Malsatan təşkilatlarla hesablaşmalar zamanı veksellərdən istifadə oluna bilər. Hesablaşma əməliyyatı veksellərlə aparıldıqda auditor ilk növbədə unutmamalıdır ki, vekselin malsatana verilməsi heç də ödəmə faktı deyil, alıcının malsatan təşkilat qarşısında borc öhdəliyidir.
Podratçılarla (podrat – müəyyən haqqı müqabilində görülən işdir. Podratçı – podrat işini görən şəxs) hesablaşmaların auditi zamanı müqavilələrin, tikilən obyektlərin layihə-smeta sənədlərinin, görülən işlərin qəbul-təhvil aktlarının, hesab-fakturaların mövcudluğu yoxlanılmalıdır. Auditor, ilk növbədə, hər bir mal satan təşkilat üzrə, hər bir valyuta üzrə aparılmış hesablaşma əməliyyatlarının milli valyuta ilə ekvivalentinin əməliyyat baş verən günə düzgün ifadə edildiyinə əmin olmalıdır.
Alıcılar və sifarişçilərlə hesablaşmaların uçotu 211 № - li “Alıcılar və sifarişçilərlə hesablaşmalar” (211 saylı “Malalanlar və sifarişçilərin qısamüddətli debutor borcları”) hesabında aparılır. Bu hesab uçot siyasətinə görə məhsulun (işin, xidmətin) satışından gəliri hesablama metodu ilə (mallar yükləndikdə və ya alıcıya hesablaşma sənədi təqdim edildikdə) uçota aldıqda geniş tətbiq edilir.
Alıcılar və sifarişçilərlə hesablaşmaların auditi malsatan və podratçılarla hesablaşmaların auditinə çox oxşardır. Alıcı və sifarişçilərlə hesablaşmalar əsasən nağdsız formada aparılır. Belə hallarda nağdsız hesablaşma formaları ödəniş tapşırığı, akkreditiv əməliyyatları, hesablaşma çekləri ilə və s. formada aparıla bilər. Hesablaşma formaları alıcı təşkilatla bağlanmış müqaviləyə əsasən müəyyənləşdirilir. Tərəflərin razılığı ilə hesablaşma əməliyyatları nağd yolla da aparıla bilər.
Müəssisələr istehsal etdikləri məhsulları müxtəlif təşkilatlar sata bilərlər. Buna görə də auditor ilk növbədə bütün müqavilələrin həqiqi varlığına, onların müqavilələrin qeydiyyat jurnalında qeydiyyata alındığına əmin olmalıdır.
Büdcə ilə hesablaşmaların auditi dedikdə, büdcəyə çatası vergilərin auditi başa düşülür. Bu vergilərin dərəcələri, hər bir verginin obyekti, onların hesablanma və büdəcəyə ödəniş qaydaları AR-nın Vergi məcəlləsi və müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.