5.3. Resurslar və hazır məhsullar bazarı Bazarın obyektləri aşağıdakılardır:
1. Əmtəə və xidmətlər bazarı (hazır məhsullar). Buraya əsasən müxtəlif ərzaq məhsulları, şəxsi istehlak malları, məişət, kommunal, nəqliyyat xidmətləri, mədəniyyət, təhsil, səhiyyə üzrə pullu xidmət bazarları daxildir.
2. İstehsal vasitələri bazarı (resurslar). Buraya istehsal proseslərini həyata keçirtmək üçün lazım olan əmək cisimləri və əmək vasitələri, habelə onların tərkibindəki bütün kompleks şeylər daxildir. Daşınmaz əmlak, əmək alətləri, xammal və materiallar, energetika resursları, faydalı qazıntılar da buraya aiddir. Bu bazara bəzən istehsal amilləri bazarı da deyilir.
3. İş qüvvəsi bazarı (resurslar). Buraya sərbəst surətdə sövdələş-mələr nəticəsində (müqavilələr üzrə) iş qüvvəsinin alqı-satqısı (muzdla tutulması) daxildir.
4. Elmi-texniki tədqiqatlar (resurslar) bazarına hazır iş variantları, innovasiya, kəşflər, patentlər, texnoloji üsulların təkmilləşdirilməsinə, əmək məhsuldarlığının yüksəldilməsinə təsir göstərə bilən elmi-texniki ixtiralar, yeni ideyalar, bunları hüquqi cəhətdən təsdiqləyən rəsmi sənədlərin, lisenziyaların alqı-satqısı daxildir.
5. Valyuta, qiymətli kağızlar (maliyyə) (resurslar) bazarına müxtəlif ölkə valyutalarının, səhmlərinin, istiqrazlarının, çeklərin, akkredittivlərin, veksillərin və digər pul öhdəliklərini yerinə yetirə bilən qiymətli kağızların sərbəst alqı-satqısı daxildir.
6. Mənzil bazarı (hazır məhsullar) mülklərin, bağ evlərinin, özəlləşdirilmiş mənzillərin sərbəst surətdə alınıb-satılmasını əhatə edir.
7. Torpaq bazarı (resurslar) müxtəlif torpaq sahələrinin icarəsi və alqı-satqısını əhatə edir.
8. İnformasiya məhsulları bazarı, (resurslar) intellektual xarakterli məhsulları (kitab, qəzet, şəkil, kasetlər, reklam, informasiya materialları) əhatə edir.
5.4. İqtisadi resursların və pul gəlirlərinin dövretməsi İstehsal resursları – istehsalın baş verməsi və inkişafı üçün zəruri olan istehsal amillərinin məcmusudur.
Bazar iqtisadiyyatı şəraitində bütün istehsal amillərinin subyektləri əmtəələrin və xidmətlərin istehsalında iştirak edirlər. İstehsal amillərinin sahibləri bazarın əsas subyektləridir. İstehsal amillərinin sahibləri gəlir əldə edirlər (əmək haqqı, mənfəət, faiz və renta), gəlirlər isə pul formasında olur. Bazar iqtisadiyyatı şəraitində bir subyektin gəliri başqası üçün xərcdir. Buna görə də makroiqtisadi nəzəriyyədə milli miqyasda gəlirlərin və xərclərin dövriyyəsi prosesi öyrənilir. Dövriyyə prosesi sadədir:
1. Firma bazar vasitəsilə istehsal amillərini ev təsərrüfatından əldə edib onların xidmətindən istifadə edir.
2. Firmaların istehsal etdikləri əmtəələr və xidmətlər ev təsərrüfatlarına daxil olur.
Bütün resurslar və son məhsullar pulla ödənilir:
1. Alınan istehsal amillərinin xidmətinə görə firmalardan pul ev təsərrüfatlarına keçir. Bu pul ev təsərrüfatları üçün gəlirdir, firmalar üçün isə xərcdir.
2. Ev təsərrüfatları firmalardan əmtəə və xidmətlər alır. Pul ev təsərrüfatlarından firmaya daxil olur. Bu pul ev təsərrüfatları üçün xərcdir, firmalar üçün isə gəlirdir.
Bağlı iqtisadiyyat şəraitində proses daim təkrar olunur. Bu prosesə dövləti daxil etsək, onda:
1. Dövlət firmalardan və ev təsərrüfatlarından vergi tutur.
2. Eyni zamanda dövlət transfertlər və subsidiyalar ödəyir.
3. Bunlardan əlavə dövlət bazardan istehsal amilləri (əmək və digərləri) alıb onların xidmətlərindən istifadə edir. Həm də firmaların istehsal etdiyi müxtəlif məhsulları alır.
Bütün bunların nəticəsində milli miqyasda gəlirlərin və xərclərin dövriyyəsi baş verir. Və istehsalın yenidən təkrar olunması üçün şərait yaranır.