Sürgün olunmuşların ağsaqqalı
Yadımdadır, məndən bir neçə gün sonra bir qumlu tacir də Cirofta sürgün olundu və Rəbbaninin evinə gəldi. Sürgünə göndərilənlərin hamısı oraya gəlirdi. Əvvəlcə oraya toplaşdıq, sonra bir neçə ev kirayələdik. Həmin qumlu tacir Xorasanın yaxınlığındakı ilk sürgün yerindən Cirofta göndərilmişdi. Onun gəlişini indi də xatırlayıram. Rəbbanigildə yatmışdım, birdən qapıdan səs eşitdim. Qalxıb qapını açdım. Gördüm ki, həmin qumlu iki polislə və bir maşın əşya və avadanlıqla gəlib. Bütün əşyalarını yeni sürgün yerinə gətirmişdi. Onun fəallığı, iradəliliyi, zirəkliyi və cəsurluğu ilk andan diqqətimi cəlb etdi. O, polislərə dedi ki, qısa məsafə ilə bir-birinin yanında dayansınlar. Əşyaları bir-bir birinciyə, birinci də ikinciyə verirdi və o, qapının ağzına qoyurdu. Bu işi sürətlə görürdülər. Polisə hər dəfə bir şey verəndə deyirdi: “De ki, şaha ölüm olsun!” Polislər ona fikir vermir, hətta gülürdülər. Bu onu göstərirdi ki, polisləri özünə çox cəzb edə bilmişdi. Sonradan bildim ki, Xorasandan Cirofta gələrkən həmin polislərdən xahiş edib ki, Qumdan keçsinlər; bir neçə gün ailəsinin yanında qalıb, sonra onlara qoşulub Cirofta gəlib.
Burada xatırlatmalıyam ki, Qum əhalisi öz ayıqlığı, zirəkliyi və istedadı ilə inqilaba böyük xidmətlər etmişdir. Ömürlərinin böyük bir hissəsini həmin şəhərdə keçirmiş ruhanilər qumluların bu xüsusiyyətlərini müəyyən həddə götürmüşlər.
Sayımız tamamlanandan sonra came məscidində məclislərə başladıq. Ağsaqqalımız Rəbbani Şirazi idi. Onu önə keçirir, arxasınca hərəkət edirdik. Qrupumuz yeddi ruhani və iki iş adamından ibarət idi. Bizim belə kollektiv şəkildə məscidə getməyimiz əhalini duyğulandırırdı. Hər axşam birimiz minbərdə xütbə söyləyirdik, sonra şüarlar verilirdi. Məsciddə ilk dəfə pərdə arxasından qadınlar şüar vermişdilər.
Dostları ilə paylaş: |