◘Qeybə iman gətirmiş, namaz, infaq, yəqin əhli olan təqva sahiblərinin mükafatı doğru yol və qurtuluşdur. Doğru yol səadətin ən uca qülləsidir. Çünki Allah varlığı bəşər üçün, bəşəri ibadət üçün, ibadəti təqvaya çatmaq üçün, təqvanı isə doğru yol və qurtuluş üçün yaratmışdır.1
◘Quranda nicat tapmışların aşağıdakı xüsusiyyətləri sadalanır:
a) Cəmiyyətdəki fəsadlara münasibətdə islahla məşğul olanlar;
b) Yaxşılığı əmr, pisliyi qadağan (əmr be məruf və nəhy əz münkər) edənlər;
q) Həzrət peyğəmbərə imandan əlavə, onu himayə edənlər;
v) Xəsislikdən uzaq olanlar2;
d) Qiyamətdə savab yükü ağır olanlar3;
Qurtuluş zəhmətsiz əldə edilmir. Onun şərtləri vardır. Quranda aşağıdakı qeydlər edilmişdir:
–Qurtuluş üçün paklanmaq lazımdır.4
–Qurtuluş üçün cihad lazımdır.5
– Qurtuluş üçün namazda xüşu (mütilik), boş işlərdən çəkinmək, zəkat ödəmək, paklıq, iffət, əmanətdarlıq, əhdə vəfa, namazda davamiyyət zəruridir.
Bildirişlər
1. Həqiqi möminlər üçün Allahın xüsusi hidayəti nəzərdə tutulmuşdur.
2. İman və təqva insanı qurtuluşa çatdırır.
6. ﴿إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ﴾
“Küfr edənlər üçün onları qorxutmağının və ya qorxutmamağının fərqi yoxdur. Onlar iman gətirməyəcəklər.”
Nöqtələr
◘Quran müttəqilərdən sonra kafirləri tanıtdırır. Bu zümrə azğınlıqda, haqqı ört-basdır etməkdə o qədər ciddidir ki, ilahi ayələri qəbul etmək istəmir. “Küfr” sözü örtmək mənasındadır. Əkinçi toxumu, gecə fəzanı örtdüyü üçün onlara da "kafir" deyirlər. Dində isə "kafir" dedikdə ilahi həqiqətləri və ayələri örtənlər nəzərdə tutulur. İnadkar kafirlərdən bir qrupu peyğəmbərlərin dəvəti qarşısında belə dedilər: “Bizə sənin moizə və nəsihətlərinin əsəri yoxdur. Sənin nəsihət verib-verməməyinin bizim üçün fərqi yoxdur.”1
◘Əgər münasib şərait olmazsa, peyğəmbərlərin dəvəti təsirsiz qalar. Yağışın təsirindən münbit torpaqda lalə, şoranlıqda tikan bitir.
Bildirişlər
1. İnadkarlıq, cahilanə təəssüb insanı cansız cismə döndərir.
2. Kafirlərin təbliğ yolu qorxutmaqdır. Əgər qorxutmaq və xəbərdarlıq insana təsir etmirsə, müjdə və vədə də təsirsiz olasıdır.
3. Bütün xalqın iman gətirməsi intizarında olmayın.2
7. ﴿خَتَمَ اللّهُ عَلَى قُلُوبِهمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عظِيمٌ﴾
“Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərinin qarşısında pərdə vardır. Onları böyük bir əzab gözləyir.”
Nöqtələr
◘Allah kafirlərin inadkarlığı müqabilində onların qəlbinə bədbəxtlik möhürü vurur. Quranda oxuyuruq: “Allah təkəbbürlü və zalım fərdlərin qəlbini möhürləyir.”3 Başqa bir ayədə oxuyuruq: “Allah bilərəkdən nəfs istəkləri ardınca gedənlərin qəlbini möhürləyər.”4 Bəli, ilahi möhür insanın öz pis seçiminin nəticəsidir. Qəlbin möhürlənməsini Allah tərəfindən səbəbsiz bir cəza kimi qəbul etmək olmaz.
◘Quran “qəlb” dedikdə ruh və dərketmə mərkəzini nəzərdə tutur. Bu ilahi kitabda üç növ qəlb haqqında danışılır:
Sağlam qəlb, “münib” qəlb və xəstə qəlb.
Sağlam qəlbin xüsusiyyətləri:
a) Allahdan qeyrisinə yer verilməmiş qəlb5;
b) Haqq rəhbər ardınca gedən, günahdan tövbə etmiş, haqqa təslim olmuş qəlb1;
q) Dünya sevgisinə bulaşmamış qəlb2;
v) Allah zikri ilə aramlıq tapan qəlb3;
d) Allah uğrunda xaşe, müti qəlb4;
Möminin qəlbi həm Allahın zikri ilə aramlıq tapır, həm də Onun qəhrindən qorxur5. Möminin halı valideynini görüb aramlıq tapan, həm də onunla hesablaşan körpənin halına bənzəyir.
Xəstə qəlbin xüsusiyyətləri:
a) Allahdan qəflətdə qalıb hidayətə layiq olmayan qəlb6;
b) Fitnə-fəsad ardınca gəzən qəlb7;
q) Daşlaşmış qəlb8;
v) Rəngini dəyişmiş qəlb9;
d) Möhürlənmiş qəlb10;
“Münib” qəlbin xüsusiyyətləri:
Öz səhvlərini anladıqdan sonra tövbə edib Allaha doğru qayıdan insanın qəlbi “munib” qəlb adlanır. İnsanın rəftar və danışığındakı dəyişikliklər bu qəlbin bariz xüsusiyyətlərindəndir.
◘Allah Quranda kafirlərin doqquz sifətini bəyan etmişdir: inkar11, təəssüb12, çaşqınlıq13, bərklik, daşlıq14, ölüm15, pas16, xəstəlik17, darlıq18, möhür19.
◘Belə insanın qəlbi dəyişkəndir. Ona görə də möminlər belə dua edirlər: “Pərvərdigara! Qəlblərimizi hidayət etdikdən sonra çaşqınlığa düçar etmə.” İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayəni tez-tez təkrarlayıb, özünüzü azğınlıqlardan amanda saxlayın.”1
Bildirişlər
1. Allahın ən böyük cəzası insanın həqiqətləri dərk edə bilməməsidir. (“Xətəməllahu əla qulubihim”)
2. Küfr və mülhidlik qəlb və qulaqların möhürlənməsi səbəbidir.
3. Küfr səbəbindən insanın ən üstün imtiyazı olan haqqın və gerçəkliyin dərki qabiliyyəti ondan alınır.
4. Allahın cəzası bizim əməllərimizə münasibdir. Haqqı bilərəkdən gizlədən insanın cəzası onun gözünə, qulağına, ruhuna və düşüncəsinə pərdə çəkilməsidir. Əslində insan özü özünü bədbəxt edir. İmam Riza (ə) buyurmuşdur: “Qəlblərin möhürlənməsi onların küfrlərinin nəticəsidir.”2
8. ﴿وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللّهِ وَبِالْيَوْمِ الآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ﴾
“Xalqın arasında belə deyən bir dəstə var: “Allaha və qiyamət gününə iman gətirmişik.” Halbuki onlar iman gətirməmişlər.”
Dostları ilə paylaş: |