Nöqtələr
◘Həcdə qurbanlıq üçün hədiyyə olunan əlamətsiz heyvan “hədy” adlanır. “Qəlaid” isə həcc mərasimindən öncə boynundan bir şey asılmaqla və ya damğalanmaqla həcc qurbanlığı nişanı vurulan heyvanlardır.
◘Allah-təala bu ayənin əvvəlində bütün mərasimlərə hörməti vacib və onlara ehtiramsızlığı haram buyurmuşdur. Amma mərasimlər arasında bir neçə hal xüsusi qeyd edilmişdir. O cümlədən: rəcəb, zil-qədə, zil-hiccə, məhərrəm ayları. Bu aylarda döyüş haram buyurulmuşdur. Zih-hiccə ayında həcc əməlləri yerinə yetirilir. “Hədy” nişansız, “qəlaid” isə nişanlı qurbanlıqdır.
◘Hicri altıncı ildə müsəlmanlar Mədinədən Məkkəyədək həcc məqsədi ilə səksən fərsəx yol adladılar. Amma kafirlər bu işə mane oldular. Hüdəybiyyə sülhü önə gəldi. Məkkə ki, fəth olunmuşdu, təcavüzə yol verilməməli idi.
◘Elm təhsili “birr”, yəni yaxşı işdirsə, mədrəsə, kitab, kitabxana, laboratoriya, nəqliyyat və ustad təminatı da bu işə yardımlardandır.
Yaxşılıq və paklıqda yoldaşlıq və yardım
◘“Bəqərə” surəsinin 177-ci ayəsində “birr”in bəzi nümunələri bəyan olunmuşdur: Allaha və qiyamət gününə, mələklərə və səmavi kitablara, peyğəmbərlərə və övliyalara iman, cəmiyyətdəki məhrumlara kömək, peymanlara sədaqət, işlərdə səbir.
◘Çoxsaylı rəvayətlərdə yaxşılığa yardım, məzlumlara və məhrumlara kömək sifariş olunmuşdur. Bununla yanaşı, zalımlara kömək qadağan edilmişdir. Burada təbərrük olaraq bir neçə hədis zikr edirik:
“İmam Sadiq (ə) buyurmuşdur: “Başqalarına yardım üçün addım atan şəxsin mücahid və döyüşçü savabı var.”1 “İnsan xalqa yardım göstərmək fikrində olana qədər Allah ona yardım edir.”2 “Müsəlmanın yardım göstərməsi bir ay müstəhəb oruc və etikafdan üstündür.”1 “Zalıma yardım göstərən şəxs özü də zalımdır.”2 “Zalıma hətta məscid tikməkdə belə kömək etməyin.”3
Bildirişlər
1. Allahın möminlərdən xüsusi bir intizarı var.
2. İlahi mərasimlərə və nişanələrə ehtiram iman əhlinin vəzifəsidir.
3. İlahi mərasimlərə və nişanələrə qarşı hörmətsizlik haramdır.
4. Zamanın ayrı-ayrı dönəmləri fərqlidir. Bəzi günlərin “əyyamullah” (Allah günləri) və bəzi ayların haram aylar kimi xüsusi hörməti var.
5. İlahi məqsəd yolunda ayrılmış heyvana da hörmət lazımdır.
6. Allah evinin yolçularına ehtiram göstərilməlidir. (Allah evi ziyarətçilərinin ehtiram və əmin-amanlığını pozan istənilən bir proqram haramdır. İstər həcc səfəri olsun, istərsə də ümrə.)
7. Həcdə əsil məqsəd Kəbənin ziyarətidir.
8. Həcc və ümrə dünya və axirəti qazanmaq üçün bir yoldur.
9. Halal fayda ardınca getmək bir dəyərdir. Quran Allah fəzlini ilahi razılıq və yaxınlıqla yanaşı tutmuşdur.
10. İslam ölkələri üçün Məkkədə iqtisadi fəaliyyət və tacarət azaddır.
11. Maddi faydalar Allahın insana fəzli və ilahi rübubiyyət şənindəndir.
12. Müəyyən dövrdə başqalarının düşmənçiliyi bizə başqa bir dövrdə zülm və təcavüzə əsas vermir.
13. Ədalətsizlik və həddi aşmaq haramdır. Düşmənlərlə münasibətdə də bu prinsip gözlənilir. (İntiqam alarkən də ədaləti gözləyin.)
14. Dini hisslər zülm üçün bəhanə ola bilməz.
15. Əhdlərə vəfa, ilahi mərasimlərin hörmət və müqəddəsliyinin qorunması yardıma ehtiyaclıdır.
16. Başqalarının xatalarına göz yummaq yaxşılığa yardım yollarından biridir.
17. İslam hökuməti və islami cəmiyyət beynəlxalq səhnədə məzlumları və yaxşı işləri himayə, zülm və pislikləri məhkum etməlidir.
18. Fəzilətlərin hərtərəfli inkişafı üçün şərait hazırlanmalı və həmin məqsədə çatmaq yolunda yardım göstərilməlidir.
19. Qəbilə, məntəqə, irq və dil yox, həqiqət himayə olunmalı “birr”ə yardım edilməlidir.
20. İslam cəmiyyətində xeyirxah fərd tənha deyil və zalımın yardımçısı yoxdur.
21. İlahi nişanələrin müqəddəsliyini sındırıb, pisliyə kömək göstərən kəslər ilahi cəzaya hazırlaşmalıdırlar.
3. ﴿حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلاَّ مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَن تَسْتَقْسِمُواْ بِالأَزْلاَمِ ذَلِكُمْ فِسْقٌ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ﴾
“Ölü heyvan, qan, donuz, Allahdan qeyrisinin adına kəsilmiş heyvan, boğulma, döyülmə, yıxılma, buynuzla vurulma səbəbindən ölmüş heyvan, yırtıcıların parçaladığı heyvan (ətini yemək) sizə haram edilmişdir. (Yırtıcı tərəfindən öldürülməmiş) şəri qaydada kəsilənlər istisnadır. Eləcə də, bütlər üçün kəsilmiş və ya qumar oxları vasitəsi ilə bölünmüş heyvanlar haramdır. Bütün bunlar Allaha itaətsizlikdir. Bu gün (hicri onuncu il, zil-hiccə ayının on səkkizinci günü Həzrət Əli (ə) Allahın əmri ilə Peyğəmbərə (s) canişin seçildi) kafirlər sizin dininizdən (onun məhv olmasından) məyus oldular. Onlardan yox, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim və Öz nemətimi sizin üçün tamamladım.
İslamı sizin üçün din olaraq seçdim. Hər kəs aclıqdan əziyyət çəksə, günaha meyl etmədən (haram olmuş qidalardan bəhrələnə bilər), həqiqətən, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
◘Əvvəlki ayədə bəyan olundu ki, dördayaqlıların ətindən faydalanmaq halaldır. Yalnız bəzi hallar istisna olundu. Bu ayədə haram ətlərdən on növü haqqında danışılır.
◘“Münxəniqə” boğulmuş heyvana deyilir. Heyvanın öz-özünə, insan və ya heyvan tərəfindən boğulmasının fərqi yoxdur. “Məvquzə” zərbə və kötəklənmə ilə öldürülən heyvana deyilir. Bütpərəst ərəblər bütlərə hörmət əlaməti olaraq bəzi heyvanları ölənədək döyürdülər. Onlar bu işi bir növ ibadət sayırdılar.1 Mutərəddiyə” hündürlükdən yıxılmış heyvana, “nətihə” buynuzlanıb öldürülmüş heyvana deyilir.
◘Bu ayədə adı çəkilənlərin haram edilməsi “Ənam”, “Nəhl”, “Bəqərə”, surələrində zikr olunmuşdur. Bu ayədə isə ölü heyvan nümunələri (boğulmuş, döyülmüş, buynuzlanmış) bəyan olunmuşdur.
◘İmam Baqir (ə) buyurmuşdur: “Vilayət son ilahi vacibdir.” Sonra imam uyğun ayəni oxumuşdur.2
◘Bütlər formaya malik heykəllər idi. “Nusub” isə Kəbə ətrafında düzülmüş formasız daşlara deyilirdi. Onların qarşısında qurban kəsilir və qurbanlığın qanı onların üzərinə yaxılırdı.
Quranda “Qədir-Xum”
◘Bu ayədə iki fərqli mövzu bəyan olunmuşdur. Bu mövzulardan biri haram ətlərin qadağasına aiddir. Yalnız istisna hallarda bu ətlərdən faydalanmaq caiz sayılır. Digər mövzu dinin kamilləşməsi və kafirlərin dinin puça çıxmasından məyus olması haqqındadır. Bir neçə dəlil sadalayaq:
a) Kafirlərin dindən məyus olmasının haram ətlərin yeyilib-yeyilməməsi ilə heç bir əlaqəsi yoxdur.
b) Bu ayənin nüzul şəni haqqında şiə və sünnilər tərəfindən nəql olunmuş bir rəvayətdə kafirlərin məyus olması və dinin kamilləşməsi məsələlərindən danışılarkən əvvəlki və sonrakı məsələlərə toxunulmamışdır.
v) Şiə və sünni rəvayətlərinə əsasən, ayənin “bu gün dininizi kamil etdik” hissəsi Qədir-Xumda Əli ibn Əbi-Talib (ə) imamət məqamına təyin olunduqdan sonra nazil olmuşdur.
q) Uyğun məsələni nəqli dəlillərdən əlavə, əqli təhlillər də təsdiqləyir. Çünki haqqında danışılan günün dörd xüsusiyyəti bəyan olunmuşdur: Kafirlərin məyus olma günü, dinin kamilləşmə günü, ilahi nemətlərin xalqa tamamlanması günü, İslamın bir din olaraq Allah tərəfindən bəyənilməsi günü. Əgər İslamın tarixi günlərini araşdırsaq, görərik ki, uyğun gün haqqında sadalanan dörd səciyyə - besət, hicrət, Məkkənin fəthi, döyüşlərdə qələbə günləri haqqında danışılarkən qeyd olunmamışdır. Hətta son həcc günü də uyğun gün kimi əhəmiyyətli sayılmamışdır. Çünki həcc bütöv din yox, dinin bir hissəsidir.
–Besət günü həzrət Peyğəmbərin (s) risalətinin başlanğıc günüdür. İlk besət günündə dinin kamil olmasından danışmağa dəyməz.
–Hicrət günü Peyğəmbərin (s) Allah əmri ilə Məkkədən hicrət etdiyi gündür. Həmin gün kafirlər peyğəmbərin evinə hücum etdilər. Belə bir gündə onların məyus olduğu ehtimal edilə bilməz.
–Bədr, Xəndək və bu kimi başqa döyüşlərdə bir dəstə kafir məyus olsa da, bu məyusluğu bütün kafirlərə aid etmək olmaz. Bu ayədə isə bütün kafirlərin məyus olduğu bildirilir.
–Vida həcci günü xalq həzrət Peyğəmbərdən (s) bütün dinin yox, həccin qaydalarını öyrəndilər. Quran isə məhz haqqında danışdığımız ayədə dinin kamil olmasını bildirir.
–Qədir-Xum günü Allah-təala Həzrət Əlini (ə) Peyğəmbərə (s) canişin təyin etdi. Uyğun dörd xüsusiyyət yalnız bu gün haqqında sadalanmışdır.
–Kafirlərin məyusluq səbəbi onların Peyğəmbəri (s) qətlə yetirmək planlarının baş tutmaması ilə bağlı idi. Onların yeganə ümidi Peyğəmbərin (s) ölümü idi. Əli ibn Əbi-Talibin (ə) canişin seçilməsi qəti şəkildə göstərdi ki, hətta Peyğəmbərin (s) ölümündən osnra da din məhv olmayacaq. Çünki Əli ibn Əbi-Talib (ə) kimi bir şəxs Peyğəmbərin (s) canişini və İslam ümmətinin rəhbəri təyin olunmuşdur. Yalnız bu məsələ bütün kafirləri məyus edə bilərdi.
–Əgər bütün qanunlar müəyyənləşdikdən sonra ümmət və cəmiyyət üçün məsum rəhbər təyin olunmasaydı, qanunlar icraya qoyulmazdı. Məsum rəhbər isə məhz həmin gün təyin olundu və din kamala çatdı.
–Həmin gün Quran ən böyük nemət olan rəhbərlik və hidayət nemətini təqdim etdi. Bununla da nemətlər tamamlandı. Əgər Peyğəmbər (s) dünyasını dəyişib, xalqı başsız qoyardısa, bu iş məntiqi olmazdı. Hətta çoban da öz sürüsünü nəzarətsiz qoymur. İlahi rəhbər təyin olunmadan nemətlər tamamlana bilərdimi?!
–Yalnız kamil qanun və ədalətli rəhbər Allahın razılığına səbəb ola bilərdi.
Hər hansı bir gündə uyğun “dörd xüsusiyyətlərdən biri olarsa, həmin günü “əyyamullah”, yəni Allah günü saymaq olar. Qədir günündə isə həmin xüsusiyyətlərin dördü də vardı. Ona görə də Əhli-beyt (ə) rəvayətlərində Qədir bayramı ən böyük bayramlardan sayılmışdır.
Bəzən bir işin təsiri onun tam halda yerinə yetirilməsindən asılı olur. Məsələn, insan azandan bir an qabaq iftar etsə, oruc batil olur. Ona görə də oruc haqqında danışılarkən “tamam” sözündən istifadə olunur. Bəzən isə işin hər bir hissəsi ayrıca təsirə malik olur. Məsələn, Quran ayələri bütövlüklə tilavət olunduqda kamil sayılsa da, ondan bir hissəsinin oxunmasının da savabı var. Bəzən müəyyən işlərdə bir şərt ödənmədikdə naqislik yaranır. Məsələn, təyyarəçi və sürücü sükan arxasında olmadıqda təyyarə və ya avtomobil tamamilə səmərəsiz olur. Həqiqi rəhbərlik və vilayət də belədir. Bu həqiqət insanı Allaha bağladığından, o olmadıqda nemətlər bədbəxtliyə dönür və insanı Allaha çatdırmır.
◘“Bəqərə” surəsinin 109-cu ayəsində kafirlərin müsəlmanları onların öz əli ilə azdırmaq meyli bəyan olunmuşdur. Allah-təala buyurur ki, ilahi əmr gələnədək səbir edin. Beləcə, müsəlmanlar kafirləri məyus edəsi qəti bir hökm intizarında idilər. Nəhayət, uyğun ayə nazil oldu.
İslamda qidalanmaya bir baxış
◘İslam ədalət məktəbidir və orta həddi əsas götürür. İslam nə qərblilər kimi ət istifadəsində ifrata varır, nə də buddistlər kimi əti haram sayır. İslam çinlilər kimi istənilən bir ətin istənilən bir şəkildə yeyilməsini caiz bilmir. İslamda ətdən istifadə üçün şərtlər və hədlər müəyyənləşdirilmişdir. O cümlədən:
a) Ət yeyən heyvanların əti ilə qidalanmayın. Bu ətlərdə müxtəlif mikroblar və zərərlər vardır.
b) Yırtıcıların ətini yeməyin, bu ətlər sizin ruhunuzda vəhşilik yaradır.
v) Hamının nifrətlə qarşıladığı iyrənc heyvanların ətindən istifadə etməyin.
q) Allahın mübarək adı ilə kəsilməmiş heyvanların ətindən yeməyin.
e) Ölü heyvanın ətini yeməyin. Çünki heyvan ölən zaman onun orqanizmində qalmış qan müxtəlif fəsadlar və zəhərlənmələr törədə bilər. Ona görə də boğulmuş, buynuzlanmış, hündür yerdən yıxılmış, döyülmüş, parçalanmış, eləcə də, ölən zaman qanı tam şəkildə axmamış heyvanların əti İslam tərəfindən haram buyurulur.1
◘Əti haram olan heyvanlardan yalnız donuzun adı bu ayədə çəkilmişdir. Çünki donuz əti çox yeyilən bir ət idi.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Kim belə ətdən istifadə etdisə, zəifliyə, arıqlığa, süstlüyə, sonsuzluğa, infarkta və qəfil ölümə düçar oldu.”
◘Qan içmək cahiliyyət ənənəsi idi. Bu iş qəlbi bərkidir, rəhimsizlik yaradırdı. Belə ki, qan içmək nəticəsində ata-ananı öldürmək övlada asan olurdu. Qan içən şəxs dost-tanış tanımaz.2 Buna görə də qan içmək haramdır. Amma onun köçürülməsinin eybi yoxdur.
◘Sual: Ətindən istifadə məqsədi ilə heyvanın öldürülməsinə icazə verilməsi Allahın rəhməti ilə uyğun gəlirmi?
Cavab: Dəyişmə və çevrilmə yaranışın əsasını təşkil edir. Torpaq ot, ot heyvan olur. Heyvan (qidalanma yolu ilə) insana çevrilir və bu dəyişikliklərin nəticəsində inkişaf baş verir.
Dostları ilə paylaş: |