır. Bu baxımdan özəl ali məktəb o zaman uğurludur ki, o, müvafiq profilli dövlət ali məktəblərindən nə iləsə üstün olsun. Əlbəttə, hələ yenicə ilk addımlarını atan, maddi-texniki bazası və müəllim kontingenti təzəcə formalaşan belə universitetlər neçə onilliklərdən bəri fəaliyyət göstərən və böyük əməli təcrübəyə malik olan dövlət universitetləri ilə müqayisədə asanlıqla üstünlük qazana bilməzlər. Bu rəqabət prosesində neçə-neçə özəl ali məktəb ya mənəvi, ya da maddi cəhətdən bankrot olmağa məhkumdur. Sınaqdan uğurla çıxanlar əslində çox az olacaqdır. Qısa müddət ərzində yaranmış olan 150-yə qədər özəl təhsil müəssisəsindən ancaq 7-sinin dövlət tərəfindən tanınması da buna dəlalət edir.