Avara (Büt.ş.) – üç yaşa keçmiş dişilər belə adlanır.
Göyçay şivələrində avara bir yaşlı camış balasına deyilir [21, s.20]. Şəki dialektində isə avara sözü eyni mənada işlədilir [50, s.195].
Kəl (Büt.ş.) – üç yaşdan yuxarı erkək camış.
Camış (Büt.ş.) – üç yaş və yuxarı dişi camış.
MAL-QARADAN ALINAN MƏHSULLAR
Bunlara aid söz və terminlər
Ağuz (Büt.ş.) – təzə doğmuş heyvandan sağılan süd. Qərb qrupu dialekt və şivələrinin əksəriyyətində ağız şəklində, Qazax rayonunun Köçəskər kənd şivəsində isə ağızdıx formasında eyni mənada işlədilir [22, s.196].
Kələkey (Büt.ş.) – təzə doğmuş heyvandan birinci, ikinci gün sağılan südün (ağuzun) bişirilməsindən alınan ağartı. Ordubad dialektində kələkey. Kəlbəcər və Şahbuzda kələkə şəklində eyni mənanı verir [20, s.255].
Bulama (Büt.ş.) – ağuzun südlə qarışdırılıb bişirilməsindən alınan ağartı.
Qara qatıx (Büt.ş.) – yağ çıxartmaq üçün çalınıb dəridən hazırlanmış eymədə (tuluqda) saxlanılan qatıq.
Qurut (Büt.ş.) – süzülüb qurudulmuş ayran. Qərb qrupu dialekt və şivələrində qurut sözü eyni mənada işlənir [20, s.209].