Qarşıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin qavranılmasına qeyri-ixtiyari qavrayışdeyilir. Öz qeyri-adiliyi, yeniliyi, cazibədarlığı ilə fərqlənən bu cür obyektləri xüsusi niyyət olmadan qavrayırıq.
Qarşıya qoyduğumuz məqsədə müvafiq olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas prosesinə ixtiyari qavrayış deyilir.Müəllimin mühazirəsini dinlədikdə, teatr tamaşasına baxdıqda, kitab oxuduqda biz bu cür hərəkət edirik.
Hiss üzvlərimizə bilavasitə təsir edən cisimlər bəzən olduğu kimi deyil, təhrif edilmiş şəkildə qavranılır. Belə təhrif edilmiş, düzgün olmayan qavrayışa illuziya deyilir. Görmə qavrayışında illuziya daha çox özünü göstərir. İnsanın psixoloji haləti ilə bağlı olaraq da qavrayış təhrif olunur. Məsələn, diqqətin zəifləməsi, affekt halı zamanı illuziya hadisəsi özünü göstərir. Müşahidə və müşahidəçilik. İxtiyari qavrayışın tipik nümunəsi müşahidədir. Müşahidə hər hansı fəaliyyət sahəsində müəyyən plan üzrə cərəyan edən davamlı və müntəzəm qavrayışa deyilir. Təlim işində, elmi-tədqiqat işlərində, bədii yaradıcılıqda bir sözlə, insanın fəaliyyətinin bütün sahələrində müşahidənin böyük əhəmiyyəti vardır. İnsanın sistematik, uzun müddət həm də planlı şəkildə qavrama qabiliyyəti müşahidəçilik adlanır. Müşahidəçilik qabiliyyəti olan insan predmetlərə, hadisələrə sadəcə olaraq baxmır. O, cisim və hadisələrdən mühüm olan, yeni olan cəhətləri görməyi bacarır. Müşahidəçi adam cisimlərdə oxşar olan, fərqli olan cəhətləri görür. Müşahidəçilik şəxsiyyətin ən mühüm, qiymətli keyfiyyətidir. K.D.Uşinski də müşahidəçiliyin əhəmiyyətini qiymətləndirərək yazırdı: «Əgər təlim uşaqlarda əqli inkişafa nail olmaq istəyirsə, o uşaqlarda müşahidəçilik qabiliyyətini inkişaf etdirən çalışmalara üstünlük verməlidir». Bu xüsusiyyət ona ətraf aləm də baş verən hadisələri düzgün qavrama və onlarla düzgün münasibətdə olmaq imkanı verir.