Mən deyərdim ki, tələbə qəbulunun keyfiyyəti nəinki mühüm tərəflərdən biridir, hətta bütün sonrakı tədris prosesinin ən mühüm amilidir. Ümumən Azərbaycan ali məktəblərinin hazırkı səviyyəsi xeyli dərəcədə orta məktəblərdəki vəziyyətlə bağlıdır. Və hətta genetik baxımdan istedadlı uşaqlar da çox vaxt orta təhsil müəssisələrini savadsız başa vururlar. Belə bir şəraitdə biliyin meyar olması tələbi özünü doğrultmur. Bizim universitetdə daha çox dərəcədə bilik yox, istedad əsas götürülür. Bütün məktəblər eyni olmadığından və bütün valideynlərin uşaqlarına əlavə müəllim tutmaq imkanı eyni olmadığından, biliklə istedad arasında böyük fərqlər var. Test sistemi əsasən biliyi yoxladığından repititorla hazırlaşmış uşaqların qəbul şansı daha böyük olur. Kənd məktəblərini bitirmiş, imkansız ailələrdən çıxan və əlavə müəllim tutmaq imkanından məhrum olan neçə-neçə istedadlı uşaq isə kənarda qalır. Mərkəzləşmiş dövlət komissiyasının test üsulu ilə qəbul keçirməsi xoşbəxtlikdən yox, indiki dövr üçün çarəsizlikdən məqbul sayıla bilər. Görünür, canlı imtahanlara, müəllimlərin mənəvi keyfiyyətlərinə inam azaldığından maşınlar (kompüterlər) insanlardan qabağa keçmişdir.
Konkret olaraq builki qəbula gəldikdə, biz, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətindən və bizə göndərilmiş abituriyentlərin səviyyəsindən əsasən razıyıq. Təkcə onu qeyd edək ki, özəl ali məktəblər içərisində ən yüksək keçici bal bizim universitetdə olmuşdur. Bununla belə pullu və pulsuz təhsil bölməsinə qəbulun ardıcıllığı bizi qane etmir. Məncə, TQDK əvvəlcə özəl ali məktəblərə, sonra dövlət ali məktəblərinin pullu bölmələrinə və ən nəhayət, axırda pulsuz bölmələrə qəbul aparmalıdır.