MÖVZU 1.
ELEKTRON KOMMERSİYANIN PREDMETİ VƏ ƏSAS
ANLAYIŞLARI
Plan:
-
İnformasiya texnologiyalarının inkişaf mərhələləri
-
Elektron kommersiya və elektron biznes anlayışları
-
Elektron kommersiyanın predmeti
-
Elektron iqtisadi fəaliyyətin əsas növləri
-
Elektron biznesin əsas prinsipləri
-
İnternet kommersiya anlayışı
İnformasiya texnologiyalarının yaranma tarixi bir qayda olaraq 1888-ci ildə ixtiraçı U.Berrou tərəfindən yaradılmış hesablama maşını ilə bağlanılır. 1890-cı ildə Q.Hollrit şərtləri perforasiya olunmuş kartlarla daxil edilən riyazi məsələləri həll edən maşın quraşdırmışdır. 1925-ci ildə V.Buş ilk dəfə olaraq analoji hesablama maşınını ixtira etmiş, 12 ildən sonra isə onun tərəfindən diferensial tənliklərin həllini yerinə yetirən maşın yığılmışdır.
1945-ci ildə Pensilvaniya Universitetinin alimləri J.Ekkert və J.Mokli ilk ENIAC (Electronic Numerirical Inteqrator and Computer) elektron kompüterini yaratmışlar. 1946-cı ildə J. fon Neyman bu cür maşınların idarə olunması üçün ikili hesablama sistemini təklif etmiş, həmçinin maşına təkcə məlumatların verilməsi və onların saxlanılması prinsipini deyil, həm də idarəetmə komandalarının verilməsi prinsipini də işləyib hazlrlamışdır.
1951-ci ildə dünyada ilk dəfə olaraq UNIVAC kommersiya kompüteri yaradılmışdır. Təxminən həmin vaxtlarda alman alimi K.Suze tərəfindən fəaliyyətdə olan ilk proqramlı rəqəmli hesablama Z3 qurğusu təklif olunmuşdur. 1960-cı illərin əvvəllərinə kibernetik sistemlər nəzəriyyəsi işlənib hazırlanmışdır ki, bu da yeni kibernetika elminin əsasını təşkil etmişdir. 1971-ci ildə ilk mikrosxem meydana gəlmiş, 1974-cü ildə isə bazara fərdi kompüterlərin sələfi çıxmışdır.
1960-cı ilə kimi dünyada 7 mindən çox olmayaraq kompüterlərdən istifadə olunurdu. Tarixi dönüş isə ancaq 1993-cü ilə baş verdi; bu zaman ilk dəfə olaraq fərdi kompüterlərin istehsalı minik avtomobillərinin istehsal həcmlərini ötüb keçdi və 35,4 milyon ədəd təşkil etdi. Hazırda bir çox ölkələrdə, məsələn, ABŞ-da fərdi kompüterlər televizorlardan çox istehsal olunub satılır.
Hesablama vasitələri texnikasının görünməmiş istehsalı əsas məqsəd kimi qarşıda durmur. Son bir neçə illər kompüter texnologiyaları və onlardan istifadəyə olan baxışlar ciddi dəyişikliklərə məruz qalmışdır. 1994-cü ilə kimi lokal şəbəkələr, məlumat bazası ilə idarəetmə sistemləri, mətn prosessorları, transaksiyalarla idarəetmə sistemləri və hətta multimediya texnologiyaları şirkətlərin və ayrı-ayrı firmaların əsasən daxili avtomatlaşdırılması aləti kimi, yəni korporativ sistemlərin avtomatlaşdırılmasi vasitəsi kimi istifadə olunurdu.
Lakin 1995-ci ildən başlayaraq vəziyyət tezliklə dəyişməyə başladı.
Texnoloji həllərin mürəkkəbləşməsi ilə yanaşı, onların konvergensiyası (uygunlaşması) baş verir ki, bu da universal texnologiyaların yaranmasına gətirib çıxarır. Müasir texnologiyalar qarşısında qoyulan əsas şərt onlardan istifadənin universallığı və istifadəçilərin fərdi ehtiyaclarına uyğunlaşmasının (adaptasiyasının) sadəliyidir.
Informasiya texnologiyaları inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə doğru yayılmaqda davam edir və həmin texnologiyaların yarandığından fərqli olan yeni-yeni mədəniyyətləri əhatə edir. Bu mədəniyyətlər daxilində «avtomatlaşdırılma» və «kompüterləşdirmə» müxtəlif cür dərk olunurlar, çox vaxt bu, fərdi insanların şəxsi həyatlarına və cəmiyyətlərə müdaxilə qorxusu ilə bağlıdır. Internet-mədəniyyətin inkişafı təhsildən başlayır.
Texniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin informasiya xidmətlərinin yeni növlərinin yaranmasını gətirir. Texniki vasitələrin inkişafı həyatın bütün sahələrində dərin keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olur.
Postindustrial konsepsiyaya görə cəmiyyəti aqrar və ya patriarxal, industrial və postindustrivl yaxud da informasiya cəmiyyətlərinə bölürlər. Postindustrial cəmiyyətin fərqləndirici cəhəti odur ki, iqtisadiyyatın strukturunda xidmət sferası sənaye və kənd təsərrüfatı istehsalı ilə müqayisədə üstünlük təşkil edir və elm əsas istehsal gücünə çevrilərək ictimai həyatın və dövlət siyasətinin əsaslarını müəyyən edir. əhalinin həyat səviyyəsi, əmtəə bazarının, əmtəə və mal bazarlarının səviyyəsi əsaslı şəkildə informasiya texnologiyalarından isitfadə səviyyəsindən asılıdır. İnformasiya cəmiyyətində informasiya əsas kapital hesab olunur və həm də informasiya hakimiyyət mənbəyinə çevrilir.
İnformasiya cəmiyyətinin formalaşması prosesi haqqında fikirlər hələ XX əsrin 70-ci illərindən ortaya çıxmışdır (R.Druker, U.Martin, İ.Masuda, E.Toffler və b.). İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı, kompüterin əsas əmək alətinə çevrilməsi və məlumatların şəbəkə vasitəsilə ötürülməsinin geniş vüsət alması bu proseslərin əsasını təşkil edir. lakin informasiya texnologiyalarının zəruriliyi ilə yanaşı informasiya əsrinin əsas nailiyyəti ictimai həyatda yaratdığı inqilabi dəyişikliklərdir, məsələn, biznes, dövlət orqanları və vətəndaşlar arasında münasibətlər şəffaf olur ki, bu da korrupsiyanın əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarır; informasiya mübadiləsi o qədər optimallaşır ki, nəinki resurslara və vaxta qənaət olunur, hətta, ənənəvi istehsal və istehlak prinsipləri də dəyişir.
Müasir biznes tədarükçü şirkətlərin imkanlarının daim artması ilə müşayiət olunur ki, bu da qlobal rəqabətin genişlənməsinə və məhsul və xidmətlərin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır. bütün dünyada müəssisələr biznesin təşkili və idarə edilməsi metodları və üsullarını dəyişirlər. Şirkətlər, sifarişçilər və tədarükçülər arasında münasibətlər sadələşdirilir. Biznes-proseslər yenidən qurulur, virtual müəssisələr yaradılır və autsorsinq texnologiyaları təkmilləşdirilir.
İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın dirçəlməsinin əsasını yalnız istifadə edilən kompüterlərin sayının çoxluğu deyil, həm də onların bir şəbəkədə birləşdirilməsi təşkil edir. İstifadə edilən kompüterlərin belə bir şəbəkədə birləşdirilməsi iqtisadi, sosial və siyasi münasibətlərdə, eləcə də texnologiyaların istifadəsinə əsaslanan elektron kommersiyada inqilabi dəyişikliyə səbəb olur.
Sənayedə baş verən istənilən inqilab iqtisadiyyatda çox böyük imkanlar yaradır. I sənaye inqilabından sonra (1760-1830), yəni buxar mühərrikinin kəşfi ilə dəmir yolları, iri sənaye müəssisələri yaradıldı. Elektrikin kəşfi sənayedə II inqilaba (1875-1980) səbəb oldu və elektroenergetikanın, telefon, radionun və müasir bazar iqtisadiyyatının və s. yaradılmasına gətirib çıxardı. Polimer materialların ixtira edilməsi ilə (1940-1980) sənayedə III inqilab baş verdi və kömür əsas enerji daşıyıcıları olan neft və qazla əvəz edildi, maşınqayırma inkişaf etdirildi, plastmass materiallardan və əlvan metallurgiyadan geniş istifadəyə başlanıldı, avtomobil istehsalı genişləndi. Bir sıra tədqiqatçılar belə fikirdədirlər ki, qlobal kompüter şəbəkəsinin yaranması növbəti inqilabın başlanğıcıdır.
Müasir texnologiyaların yaratdığı dəyişikliklər sənaye inqilabının üç əsas əlamətini təyin edir: 1) istehsal və kommersiyanın hər bir sahələrində dəyişikliklər; 2) əmək məhsuldarlığının artması; 3) ictimai həyatın yeni formalarının yaranması. Cəmiyyətin həyatına yeni texnologiyaların, cib telefonlarının, kompüter, kosmik rabitə vasitələrinin, lifli optikanın, biotexnologiyaların, İnternet və elektron kommersiyanın sürətlə daxil olması dəmir yollarının, radionun, təyyarənn və elektrikin tətbiq edilməsini xatırladır.
Elektron kommersiya öz təbiətinə görə beynəlmiləldir. Hələ ki, o, daha çox tətbiqini ABŞ, Yaponiya və Avropa Birliyi arasında aparılan əməliyyatlarda tapmışdır.
Elektron kommersiyanın öyrənilməsi ilə bağlı olan ilkin vəzifələrdən biri onun predmetinin müəyyən olunması və anlayışlar aparatının yaradılmasıdır.
Məsələnin çətinliyi ondan ibarətdir ki, hamı tərəfindən qəbul edilmiş «elektron kommersiya» termini yoxdur, buna görə də elmi fənn kimi o, faktların toplanması və onların dərk olunması mərhələsindədir.
Elektron kommersiya kimi elektron vasitələrdən istifadə edərək məlumatların mübadiləsiyolu ilə kommersiya əməliyyatlarının həyata keçirilməsini nəzərdə tutan sahibkarlıq fəaliyyəti başa düşülür.
Elektron kommersiyanın əsasında məlumatların mübadiləsi üzrə elektron vasitələrinin tətbiq olunması ilə kommersiya əməliyyatlarının aparılmasının və istehsalat proseslərinin idarəedilməsinin yeni informasiya texnologiyaları durur.
«İstehsalat proseslərinin idarəedilməsi» anlayışının «elektron kommersiya» termininin məzmununa daxil edilməsi onunla əsaslandırılır ki, məhz ticarətin, maliyyənin və iqtisadi inkişafın bir-biri ilə bağlı olan problemlərinə sistemli yanaşma nəticəsində elektron kommersiya vasitəsilə ticarət və investisiya (sərmayə) axınlarının idarəedilməsi və müvafiq maliyyə risklərinin effektiv qaydada bölüşdürülməsi mümkün olur.
Elektron kommersiyanın vacib hissələrindən biri elektron ticarətdir.
Bu terminin Beynəlxalq Ticarət Təşkilatı tərəfindən təfsirinə əsasən (sentyabr 1988-ci il) elektron ticarət - ticarətin spesifik forması, malların və xidmətlərin alışının, satışının və bölgüsünün tamamilə yeni üsulu olmaqla hazırda beynəlxalq miqyasda tanınmış çoxtərəfli ticarət qaydaları, o cümlədən xidmətlərlə ticarət üzrə Baş sazişlə nizamlanır.
Elektron kommersiyanın predmeti kommersiya əməliyyatlarının aparılmasının bütün formaları, yəni: ticarət; distribütor sazişləri; kommersiya nümayəndəliyi və agent münasibətləri; faktorinq; lizinq; sənaye obyektlərinin tikintisi; konsultativ (məsləhət) xidmətlər; injinirinq; lisenziyaların alışı/satışı; investisiya (sərmayə) qoyuluşu; maliyyələşdirmə; bank xidmətləri; sığortalanma; istismar olunma və yaxud konsessiya haqqında saziş; birgə müəssisələr, sənaye və sahibkarlıq əməkdaşlığının digər formaları ola bilərlər.
Elektron kommersiyanı aşağıdakı kimi təyin etmək olar: «Elektron kommersiya - qarşılıqlı münasibətlərin elektron formada həyata keçirildiyi istənilən sövdələşmədir».
Elektron kommersiya şirkətlərə daxili əməliyyatları daha səmərəli və çevik həyata keçirməyə, tədarükçülərlə daha sıx əlaqələr yaratmağa, sifarişçilərin sorğularına və istəklərinə daha tez münasibət bildirməyə imkan yaradır. Şirkətlər bir tərəfdən tədarükçüləri coğrafi məkanından asılı olmayaraq seçmək, digər tərəfdən isə öz məhsul və xidmətlərini qlobal bazarlara çıxarmaq imkanı əldə edirlər.
UNCİTRAL (beynəlxalq ticarət hüququ üzrə BMT-nin komissiyası) sənədlərində elektron kommersiya İnternet və digər elektron kommunikasiya vasitələri ilə həyata keçirilən müxtəlif sövdələşmələr kimi təyin edilir.
Elektron ticarət haqqında UNCİTRAL qanunları ticarət fəaliyyətində istifadə olunan və rəqəmsal və ya digər şəkildə təqdim olunan istənilən informasiyanın yayılması üzrə əsas qaydaları tənzimləyir. Onun tətbiq sferası genişdir ki, bu da «ticarət» anlayışının geniş olması ilə bağlıdır. Bu anlayışa istənilən ticarət sövdələşməsi (əmtəə və xidmətlərin tədarükü və ya mübadiləsi), distribütor razılaşması, faktorinq, lizinq, injinirinq, lisenziyanın alınması və satılması, bank xidmətləri, sığorta, əmtəə və sərnişinlərin hava, dəmir yolu və avtotransportla daşınması və digər kommeriya əməkdaşlığı formaları aid edilir.
Bu qanun elektron ticarətlə bağlı bəzi məsələləri əhatə edir. Burada elektron kommersiyada istifadə olunan əsas anlayışlar, məlumatların ötürülməsi üzrə hüquqi tələblərin tətbiqinə yanaşmalar öz əksini tapır.
Internet-biznes son zamanlar yeni imkanlar yaradır. Lakin digər tərəfdən elektron bazar hələ ki ənənəvi bazarlarla müqayisədə zəifdir. Elektron kommersiyanın potensialının tam reallaşdırılması üçün bir sıra problemlər həll olunmalıdır.
Qloballaşmanın keçid dövrü problemləri. Prinsip etibarı ilə qlobal Şəbəkə dünyanın o başındakı şirkətlə biznesin aparılmasını qonşü küçədə yerləşən şirkətlə olduğu kimi asan edə bilər. Lakin bu əlaqə vasitəsi həmişə lazım olan səviyyədə olmur. Müxtəlif kontinentlərdə yerləşən şirkətlər özlərinin və yaxud təklif etdikləri malların və xidmətlərin real olmasına necə inana bilərlər? Hər hansı bir şirkət dünyanın o tayında yerləşən və fərqli ənənəyə malik olan, digər qaydalarla işləyən şirkəti necə başa düşə bilər? Bütün bunlar və bunlarla bağlı olan digər məsələləır qloballaşma probleminin bir hissəsini təşkil edirlər.
Müqavilə və maliyyə problemləri. Elektron yolla bağlanılan və elektron üsulla ödəniş aparılan müqavilə bir sıra əsaslı, fundamental problemlər qaldırır. Şirkətlər arasında bağlanılan kontarkt hansı mərhələdə bağlanılmış hesab olunur? Bu kontraktın hüquqi statusu necədir? Hansı təşkilatın hüquqi tabeliyinə düşür? Maliyyə qaydalarındakı fərqləri nəzərə almaqla ödəniş necə həyata keçirilir və təsdiq olunur? Məhsula olan vergilər və gömrük yığımları necə olmalıdırlar? Bu yığımlar və vergilər necə alınacaqdır? Digər tərəfdən kredit və debet kardlarından on-layn hesablaşmalarında istifadə olunması – xüsusilə pərakəndə ticarət sektorunda - müəyyən risklə bağlıdır. Onlardan istifadənin təhlükəsizlik baxımdan problemli olması (kardlarla yüksək riskli fırıldaqların olması), həmçinin bu ödəniş sistemlərinin istismarının yüksək dəyəri alıcılar, həm də satıcılar üçün istifadəni az maraqlı və cəzbedici edir.
Əməliyyatların məxfiliyi və təhlükəsizliyi məsələləri. Açıq şəbəkələrdə elektron kommersiya sistemləri məxfiliyi və təhlükəsizliyi təmin eləyən effektiv və etibarlı mexanizmlərin tətbiq olunmasını tələb edir. Bu mexanizmlər məxfiliyi, identifikasiyanı, eyniləşdirməni (yəni bağlanılan sövdələşmə tərəflərinin bir-birlərinin şəxsiyyətini təsdiqləməyə imkan verilməsi) və avtorizasiyanı (yəni adama və yaxud proqarma nəyi etməyə icazə verilməsinin müəyyən olunması prosesi) təmin olunmalıdır. Belə mexanizmlər sistem istifadəçini identifikasiya edən kimi işləməyə başlamalı və bütün seans zamanlı işləməlidir. Son nəticədə bu mexanizmlər ona zəmanət verməlidirlər ki, tərəflər sonradan sövdələşmədə iştirakdan imtina edə bilməsinlər. Məxfiliyin və təhlükəsizliyinin təmin olunması üzrə tanılınan mexanizmlər üçüncü tərəf tərəfindən sertifikatlaşdırmağa əsaslandığı üçün elektron kommersiyanın qlobal sistemi qlobal sertifikatlaşdırma sisteminin yaradılmasını tələb edəcəkdir.
Mülkiyyət hüququ. Elektron üsulla yayılan və buna görə də asanlıqla surəti çıxarıla bilən mallar üçün əqli, intellektual mülkiyyət hüquqlarının qorunması problemi xüsusilə ciddi dayanır.
Şəbəkələrin qarşılıqlı əlaqələri və bir-birinə uyğunluğu. Elektron kommersiyanın potensialını tam olaraq reallaşdırılması daxilolmanın universallığını tələb edir – istənilən şirkət və istənilən sifarişçi coğrafi yerləşmələrindən və yaxud şəbəkələrninfərqli xüsusiyyətlərindən asılı olmayaraq məhsul və xidmətləri təklif eləyən bütün təşkilatların saytlarına daxil olma imkanına malik olmalıdır.
Yeni iştirakçıların cəlb olunması. Elektron kommersiyanın inkişafına mane olan amillərdən biri – biliklərin və ixtisasın, xüsusilə dünyanın mərkəzi ölkələrindən uzaq periferiyasında, «üçüncü dünya» ölkələrində lazımi səviyyədə olmamasıdır. Belə bir təhlükə mövcuddur ki, bir çox şirkətlər (xüsusilə böyük olmayan və orta) elektron kommersiya sistemlərinin inkişafı üçün vəsaitlərə malik olan iri rəqiblərlə müqayisədə geridə qala bilər və sərfəli olmauan vəziyyətdə qala bilərlər. Buna görə də yeni texnologiyaların biznesə tətbiqini təbliğ etmək və təhsil alma imkanını yaratmaq lazımdır. Məsələn, ABŞ, Yaponiya, Sinqapur, Cənubi Koreya və digər ölkələrdə olduğu kimi.
İnformasiyanın ötürülməsi və emalında elektron vasitələrdən istifadə olunan prosesləri və biznes əməliyyatları, hansı ki, elektron kommersiyaya aid etmək olar, aşağıdakı kimi təsnifləşdirilir:
- potensial sifarişçi və tədarükçü arasında əlaqənin yaradılması;
- kommersiya ilə bağlı informasiyanın mübadiləsi;
- satış öncəsi və sonrası dəstək (məhsul və xidmətlər barədə müfəssəl informasiyanın və məsləhətlərin verilməsi və s.)
- müştərilər (CRM) və tədarükçülərin (SCM) müşayiət olunması sisteminin təşkili;
- bazarın marketinq tədqiqatlarının təmin edilməsi;
- reklam, ticarət nişanlarının təbliği və əmtəə və xidmətlərin yaradılması;
- fiziki məhsul və xidmətlərin, eləcə də elektron materialların ticarəti;
- icarəyə verilmə;
- lisenziyaların verilməsi;
- hesablaşmalar (pulların elektron köçürülməsi yolu ilə, kredit kartları, elektron çeklər və elektron pullar vasitəsilə);
- faktorinq;
- treydinq;
- lizinq;
- konsaltinq;
- injinirinq;
- sığorta;
- bank xidmətləri;
- müəssisənin resurslarının avtomatlaşdırılmış idarə olunması sistemlərindən istifadə (MRP; MRP II, ERP, CSRP və s.);
- biznes inzibatçılığı ( icazələr, konsessiyalar, vergilər, gömrük və s.);
- işçi heyətin idarə olunması;
- şirkət və onun ticarət tərəfdaşları ilə birgə idarə olunan bölüşdürülmüş biznes-proseslər (autsorsinq, məhsulun birgə işlənib hazırlanması, virtual müəssisələr və s.);
- arbitraj;
- kommersiya xarakterli digər əməkdaşlıqlar, məsələn, yük və sərnişinlərin hava, dəniz və dəmiryolu nəqliyyatı ilə daşınması üçün biletlərin satışı və bron edilməsi.
Elektron kommersiya kommersiya fəaliyyətində geniş spektr kommunikasiya texnologiyalarından, məsələn, elektron poçt, faks, məlumatların elektron mübadiləsi EDİ və elektron ödənişlər EFT, İnternet, İntranet (korporativ İnternet), ekstranet (xarici mühitlə informasiyanın elektron mübadiləsi) və s. kimi texnologiyalardan istifadəni özündə birləşdirir.
«Elektron kommersiya» anlayışı internet-kommersiya anlayışından daha genişdir, belə ki, bura elektron yolla həyata keçirilən bütün kommersiya fəaliyyəti növləri daxil edilir.
İnternet-kommersiya – yalnız İnternet şəbəkəsi vasitəsilə həyata keçirilən kommersiyadır.
Beləliklə, «bank-müştəri» sistemi ilə həyata keçirilən bank xidmətləri, VAN şəbəkələrdən istifadə etməklə həyata keçirilən kommersiya fəaliyyəti (o cümlədən, EDİ və EFT), mobil kommersiya, müəssisənin resurslarının idarə olunması sistemlərin (MRP; MRP II, ERP, CSRP) və s. internet-kommersiyaya daxil deyil.
Sifariş, daşınma, hesabların alınması, çıxarılması və ödəniş dövrü də daxil olmaqla müasir kommersiya əməliyyatları tam elektron formada həyata keçirilə bilir.
Biznes – əmtəə və xidmətlərin satışı üzrə fəaliyyətdir və bazar rəqabəti şəraitində həyata keçirilir və məqsəd gəlir əldə etməkdir.
Biznesin mahiyyəti vətəndaşlara, şirkətlərə və təşkilatlara məhsul və xidmətlərin istehsalı və satışı məqsədilə intellektual, maddi, maliyyə, əmək və informasiya resurslarının birləşdirilməsindən ibarətdir.
Sahibkarlıq – dəyəri olan hər hansı yeni nəyinsə yaradılmasıdır.
Elektron biznes konsepsiyası XX əsrin 80-ci illərində ABŞ-da meydana gəlmişdir və qlobal informaiya iqtisadiyyatı ideyasının inkşiaf etdirilməsinə gətirib çıxardı. Bu ideya şirkətlərdə informasiya texnologiyalarının tətbiqi ilə lokal və korporativ informasiya şəbəkələrinin yaradılmasının nəzəri əsasını təşkil edir.
Hal-hazırda biznes elektron formaya keçir, yəni tərəfdaşlar arasında kommersiya prosesi (əmtəə və xidmətlərin alqı-satqısı, fond bazarında qiymətli kağızlarla əməliyyatlar, əqdlərin bağlanması və yerinə yetirilməsi və s. bu kimi əməliyyatlar) informasiya fəzasında elektron sənədlərin mübadiləsi yolu ilə həyata keçirilir. İqtisadiyyatın informasiya sektoru postindustrial iqtisadi sistemdə təsərrüfatın idarə edilməsinin ənənəvi formalarının transformasiyasının əsasını təşkil edir. İnformasiya cəmiyyətinin əsas xarakterik xüsusiyyətləri aşağıdakılardır:
- informasiya resurslarının digər resurslar arasında prioritet təşkil etməsi;
- kommunikasiya texnologiyaları və elektron biznes əsasında bilik və informasiyaların avtomatlaşdırılmış saxlanması, emalı və istifadəsi;
- şəbəkə texnologiyalarının tətbiqinin qlobal xarakteri;
- hər bir insanın informasiya resurslarına çıxışının sərbəst olması.
Elektron biznes – şirkətlərin kompüter şəbəkələri vasitəsilə, xüsusən də İnternet vasitəsilə gəlir əldə etmək məqsədilə iqtisadi fəaliyyətidir.
Elektron kommersiya elektron biznesin tərkib hissəsidir, onun həyata keçirilmə üsullarından biridir.
Elektron kommersiya (e-commerce) - informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə elektron biznes fəaliyyətinin bir növüdür.
Elektron kommersiya anlayışı internet-kommersiya anlayışından genişdir, belə ki, elektron kommersiyaya elektron yolla həyata keçirilən bütün növ kommersiya fəaliyyəti daxildir. Lakin internet-kommersiya yalnız internet şəbəkəsi vasitəsilə həyata keçirilən elektron kommersiyadır.
Elektron biznes əmtəələrin adi elektron alqı-satqısı prosesi deyildir, burada həm də müəssisə daxilində və xaricində gəlir əldə etmək məqsədilə şəbəkə kommunikasiya texnologiyalarından istifadə zərurəti yaranır. Elektron biznesin inkişafı əsas biznes proseslərin və əlaqə kanallarının informasiya fəzasına keçidi ilə bağlıdır ki, bu da gec-tez bütün müəssisələrin fəaliyyətində öz əksini tapacaqdır. Elektron biznes 4 mərhələdən ibarətdir: marketinq; istehsal; satış və ödəniş. Əgər biznesin 2 və daha artıq mərhələsi elektron sistem vasitəsilə həyata keçirilirsə, onda bu biznes elektron biznes hesab olunur.
Müstəqim mənada elektron biznes İnternet texnologiyaları vasitəsilə biznes-proseslərin transformasiyasıdır ki, burada əmək məhsuldarlığının artırılmasına imkan yaranır. Biznes-proses bir-biri ilə qarşılıqlı əlaqədar olan əməliyyatlar və prosedurların məcmusudur və onun köməyilə şirkətin təşkilati strukturu çərçivəsində konkret kommersiya fəaliyyəti həyata keçirilir. Eyni zamanda struktur bölmələrinin funksiyaları və onlar arasında münasibətlər tam dəqiq müəyyən edilir və qeydiyyata alınır. Elektron biznes çox dinamik sahədir.
Hal-hazırda elektron biznes texnologiyaları müasir rəqabətin vacib alətləridir. Elektron biznesin təsiri ilə orta və kiçik müəssisələrin – məhsulun hazırlanmasından tutmuş bazarda satışına qədər bütün fəaliyyət formaları dəyişir. Beləliklə, tədqiqat və bazar korporasiyalarının təşkilatıi strukturlarında cəmləşərək intellektual bazarın başlıca güc mənbəyinə çevrilir. Bu strukturlarda yeni informasiya texnologiyaları yaradır və onlara nəzarət edir.
Bütövlükdə elektron biznesin 3 tərkib hissəsi vardır:
-
elektron sənəd dövriyyəsi;
-
elektron ödəniş sistemi;
-
elektron ticarət.
Elektron biznes aşağıdakı mühüm texnologiyalara əsaslanır:
- şəbəkə texnologiyaları;
- korporativ texnologiyalar;
- İnternet texnologiyalar;
- istehsal informasiya texnologiyaları;
- qərarların qəbulu üzrə dəstək sistemi;
- süni intellekt texnologiyaları.
Elektron biznesin yaradılma prosesi aşağıdakıları əhatə edir:
- proqnozlaşdırma;
- texnologiya komponentlərinin sintezi;
- kommersiya yönümlü komponentlərinin sintezi;
- həyata keçirilmə prinsipləri və texnologiyaları;
- dəqiq müəyyən olunmuş strategiya.
Şirkətlərin elektron fəzaya keçməsinin əsas səbəbləri aşağıdakılardır:
- bazarın yeni seqmentlərinin mənimsənilməsi;
- yeni xidmətlərin təklif edilməsi;
- xərclərin azalması;
- biznes-proseslərin on-line rejimində dəstəklənmsi;
- sıx tərəfdaşlıq;
- fasiləsiz çıxışın (sutka boyu) olması.
Bazarların qloballaşması, regional iqtisadi qurumların (geniş elektron ticarət şəbəkəsi) meydana gəlməsi, inteqrasiya prosesləri müəssisələr qarşısında geniş imkanlar yaradır. Elektron biznesin təkamül prosesini bir neçə fazaya bölmək olar və bunlardan hər biri əvvəlki fazaya əsaslanaraq biznes əməliyyatlarının və təşkili üsullarının daha mürəkkəb səviyyəsini təşkil edir (Şək. 1).
Глобал електрон базар
Реэионал тижарят шябякяляри
Консорсиумлар
Корпорасийалар
Şəkil 1. Elektron biznesin pilləli inkişaf modeli
Elektron biznesin fəaliyyət prinsipləri. Hal-hazırda elektron ticarət əməliyyatları istənilən biznesin əsas hissəsini təşkil edir. İnternet-texnologiyalardan fəal şəkildə istifadə edən şirkətlər rəqibləri qarşısında əhəmiyyətli üstünlüklərə malik olurlar, çünki onlar məsələləri operativ həll edə bilirlər. Elektron fəza (virtual iqtisadiyyat) – elektron kommersiya və elektron biznesin həyata keçirildiyi fəzadır. Bu iqtisadiyyat interaktiv imkanlardan istifadəyə əsaslanır.
Elektron kommersiya bildiyimiz kimi, elektron biznesin tərkib hissəsidir. Bu iqtisadiyyatı bəzən şəbəkə iqtisadiyyatı, yaxud rəqəmsal iqtisadiyyat adlandırırlar. Çünki virtual iqtisadiyyatın strukturu ayrı-ayrı seqmentlərdən formalaşır və bunlardan hər biri öz aralarında şəbəkə ilə bağlı olurlar. Bu iqtisadiyyat informasiya texnologiyaları və məhsullarının yaradılması və istifadəsini, telekommunikasiya xidmətlərini, elektron biznesi, elektron kommersiyanı, elektron bazarları, elektron marketinq və s. əhatə edir. M.Kastels rəqəmsal iqtisadiyyatın 5 prinsipini müəyyən edir:
- məhsuldarlıq əsasən elm və texnologiyanın nailiyyətlərinin istifadəsindən, eyni zamanda informasiya və menecmentin keyfiyyətindən asılıdır;
- inkişaf etmiş kapitalist ölkələrində istehsalçı və istehlakçıların diqqəti maddi istehsaldan informasiya fəaliyyətinin nəticələrinə doğru yönəlir;
- istehsal prosesinin təşkilinin köklü surətdə transformasiyası;
- iqtisadiyyatın qlobal xarakteri, yəni kapital, istehsal, menecment, bazarlar, əmək, informasiya və texnologiyalar milli sərhədlərdən asılı olmayaraq təşkil edilir;
- əsasını informasiya texnologiyaları təşkil edən texnoloji dəyişikliklər və inqilabi xarakter daşıyan bu dəyişikliklər müasir dünyanın maddi əsasını köklü surətdə dəyişir.
Elektron iqtisadiyyatın 3 əsas tərkib hissəsini fərqləndirirlər:
- elektron kommersiya;
- informasiya texnologiyaları infrastrukturu;
- elektron biznes infrastrukturu.
K. Kelli elektron iqtisadiyyatın əsas fəaliyyət prinsiplərini aşağıdakı kimi formalaşdırır:
Vahid sistemli əlaqə prinsipi. Fərdi kompüterlər və kompüter qurğuları öz aralarında telekommunikasiya vasitəsilə birləşdirilərək ümumdünya şəbəkəni yaradırlar.
Tamlıq prinsipi. Elektron iqtisadiyyatda əmtəə və xidmətin dəyəri təkliflərin müxtəlifliyi ilə müəyyən olunur. Bu o deməkdir ki, şəbəkədə nə qədər çox əmtəə olarsa, onlar bir o qədər dəyərlidir.
Artan effekt prinsipi. Elektron iqtisadiyyata yeni iştirakçıların gəlməsi şəbəkənin miqyasının böyüməsinə gətirib çıxarır. İnternet şəbəkəsi getdikcə genişləndiyindən daha çox biznesmenlər şəbəkəyə daxil olurlar. Son nəticədə əmtəə (xidmət) satış həcmi artır və bu da biznes prosesi iştirakçılarının gəlirlərinin həcminin artmasına səbəb olur. Qiymətin əmələgəlməsində əks proses baş verir. Bunun mahiyyəti odur ki, elektron iqtisadiyyatda rast gəlinən ən yaxşı əmtəənin qiymətində ildən ilə aşağı düşmə meyli müşahidə olunur. İnternet–şirkətlər öz fəaliyyətini sərt rəqabət şəraitində davam etdirmək üçün bazara daim yeni məhsul çıxarmaq məcburiyyətində qalırlar. Buna görə də internet iqtisadiyyatda həyata keçirilən innovasiyaların, reklamların dəyəri artır.
«Pulsuz» xidmətlər prinsipi. Elektron iqtisadiyyatda əmtəənin dəyəri onun yayılma miqyası ilə düz mütənasibdir. Ona görə də əmtəələrin istifadəçilərə təqdim olunan surətlərinin miqdarının artması bu əmtəələrin hər birinin qiymətinin artmasına gətirib çıxarır. İnternet-şirkətlər təklif olunan əmtəələrin gələcəkdə daha modern variantlarını və uyğun olaraq əlavə servis xidmətlərini də təklif etməklə kifayət qədər gəlir əldə edə bilər. Bununla yanaşı şirkət əmtəənin ilkin variantını pulsuz təklif edə bilər.
İnternet-şirkətlər öz fəaliyyətlərində aşağıdakı qaydaları əsas götürürlər:
- internet bazara pulsuz xidmətlər və əmtəə çıxarılmalıdır ki, gələcəkdə modernləşdirilmiş məhsul alıcılarının dairəsi genişlənsin;
- bir məhsulu pulsuz təklif etməklə digər məhsulları asanlıqla satmaq olar;
- sahibkar perspektivdə öz məhsuluna lazımi tələb həcmini formalaşdırmaq üçün həmin məhsulun ilkin versiyasını alıcılara pulsuz istifadəsini təklif etməlidir. Göstərilən qaydalara riayət etməklə internet-şirkətlər elektron iqtisadiyyat çərçivəsində virtual bazarda davamlı uğurlu fəaliyyət göstərə bilərlər.
Loyallıq prinsipi. Bu prinsipin mahiyyəti odur ki, hər hansı internet-şirkətə meyllik dərəcəsi şəbəkə və şəbəkə platformalarının eyni vaxtda tətbiqi ilə bağlıdır. Əgər ənənəvi iqtisadiyyatda hər bir vətəndaşın həyat səviyyəsi daha çox milli iqtisadiyyatın fəaliyyətinin səmərəliliyindən asılıdırsa, internetdə vətəndaşın rahatlığı şəbəkənin inkişaf səviyyəsi ilə müəyyən olunur. Buradan belə nəticə çıxır ki, hər bir vətəndaşın maksimum yüksək həyat səviyyəsini təmin etmək üçün şəbəkənin və şəbəkədə iş imkanlarının genişlənməsinə və təkmilləşdirilməsinə şərait yaradılmalıdır.
Dəyərlərin yenidənqiymətləndirilməsi prinsipi: bu prinsipin mahiyyəti ondan ibarətdir ki, maddi dəyərlər tədricən biliklər sistemi və informasiya dəyərləri ilə əvəz olunur. Müasir əmtəələrin dəyərində dəyərin informasiya ilə bağlı hissəsinin həcmi daim artır. Bu prinsipə müvafiq olaraq İnternetə məhsullarını çıxaran tədarükçülər konkret alıcı qrupunu və ya bazar seqmentini nəzərə alaraq öz təkliflər kataloqunu hazırlayırlar.
Qloballaşma prinsipi. Elektron iqtisadiyyat – dünya miqyasında öz aralarında sıx bağlı olan bazarların məcmusudur. İnternet-şirkətlərin coğrafi məkanı heç bir prinsipial əhəmiyyət daşımır. Hər hansı biznes şəbəkədə ani olaraq dünyaya yayılır. Elə həmin sürətlə də rəqiblər meydana gəlir ki, bu da müxtəlif növ risklərin artması ilə bağlıdır. Hal-hazırda telekommunikasiya sferasında bizneslə məşğul olan güclü amerikan İnter-şirkətlərinə avropa Birliyinin analoji şirkətləri çox ciddi rəqibdirlər.
Xaos prinsipi. Bu prinsipin mahiyyəti odur ki, elektron iqtisadiyyatda şirkətlərin mövcud olması və yaşaması kifayət qədər tez-tez və dövri olaraq baş verən qeyri-tarazlıq vəziyyətinin yaranması ilə təmin olunur. Qeyri-tarazlıq vəziyyəti yarandıqda köhnə elektron biznesin dağılması baş verir və yeni və daha səmərəli biznes üçün əlverişli şərait meydana gəlir. Təcrübə göstərir ki, şəbəkədə yeni biznesin mövcudluq müddəti ənənəvi iqtisadiyyatla müqayisədə çox qısadır. Bu halda köhnə iş yerlərinin məhv olması ilə daha çox sayda yeni iş yerləri yaranır. Bir sıra mütəxəssislərin fikrinə görə elektron iqtisadiyyat dövri olaraq baş verən xaos şəraitində fəaliyyət göstərir.
Anarxiya prinsipi. Anarxiya - elektron iqtisadiyyatın mövcudluğunun əsas üsuludur. Bu iqtisadiyyatda şəbəkə iştirakçılarına istiqamət verən və onları uzlaşdıran mərkəzi planlaşdırma orqanı yoxdur. Elektron iqtisadiyyat praktiki olaraq idarə olunmur.
Klonlaşdırma prinsipi. Elektron iqtisadiyyatda real alıcıların sayı ilbəil çox yüıksək sürətlə artır, bircins alıcı qrupları virtual bazarın yeni seqmentini təşkil edirlər. Bu halda ticarətin sərhədləri aradan qalxır. Elektron ticarət prosesi (ET) dünya miqyasında həqiqətən də sərbəst olur. Televiziya üçün 50 mln. civarında daimi istifadəçi kontingentini formalaşdırmaq üçün 113 il, radio üçün 38 il lazımdırsa, İnternet üçün isə buna cəmi 5 il kifayətdir.
Yoxlama sualları:
-
Elektron biznes nədir?
-
Elektron kommersiya nədir?
-
İnternet-kommersiya nədir?
-
Elektron iqtisadi fəaliyyətin hansı növləri vardır?
-
Hansı səbəblərə görə şirkətlər elektron fəzaya keçirlər?
-
Kellinin əsas prinsipləri hansılardır?
Dostları ilə paylaş: |