◘Əvvəlki ayədə Allaha itaət, məsumun rəhbərliyi, peyğəmbərin hakimiyyəti, bu ayədə isə İslam ümməti və haqq rəhbərliyin ayıqlığı və hərbi hazırlığının zəruriliyi bəyan olundu.
◘Ayədəki “hizr” sözü ayıqlıq, hazırlıq, müdafiə vasitəsi mənasını bildirir. Dağınıq dəstələr (düşməni çaşdıran partizan dəstələri) ayədə “subat” adlandırılmışdır.
◘Müsəlmanlar öz ölkələrinin sərhədlərini hifz etməlidirlər. Bu ayəyə əməl edilməsi izzət rəmzi, ayədən qəflətdə qalmaq isə süqut və müsəlmanların məğlubiyyət nişanəsidir.
Bildirişlər
1. Müsəlmanlar bütün hallarda hazır və ayıq olmalıdırlar. Müsəlmanlar düşmənin planlarından, canlı qüvvəsindən, döyüş texnikasından, psixoloji hazırlığından, daxili və xarici əlaqələrindən agah olmalı və bu məlumatlara münasib planlar cızıb əməl etməlidirlər.
2. Hərbi hazırlıq iman sayəsində dəyərli olur.
3. Müsəlmanlar səfərbər olmalıdırlar.
4. Düşmənə qarşı müxtəlif taktikalardan istifadə olunmalıdır.
5. Səfərbərlik və mübarizə üsulunu özünüz seçin.
72. ﴿ وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُم مُّصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللّهُ عَلَيَّ إِذْ لَمْ أَكُن مَّعَهُمْ شَهِيدًا ﴾
“Həqiqətən, sizdən bəziləri həm özləri süst olur, həm də mücahidlərin süstlüyünə səbəb olurlar. Sizə bir çətinlik üz verəndə deyirsiniz: “Allah mənə minnət qoyub ki, onlarla birlikdə (cəbhədə) olmadım, (ya da onlarla birgə şəhadətə çatmadım.)”
Nöqtələr
◘Əvvəlki ayədə xarici düşmənlərin təhlükəsi bəyan olundu. Bu ayədə isə daxili düşmənlər, nüfuz amilləri və münafiqlər haqqında danışılır.
◘Ayədəki “yubəttiənnə” sözü “bət” kökündən olub süstlük mənasını bildirir. Dilçilər bu sözün həm süst hərəkət, həm də süst hərəkətə çağırış mənasını verdiyini qeyd edirlər.
Bildirişlər
1. Döyüş səhnəsi zəif imanlı və münafiq fərdləri tanımaq üçün yaxşı vasitədir.
2. Allah münafiqlərin düşüncə və danışıqlarının üzərindən pərdəni götürür.
3. Münafiqlər bəzən mömin cildinə elə girirlər ki, eynən onlar kimi görünürlər.
4. Peyğəmbərin səhabələri arasında ədalət və doğru xətdən uzaq olanlar da var idi.
5. Münafiqlər müsəlmanların ruhiyyəsini zəiflədən amildirlər. Onları tanımaq və cəbhəyə buraxmamaq lazımdır.
6. Münafiqlər döyüşdə iştirak etməməyi, cəbhədən qaçmağı və ölümdən qurtuluşu müvəffəqiyyət və səadət sayırlar.
7. Hər rifah əbədi, ilahi lütf və nemət deyildir.
8. Möminlərlə çiyin-çiyinə çətinliyi dadmaq nemətdir. Möminlərdən kənardakı rifah isə nemət deyildir.
73. ﴿ وَلَئِنْ أَصَابَكُمْ فَضْلٌ مِّنَ الله لَيَقُولَنَّ كَأَن لَّمْ تَكُن بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيتَنِي كُنتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا ﴾
“Əgər Allah tərəfindən sizə bir fəzl və qənimət yetişsə, aranızda dostluq yoxmuş kimi (sizə gələn xeyiri öz xeyiri saymayaraq) deyəcək: “Kaş ki, cihadda onlarla olaydım ki, böyük qurtuluşa yetişəydim.”
Nöqtələr
◘Fəzl və qənimət barədə danışılarkən Allahın adı çəkilir. Amma əvvəlki ayədə çətinliklər zikr olunanda Allahın adı tutulmurdu. Aydın olur ki, Allahdan bizə yalnız fəzl və rəhmət nazil olur.
Bildirişlər
1. Döyüşdə qələbə və qənimətlər Allahın fəzlindəndir.
2. Dünyəvi mənafeyə görə münafiqlər mənəviyyatı əldən verirlər.
3. Münafiqin arzuları sidq-qəlbdən deyil.
4. Münafiqlər yalnız dünyəvi qazanc güdürlər. Onlar çətinliklər zamanı deyirlər: “Allah lütf etdi ki, biz onlarla olmadıq.” Möminlər qələbə və qənimət əldə etdikdə isə münafiqlər belə deyirlər: ” Kaş onlarla olaydıq.”
5. Qənimətdə möminlərə şərik olub, qəm-qüssədə onlardan kənar dayanmaq istəyi münafiq xislətidir.
6. Münafiqlərin nəzərində qurtuluş dünya rifahına çatmaqdır.
74. ﴿ فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللّهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالآخِرَةِ وَمَن يُقَاتِلْ فِي سَبِيلِ اللّهِ فَيُقْتَلْ أَو يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا ﴾
“Allah yolunda o kəslər döyüşə qalxmalıdırlar ki, dünya həyatını axirət həyatına satmışlar və Allah yolunda vuruşub öldürülən və ya qalib gələn kəsə tezliklə böyük mükafat verəcəyik.”
Bildirişlər
1. İslamda döyüşün yeganə hədəfi Allahın razılığıdır. İslam döyüşündə fatehlik, istismar və intiqam məqsədi olmur.
2. Cihad elə bir tövfiqdir ki, hamıya verilmir. Dünyapərəstlərin nə cəbhə, nə də şücaət ləyaqətləri var.
3. Böyük cihad dünyapərəstliklə mübarizə, kiçik cihad isə düşmənlərlə mübarizənin müqəddiməsidir.
4. Allah yolunda döyüşən mücahid heç vaxt məğlub olmur.
5. Haqq cəbhəsində fərarilik və məğlubiyyət yox, şəhadət və qələbə nəzərdə tutulur.
6. Münafiqlər yalnız qəniməti dəyərli sayırlar. Quran isə həm qələbə, həm də şəhadəti böyük əcr sayır.
7. Böyük mükafat vədi cəbhəyə üz tutmaq üçün təşviqdir.
8. Axirət həyatı dünya həyatından üstündür. Dünyanı verib, axirəti almaq böyük və dəyərli işdir.
9. Şəhidlə qalib döyüşçünün mükafatı eynidir.
75. ﴿وَمَا لَكُمْ لاَ تُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاء وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَـذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا﴾
“Sizə nə olub ki, Allah yolunda və “Pərvərdigara, bizi əhalisi zalım olan şəhərdən çıxar və Özünə doğru apar, bizim üçün rəhbər qərar ver, Öz tərəfindən bizə yardımçı təyin et” deyən zəif düşmüş kişilər, qadınlar və uşaqlar yolunda savaşmırsınız?!”
Nöqtələr
◘Ayə Məkkə əhlinin təzyiq və işkəncələri altında baş götürüb qaçan müsəlmanlar haqqındadır. Azadlıqları uğrunda cihaddan boyun qaçıranlar məzəmmət olunurlar.
◘Müstəzəflərin kimliyi barədə verilən suallara İmam Sadiq (ə) belə cavab verir: “O kəslər ki, nə mömindirlər, nə də kafir.” 1
Dostları ilə paylaş: |