5.2. İdarəetmə metodlarının təsnifatı.
Idarəetmə obyektlərinin və subyektlərinin qarşılıqlı fəaliyyəti nöqteyi-nəzərindən menecmentin metodları dedikdə onlar arasında olan səmərəli və optimal qarşılıqlı əlaqələr və ya idarəetmə qərarlarının qəbul olunması, təşkili və nəzarətin həyata keçirilməsi üçün əməliyyatlar və prosedur hazırlıqların cəmi başa düşülür. Başqa sözlə desək, təşkilatın qarşıya qoyduğu məqsədə çatması üçün idarəetmə subyektinin idarə olunan obyektə yönəltdiyi optimal üsullar və qaydalardır. Menecmentin metodlarının tətbiqi təşkilatlarda işçilər arasında fəaliyyətin düzgün koordinasiyasına köməklik göstərir, bunun nəticəsində qarşıya qoyulan məqsədə nail olmaq asanlaşır.
Idarəetmə sistemlərində adətən iki qrup üsullardan istifadə olunur: reqlamentverici və stimullaşdırıcı. (şəkil 5.1.)
Reqlamentləşdirici qrupa inzibati və təşkilati-bölüşdürücü üsullar aiddir.
Stimullaşdırma metodlarına əsasən aşağıdakılar aiddir:
-sosial-psixoloji;
- sosial-pedoqoji;
- iqtisadi.
Inzibati (təşkilati-bölüşdürücü) idarəetmə metodları rəhbərliyin nüfuzu və təkhakimiyyətlik əsasında həyata keçirilir.
Şəkil 5.1. Idarəetmə metodlarının təsnifatı.
Inzibati idarəetmə üsullarına əsasən aşağıdakılar aid edilir:
-idarə olunan obyektə təşkilati təsir (yeni təşkilati strukturu, idarəetmə orqanı yaratmaq onları yenidən təşkil etmək);
- təşkilati reqlamentverici –bu metodu çox zaman təşkilati layihələndirmə də adlandırırlar. Bunun əsas funksiyası müəyyən olunmuş qaydada bədən tərbiyəsi və idman təşkilatlarının nizamnamələrinin və təlimatlarının işlənilməsi və təsdiq olunmasıdır. Buraya həmçinin, müxtəlif təlimatlar, vəzifəli şəxslər və s. aid edirir.
- bölüşdürücü təsirlər (əmrlər, sərəncamlar, yazılı və şifahi göstərişlər, daxili əmək bölgüsü və s.). Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki, idarəetmə subyektinə olan təsirlərin:konkret icrası və yerinə yetirilməsi vaxtı sənədlərdə dəqiq göstərilir.
Bu qrup idarəetmə metdolarında aşağı ranqda çalışan işçilərin, yuxarı rəhbərliyə tabeçilik prinsipi mütləq şərt kimi qəbul edilir. (Təşkilatlarda “üfüqi” idarəetmə)
Bu idarəetmə metdolarının köməyi ilə hər bir işçinin və rəhbərin, həmçinin idman təşkilatının istənilən struktur komponentinin vəzifələri, hüquqları, məsuliyyət dərəcəsi müəyyənləşdirilir və yerinə yetirilməsi təmin olunur.
Menecmentin stimullaşdırıcı metodlarına sosial-psixoloji, sosial-pedoqoji və iqtisadi amillər aiddir. Bu tip metodlar təşkilatın işçi kollektivinə birbaşa yox, dolayısı ilə təsir etmə xaraketrinə malikdir.
Istənilən bədən tərbiyəsi və idman təşkilatı təkcə istehsal vahidi deyil, həm də təşkilatın qarşısında duran vəzifələri yerinə yetirmək üçün məqsəd və tapşırıqları müəyyənləşdirən əmək kollektivləri müxtəlif ixtisaslı və xarakterli insanların birliyidir. Kollektivdə bütövlükdə hər bir kateqoriyası olan işçi (məşqçi, müəllim, idmançı, fəhlə, texniki işçivə s.) özünəməxsus psixologiya, yaradıcılıq qabiliyyəti və xarakterə malikdir. Ona görədə menecer bütövlükdə kollektivin və hər bir fərdin şəxsi keyfiyyətlərini düzgün müəyyən etməlidir.
Bədən tərbiyəsi və idman təşkilatının səmərəli və dayanıqlı fəaliyyət göstərməsi üçün menecer təşkilatda işçilər arasında olan sosial-sixolojimühiti dəqiq təhlil etməlidir. Bu zaman menecerin özünün şəxsi keyfiyyətlərindən və ümumi bilik səviyyəsindən çox şey asılıdır. Məsələn, menecer müxtəlif növ təsir mexanizmi həyata keçirə bilər: a) idman təşkilatının daxilində qarşılıqlı fəaliyyət fəaliyyət; “rəhbər-təlimatçı”, “təlimatçı-təlimatçı”; b) təşkilatın xarici mühitlə qarşılıqlı fəaliyyəti istehlakçı ilə təşkilatın qarşılıqlı əlaqəsi; menecer – xidmətin istehsalçısı; təlimatçı-xidmətin, istehlakçısı.
Xidmət sahəsində istehlakçı dedikdə həmin idman xidmətindən istifadə edən şəxs başa düşülür. Bununla əlaqədar olaraq işçiyə stimullaşdırıcı üsulun təsirini həyata keçirmək üçün müxtəliş rıçaqlar olmalıdır. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq stimullaşdırıcı metodun rolu da artır. Dünyada gedən qloballaşma prosesi və siyasi proseslərin təsirindən qorunmaq üçün stimullaşdırma metodu əvəzsizdir.
Menecmentdə sosial-psixoloji metodlara aşağıdakılar aiddir:
-əmək fəaliyyətinin motivasiyası;
- dəyər kəsb edən istqamətlərin formalaşdırılması;
- kollektivdəki ənənələrin saxlanılması və inkişaf etdirilməsi;
- sosial- psixoloji mühitin optimallaşdırılması, işçilərin bilik və bacarıqlarını ortaya çıxarılması üçün münbit şəraitin yaardılması;
- kollektivdə formal olmayan liderlərlə əməkdaşlıq.
Idman təşkilatlarının rəhbərlərinin əsas fəaliyyətindən birində kollektivdə işçilərin tərbiyələndirilməsi təşkil edir. Tərbiyəvi işlər bədən tərbiyəsi və idman təşkilatlarının təşkilati təsərrüfat fəaliyyətinə uyğun və dinamik şəkildə aparılmalıdır. Menecer tərəfindən bədən tərbiyəsi və idman təşkilatlarında sosial-pedoqoji metodlardan istifadə etmə kollektivin sosial səviyyəsinin inkişafına, əmək keyfiyyət şəraitinin yaxşılaşdırılmasına, əhval ruhiyyənin qalxmasına səbəb olur ki, bu da idman təşkilatında işçilərin qarşıya qoyulmuş məqsədə çatması üçün birgə fəaliyyət mexanizmini yaradır. Innovasiyaların həyata keçirilməsinə şərait yaranır.
Menecer tərəfindən həyata keçirilən tərbiyələndirici metodlar tabeçiliyində olan işçilərdə müsbət və mənfi stimullaşdırma emosiyası yarada bilər. Ona görə də bu metodun tətbiqində menecerin şəxsi keyfiyyətləri və ensklopedik biliyi mühüm rol oynayır.
Müsbət stimullaşdırmaya –kollektivdə fəal olması, yeniliyə can atması, insanlarla ünsiyyət qurmağı bacarmağı və müsbət keyfiyyətlərə görə təltif etmələr. Tərifnamə, fəxri fərman və s. vermək ən çox hallarda isə maddi həvəsləndirmə. Onu da qeyd edək ki, müsbət stimullaşdırmada ən çox tətbiq edilən maddi həvəsləndirmədir.
Mənfi stimullaşdırmaya – cərimələr, tənbeh etmək, günahlandırmaq aiddir. Bu metod vasitəsilə işçinin, idmançının hər hansı neqativ hərəkətlərinə və zəif göstəricilərinə verilən qiymətdir. Bu metod tətbiq edilərkən mənəviyyat və əxlaq normaları gözlənilməlidir.
Sosial-pedoqoji metodlara aşağıdakılar aiddir:
-inandırma;
- mükafatlandırma və cəzalandırma;
- menecerin şəxsi nümunəsi.
Menecmentdə iqtisadi metodlara bədən tərbiyəsi və və idman təşkilatlarının fəaliyyət xüsusiyyətinə və mülkiyyət formasına uyğun olaraq qarşıya qoyulan məqsədə çatmaq üçün zəruri olan maliyyə məsələlərini optimal həll etməkdir. Bu metoddan səmərəli istifadə etməklə menecer idman təşkilatlarının maddi bazasını yaxşılaşdırır, mövcud resurslardan qənaətçil istfadə etməklə əmək haqqının artırılmasına, müxtəlif növ sosial ödəmələrin artırılmasına nail olur.
Idarəetmənin iqtisadi metodlarına aşağıdakılar aiddir:
-yeni texnika, inventar və avadanlıqların, informasiya texnologiyalarının alınması və tətbiqi;
-maliyyələşdirmə;
- kreditləşmə;
-qiymət əmələ gəlməsi mexanizmi;
- işçilərin əməyinin maddi həvəsləndirilməsi;
- müxtəlif növ təsərrüfat hesabı formalarının inkişafı, vergi, uçot, gömrük və s. uçotların dəqiqliyi.
Onu da qeyd etmək lazımdır ki, idarəetmə praktikasında inzibati, sosial-psixoloji, sosial-pedoqoji və iqtisadi metodların tətbiqi o zaman səmərə verir ki, bu metodlar bir-birilə qarşılıqlı əlaqədə olsun, bir-birini tamamlasın, idman təşkilatında formalaşan konkret vəziyyətdən asılılıq nəzərə alınsın. Yəni bu metodlardan birinin ayrılıqda digərləri araşdırılmadan tətbiq edilməsi lazımi nəticəyə gətirmir.
Dostları ilə paylaş: |