Şəki Regional Mədəniyyət və Turizm İdarəsi
Qax rayon Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsi
Qəhrəmanlıq və iftixar tariximiz
20 Yanvar şəhidlərinə həsr olunmuş
metodiki vəsait
Qax– 2018
«Biz Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından
keçmiş şəhidlərimizlə fəxr edirik. Onların xatirəsi bizim
qəlblərimizdə həmişə yaşayacaqdır».
Ümummilli lider Heydər Əliyev.
1990 -cı il yanvar ayının 20- si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuşdur. 28 il əvvəl ,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azğınlaşmış sovet ordusu, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Azadlıq harayını boğmağa yönəlmiş bu insan qırğını Azərbaycanı müstəqilliyə qovuşdurdu.
Bir gün ərzində Bakıda 170 nəfər öldürüldü, 400-dək insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu tarix Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Vətən öz şəhidlərini heç vaxt unutmayacaq! 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.
Bu il 20 yanvar faciəsinin 28- ci il dönümüdür. Hazırda respublikamızın hər yerində bununla əlaqədar silsilə tədbirlər keçirilir. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının qəhrəmanlıq səlnaməsini təbliğ etmək üçün kitabxanalar qarşısında müəyyən vəzifələr durur. İlk növbədə bütün kitabxanalarda 20 yanvar Ümumxalq hüzn gününə həsr olunmuş tədbirlər planı tərtib edilməlidir. Tədbirlər planında əyani və şifahi təbliğat formalarından: foto sərgi, kitab sərgisi, dəyirmi masa , məruzə , kitab müzakirəsi, ədəbi - bədii kompazisiya,oxucu konfransı, məlumat həftəsi və sair kimi formalarından önəmli şəkildə istifadə edilməlidir. Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar: « 20 yanvar – Azadlığa gedən yolun zirvəsi “, “ Qərənfil şəhid qanı “, “ Müqəddəs and yerimiz :1990- cı il 20 yanvar faciəsi “,” 20 yanvar - tariximizin sağalmaz yarası “, “ Müstəqilliyimizin şəhidlik zirvəsi “, “ O qanlı yanvardan 27 il keçir “, “ Torpağı vətən eyləyən oğullar “, “Hünər nəğməsidir şəhid məzarı “ , “ 20 yanvar həm hüzün , həm də qürur günümüzdür “ , “ Başın sağ olsun Vətən ! “, “ Şəhidlər ölməzlik zirvəsindədir” ,” “Azadlıq toxumu səpdi şəhidlər “ , “ 20 yanvar –Qanlı və şanlı tarix “ və sair.
20 yanvar- Ümumxalq hüzn günü ! Bu tarixi günü günü hər il qeyd edirik.Belə tədbirləri keçimək bizim vətəndaşlıq borcumuzdur. Aşağıda 20 yanvar facəsinin 28- ci ildönümünə həsr olunmuş “ Müstəqilliyimizin şəhidlik zirvəsi “ adlı ədəbi – bədii kompazisiyanın ssenarisini təqdim edirik.
Səhnə qərənfillərlə bəzədilir. Səhnənin orta divarından Azərbaycanın bayrağı ilə yanaşı qara bayraq da asılır. 20 yanvar faciəsi ilə bağlı sitatlar səhnənin divarında öz əksini tapır.Tədbir matəm mahnısının sədaları altında başlanır. Aparıcılar səhnəyə daxil olur.
I Aparıcı : Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, heç gəlişi də çox bilinmir.
Bədbəxtlik isə tufan kimi gəlir, uçura-uçura, dağıda-dağıda gəlir. Özü də
bədbəxtliyi heç kəs öz xoşuna seçmir, o özü gəlib bizi tapır. Xalqımızın
başına açılan oyunlar, Qanlı 20 Yanvar kimi.
I.Oxucu: Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
II Oxucu: Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
(B. Vahabzadənin “ Şəhidlər “ poemasından parçalar iki oxucunun ifasında səslənir )
II Aparıcı : 20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin
qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunmuş bir
tarixdir. Məhz bu tarixdə, 1988-ci ildən başlamış xalq hərəkatı özünün
kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları
bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə
istiqlaliyyət və azadlıq bəxş etdilər.
I Aparıcı : Bəli! 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara,
silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri
doğma torpağın bütövlüyü, toxunulmazlığı və azadlıq arzusu idi.
Bu faciə bizə müqəddəs bir and yeri miras qoydu. Doğma Bakımızın
Dağüstü parkı kimi tanınan məkan Şəhidlər Xiyabanına döndü.
II Aparıcı :Azərbaycan xalqı şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hər an
hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir
azərbaycanlı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu
təkrarlamağa hazırdır.Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı
da, məhz milli qürurunu,vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə
oğulların varlığıdır.
I Aparıcı :Ulu öndər 20 Yanvar hadisələrinə ilk siyasi qiymət verərək bu faciəni
törədənlərin kimliyini dünya ictimaiyyətinə çatdırdı. O ağır günlərdə
xalqı ilə həmrəy oldu, xalqın sınmış inamını özünə qaytardı.
İnsan üçün ən müqəddəs şəxs onu dünyaya gətirən anadırsa, onu
müqəddəsliyə bağlayan vasitə Vətən torpağıdır. Çünki ana öz övladını
onun özü üçün də müqəddəs olan Vətən torpağında dünyaya gətirir. Vətən
bizim şöhrətimiz, qeyrətimiz, ülviyyətimizdir.
II Aparıcı:İnsan üçün ən ümdə olanı Vətən torpağının azadlığı və
toxunulmazlığıdır. Azadlıq heç kimə xoşluqla verilmir. Azadlıq qanla,
canla qazanılır, qorunur və gələcək nəsillərə əmanət verilir. Azərbaycan
xalqı da əsrlərlə azadlıq uğrunda çarpışmış, istiqlal naminə mübarizə
aparmışdır.
I Oxucu : Şəhidlik – Əbədi bir həyat demək
Şəhidlik – Əbədi səadət demək
Şəhidlik cihaddır- İbadət demək
Səf - səf ibadətə durdu şəhidlər
“... Onlar diridirlər...” – Quran ayəsi!
Şəhidin qanıdır hürlük mayası.
Azadlıq! - məqsədi , amal , qayəsi
Bu yolda canını verdi şəhidlər.
Əsrlərdən bəri o qanlı bayraq
Hay salır , hayqırır dalğalanaraq.
Haqsızın önünü haqla alaraq
Haqqın qalasını qurdu şəhidlər
I Aparıcı :Ötən əsrin sonlarından millətimizin başına gələn fəlakətlər,
üzləşdiyimiz ağrı-acılar, şəhidlik, qaçqınlıq, köçkünlük, Qarabağ
dərdi, Vətən həsrəti ədəbiyyatımıza da öz təsirini göstərdi.
Yazıçı və şairlərimiz bir-birinin səsini, harayını tamamlayan, eyni
ağrını, eyni dərdi özlərinə məxsus sözlə poeziyamızda, nəsrimizdə
naxışladılar.
II Aparıcı: 1990-cı il 20 Yanvarın şənbə gecəsində Bakıda törədilən vəhşət
və dəhşətdən 28 il keçsə də, ölümə ölməzlik yazan şəhidlərimiz
unudulmayıb. Əslində, o gecə haqsızlığın üstündən haqqa körpü
salanlar mənəviyyat dünyasında tarixləşdirdiyi Şəhidlik zirvəsini
daha da əbədiləşdirdilər.
O gecə ucalan ana fəryadları dünyanın məhvərinə çevrildi. Haqq
bayrağını qaldıranlar düşmənin qara bağrını öz şücaəti və hünərləri
ilə dəldilər. Xalq şairi Məmməd Araz bu hünərin şəninə deyirdi:
"Mərd oğullar - mərdliyilə öyünməzlər, torpaq altda ölümlüyə
gömülməzlər".
I Aparıcı :20 Yanvar faciəsi ürəkləri tar-mar etdi. Hər tərəfi bürümüş qırmızı
qərənfillərin harayı o dövrdə Məmməd Aslanın misraları ilə
anaların ağısına qarışdı:
II oxucu Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara,
Ağla, qərənfil, ağla!
(M. Aslanın “ Ağla ,Qərənfil Ağla “ şeirini oxucu axıracan söyləyir )
II Aparıcı:Bütün bu göz yaşlarının, sarsıntının içindəsə Məmməd Arazın
başqa bir şeirindəki poetik toxtaqlıq qolumuzdan tutaraq bizi
vüqara, qürura, ağlamamağa səsləyirdi:
III Oxucu : Pəncərəni külək döyüb ağlasa,
Eyvanına quşlar qonub ağlasa,
Ürəyini nalən yonub ağlasa,
İçində yan, ağı deyib , ağlama,
Ağlamağın yeri deyil, ağlama!
( M. Arazın “ Ata millət , ana millət , ağlama “ şeirini oxucu axıracan söyləyir)
I Aparıcı :Göz yaşını silən olsa, ağlamaq əzab deyil - söyləyiblər. Əliyalın,
silahsız ölümün üstünə gedən oğulların ağlagəlməz şəkildə qətlə
yetirilməsi ürəkləri necə sızlada, yandıra bilməzdi?! Xalq şairi Qabilin
qələmə aldığı “ Mərsiyəsində “ xalqımızın ağrıları duyulur.Gecəni atəş ilə
qırmızı qan eylədilər,xalqımı – millətimi gülləbaran eylədilər”.
IVOxucu:Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eləyir,gözdən axır sel bu səhər,
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər
Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı- millətimi qülləbaran eylədilər.
( Qabilin 20 yanvar şəhidlərinə həsr olunmuş “ Mərsiyə “sini oxucu axıracan söyləyir)
II Aparıcı :Şairlər son dərəcə kövrək və həssas olurlar. Bakının fəryad edən
küçələrinə, nalə çəkən gəmilərə, ərşə çıxan ahlara biganə
qalmaq mümkün deyildi. Xalq şairi N. Həsənzadə duyduğu bu
ağrıları içindən keçirərək həyəcanını şeirlə dilə gətirdi:
I Oxucu: Dayanın, Şəhidlər xiyabanıdı,
Yas toya qarışıb, toy yasa burda.
Qızıl qumaşlarda qara xonçalar,
Nişan gətiriblər bir qıza burda.
( N.Həsənzadənin “ Şəhidlər xiyabanı seirini “ oxucu axıracan söyləyir)
I Aparıcı :O gün təkcə igidlərimizi, bir sözlə, insanlarımızı qətlə yetirmədilər. O
gün həm də toyların, şən məclislərin bəzəyi, sevgililərin əzizi olan
qərənfili də şəhid etdilər. Düz 28 ildir ki, bu günahsız təbiət gözəlləri yeni
bir adla yaşayır - şəhid gül!
Qərənfilim, danış, din,
Səni dinləmək çətin.
Toyuma gəlməliydin,
Yasıma gətirdilər.
I Aparıcı :O gün ən dözülməz, ən ağır hal anaların ovqatı idi. Xalq yazıçısı Əzizə
Cəfərzadə bütövlükdə bu dərdlərin əlində yumağa dönmüş Azərbaycan
anasının ağlar simasına çevrilmişdi. İndi də gözlərimizdən çəkilmir ki,
şəhidlərin dəfnində ağ saçlarını əlləri ilə xışmalayaraq bədahətən dilinə
gələn bayatılarla necə şivən qoparırdı:
I Oxucu:Ağlaram ağlar kimi,
Dərdim var dağlar kimi
Xəzəl olub töküldüm
Viranə bağlar kimi
* * *
Tərlanın bağdadı gəl,
Şamaman tağdadı gəi
Üzüyün sandığımda
Qurbanın bağdadı gəl
I I Aparıcı :Nahid Hacızadənin o illərdə yazdığı şeirləri dillər əzbərinə çevrildi.
Bəstəkarlar ona musiqi libası geyindirdilər. Müğənnilər şövqlə oxudular.
Bir daha bəyan olundu ki, min bir işğalçı gələ, yeri-göyü od bürüyə,
mərd xalqı heç zaman əymək olmaz. Ürəyimiz göynədi, gözümüzdən yaş
axdı, amma bütün sınaqlardan qalib çıxmağı bacardıq. Elə buna görə də
Nahid Hacızadənin şeirlərindəki haray müvazinətimizi itirməməyə,
mübarizəyə səsləyirdi:
Qalx, qalx, ulu torpaq,
Qalx, qalx, ulu bayraq.
Qalx, qalx, sən ey mərd xalq,
Yer titrəsin məhvərindən!
( N. Hacızadənin “ Ulu Torpaq” şeirinə E.Mansurovun bəstələdiyi mahnı səslənir)
II Aparıcı :Şairin qənaəti də çox düşündürücüdür. Ağlama, mərdlərin, mərdi ol,
namərdlərin var.Şəhidlər heç zaman sadə insanlar kimi dünyasını
dəyişmirlər. Onlar bu yurdun ömrünə öz ömürlərini calayırlar. Şəhid
ömrünün qarşısında əbədiyyət kəlməsi belə sönük görünür. Şair Musa
Ələkbərli dediyi kimi:
Torpağını əyninə
Geyinənlər basılmaz.
Öz şəhid ömrü ilə
Öyünənlər basılmaz.
II Aparıcı: Əslində, oğlu ölən ağlayar, öldürülən ağlamaz. Şəhid qisası isə heç
vaxt qiyamətə saxlanmaz. Bu qürurlu gündə başımızı dik tutmağı,
qəmdən sıyrılıb çıxmağı bacardıq. Zülüm-zülüm ağlasaq da,
şəhidlərimizin şərafətli ölümünün önündə sağ qalmağımızın xəcalətini
çəksək də, millət öz qəhrəmanlığı, hünəri ilə öyündü. Xalq şairi B.
Vahabzadənin dediyi kimi : Şəhidlər göstərdi ölümləriylə, ölüm
aşağıdır Vətən eşqindən.
IV Oxucu:Baxıb sinələrdən axan al qana,
Buludlar kişnədi, göy qan ağladı.
O şənbə gecəsi Vətən başına
Elə Vətən boyda qara bağladı.
Dözdü böhtana da, dözdü şərə də,
Yedi şəkər kimi hər dərdi xalqım.
Azadlıq yolunda ölümlərə də,
Hazır olduğunu göstərdi xalqım.
III Oxucu:Azadlıq verilmir, alınır,
dayan!
Onun elçisidir, ölüm ,qan-qada.
Ölümə , cəfaya hazır olmayan,
Millət hazır deyil azadlığa da.
Yalın əllər ilə tanklar üstünə,
Atılan cavanlar eşq olsun sizə!
Siz təsdiq etdiniz azadlığın da
Halal olduğunu millətimizə !
I Aparıcı :Şəhidlik, həqiqətən də, qeyrət və hünər zirvəsidir. Hər kəsin də taleyinə
bu müqəddəsliyə qovuşmaq yazılmır. Bəlkə də ona görə Şəhidlər
xiyabanı nəsillərin əbədi ziyarətgahına çevrilir. Həmişə onlarla fəxr edirik.
Hər kəs bir ömrün sahibidir. Az-çox yaşamağından asılı olmayaraq bir gün
son gəlir. Şəhidlər isə adilikdən çox uzaqdırlar. Onlar ölməzliyə qovuşublar.
Nura qənşər bir yolun əbədi yolçularıdır:
Boy verir ürəkdə hünər nəğməsi,
Nəsillər dinləyir bu məğrur səsi.
Şəhidlər - Vətənin qələbə rəmzi,
Şəhid oğulları Vətən yaşadır!
I I Aparıcı :Azərbaycan bizə ulu babalarımızın müqəddəs əmanəti, ərmağanıdır. Bu
torpağın hər bir qarışı ölüm-dirim çarpışmalarında şəhid olmuş ata-
babalarımızın qanından yoğrulmuşdur. Odur ki, bu gün damarlarında ulu
babalarımızın qanı axan hər bir azərbaycanlı torpağını, azadlığını qanları,
canları bahasına qorumağa hazırdır.
II Aparıcı :Ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin
Azərbaycan ordusunun daha da qüdrətlənməsi, ən müasir döyüş
silahları ilə təchiz edilməsi üçün həyata keçirdiyi siyasətin nəticəsidir ki,
bu gün Milli Ordumuz düşmənin hər hansı bir təcavüzünə layiqincə
cavab verməyə qadirdir.
I Aparıcı :İnanırıq ki, biz, şəhidlərin ruhunu sevindirəcək, onların səpdiyi azadlıq
toxumunun cücərtilərini göyərdəcək, Qarabağ torpağını, eləcə də işğal
altında olan bütün torpaqlarımızı düşməndən azad edəcək, şəhidlərimizin
qisasını alacağıq. Azərbaycanı bir daha dünyaya layiqincə tanıdacağıq.
İgid oğulların qəhrəmanlığı,
Tanıdar xalqını bütün cahana.
Vətənçün canından keçən oğullar,
Azadlıq bəxş edər Azərbaycana!
( Son )
Tədbirlərin keçirilməsinə kömək məqsədilə vəsaitə ədəbiyyat siyahısı əlavə edirik.
ƏDƏBİYYAT:
-
Kəngərli,Q. Qanlı Şənbəyə gedən yol.Xronika.-Bakı : Azərbaycan Ensiklopediyası, 1997.- s.64
-
Vəliyev, İ. Qara gündəlik .- Bakı : Azərbaycan Ensiklopediyası,1997.-134s
-
Qəhrəmanov, P.Cəlladımız zalım idi...-Bakı :Azərbaycan Ensiklopediyası,1997.- 144 s.
-
Vahabzadə ,B .Şənbə gecəsinə gedən yol.-Bakı: Azərnəşr.-334s.
-
Vahabzadə, B. Eşq olsun sizə //Seçilmiş əsərləri. iki cilddə. II cild.- Bakı: “ Öndər “,2004.- s.283- 288.
-
Kəsəmənli, N. 20 yanvar //Seçilmiş əsərləri.-Bakı : “ Şərq- Qərb”, 2004 .-s.244-245.
-
Aslan, M.Ağla , qərənfil ağla //Seçilmiş əsərləri .- Bakı: “ Avroasiya Pres “, 2006.- s.88-93.
-
Aslan, M. Məzarsız şəhidə ağı //Seşilmiş əsərləri.- Bakı: “ Avroasiya Pres, 2006.-s.96-97
-
Rüstəmxanlı , S.Ölümün görüşünə gedən qız //Seçilmiş əsərləri .-Bakı: “ Şərq- Qərb “, 2004.- s194-196.
-
Həsənzadə, N. Şəhidlər xiyabanı // Seçilmiş əsərləri .-Bakı :” Şərq-Qərb “, 2004.- s .40-41.
-
Qabil . Mərsiyə: 20 yanvar şəhidlərinə // Seçilmiş əsərləri.- Bakı :” Şərq- Qərb”, 2004 .-s.110-111.
-
Yaqub , Z .Şəhid qanı //Seçilmiş əsərləri iki cilddə.cI.-Bakı : “ Şərq-
Qərb”,2006.- s.86
Dövri Mətbuat:
-
Əliyeva Nurlana. Milli Azadlıq arzusunun oyanış günü- 20 yanvar
[ Mətn] / N .Əiyeva //Səs.-2014.- 15 yanvar.-s.7
-
Abbaslı Tahir. O gecə... (qanlı yanvar)[ Mətn] / T. Abbaslı //Mədəniyyət .- 2014.- 17 yanvar.-s.6
-
Tağıyeva Süsən . Şəhidlər unudulmur, qəhrəmanlar yaddan çıxmır
[ Mətn ] / S. Tağıyeva // İki Sahil .- 2014.-22 yanvar .-s.20
-
Abdullayeva Tərlan. 20 yanvar şəhidlərinin ruhu bizi qəhrəmanlığa səsləyir [ Mətn] T. Abdullayeva // Əkinçi .- 2014.- 20 yanvar.- s.2
Tərtib etdi: Metodika və biblioqrafiya şöbəsinin müdiri R. Xəlilova
Dostları ilə paylaş: |