Hövzənin işi çoxdur. Əlbəttə, biz filan ixtisasların tədrisinin, filan işlərin görülməsinin lazım olduğunu deyəndə bəzi adamlar deyirlər ki, siz fiqh və üsula etinasız yanaşırsınız; bizim hövzələrdən daha Cəvahir sahibi, yaxud Şeyx Ənsari kimi alimlər məzun olmurlar. Bu, çox təkrar olunan sözlərdəndir. Mən bu sözü qəbul etmirəm.
Şeyx Ənsari və Cəvahir sahibi kimi şəxslərin müstəsna olması
Əvvəla Şeyx Ənsari kimisi hanı?! Bu işə məxsus olan hövzələr daxilində məgər neçə Şeyx Ənsari olmuşdur? Qeyd etdim; düşünmürəm ki, Şeyx Ənsaridən sonra onun şagirdlərindən və şagirdlərinin şagirdlərindən bu günədək kimsə Şeyx Ənsariyə çata bilsin. Bəli, onun sözlərini deyirlər, irad bildirirlər, iradlar da düzgündür. Amma şeyx başqa bir adamdır.
Şeyxin Cəvahir sahibindən sonra və onun üslubundan fərqli şəkildə hazırladığı fiqh ictihadı üslubuna baxın. Şeyxin Məkasib kitabını Cəvahir sahibinin Mətacir kitabı ilə müqayisə edin, onda şeyxlə Cəvahir sahibinin arasındakı fərqin nə qədər olduğu bilinər. Cəvahir sahibindən sonra biz elmi hövzələrdə nə qədər onun kimi şəxs yetişdirdik ki, indi Cəvahir sahibi yetişdirmədiyinə görə hövzədən gileylənirik?! Bunlar zirvələr idilər. Bir elmi və insani toplum hər uzun müddətdən sonra bir dəfə bir zirvəyə nail olur.
Əgər bizim dövrümüzdə Cəvahir, yaxud Şeyx Ənsari yetişmədisə, nə üçün bunu bacarmadığımıza görə gileylənmirik?! Məgər bu dərsləri kənara qoyub yalnız fiqh və üsuldan yapışsaydıq, indi bir neçə Cəvahir sahibimiz olardı?! Xeyr, Nəcəf hövzəsinin fiqh və üsula məxsus olduğu və ondan başqa bir şeyin olmadığı zaman da – mərhum Seyid İsfahani buyurmuşdu ki, yalnız fiqh və üsul olmalıdır – biz orada Cəvahir sahibi, yaxud Şeyx Ənsari kimisinin yetişdiyini görmədik. Bu, birincisi.
Dostları ilə paylaş: |