Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır. Azərbaycanda isə parlamenti
(Milli Məclisi) Azərbaycan Respublikasının deputatları təşkil edir. «Deputat» termini serb sözü olub hərfi mənası «elçi göndərilmiş» deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Belə ki, Russo deyirdi: «Deputat xalqın nümayəndəsi hesab olunmalıdır. O, seçicilərin müvəkkil olunmuş, səlahiyyətli nümayəndəsidir». Yəni xalq deputatı seçir və o, xalqın ümumi iradəsinə uyğun hərəkət etməlidir. Bu fikirdən «imperativ mandat» prinsipi meydana gəlir ki, bu, deputatın hüquqi statusunu müəyyən edir. Bu prinsipə görə, deputat onu seçən şəxslərin - seçicilərin qarşısında məsuliyyət daşıyır. Əgər deputat onların mənafeyinə uyğun hərəkət etməzsə, seçicilər onu geri çağıra bilər. Əslində imperativ mandat məqsədəuyğun deyil. Çünki parlamentdə qanun qəbul olunarkən deputat heç də bütün seçicilərin ayrı-ayrılıqda mənafeyini nəzərə ala bilməz.
Başqa bir prinsip «azadmandat»prinsipidir. Bu prinsip alman hüquqşünasları tərəfindən irəli sürülüb. Mahiyyəti ondan ibarətdir ki, hansı dairədən seçilməsindən asılı olmayaraq deputat bütün xalqın nümayəndəsidir. Yəni, deputat konkret seçicilərin deyil, xalqın mənafeyini təmsil edir. Prelo azad mandatın məzmununu aşağıdakı qaydada ümumiləşdirib:
bu mandat ümumi hesab olunur. Yəni deputatlar ayrı-ayrı dairələrdən seçilməsinə baxmayaraq, onlar bütün xalqı təmsil edir;
bu mandat imperativ deyil, konsultativdir. Yəni deputat məcburiyyətdən uzaqdır, onu konkret olaraq nəyisə etməyə məcbur etmək qadağan olunur, deputat seçicilər qarşısında məsuliyyət daşımır;
Bu dörd xüsusiyyət azad mandatın əsas əlamətləridir və müxtəlif Konstitusiya normalarında öz əksini tapır. Əksər dövlətlərdə, o cümlədən Azərbaycanda da bu mandat tətbiq olunur.
Deputatın səlahiyyət müddəti, adətən seçkilərdən sonra başlanır. Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinə görə, deputatın səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Deputatlıqdan çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. 87-ci maddəyə görə, deputatların səlahiyyətləri Milli Məclisin yeni çağırışının ilk iclas günü bitir. Milli Məclisin deputatlıqdan çıxanların yerinə yeni seçkilər Milli Məclisin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir. Milli Məclis 83 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli hesab olunur.
«Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» 1996-cı il 17 may tarixli Qanunun 4 və 5-ci maddələrində deputatın səlahiyyətləri və fəaliyyət formaları göstərilir. Qanuna görə deputatın aşağıdakı səlahiyyətləri var:
Konstitusiyanın 89-cu maddəsinə görə, Milli Məclisin deputatı aşağıdakı hallarda mandatdan məhrum edilir:
seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
özü imtina etdikdə.
Deputat öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Bu haqda qərarın qəbul olunma qaydası qanunla müəyyən olunur. Belə ki, 1996-cı il 17 may tarixli qanuna görə bu barədə intizam komissiyası rəy verir. Rəyə Milli Məclis növbəti iclasında baxır. Milli Məclis bu məsələyə bir qayda olaraq səlahiyyətlərinin itirilməsi qaldırılan deputatın iştirakı ilə baxır. Tələb olunan səs çoxluğu ilə bu haqda qərar qəbul olunur.
1996-cı il 17 may tarixli Qanununa əsasən deputatın hüquq və vəzifələri göstərilir. Deputatın hüquqları aşağıdakılardır:
Deputatın Milli Məclisin iclaslarında iştirak etmək hüququ və səs hüququ. Deputat müzakirə olunan məsələ barədə fikrini bildirə, təklif və qeydlərini verə bilər.
Deputatın seçmək və seçilmək hüququ. Milli Məclisin sədrinin, sədr müavinlərinin, komissiya sədrlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər.
Deputatın qanunvericilik təşəbbüsü hüququ. Deputat qanunvericilik hüququnu aşağıdakı formalarda həyata keçirir:
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında layihə təklif edə bilər;
qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə bilər;
Milli Məclisdə baxılan qanuna və qərar layihəsinə dəyişiklik və əlavə edilməsi haqqında təkliflər irəli sürə bilər.
Deputatın sorğu hüququ. Deputat mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Baş Prokurora, yerli özünüidarə orqanlarına, Milli Bankın İdarə Heyətinə, Hesablama Palatasına sorğu verə bilər. Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya iclasda yazılı şəkildə verilir. Bu sorğuya müvafiq orqanlar və ya vəzifəli şəxslər bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidir.
Deputatın məlumat almaq və ya yaymaq hüququ. Deputat öz fəaliyyəti ilə əlaqədar zəruri materialları və sənədləri almaq üçün müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar materialları və sənədləri 10 gün müddətində deputata təqdim etməlidirlər.
Deputatın toxunulmazlığı. Bu hüquq deputatın evinin, mənzilinin, əşyalarının şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını əhatə edir.
Deputatın şahid qismində ifadə verməkdən imtina etmək hüququ.
Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmə hüququ. Deputat müvafiq dövlət orqanları, təşkilatları tərəfindən təxirə salınmadan qəbul olunmalıdır.
Deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ. Qanuna görə deputatın vəzifələrinə aşağıdakılar daxildir:
deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquq və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, konstitusiya və qanunları rəhbər tutmalı, deputat etikasını gözləməlidir;
deputat Milli Məclisin iclaslarında və üzvü olduğu komissiyanın iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbdən 30 dəfə iclaslarda iştirak etməyən deputat 63 səs çoxluğu ilə deputat mandatından məhrum edilə bilər;
deputat qanunazidd hərəkətlərə, adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlər və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalıdır.
Deputatlıq fəaliyyətinin təminatlarından danışdıqda birinci növbədə immunitet və indemniteti qeyd etmək lazımdır. İmmunitet dedikdə, deputatın toxunulmazlığı başa düşülür. Konstitusiyanın 90-cı maddəsinə görə, səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır. Deputat səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun
barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarkən tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər. Nizamnamədə göstərilir ki, bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır, təqdimat intizam komissiyasına göndərilir və komissiyada bu məsələyə baxılır. Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə intizam komissiyasının qənaəti söylənilir. İşə həmin deputatın iştirakı ilə baxılır. Tələb olunan səs çoxluğu ilə deputat toxunulmazlığına xitam verilir.
İndemnitet termini iki mənada başa düşülür:
Birinci mənada, indemnitet - deputatın öz fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyət daşımaması və şahid qismində ifadə verməkdən imtina etməsidir. Bu, Konstitusiyanın 91-ci maddəsində öz əksini tapıb.
İkinci mənada, indemnitet - deputatın fəaliyyətinə görə əmək haqqı almasıdır. Əmək haqqının məbləği Milli Məclisin qərarı ilə müəyyən olunur.
Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsində deputatın parlamentdaxili məsuliyyətə cəlbolunma əsasları göstərilir:
Milli Məclis və onun komissiyalarının iclaslarının aparılmasına mane olduqda;
Milli Məclis və onun komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;
Milli Məclis və onun komissiyalarının iclaslarında sakitliyi və iş qaydasını pozduqda;
Milli Məclis və onun komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə;
deputat adına xələl gətirən hərəkətlər etdikdə;
Milli Məclis və onun komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə. Bu əsaslara görə aşağıdakı intizam tədbirləri tətbiq oluna bilər:
xəbərdarlıq;
sözkəsmə;
iclas salonundan çıxarma;
töhmət;
deputat səlahiyyətlərinin itirilməsi.
1996-cı il 17 may qanununda deputatın müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərdə tutulur. Qanuna görə deputat, səlahiyyət müddəti qurtardıqdan sonra işə düzələnədək bir il müddətində deputatın əmək haqqının 80%-i məbləğində pul təminatı alır. Səlahiyyət müddəti qurtardıqdan sonra təqaüd yaşına çatmış deputat, əmək haqqının 80%-dən az olmayan məbləğdə
təqaüd alır. Qanuna əsasən deputatın dövlət icbari sığortası nəzərdə tutulur.