Bildirişlər
1. Möminlərin kafir hakimiyyətini qəbul etməsi qadağandır. (Əgər dünya müsəlmanları yalnız bu ayəyə əməl etsəydilər, indi İslam məmləkətlərinin vəziyyəti başqa cür olardı.)
2. İslam cəmiyyətində müdiriyyət və rəhbərlik üçün iman əsas şərtdir.
3. Siyasi əlaqələr kafirlərin hakimiyyətinin qəbuluna və onlara qəlbən bağlılığa səbəb olmamalıdır.
4. Hər hansı rabitə və ya rabitənin qırılması düşüncə və əqidə əsasında olmalıdır. Ailə, tayfa və irqi bağlılıqlar rabitə üçün əsas ola bilməz.
5. Hər kəs kafirlərin ardınca getsə, Allah onu özbaşına buraxar və Öz qeybi yardımlarından məhrum edər.
6. Bəzən uca məqsədlərə çatmaq naminə kafirlərlə zahiri əlaqələr qurmaq olar.
7. Təqiyyə dinin hifzi üçündür. Təqiyyə bəhanəsi ilə məbada kafirlərə meyl edəsiniz və təqiyyə adından sui-istifadə olunsun.
8. Din təhlükədə olduğu hallarda hər şey fəda olunmalıdır və Allahdan qeyrisindən qorxmaq olmaz.
9. Məadı xatırlamaq təqvanın ən üstün amilidir.
10. Dünyanın bir neçə günlük ləzzəti və rifahından ötrü məbada kafirlərin hakimiyyətini qəbul edəsiniz. Hamının qayıdışı Allaha doğrudur.
29. ﴿ قُلْ إِن تُخْفُواْ مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللّهُ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأرْضِ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾
“De ki, köksünüzdə olanı gizlətsəniz də, aşkara çıxarsanız da, Allah onu bilir. Allah göylərdə və yerdə olanlardan xəbərdardır. Allah hər şeyə qadirdir.”
◘Təqiyyə ayəsinin ardınca bu ayənin gəlməsi belə bir nöqtəyə işarə ola bilər ki, məbada, təqiyyə adı ilə kafirlərlə məxfi əlaqə bərqərar edəsiniz. Bilməlisiniz ki, Allah sizin bütün düşüncə və niyyətlərinizdən agahdır.
Bildirişlər
1. Təqiyyə adı altında kafirlərlə əlaqə saxlayanlara xəbərdarlıq edin.
2. İnsanın köksü sirlər sandığıdır.
3. Allahın elmi aşkar və ya gizli, yer və ya göy üçün eynidir.
4. Allahın elminə diqqət, dini vicdanın oyanması səbəbi, günah və günaha don geyindirməyin maneəsidir.
5. Göylərin bütün sirlərindən agah olan Allahdan nə gizlətmək olar?!
6. Allahın mütləq qüdrəti Onun müxalifləri hədələməsinin dayağıdır.
30. ﴿يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوَءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَاللّهُ رَؤُوفُ بِالْعِبَادِ﴾
“Elə bir gün ki, hər kəs etdiyi yaxşı işləri hazır görəcək və etdiyi pis işlərlə öz arasında uzaq məsafə olmasını arzulayacaq. Allah sizi (əmri ilə müxalifətçilikdən) çəkindirir. Allah bəndələrlə mehribandır.”
Nöqtələr
◘Əvvəlki ayədə Allahın elm və qüdrətindən danışıldı. Bu ayə isə həmin elm və qüdrətin nümunəsini bəyan edir. Hazırkı ayə “Kəhf” surəsinin 49-cu ayəsinə oxşayır. Həmin ayədə buyurulur: ◘“Qiyamət günü bütün xalq öz əməllərini qarşısında hazır görər”. “Təfsire-Bürhan”da nəql olunur ki, imam Səccad (ə) hər cümə günü peyğəmbər məscidində moizə zamanı xalq üçün bu ayəni tilavət edərdi.
Bildirişlər
1. İnsanın əməlləri yox olub getmir. Həmin əməllər qiyamət günü insanın qarşısında hazır olur.
2. Qiyamətdə əməllərin hüzuruna olan etiqad insanı günahdan çəkindirir.
3. Günahkarlar qiyamət günü öz əməllərindən xəcalət çəkirlər. Amma bunun nə faydası?
4. Dünya həyatında insanın həvəs göstərdiyi bir çox əməllər qiyamətdə onun nifrətinə tuş gələr.
5. Qiyamət günü peşmançılığın faydası yoxdur və arzular həyata keçmir. Ayədəki “ləv” sözü mümkünsüz arzular haqqında işlədilmişdir.
6. Allah qorxusu günaha mane olur.
7. İlahi xəbərdarlıqların qaynağı Allahın məhəbbət və mərhəmətidir.
8. Qorxu və ümid birlikdə tərbiyəvi rola malikdir. Ümid təklikdə qürur doğurur. Qorxu isə təklikdə insanda tənhalıq hissini alovlandırır.
9. Allahın lütf və mərhəməti Onun bütün bəndələrinə aiddir.
31. ﴿ قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ ﴾
“(Ey peyğəmbər,) de ki, əgər Allahı sevirsinizsə, mənə itaət edin, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır.”
Nöqtələr
◘Peyğəmbərin məqamı və ona itaətin zəruriliyi haqqında Quranda oxuyuruq: “Hər kəs peyğəmbərə itaət etsə, Allaha itaət etmişdir.” (“Nisa”, 80) Digər bir ayədə buyurulur: “Ona beyət, Allaha beyətdir.” (“Fəth”, 10)
◘Bir şəxs imam Sadiqə (ə) ərz etdi: “Canım sənə fəda olsun, biz övladlarımıza sizin və ata-babalarınızın adını qoyuruq. Bunun bizim üçün bir faydası varmı?” Həzrət buyurdu: “Məgər din məhəbbət deyilmi?!” Sonra imam Allahın bir buyruğunu dəlil gətirmişdir.1
1. Hər bir iddia əməl vasitəsi ilə sübuta yetir.
2. Allahın övliyalarına itaət Allaha iman şərtidir.
3. Əməldə süst olan insanın əslində məhəbbət sütunları süstdür.
4. Cəmiyyətin islahında mərhəmət hisslərindən faydalanaq.
5. Həzrət peyğəmbərin əməli, sözü və sükutu höccətdir və itaət ediləsidir.
6. Peyğəmbər məsumdur. Qeyri-məsuma nə üçün-niyəsiz itaət əsassızdır.
7. Allah sevgisinə ehtiyac duyursunuzsa, Onun rəsulunun sünnətinə əməl etməlisiniz.
8. İnsan elə bir məqama çata bilər ki, onun razılığı Allahın razılığı olsun, ona itaət Allaha itaət olsun.
9. İlahi dinin bəşər qanunlarından üstünlüyü ondakı məhəbbət ünsürləri, əməl nümunələri və qanunçuluq səlahiyyətidir.
10. Ən üstün mükafat mənəvi mükafatdır. Möminlər üçün ən üstün mükafat Allahın sevgisi və Onun mərhəmətinə layiq olmaqdır.
11. Pisliklərin üzərinə pərdə çəkib, mərhəmətlə rəftar etmək dostluq nişanəsidir.
12. Yaxşı işlər günahların bağışlanması səbəbidir.
13. Peyğəmbərə itaət ilahi əfvə çatmaq səbəbidir.
32. ﴿ قُلْ أَطِيعُواْ اللّهَ وَالرَّسُولَ فإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ لاَ يُحِبُّ الْكَافِرِينَ ﴾
“De ki, Allaha və Onun rəsuluna itaət edin. Əgər boyun qaçırsanız, bilin ki, həqiqətən, Allah kafirləri sevmir.”
Dostları ilə paylaş: |