8. Ölkənin ümumi elmi xəritəsi istiqamətində hərəkət etmək
Növbəti məsələ elmin inkişafı və ölkənin ümumi elmi xəritəsi istiqamətində hərəkət etməkdir.
9. Xalqa problem yaradan amilləri aradan qaldırmağa çalışmaq
Müraciət və məsuliyyət tərəfi hökumətdən ibarət olan digər mühüm iş xalqı narazı salan və onun üçün problem yaradan amillərin aradan qaldırılmasına çalışmaqdır: məişət məsələsi, işsizlik məsələsi, idarə sistemləri, qurumların vəzifəli şəxsləri, xüsusən də yüksək rütbəli məmurlar məsələsi, meriyalar, polis və sair; onlar xalqla birbaşa ünsiyyətdədirlər və xalqın çoxlu problemlərini aradan qaldıra, yaxud Allah eləməmiş, narazılıq yarada bilərlər.
10. Qumun əsas ehtiyacları: a) Su problemi
Bu şəhərin ən mühüm ehtiyaclarından biri su məsələsidir. Biz bu işlə məşğul olanlardan istəyirik ki, uzaq Dez bulağından Quma gətirilən suyu imkan daxilində tez çatdırsınlar, Qum xalqının bu əsaslı və böyük ehtiyacı təmin olunsun.
b) Əkinçilik
Qumun əkinçilik məsələsi də mühüm məsələdir. Eşitdim ki, Tehrandan Müseylə bölgəsinə su çəkilməsi və bir zaman bu bölgələrdə çox inkişaf etmiş Qum əkinçiliyinin inşallah yenidən rövnəqlənməsi nəzərdə tutulub.
c) Əl işləri
Qumun əl işlərinin, xüsusən də məşhur xalçasının rövnəqlənməsinə kömək göstərilməlidir.
ç) Memarlıq və şəhərsalma
Mənim təkid etdiyim digər məsələ Qumun memarlıq və şəhərsalma işləridir. Bu gün Qumda böyük işlər görülür, tikinti işləri aparılır. Bu işlərdə İslam memarlığı mütləq nəzərə alınmalıdır. Bu şəhərin memarlıq işlərində inqilab simvolları müşahidə olunmalıdır; çünki bura İslam və inqilab şəhəridir.
d) Məmurların fikir ayrılığının xalqın məişət vəziyyətinə təsir göstərməsinin qarşısını almaq
Son söz budur ki, bu şəhərdə möhtərəm məmurların hansısa məsələdə fikir ayrılığı varsa, bunun xalqın məişət vəziyyətinə təsir göstərməsinə və onlara problem yaratmasına qoymasınlar. Müxtəlif qurumların bir-biri ilə fikir ayrılığı var. Bu fikir ayrılıqlarının xalqın məişət vəziyyətinə təsir göstərməsi mümkündür.
e) Dövlət məmurlarının xalqa xidmətdə həmkarlığı və əməkdaşlığı
Mənim ümumi tövsiyəm budur ki, hamı əl-ələ versin, dövlət məmurları həmkarlıq və əməkdaşlıqla xalqa xidmət göstərsinlər.
ə) Qum şəhərinin çoxlu çatışmazlıqlarını aradan qaldırmaq üçün məmurların ciddiliyi və sürəti
Qum tağut dövründə hökumətin qəzəbinə tuş gəldiyindən təəssüf ki, onun çoxlu çatışmazlıqları vardır. Möhtərəm məmurlar bu çatışmazlıqları ciddi şəkildə və sürətlə aradan qaldırsınlar. Bu şəhər həm xalqın ehtiyacları, həm də gözəllik baxımından Qum əhalisinə layiqli şəkildə inkişaf etməlidir. Əgər bu çatışmazlıqların aradan qaldırılmasını istəyiriksə, aktiv çalışmaq lazımdır.
Möhtəşəm fədakarlıq
Qum şəhərinin şəhid və müharibə əlillərinin ailələri ilə görüşdəki çıxış
19 Oktyabr 2010
Bismillahir-Rəhmanir-Rəhim.
Salam olsun, sənə, ey Allah rəsulunun qızı, ey Fatimə Məsumə! Allahın salamı olsun sənə, sənin pak və məsum ata-babalarına!
Həzrət Fatimə Məsumənin pak ruhundan icazə istəyirəm, çünki bu mənəvi və ruhani məclis o həzrətin məqbərəsində təşkil olunmuşdur.
Qum cihad və şəhadət meydanında
Qum bir çox məsələlərdə qabaqcıldır; şəhadət, şəhidlər və şəhid ailələri məsələsində də qabaqcıl bir şəhər hesab olunur. Bu şəhər İslam və inqilab üçün altı minə yaxın şəhid vermişdir. Müqəddəs müdafiə zamanı bəzən bir ildə mindən artıq şəhidi Allah yolunda qana boyanmış, bu əzəmətli şəhər onların cənazələrini dəfn etmiş, lakin qaşını da çatmamışdır. Bu şəhərin təxminən on bir min müharibə əlili vardır. Bu əziz müharibə əlilləri əslində bizim aramızda olan canlı şəhidlərdir; elə məşhur şəhidlər ki, yalnız Qum üçün yox, hətta bütün ölkə üçün fəxrdirlər, ulduzdurlar. Bunlar böyük imtiyazlardır.
Şəhadət məsələsinin əhəmiyyəti
Mənim əzizlərim! Şəhadət məsələsi çox dərin və çox mühüm məsələdir. Bizim xalqımız imanı, dini duyğuları və şücaəti ilə bu məsələni əməldə həyata keçirdi, şəhid verdi; hətta şəhidləri üçün ağlamayan ata-analar da vardı; şəhidlərinin yas məclisində bayram paltarı geyinən ailələr də vardı. Buna əsasən, əməli baxımdan xalqa aydın oldu. Lakin şəhadət barədə düşünmək üçün çoxlu mövzular vardır.
Şəhadətə inam - xalqın şəxsiyyətinin və kimliyinin mənəvi böyüklüyü
Əgər şəhadət məsələsini və onun əhəmiyyətini bir cümlədə bəyan etmək istəsək, deməliyik ki, bir xalqın şəhidlərin əzəmətinə inamı o xalqın şəxsiyyət və kimliyinin mənəvi böyüklüyünü göstərir. Bir xalq dünya xalqlarının gözündə necə əzəmətli olur? Necə olur ki, bir xalq dünyanın müxtəlif siyasi amillərindən təsirlənmək əvəzinə dünyanın bütün hadisələrinə təsir göstərir? Bir xalq belə məqama necə ucalır? Necə olur ki, bir xalq modern hərbi texnikalara və geniş təbliğat imkanlarına malik olmadan dünyaya və xalqlara belə təsir göstərir və xalqlar ona cəlb olunur? Siz Livan xalqının İran prezidentini qarşılamasına baxın. Bunlar kiçik məsələlər deyil. Bunlar araşdırmaya və təhlilə layiq məsələlərdir. Necə olur ki, bir xalqın prezidenti başqa bir ölkədə, onunla heç bir qohumluğu olmayan başqa bir xalq tərəfindən belə hörmətlə qarşılanır? Bu xalqın əzəməti haradan əldə olundu? Bütün bu suallara cavab tapmaq üçün şəhadət məsələsinin əhəmiyyətinə diqqət yetirmək lazımdır.
Şəhadətə inam - milli iqtidar yaradan amil
Bir xalq, onun gəncləri, ata-anaları Allah yolunda fədakarlığı və ilahi məqsəddən ötrü canından keçməyi bir iman kimi qəbul etdikdə bu xalq əzəmətli bir qüdrət əldə edir, silahı və böyük nağd sərvəti olmadan təbii şəkildə iqtidarlı, güclü və qabaqcıl olur.
Baxın, yüz adam başqa bir yüz adamla say baxımından bərabərdir; yüz nəfər yüz nəfərlə, min nəfər min nəfərlə, on milyon on milyonla. Bəli, bunlar bərabərdir. Bunların biri fiziki və maddi baxımdan güclü də ola bilər. Lakin fiziki və maddi baxımdan çox da güclü olmayan o biri qrup Allaha imanla silahlandıqda, Allah yolunda fədakarlıq etdikdə, bir şey itirməyəcəyinə və hətta nəsə əldə edəcəyinə inandıqda elə qüdrətlənir ki, qarşı tərəf heç bir maddi imkanla bu gücü məhv edə bilmir.
Bədr döyüşündə Peyğəmbərin (s) düşmənlərinin sayı, silah, pul və imkanları müsəlmanlardan bir neçə dəfə artıq idi, amma müsəlmanlar qalib oldular. Nə üçün? Məgər qələbə qol gücündən asılı deyil?! Xəncərdən asılı deyil?! Puldan asılı deyil?! Zahiri iqtidardan asılı deyil?! Xeyr, qələbə bunlardan asılı deyil; qələbə bir qüdrətdən asılıdır və o qüdrət pulla, maddi imkanla və atom silahı ilə əldə olunmur, şəhadətə inamdan, fədakarlığa inamdan, insanın fədakarlıq edəcəyi təqdirdə Allahla alış-veriş etməsinə inamdan doğur. Əgər məsələyə belə yanaşsaq, görərik ki, İran xalqı bütün xalqlardan güclü və əzəmətlidir. Düzgün yanaşma da elə budur.
Dostları ilə paylaş: |