Bildirişlər
1. Hökumətin vəzifəsi şəhərlərin, əyalətlərin, yolların əmin-amanlığını qorumaq, asayişi pozanlarla mübarizə aparmaqdır.
2. Allahın məxluqu ilə döyüş Allahla döyüşüdür. Xalqın tərəfdarı Allahın tərəfdarıdır.
3. Peyğəmbərin göstərişindən çıxıb onunla mübarizəyə qalxmaq Allahla mübarizəyə qalxmaqdır.
4. Cəmiyyətin əmin-amanlığını pozanlar üçün bir neçə növ cəza nəzərdə tutulmuşdur: edam, sürgün, əl-ayağın kəsilməsi, dara çəkilmə.
5. Ağır cəza təsadüfi günah üçün yox, zalımlar üçün nəzərdə tutulmuşdur. (Müzare fel davam bildirir.)
6. Allahın rəsulunun vilayətinə (hökumətinə) qarşı çıxıb onu süquta uğratmaq istəyənlər ən ağır cəzaya layiqdirlər.
34. ﴿إِلاَّ الَّذِينَ تَابُواْ مِن قَبْلِ أَن تَقْدِرُواْ عَلَيْهِمْ فَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ﴾
“O kəslər istisnadır ki, sizin əlinizə keçməmişdən qabaq tövbə etmiş olsunlar. Bilin ki, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
◘Müsəlmanları hədələyən, onların üstünə silah çəkən kəs qətl baş verməsə də, rəvayətlərə əsasən, yer üzündə fəsad törədən sayılır. Bu ayədə həmin şəxslərin tövbəsindən danışılır. Demək, hücum çəkənin və fəsadçının tövbəsi qətl-qarətə yox, qorxutmaya aiddir. Yəni tövbəyə görə xalqın haqqı yox, Allahın haqqı bağışlanır. Çünki haqqı haqq sahibi bağışlaya bilər. Hücum edənin hökmü hücum edib qətl-qarət törədənin hökmündən fərqlənir.2 Yəni qatil hücumçu tövbə etdikdə qisas haqqı yerində qalır. Amma hücum edən şəxs yalnız qorxu yaratmışdırsa, tövbə ilə cəzadan qurtulur.
◘İlahi cəzalarda intiqam yox, fərd və cəmiyyətin tərbiyə və islah məqsədləri var. Günahkar tövbə etməlidir və bu tövbənin təsiri var.
◘Cəzanı aradan götürmək üçün həqiqi tövbəyə ehtiyac var. Günahkarın əxlaq, rəftar və danışığında tövbənin təsiri görünməli və ya ədalətli şəxslər bu tövbəni təsdiqləməlidirlər.
Bildirişlər
1.Tövbə qapısı hamının üzünə açıqdır.
2. Həbs olunmamış, dara düşməmiş qılınan tövbə təsirlidir.
3. Allahın bağışlamasına inanaq.
4. Allahın bağışlaması məzəmmət və təhqirlə yox, Onun rəhməti ilə müşayiət olunur.
35. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ﴾
“Ey iman gətirənlər! Allahdan çəkinin və Ona doğru (yaxınlaşmaq üçün) vəsilə axtarın. Onun yolunda cihad edin. Bəlkə nicat tapasınız.”
Nöqtələr
◘Həzrət Əli (ə) buyurur: “Allah və onun peyğəmbərinə inam, Onun yolunda cihad, ixlas kəlməsi, namazın bərpası, zəkat ödəmək, ramazan ayında oruc tutmaq, həcc, ümrə, sileyi-rəhm (yaxınları yoxlamaq) gizli və aşkar infaqlar, yaxşı işlər Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitələrdir.1
◘Əhli-beyt (ə) həmin möhkəm ip və Allaha yaxınlaşma vasitəsidir.2
◘Təvəssül (vasitə seçmək) haqqında İbn Həcərin “Səvaiq”, Beyhəqinin “Sünən”, Darəminin “Səhih”, “Vəfaül-Vəfa” kimi sünni mənbələrində danışılmışdır. Bir çox Quran ayələrində də təvəssül məsələsinə toxunulmuşdur.3
Bildirişlər
1. İman, təqva, şəfaət və cihad səadət və qurtuluş yoludur.
2. Nicat tapmaq üçün həm günahları tərk etmək, həm də buyuruqlara itaət etmək lazımdır.
3. Bütün xeyir işlər səadət üçün həm zəmin, həm də vasitədir. (Əlbəttə ki, əgər günahlar həmin zəminəni aradan qaldırmasa.)
36. ﴿إِنَّ الَّذِينَ كَفَرُواْ لَوْ أَنَّ لَهُم مَّا فِي الأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُواْ بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ﴾
“Həqiqətən, kafir olan kəslər qiyamət günü əzabdan qurtulmaq üçün bütün yer üzündə olanları əldə edib fidyə versələr belə, onlardan qəbul olunmaz. Onlar üçün dərdli əzab var.”
37. ﴿يُرِيدُونَ أَن يَخْرُجُواْ مِنَ النَّارِ وَمَا هُم بِخَارِجِينَ مِنْهَا وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ﴾
“Onlar cəhənnəm odundan çıxmaq istəyirlər. Halbuki oradan çıxası deyillər və onlar üçün daimi əzab var.”
Nöqtələr
◘Qiyamətdə bütün qurtuluş yolları bağlanmışdır. İlahi rəhmət təqva sahiblərinə məxsus olduğundan kafirlər nə ilahi rəhmətdən bəhrələnərlər4 və həmçinin şəfaət Allahın razı qaldığı kəslərə məxsus olduğundan,5 nə də şəfaətdən kam alarlar. Bundan əlavə, qiyamətdə ölümdən xəbər yoxdur. Çünki od daimidir və ölüm haqqında istəklər qəbul olunmur.1
Bildirişlər
1. Var-dövlət yalnız dünyada kara gəlir. Axirətdə sərvətin heç bir səmərəsi yoxdur.
2. Qiyamət günü ilahi mühakimədə fidyə (günahın əvəzində cərimə) qəbul olunmur.
3. Səadətin əsl amili insandan kənarda (mal və sərvətdə) yox, insanın batinindədir. (İman, təqva, cihad)
4. Kafirlərin əzabı nə fidyə verməklə aradan qalxar, nə də zaman ötdükcə tükənər.
5. Dünyada bir belə xəbərdarlıq və təbliğatla şirk və cəhalət zülmətindən çıxmayan insan axirətdə də cəhənnəmdən çıxmayacaq.
38. ﴿وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُواْ أَيْدِيَهُمَا جَزَاء بِمَا كَسَبَا نَكَالاً مِّنَ اللّهِ وَاللّهُ عَزِيزٌ حَكِيمٌ﴾
“Kişi və qadın oğrunun gördükləri işə görə əllərini kəsin. Bu, Allah tərəfindən bir cəzadır və Allah iqtidar və hikmət sahibidir.”
Nöqtələr
◘“Nəkal” çəkindirən iş mənasını bildirir. İslamın cəza qanunları insanları günahdan çəkindirmək üçündür. Bu qanunlarda intiqam məqsədi yoxdur. “Nəkal” elə bir cəzadır ki, başqalarının ibrət götürməsinə səbəb olur.2
◘Bu ayədə əvvəlcə oğru kişi, sonra oğru qadın zikr olunur. “Nur” surəsinin 2-ci ayəsində isə zina hökmündən danışılarkən əvvəlcə zinakar qadın, sonra zinakar kişi yada salınır. Bəlkə də bu ardıcıllığın səbəbi oğurluqda kişinin, zinada qadının daha çox rol oynamasıdır.
◘Min il öncənin alimlərindən olmuş mərhum Seyyid Mürtəza Ələmül-Hüdadan soruşdular: “Nə üçün şəriətdə beş yüz misqal qızıl diyəsi (dəyəri) olan əl dörddə bir misqal oğurluğa görə kəsilir?” Alim belə cavab verir: “Əmanət əlin qiymətini qaldırır, xəyanət isə bu qiyməti aşağı salır.”
◘Rəvayətlərə əsasən, oğrunun yalnız dörd barmağı kəsilə bilər. Baş barmaq və ovuc qalmalıdır. Oğrunun əli yalnız ən azı dörddə bir dinar (dörddə bir misqal qızıl) oğurlandığı zaman kəsilə bilər. Eləcə də oğurlanmış mal qorunan bir yerdə olmalıdır. Karvansara, hamam, məscid kimi ümumi məkanlardakı oğurluğa görə əl kəsilmir. Eləcə də, oğru oğurluğa görə əlin kəsilməsi qanunundan xəbərdar olmalıdır. Qəhətlik dövründə zora düşüb oğruluq edən insanın əli kəsilmir. Əlbəttə ki, oğrunun əli kəsilməyən bütün hallarda başqa cəzalar nəzərə tutulur. Bu mövzuda fiqh kitablarından ətraflı məlumat almaq olar.3
◘İslam Peyğəmbəri (s) namazda oğurluğu, yəni onun rüku və səcdələrinin naqis yerinə yetirilməsini ən pis oğurluq saymışdır.1
◘Bütün bu hökmlərin icrası üçün hökumətə, qüdrətə, nizama və təşkilata ehtiyac var. Bəli, İslam hökumət və siyasət dinidir.
◘İslam əlin kəsilməsindən daha çox çalışmağın əhəmiyyəti və zəruriliyi, beytül-mal və digər yollarla yoxsulların maddi ehtiyaclarının təmini haqqında danışır. Amma hər hansı çətinlik yoxsul şəxs üçün oğurluğa bəhanə ola bilməz.2
◘Dünyanın məhkəmə sistemi yalnız həbs və cərimələrlə kifayətləndiyindən oğurluqla mübarizədə acizdir.
◘Əlin kəsilməsi oğru üçün daimi bir xəbərdarlıq və başqaları üçün ibrətdir.
Dostları ilə paylaş: |