“PEDAQOJİ USTALIĞIN ƏSASLARI”
fənni üzrə mühazirə mətnləri
I. MÜHAZİRƏ
PEDAQOJİ USTALIQ SİSTEM KİMİ
Plan:
“Pedaqoji ustalıq” fənnini öyrənməyin məqsədi, vəzifələri və gözlənilən nəticələr
Pedaqoji fəaliyyətin xüsusiyyətləri.
Pedaqoji ustalığı mahiyyəti və quruluşu.
Ədəbiyyat
Abbasova A. Pedaqogika. Bakı, 2012
Qasımova L, Mahmudova R., Pedaqogika. Bakı, 2012
Əliyev H. Pedaqoji ustalığın əsasları. Bakı, 1999
Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı, 2009
Mirzəyev Ə., Rüstəmova X., Pedaqoji ustalığın əsasları. Bakı, 2012
Orucəliyev N. Pedaqoji ustalığın əsasları. Bakı, 2005
Ткачева С.А. Педагогическое мастерство. Kаракол, 2015
“Pedaqoji ustalıq” fənnini öyrənməyin məqsədi, vəzifələri və gözlənilən nəticələr
Müasir dövrdə ölkəmizdə baş verən siyasi və iqtisadi dəyişikliklər cəmiyyət həyatının bütün sahələrinə və ayrılıqda hər bir insana öz təsirini göstərir. Peşə təhsili sahəsi də bu haldan kənarda qalmır. Peşəkar insana verilən tələblər yenilənir. Hər bir insanın müasir dövrdə çalışdığı peşə sahəsində özünü daha mükəmməl təqdim etməsinə ehtiyac duyulur. Bu hal birinci növbədə, pedaqoq-müəllimlərə aiddir.
Pedaqoqun peşəkarlığı (professionallığı) istənilən ixtisas üzrə kadr hazırlığının keyfiyyətini müəyyən edən əsas amil olduğundan, pedaqoji ustalığın formalaşdırılması çox mühüm pedaqoji problemdir.
Pedaqoq şagirdlərin təlim-idraki fəaliyyətini uğurla idarə etmək və məqsədəuyğun pedaqoji təsir və qarşılıqlı təsir işini səmərəli təşkil etmək üçün bir sıra xüsusi biliklərə, bacarıq və vərdişlərə, şəxsiyyətin zəruri peşə keyfiyyətlərinə yiyələnməlidir. Bu sadalanan kompleksə yiyələnmək pedaqoji ustalığı müəyyən edir.
Ustad pedaqoq ̶ yüksək mədəniyyətə malik, öz fənnini dərindən bilən, müvafiq elm sahələri və incəsənətlə yaxından tanış olan, ümumi psixologiyanı yaxşı bilən, təlim-tərbiyənin metodikasına mükəmməl yiyələnmiş mütəxəssisdir.
Pedaqoji ustalığın inkişafı ali məktəbdə münasib təhsil mühitinin yaradılmasından başlayır. Bunun üçün tələblərin pedaqoji fəaliyyəti aşağıdakılara istiqamətlənməlidir.
Gələcək müəllimlərin peşə fəaliyyətini və pedaqoji ustalığı vahid sistem kimi dərk etmələrini təmin etmək;
Onları təhsil sisteminin modernləşdirilməsi sahəsində fəaliyyətə hazırlamaq;
Gələcək pedaqoqların pedaqoji məsələləri yaradıcılıqla həll etməyə, pedaqoji ustalığın əsaslarına yiyələnmə zamanı təkmilləşməyə dair qabiliyyətlərini inkişaf etdirmək.
“ Pedaqoji ustalıq” fənninin öyrənilməsinin vəzifələri bunlardır:
Tələbələri ideal pedaqoji fəaliyyət modeli ilə tanış etmək və özünün peşəkar pedaqoji fəaliyyətə hazırlıq səviyyəsini bu modelə uyğunlaşdırmaq;
Tələbələrdə problemli pedaqoji situasiyaların idarə edilməsi və pedaqoji məsələlərin həlli bacarıqlarının formalaşdırılması;
Gələcək pedaqoqlara öz psixi vəziyyətini idarə etmək və əhval ruhiyyəsini nizamlamaq texnikasına yiyələndirmək.
“Pedaqoji ustalığın əsasları” fənnini mənimsəməklə tələbə bilməlidir:
Müəllim peşə fəaliyyətinin xüsusiyyətlərini;
Pedaqoji ustalığın mahiyyətinin komponentləri (tərkib hissələri) və xüsusiyyətlərini;
Pedaqoqun peşəkarlığının formalaşdırılması prosesinə professioqrafik yanaşmanı;
Pedaqoji ustalığın formalaşması və reallaşdırlması yollarını;
Pedaqoqun kommunikativ fəaliyyətinin vasitələrini;
Pedaqoji nitqin formaları və kommunikativ keyfiyyətlərini;
Pedaqoqun yaradıcı hisslərini nizamlama texnikası;
Yenilikçi pedaqoqların əsas pedaqoji ideyalarını;
Pedaqoji yaradıcılığın və pedaqoji təcrübənin əsas xarakteristikasını;
Şagirdlərin fəaliyyətinin rasional təşkili priyomlarını;
Pedaqoqla şagirdlərin qarşılıqlı əlaqələrinin fərdi stilinin formalaşdırılması metodikasını.
Tələbə bunları bacarmalıdır:
Pedaqoji texnikadan pedaqoji ustalığın tərkib hissəsi kimi istifadə etməyi;
Pedaqoji ünsiyyətin interaktiv metodlarından istifadə etməyi;
Ziddiyyətli şəraitlərdə pedaqoji takt sərgiləməyi;
Şagird şəxsiyyətinə dolayı yolla pedaqoji təsir edə bilməyi;
Oyun texnologiyalarından istifadəni;
Özünün yaradıcı fəaliyyəti sərhədləri daxilində qabiliyyətlərini idarə edə bilmək;
Məşğələlərdə əməkdaşlıq pedaqogikası tələblərini həyata keçirmək;
Pedaqoqların valideyinlərlə fərdi və qruplarla işini həyata keçirmək;
Dərsdə əks-əlaqə yaratmaq;
Qiymətləndirmə fəaliyyətini həyata keçirmək.
“Pedaqoji ustalığın əsasları” kursunun mənimsənilməsi nəticəsində tələblərdə aşağıdakı kompetensiyalar (səlahiyyətlər) formalaşacaqdır.
Dostları ilə paylaş: |